"İki-üç türk ziyalısı bir yerə toplanıb..." - Əliheydər Qarayevin məqaləsi ilk dəfə latın qrafikasında

"İki-üç türk ziyalısı bir yerə toplanıb..." - Əliheydər Qarayevin məqaləsi ilk dəfə latın qrafikasında
10 iyul 2025
# 15:00

Kulis.az Azərbaycan SSR siyasi və dövlət xadimi Əliheydər Qarayevin 1924-cü ilin martında "Qızıl tələbə" məcmuəsində çap olunan "Təzə bir başlanğıc" məqaləsini təqdim edir.

Azərbaycan zəhmətkeşləri öz hakimiyyətini elan etdikdən sonra idarələrin, maarif və mədəniyyət ocaqlarının qapılarının öz üzlərinə daha da geniş surətdə açılması lazım gəlirdi.

İdarələr və maarif-mədəniyyət qapıları zəhmətkeşlərin üzlərinə o zaman açıq ola bilər ki, o idarələrdə və maarif-mədəniyyət evlərində danışılanlar, yazılanlar onların ana dillərində olsun. Bu böyük qalibiyyətə biz o vaxtda yetişəriz ki, ziyalı sanılanlarımız öz ana dilini, ədəbiyyatını, tarixini gözəlcəsinə bilələr.

Zəmaniki o ədəbiyyatı, tarixi və ana dilini bilən ziyalılarımızın sayı bizdə azdır, biz müvəffəqiyyətlərə ancaq yarım dərəcədə çata bilərik.

Nə üçün keçmiş ziyalıların vasitəsilə biz böyük müvəffəqiyyətlərə nail ola bilmərik? İmdiki ziyalılarımızın vəzifələri nə olmalıdır?

Keçmiş ziyalılarımızın 99%-i varlılar sinfindən olduğuna görə bunların məqsədləri bu idi ki, tezcə oquyub qurtarsınlar, diplomu cibinə qoyub özünü “vışşı obrazovannı” saysınlar. Bunlar üçün cəhalətdə qalan kəndli və fəhləyə xidmət etmək əhəmiyyətli məsələ sanılmazdı. Bunların fəhlə-kəndlisi, o ali amalı ancaq o diplomda idi.

Öylə ki diplom onların ciblərinə girdi, onlar nəinki öz ana dilini, ta hətta onu böyüdüb oqudan öz doğma atasını əcnəbi millətlərin yanında papaqlı-qurşaqlı görsəydilər, öz atasını atalığından inkar edib ona “dvornik” və ya “lələ”miz deyə ad verərdilər. O ağalara əgər yavuqlaşıb sən cavan salam versəydin, sənə cavab “zdrasti” deyərlərdi. İki-üç türk ziyalısı bir yerə toplanıb müsahibə etdikləri zaman öz ana dilləri deyil, qeyri əcnəbi dillərdə danışarlardı.

Ona binaən bunlardan bizə o qədər fayda yoq idi və yoqdur da.

Bizim ümidimiz nəyə olmalıdır?

Yeganə ümidimiz imdiki darülfünunlara, fəhlə fakültələrinə, ali darülmüəllimatlara, firqə məktəblərinə dolmuş fəhlə-kəndli balalarına olmalıdır.

Bunlar fəhlə-kəndli içərisindən çıqdıqlarına görə və özləri elmi ana dilində təhsil etdiklərinə görə bizə böyük-böyük ümidlər verirlər ki, sabah bu qurtaranlarımız zavod, fabrika, idarə başlarında olub, bizi məqsədimizə yetirə biləcəklər.

Ümidimiz baş tutar. Fəqət bircə böyük əmma ilə. O əmmanı da heç vaxt bizim tələbələrimiz gərək yadlarından çıqarmasınlar.

O əmma nədir?

O, fizik, kimya, riyaziyyat, anatomiya, mexanika və qeyri elmləri bildiyin kibi, gərək ikimci elmi də yadından çıqarmayasan. O ikimci elm isə hal-hazırda yaşadığımız fəhlə-kəndli hökmranlığının quruluşu və gələcək tikdikləri zəhmət aləminin planıdır.

