S.Daliyə bənzəyən gənc yazarımız

S.Daliyə bənzəyən gənc yazarımız
7 oktyabr 2015
# 09:41

Kulis tənqidçi Mehman Qaraxanoğlunun “Mətnin illüziyası” məqaləsini təqdim edir

Kimsə məni mətnə çox dəbdəbəli bir ad seçməkdə suçlasa, inciməyə yerim olmayacaq, o Həzrət ağzını açan kimi deyəcəyəm: - Haqlısan! Amma bir kəsə “haqlısan!” deyərkən Əlahəzrət Haqq-dan bir “q”nın düşdüyünün fərqinə varmısınızmı heç?!

Haqlı olmağın Yolu itkilərdən keçir...

Ömər Xəyyamın nəsri dahi sürrealist rəssam S.Dalinin rəsmlərini xatırladır. Burada insandan tutub predmetlərəcən hər şey bir saniyənin içərisində “deformasiyaya” uğrayaraq nəinki şəklini, hətta ifadə elədikləri mahiyyəti də itirə bilər. Sonra itirilmiş mahiyyət başqa bir mahiyyətsizliyə yüklənərək yenidən qayıdar. O, mahiyyətlə (Və ya Məna ilə) mahiyyətsizlik (Və ya “Mənasızlıq”) arasında illüziyaçı kimi çıxış edir.

Söhbətim təyinatlı olsun deyə yazıçının “Nağılın sonu nağılı” hekayəsindən danışmaq istəyirəm. Nağılların sonundan sonra gələn nağıllar haqqında absurd bir nağıldı bu... Və yazıçı özü də nağıldan sonra gələn nağıla ironik bir münasibət bildirir - yəni bu nağılı danışana, özünə! Nəticə: Bütün nağılların sonundan sonra yazıçı hekayəsi, yazıçı nağılı gəlir. Bu isə ürəkaçan deyildir.

Nağılın əvvəlində yazıçı it yuvasındadır. Özü də etiraf edir ki, “İt yuvasından çıxa bilmirəm, elə qorxuram ki…” İtlə yazıçı “eyniləşir” burada. Həyat həqiqətlərinə sədaqət (Əgər belə həqiqətlər varsa) prizmasından baxsaq, həm yazıçı, həm də it “bir yuvanın quşudurlar...” Yazarın özü də itin gördüyü işi görür...

İt yuvasından toplum arasına çıxmaq isə daha qorxuludur. Və yazıçı da qorxur. Sonra məlum olacaq ki, onun bu qorxusu əbəs deyilmiş. Daha sonra məlum olur ki, yazıçı heç it yuvasında da olmayıb. Bu, onun uydurmasıdır. Görürsünüzmü reallıq irrellığa, irreallıq isə reallığa necə dönüşür?! Hekayədəki bütün hadisələr, hətta əşyalar da bu aqibəti yaşayır.

Metamorfozların bolluğu baxımından sözügedən hekayə Kafka ruhuna yaxındı. Hətta adların da oxşarlığı göz qabağındadır. Kafkanın “Qəsr”ində “K.”-dan, burada isə “Ka”-dan söhbət gedir.

Ka gənc bir yazardır. O, düşünür ki, romanda təsvir olunan hər hansı bir hadisənin canlı, sulu və real olması üçün yazıçı onu yaşamalı və məşəqqətlərə dözməlidir. Əslində heç məşəqqətlərdən də söhbət gedə bilməz, baş verənlər sanki reallıqla uydurmanın minalanmış sərhədsizliyində cərəyan edir. Yazıçı öz əli ilə basdırdığı minaları bu dəfə “təmizləməklə” məşğuldu. Və özü də minaya düşür... Deyəsən, çox təmtəraqlı cümlələr oldu, onları sadə bir hala gətirsəm, belə alınar: Ömər Xəyyam süjetin zahiri effekti ilə mahiyyəti arasında elə bir “rabitəsizlik” yaradır ki, gəl görəsən... Qalır bu “rabitəsizlikləri” bir “möhkəm” ipin üzərinə yığmaq, yəni minaları təmizləmək! Bunu da əla bacarır!

Ölümə məhkum olunmuşların hisslərini qələmə almaq üçün ən yaxın dostu Omman, Ka-ya əmisinin rəisi olduğu “Lənət adası” həbsxanasına düşməyi məsləhət görür. Amma Ka bunacan Ommana dörd pivə qonaqlığı verməlidi ki, o da əmisini razı sala bilsin. Təmənnalı dostluq! İyrənc çamur!!!

Hadisələrin sonrakı gedişatı göstərir ki, Ka rəisin əlinə lap göydəndüşmədir. Bacısını doğrayan bir manyakın yerinə ölümə məhkum olunmuşların içərisinə atılan Ka-nın taleyi faciəvidir. Həbsxana rəisinin qəfil ölümü isə hər şeyə nöqtə qoyur. Budur, ədəbiyyata xidmətinə görə Ka-nın göstərdiyi fədakarlığın qəddar sonucu!

Dostu, anderqraund yazıçı Vemianla son görüşü iki “fərqli” dünyagörüşün toqquşması baxımından çox maraqlıdır. İndi “dost” da inanır ki, Ka bu cinayəti törədib. Ka ha desin ki, mənim bacım yoxdu və əvvəldən olmayıb! Axı Vemian necə inana bilər ki, dostu Ka bütün bunları ədəbiyyat naminə edb?!

Gülünc bir aldanış! Yoxdu kiminsə ədəbiyyat naminə elədikləri... Biryolluq anlayın: Yox-du!!!

Hekayənin çoxqatlı strukturu əsl film effekti yaradır. Açığı, bu mövzuda konkret olaraq baxdığım filmi xatırlamıram. Amma metamorfozların yeyinliyinə görə dahi Emir Kusturisanın filmlərinə bənzəyir... Əgər xatirinizə gəlirsə, onun “Anderqraund” (1995) adlı bir filmi vardır. Bu söz ingilis dilində “gizli”, “yeraltı” anlamını verir. XX əsrdə yaranan bu yeni təmayül bütünlüklə kütləvi mədəniyyətə qarşı durur.

Kiçik bir haşiyə: Düşünürəm, həmişə olduğu kimi bu ümumbəşəri, dünyəvi prosesə də xeyli gecikmişik. Kütləvi şairlik, kütləvi yazıçılıq və kütləvi müğənniliyin özü ilə gətirdiyi qarşısıalınmaz lehmələrə – paxıllıq və qısqanclıqlara elə batmışıq ki, irəli getməyə taqətimiz yoxdu. Azartlarımızı heç cür söndürə bilməyib elə batdığımız yerdən söyüşürük. Bir az “darıxan kimi” və ya özümüzü darıxanlar kimi göstərərək əlimizə qələm alır və “yazırıq...” Nə yazırıq?! Bu sualın cavabı heç bir zaman “şair xalq”ın reqlamentində olmayıb...

Bu hekayə gənc Ömər Xəyyamın sənət və ədəbiyyat haqqında simvolikləşdirilmiş manifestidir. Yeri gəlmişkən, S.Dalinin də belə bir manifesti vardı...

“Nağılın sonu nağılı” hansı mübhəm mesajları ötürür bizə?!

1. Yazıçı qələmə aldığı həqiqəti, həqiqətən, yaşamalıdırmı?

2. Mövzu ilə iç-içə olan yazar günlərin bir günü özü də roman qəhrəmanına çevrilmirmi? Və Yazarın davranışlarındakı melonxalizm bunun sübutu deyilmi?

3. Həyatla roman həqiqətləri arasında çox zərif, şəffaf bir tülün olmasına diqqət yetirmisinizmi? Romandan çıxıb həyata qayıdışın nəyin bahasına baş verdiyinin fərqinə varmısınızmı heç?! Don Kixot qayıda bildimi?! (Çox istedadlı mərhum yazıçımız R.Tağının da bu mövzuda bir hekayəsi var - Qalamirzənin ədəbi obraza dönüşməsindən bəhs edir)

4. Mənəvi kataklizmlərlə çevrələnmiş həyatımız aşına-aşına gəlib tək bir uçurumun önündə dayanmayıbmı?

Suallar çoxdu... Bunlar hər hansı bir mətndən ideya istəyən qəzəbli oxucuya müjdələr kimi də səslənə bilər. Buyur, bu da sənin ideya sayrışmaların!

Amma... və lakin əsas məsələ ideyaların qoyuluşundadırmı? Onda “aktual” mövzuda yazan yazarların “səlib yürüşü”nü göz önünə gətirin! “Aktual” ideyalar üçün meydan da genişdi... Üzücü mənzərədi...

İdeyaların bədii cəhətdən professionallıqla həlli incəsənətin bir nömrəli vəzifəsidi. Ömər Xəyyam bunun öhdəsindən məharətlə gəlir. Özü də modern bir formada...

Həbsxanada Ka-nın olan-qalan ən pak hissləri də zorlanır...

Budur, ədəbiyyata “namusla” xidmət etməyin sonu...

Hekayənin boğazında düyünlənib qəhərlənən səsi eşidirsinizmi: Oyan, şair bacım, şair qardaşım, atam, anam, oyan, yoxsa səni də Ka-nın taleyi gözləyir. Heç olmasa, könüllü məhbusu olduğunuz kameranın divarı dibindəki otcuğaza tamaşa edin. Axı o da özünün gücü yetdiyi Ot Üsyanını qaldırıb buradan silkinib çıxmaq, çıxmaq istəyir...

Və qorxmursan ki, “Ka”nın ikinci, üçüncü, dördüncü, beşinci... hecalarını yerinə qoysaq, sənin adın alınacaq?!

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

# # #