Bu gün darülfünunda oquyub qurtardıqdan sonra zəhmətkeşin nəbzini əlinə alıb onun ürəyinin dəqiqədə döyünməsini və ya mühəndis olub buruqdan ötrü nə tövr barak tikməyi bilməlisən. Bu, sənin üçün azdır. Sən gərək nəbzini əlinə aldığın fəhlə və ya kəndlinin və ya buruqdan ötrü tikdiyin vışkanın içərisində işləyən zəhmətkeşin həyatından, tələbatından bir qədər məlumatlı olasan.

Ziyalılarımız oquduqda onu gərək düşünsünlər ki, onlar bircə tək özləri üçün oqumuyorlar. Onların oquduğu ilə nəinki bir balaca Azərbaycanın zəhmətkeşləri, ümum-şərqlilər də mənfəətbərdar olmalıdırlar.

Əgər bu gün biz düşünürüksə ki, məqsədimiz oqumaqda bir tək öz nəfsimiz üçün deyil, ümumiyyət üçündür, o zaman gərək keçmişi əvvəl-axır yaddan çıqaraq, keçmişlərə qələm çəkib təzə dünyanın tikilməsinə cidd-cəhd edək və o nə planla tikiləcəkdir, onu bilək.

Əfsusanə bir surətdə deməliyiz ki, bizim türk tələbələri bu vaxta kibi anatomiya, kimya, mexanika kitablarına o qədər girişmişlər ki, vəzifələrinin ən böyüyünü unutmuşlardı. O şey ki bizim ikimci dərəcəli məktəblərin şagirdləri əzbərləyib həyata keçirirlərdi, onu tələbələrimiz ancaq Şura hökumətinin dörd illiyində ayılıb həyata keçirməyə başlamışdır. Məsələn: darülfünunun Sabir adına klubunun açılması gərək bu qədər gec olmayaydı. Nə etməli, şərqliyik.

Rus deyir: “Həmişəlik unutmaqdansa gec görülən tədbirlər yaxşıraqdır”.

Şura cümhuriyyətinin dörd illiyində nəşrə başlayan tələbə məcmuəsi gərək tələbəyə verilən vəzifəyi öhdəsinə götürsün, tələbə yoldaşları fəhlə-kəndli hakimiyyətinin əsasıyla tanış etdiyi kibi, zəhmət dünyasının planını da tələbələrə göstərsin.

Zəhmət dünyasının planını quran yer üzündə bir mühəndis var idi, gəldi də, getdi. O da yoldaş Lenin idi. Yoldaş Leninin qoyub-getdiyi leninizm gərək bizim tələbələrin məcmuəsinin əsası olsun və hər bir məsələnin də həlli həmən leninizm planı üzrə həll olsun.

Səmimi-qəlbdən bizim cavan tələbələrin məcmuəsinə böyük fəaliyyətlər təmənna edirəm.

Əski əlifbadan transliterasiya: Tural Əlizadə

# 1213 dəfə oxunub

Oxşar xəbərlər

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi -  Qaliblər məlum oldu - Yenilənib

Laçında IX “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsi - Qaliblər məlum oldu - Yenilənib

18:00 25 avqust 2025
Akademik Zemfira Səfərovanın təqdimatında:  "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

16:20 25 avqust 2025
Keçmiş gəmi kapitanı:  "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

Keçmiş gəmi kapitanı: "İran şahının oğluna dedim ki, gəmi özün kimi qocadır" - Müsahibə

15:15 25 avqust 2025
Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli  aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

Rəsul Rzanın əsərindəki qəhrəmanın adını daşıyan görkəmli aktrisa - O, kimin arzusu ilə səhnəyə çıxmışdı?

15:00 25 avqust 2025
90-cı illərin  məfkurə məsələsinə konseptual yanaşan alim  - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

90-cı illərin məfkurə məsələsinə konseptual yanaşan alim - Yaşar Qarayevin "Yaddaş konsepsiyası" özündə nəyi ehtiva edirdi?

14:55 25 avqust 2025
Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

Su gətirin Arazımı söndürməyə... - Davud Nəsib

14:20 25 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər