Kulis.az Mehman Qaraxanoğlunun Zərərsiz ziyalılar ölkəsində” yazısını təqdim edir.
“Anamın kitabı”nın 100 illiyinə...
“Q ә n b ә r: Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola”. “Anamın kitabı”.
***
Çağımızda baş verənlər qədim şumer-akkad mətni olan “Həyatın mənası haqda sahibiylə qulun söhbəti”ni xatırladır... Baxın, bu cür:
“- Qul, mənə xidmət etməyə hazır ol. Mən ev tikmək istəyirəm, düşmənimi izləmək istəyirəm.
- Ev tik sahibim, ev tik. Düşmənini izlə.
- Qul, mən ev tikmək istəmirəm.
- Ev tikmə sahibim. Ev tikən atasının evini dağıdır”.
***
Tarixi elm kimi deyil, qarışıq zamanlardan süzülüb gələn müdrik bir səs kimi, səda kimi, çağırış kimi, bir sözlə, ibrətamiz virtual dərslər kimi qəbul edib öyrənməliyik...
Xronoloji ardıcıllıqla öyrənilən tarix bizi də xronoloji ardıcıllıqla bitirir...
Tarixin təkrarlanması fikrini hamı qəbul edir. Bəs bu amansız təkrara qarşı bizim dayanıqlıq gücümüz, dərəcəmiz nə qədərdir?
Deyəkmi?!
Sıfırdır!
Ona görə də hər təkrardan sonra biz sıfırdan başlamalı oluruq. Adama elə gəlir ki, 2020-ci ildə deyil, 1920-ci ildəyik - “Anamın kitabı”nın yazıldığı tarixdə...
“2020-ci ildə olmaq şərt deyil, eradan əvvəlin düşüncəsində qalanlarla yanaşı addımlamağa məcburuq”. (Adil Həsənoğlu)
***
Cəlil Məmmədquluzadənin “Anamın kitabı” təkcə bir kitabdan ibarət deyildir. O dahinin bütün başqa mətnləri kimi bu mətn də sirli, eyhamlı, çoxlaylı və çoxqatlıdır. Yalnız əsərin sonunda Gülbaharın öz başı üstünə qaldırdığı kitab anasının kitabıdır. Amma buna qədər ortada dörd kitab da vardır: 1. Rüstəm bəyin kitabı 2. Mirzə Məhəmmədəlinin kitabı 3. Səməd Vahidin kitabı 4. Və gözəgörünməyən simvolik Mirzə Cəlil kitabı.
Sonuncunun vərəqləri mətnə dağılıb. Biz onu yığıb “bərpa” etməyə çalışacağıq...
***
Mirzə Cəlil Cümhuriyyətin gəlişini ana ilk körpəsinin gəlişini gözlədiyi kimi gözləyirdi. “Cümhuriyyət” məqaləsi də bu gözləntisinin əks-sədasıdır! Ədib məqalədə ilk əvvəl həmvətənlərini cümhuriyyətdən, onun mahiyyətindən xəbərdar etməyi özünə borc bilir. Sonra “cümhuriyyət” sözünün mənasını izah edir. Ardınca tarixə ekskurusiya edir. Ondan sonra cümhuriyyət idarəçiliyindən danışır. Sonra onun seçki sistemindən, xalqa verəcəyi azadlıqlardan söhbət açır. Sonda isə üzünü yenə həmvətənlərinə tutur: “Vətəndaşlar! Əgər bizdə insanlıq hissi ölməyibsə - və güman edirəm ki, ölməyib, - o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!”. (Cəlil Məmmədquluzadə. Əsərləri IV cild, Bakı- 2004-cü il, səh: 193) Nəzər alın ki, məqalə 1917-ci ilin baharında yazılıb.
Birmənalı olaraq deyirik: 18 ay yaşayan cümhuriyyətimiz Mirzə Cəlilin gözləntilərini doğrultmadı. Amma bu fikir “Cəlil Məmmədquluzadə cümhuriyyəti niyə sevmirdi?” sualını doğura bilməz...
Mirzə Cəlil dahiyanə bir öncəgörümlə hiss edirdi ki, total basqı altında olan həmvətənləri ictimai-siyasi, sosial-fəlsəfi konteksti nəzərə almadan bir çox sualları tam cavablandıra bilməyəcəklər. Həmidə xanımın xatirələrindən çıxış edərək bu fikri əsaslandırmaq isə çox ziyanlı bir çabadır. Zəngin ədəbi-bədii irsə malik olan yazıçını, görün, harada “yaxalayırıq?” Xatirələrdə! Axı, Həmidə xanım öz xatirələrini yazarkən də həmin basqı davam edirdi. Məqsəd aydındır: Necə olursa olsun Mirzəni olduğu kimi təqdim etməyib, millətin gözündən salmaq və o dahinin bizə göstərdiyi yeganə nicat yolunu da görməzdən gəlib alt-üst etmək!
Çox xəbis, həmçinin ideoloji bir niyyətdir!
“Cəlil Məmmədquluzadənin Azərbaycan Xalq Cümhuriyyətini qəbul etməməsi haqqındakı fikirlər sovet dövrünün diktə etdiyi ideoloji tələblərdən doğmuşdur”. Biz akademik İsa Həbibbəylinin fikirləri ilə razılaşırıq...
***
“Yadındamı, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!” Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.
Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyərdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: ”gedəcəyəm”.
Əzizim, o vədə sənin haqqın var idi mənim üstümə hirslənməyə; o səbəbə ki, sən o yolu gülüstan yolu bilirdin və bunu da yəqin eləmişdin. Və çünki bunu yəqin eləmişdin, yoldan geri durmaq istəmirdin. O vədə sənin haqqın var idi.
Amma indi gəlib çıxdın qamışlığa. Dəxi indi sözün nədir?”
Mirzə Cəlil. 14 iyun 1909-cu il. “Molla Nəsrəddin” jurnalı
İndi özümüz özümüzə sual verək: Biz Mirzə Cəlilin göstərdiyi yolla getdikmi?!
***
Ədib “desəm, öldürərlər, deməsəm, ölləm” ovqatı ilə “Anamın kitabı”nı yazmaqla bizim üçün qaranlıq qalan bütün məsələlərə aydınlıq gətirir. Amma çox maraqlı bir ədəbi üsul və fəndlə. Qəribə görünsə də, həmin ədəbi fəndin adı belədir: Qaranlığı qaranlıqla işıqlandırmaq!
***
“Anamın kitabı”nda işıq nə qədərdirsə, qaranlıq da o qədərdir. Əslində, o işıqlı görünənlər də müəmmalı və həm də qaranlıq bir tülə bürünüb. Kimsə haqlı olaraq bizi pessimist və dekadent əhvalımıza görə suçlaya bilər. Amma fakt faktlığında qalır.
“Anamın kitabı” həm də ideya və problematikasına görə fərqli qütblərdə dayanan kitabların savaşı, müharibəsidir. Mirzə Cəlilin heç bir əsərində kitab yandırılmır. Amma burada kitablar yandırılır. Çünki bu, müharibədir. Müharibə isə itkisiz olmur.
Amma o dahi özü də bilirdi ki, kitab yandırmaq çıxış yolu deyildir. Çünki o kitablar onsuz da öz işini görüb – artıq yeni Rüstəm bəylər, Mirzə Məhəmmədəlilər və Səməd Vahidlər o kitabların vərəqlərindən nərdivan yapıb həyata “eniblər”. Onlar aramızdadırlar...
***
Əsərin sonunda Zəhra bəyim ana canını tapşırır... (Qaranlığın qaranlıq üzərində qələbəsi!) “Rüstәm bәy, Sәmәd Vahid vә Zivәr xanım dәsmallarını üzlәrinә basıb, yavaşca ağlayırlar”. Amma ağlamaq peşmançılıq əlaməti deyildir. Lap peşman olsalar da xeyri yoxdur. Çünki qardaşların əkdikləri toxumlar cücərib, çiçəklənib, inkişaf edib məhsul verməkdədir. Aslan bəylər, Mirzə Baxşəlilər, Hüseyn Şahidlər onların yetirmələridir.
Maraqlıdır ki, müəllif əsərin əvvəlində iştirakçıları təqdim edərkən açıq şəkildə bildirir: “A s l a n b әy - hәr cәhәtdәn Rüstәm bәyә oxşayır. M i r z ә B ә x ş ә l i - hәr cәhәtdәn Mirzә Mәhәmmәdәliyә oxşayır. H ü s e y n Ş a h i d - hәr cәhәtdәn Sәmәd Vahidә oxşayır”.
Ədibin heç bir əsərində belə bir izahat yoxdur. Bu, nədir? Qırmızı imperiyanın qana susamış qıpqırmızı gözlərindən “yayınan” müəllifin bizə yolladığı sirli mesajların anlamı nədir?!
***
Məmməd Əmin Rəsulzadə “Anamın kitabı”nın “üzdə olan” əsas qayəsini çox dürüst şəkildə izah edib, “cəmiyyəti öz ana kökündən ayırmaq istəyən kommunistlərə” bu əsərin xoş gəlməməsini və məhz bu səbəbə görə əsərin oynanılmasına qadağa qoyulmasını diqqətə çatdırır.
Maraqlıdır ki, əsər heç cümhuriyyətçilərin də ürəyincə deyildi...
Niyə?
Çünki əsər hər iki müxalif qüvvə tərəfindən düzgün qavranılmamışdı. Bunun əsas səbəbi Mirzə Cəlilin kimin tərəfində durmasının “gizliliy”i idi.
***
Milli birlik və Azərbaycançılıq ideyası əsərdə çox parlaq bir şəkildə öz təcəssümünü tapır. Elə bir oxucu tapılmaz ki, bu fikri rədd edə bilsin.
Amma diskursun ana layı – alt qatı həm də tamam “fərqli” şeylər “pıçıldayır”. Əsərin yazıldığı dövrdə “Qırmızı çarx” (Soljinitsın) amansızlıqla hərəkətə keçmişdi. Aqressiv və nevroloji bir epoxada tez-tez dəyişən hadisələri ustalıqla anidən “durdurub” tərəfsizlik nümayiş etdirmək asan məsələ deyildi. Amma müəllif bunun öhdəsindən məharətlə gəlir. Senzor nə qədər axtarırsa axtarsın, istəyirsə mətnə lap zərrəbinlə baxsın, yenə də heç nə görə bilməyəcək. Əminliklə deyə bilərik ki, əsərin yoxlanışı “yuxarılar”da uzun çəkdiyindən onun tamaşaya qoyulması prosesi də ləngimişdir...
***
Ən qaynar nöqtədən canlı kadrlar təqdim edən “Anamın kitabı” tarixçi, siyasətçi, sosioloq və ədəbiyyat adamlarının deyə bilmədiklərini deyə bilmiş, tarixin ən mürəkkəb və ziddiyyətli bir dövründə - qızğın geopolitik oyunların getdiyi bir zamanda ictimai-siyasi və mədəni-mənəvi aləmdə baş verən “gözlənilməz” dəyişiklikləri “açıq”, gizli və eyhamla təcəssüm etdirə bilmişdir.
***
Bəs mətnin “pərdəarxası kadr”ları bizə nə deyir?
“Anamın kitabı” ötən yüzilliyin əvvəlində yaşayan sosial təbəqələrin həyatına diqqəti yönəldir. Əsərdə bütün zümrələrdən adamlar vardır. Məclis üzvündən tutub mal həkiminəcən, xeyriyyə üzvündən tutub çobanacan.
Bunların içərisində ən “zərərsiz”i ziyalılar sinfini təmsil edən üç qardaşdır. Onlar o qədər “zərərsiz”dirlər ki, hətta sensoru da heyrətə gətirirlər. Böyük ədib vətənin ən ağır və çətin günlərində “zərərsiz” ziyalıların intişar tapması haqqında ilk dəfə həyəcan təbili çalır.
Senzorun Zəhra bəyimin evində apardığı yoxlayış səhnəsini bütün zamanlar üçün aktual olan dahiyanə bir səhnə kimi qiymətləndirmək olar. Senzor öz gəlişini belə əsaslandırır: “Hәzәrat, hökumәtin qәrardadı mocibincә biz tәyin olunmuşuq ki, burada üç qardaşın, yәni (papkasından bir kağız çıxarıb baxır) Rüstәm bәy, Mirzә Mәhәmmәdәli vә Sәmәd Vahidin mәnzilini axtaraq, kitabxanalarını müayinә edәk, siyahiyә götürәk, mәzmunlarını bilәk vә hökumәtә çatan bәzi şayiatı tәftiş vә tәhqiq edib, bu barәdә bәratülqovl yazaq vә hökumәtin baş senzorxanasına pişnәhad edib, bizә mühәvvәl olunan mәmuriyyәti sәdaqәtlә yerinә yetirәk”. Əvvəlcə Rüstəm bəyin kitabları təftiş olunur. Yalnız rusca lüğətlərdir. “S e n z o r: Buradakı kitablar tamam oldu. Dәxi bundan savayı bir yanda kitabınız varsa, nişan veriniz. R ü s t ә m b ә y: Xeyr, dәxi bundan savayı mәnim kitabım yoxdur. S e n zor: Xub, bunlar cәmisi rus lüğәtlәridir. Bunlardan bizim üçün bir mәtlәb hasil olmadı. Bunları yığışdırın qoyun yerinә. Pәs sizin müsәlman kitabınız mәgәr yoxdur? R ü s t ә m b ә y: Xeyr, yoxdur. S e n z o r: Heç biri dә? R ü s t ә m bәy: Heç yarısı da. S e n z o r: Sәbәb nәdir? Hә, Hә, bağışlayınız, yәqin ki, siz darülfünun qurtarmısınız! R ü s t ә m b ә y: Bәli, ağa: S e n z o r. Xub, pәs siz nә işә mәşğulsunuz? R ü s t ә m b ә y: Mәn lüğәt yazıram”.
Çox maraqlı bir dialoqdur. Rüstəm bəyin müsəlmanca bir yarım dənə kitabının olmamasını xüsusi vurğu ilə deyir. Nəhayət, bu qədər kitabın içərisində bir “zərərli” kitabın tapılmaması senzorun özünü də dəhşətə gətirir.
Hər üç qardaş sensorun ideoloji istəklərinə tam cavab verir.
***
Mirzə Cəlil dramaturgiyasını absurd oyunlar qalereyası adlandırmaq olar. Və ya oyun üstündə oyun! Oyun sonsuzluğu... “Çay dəstgahı” və “Kişmiş oyunu”ndan tutub son səhnə əsərinəcən həmin oyunlar silsiləsi davam edir. Qəddar paradokslar, absurdizm istər-istəməz leksik-semantik dil laylarını tərpədir, situasiya qəlizləşir, aləm dəyir bir-birinə və müəllif təhkiyəsi də bu xaosda “itir”. Oxucu və ya tamaşaçı təfəkkürü də həmin xaosun məkanına çevrildiyi üçün çaşbaş qalır. Həmin an özü üçün müəyyənləşdirə bilmir ki, müəllif kimin yanındadır.
***
Biz talançını, qulduru, təcavüzkarı bir saniyənin içərisində qəhrəmana çevirmək qüdrətinə malikik!
Biz sürəkli olaraq, görün, nə ilə öyünürük: Cümhuriyyətimizin Şərqdə ilk Demokratik Respublika olması ilə! Bəs nəhayətsiz ağrıları harada gizlətdiniz, cənablar?! 18 aylıq Azadlıq Çağasının torpağa gömülməsinin əsl səbəblərini üzə çıxarıb alternativsiz həqiqətləri ilk növbədə özümüzə və dünyaya açıq bəyan etmək əvəzinə (İstisnalar həmişə vardır! Və istisnalar olduğu üçün onlar da “ölümə” məhkumdurlar!), pafosla sinəmizə döyməklə məşğuluq. Sakit olun, cənablar! Öyünmək olar, amma buna aludəçilik olmaz!
Elə həmin “affekt” halımızla da klassiklərə çamurlar atır, onları nihilist, özümüzü isə modernist adlandırırıq! Hələ bir qədər də “irəli” gedib, “şüvənlik” edib, yaxanızı cırıb “Cəlil Məmmədquluzadə Cümhuriyyəti niyə sevmirdi?” kimi avantüraya hesablanmış suallar qoyur, dumanlıq yaradırıq...
O dahiyə qarşı nifrətimizin kökündə də ucuz, saxta, yalançı, bügünkü leksikonla desək, trol mahiyyətimiz durur. Çünki o dahi o “uzaqlıq”dan o mahiyyəti görürdü...
***
Baxın, ötən yüz ildə bizim parlamentimiz n qədər “irəli” gedib; Mirzə Cəlilin 100 il bundan əvvəl qaldırdığı bir problemi - məclis üzvlərinin hansı dildə danışması problemini bugünkü parlamentarilərin dilindən eşitdikdə geriyə nə qədər “təkamül” etdiyimiz faktlaşır.
R ü s t a m b ә y: Qospoda, zasedanie obyavlyayu otkrıtım [1].
M i r z ә Z e y n a l (durur ayağa vә yumruğunu silkәlәyә-silkәlәyә, acıqlı). Ağalar, ana dilindәn başqa burada özgә dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.
Camaat çәpik çalır.
3 i v ә r x a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je takoe?! [2]
M i r z ә M ә h ә m m ә d ә l i (acıqlı). Haqq buyurur Mirzә Zeynal, islam mәclisi hara, rus dili hara?!
Qalan üzvlәrdәn dә bәzi deyir: "eybi yoxdur"; bәzi deyir: "olmaz".
R ü s t ә m b ә y: (zәngi çalır). Ağalar, mәn tәklif edirәm ki, hәr kәs ki, mümkündür, müsәlmanca danışsın; çünki burada rus dili bilmәyәnlәr dә var. O ki, birisi müsәlmanca heç danışmaq bilmir, onda dәxi çarә nәdi....
M i r z ә Z e y n a l: Xeyr, Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir....
M i r z ә B ә x ş ә l i (Rüstәm bәyә): Bağışlayınız, Rüstәm bәy, birisi ki, müsәlmanca bilmir, dәxi bu mәclisdә onun üzv olmağa nә haqqı?!
Z i v ә r x a n ı m: Qospoda, tak nelzya rassujdat, yey boqu [3].
M i r z ә Z e y n a l (durur ayağa vә ucadan): Biz dübarә tәvәqqә edirik sәdr cәnablarından ki, rusca danışmağı bilmәrrә qәdәğәn elәsin.
Yenә sәs-küy qalxır, yenә Rüstәm bәy zәngi çalır, camaat sakit olur.
R ü s t ә m b ә y (Teymur bәyә): Xub, Teymur bәy, povestkada yazılan voprosları oxu, camaat eşitsin.
(T e y m u r b ә y (papkadan bir kağız çıxardıb oxuyur). Әvvәlinci mәsәlә: il hesabı tәsdiqi mәsәlәsi; ikinci mәsәlә: mәktәb proqramı barәsindә; üçüncü mәsәlә: acların әrzi-halı barәsindә; dördüncü mәsәlә: elmi-ilahi dәrslәri barәsindә,-bunlardır)
***
Üçüncü məsələ “acların ərzi-halı barəsində” olsa da, məclis üzvləri onu absurd bir bəhanə ilə növbəti iclasda müzakirəyə saxlayırlar. R ü s t ә m b ә y (Teymur bәy ilә pıçıldaşandan sonra). Camaat, cәmiyyәti-xeyriyyә belә qәrar qoydu ki, acların әrizәsi mövcibincә acların halını yoxlamaq vә onların hәqiqәtdә möhtac olmaqlarını tәhqiq elәmәkdәn ötrü әlahiddә komissiya tәyin olunsun vә bu sәbәbdәn hәmin mәsәlәnin müzakirәsi bundan sonrakı iclasa qalmağı qәrar verildi”.
Əslində, burada yoxlanılası heç nə yoxdur. Aclar özləri öz ayaqları ilə gəliblər. Aclar başlayır ağlamağa. Yalnız rus təhsilli, Rüstəm bəyin həyat yoldaşı Zivər xanım onlara ürək ağrısı ilə pul verir.
***
Məclisin əsl simasını istəyirsiniz?! Buyurun, baxın: “Q ә n b ә r: Xanımcan, bizim sürüdә yüz әlli qoyun var, hamısının әlahiddә adı var; necә ki, bir mәclisdә yüz әlli adam ola, hәrәsinin dә ayrı-ayrı adı ola”.
Cənablar, bunu çoban deyir ha....
***
Əvvəlki yazılardan birində yazmışdıq: “Az qala Mirzə Cəlil mətnlərini güzgü üsulu ilə oxumaq gərəkir”. Özünüz diqqət edin, senzorun dili ilə o dahi heç bir zaman həyata keçirə bilməyəcəyi arzularını necə məharətlə ifadə edir:
“S e n z o r: Xub, sizdәn gәrәk pünhan olmaya ki, sizin bir para bәdxahlarınız hökumәt nәzәrindә sizi belә qәlәmә veriblәr ki, siz üç qardaş söz bir vә hәmfikir olmusunuz ki, әvvәla, Rusiya islamlarını Türkiyә dövlәtinә tәrәf çәkib, ittihadi-müslimin cәmiyyәtinә iştirak edәsiniz. Saniyәn, axır zamanlarda Azәrbaycanda әmәlә gәlәn Hübbi-vәtәn vә Әdәmi-mәrkәziyyәt firqәsinin amalı yolunda çalışmaqdasınız ki, bir tәrәfdәn Qafqaz Azәrbaycanını, digәr tәrәfdәn İran Azәrbaycanını--ki, ibarәt olsun Tәbriz, Tehran, Gilan, Osmanlı vә İran Kürdüstanı, Urmu vә qeyrilәrә--bu vilayәtlәri bir-birinә ilhaq edib, müstәqil Azәrbaycan hökumәti әmәlә gәtirәsiniz vә salisәn bu fikirdәn dә uzaq deyilsiz ki, müsavat vә hürriyyәt әsaslarını kәndli vә әhli-kәsәbә içindә müntәşir edirsiniz ki, min il yuxuda olan camaat hökumәtin әsarәt zәncirini qırıb, özlәri üçün bir nicat yolu tapsınlar vә hәmin niyyәtlәrinizi әmәlә gәtirmәk yolunda lazımi mәtbuat cәm elәyib, qәlәm ilә çalışmaqdasınız. Mәhz bu sәbәbdәn siz üç qardaşın cәmi kitablarını bu saat gәrәk tәftiş edәk. Cәnab Rüstәm bәy, әvvәl siz öz kitablarınızı nişan veriniz”.
***
“Anamın kitabı”nın əsl adını bilmək istəyirsinizmi? Eşidin: Onun adı “Fəryadnamə”dir!
Niqabda olan bir başqa adı da bizə məlumdur: “Hıçqırığın simvolikası”...
***
Heç senzorun peşman olduğunu görmüsünüzmü? Hətta qardaşlardan bağışlanmağı da stəyir. Dəhşət budur. Ötən yüzilliyin ziyalı siması (simasızlığı!) senzoru da dəhşətə gətirir. “Zərərsiz” bəndə olmaq nə böyük səadət imiş...
“S e n z o r (üzünü polis mәmuruna vә fәrraşlara tutub): Xub, biz getmәli olduq. (Üç qardaşa) hәzәrat, bәndә bir saat bundan әqdәm sizin üçünüzün dә barәsindә bir özgә xәyalda idim. Amma kitablarınızı görәndәn sonra, dәxi indi fikrimi bilmәrrә dәyişdim. İndi nә fikirdәyәm, o da qalsın mәnim öz yanımda; lakin özümә fәrz bilirәm hökumәtә әrzi-hal edib sizi ümәnayi-dövlәt yanında әn sәlamәt vә zәrәrsiz bәndәlәr cümlәsindә hesab edәm. Mәni әfv buyurasınız vә sәlamәt qalasınız”.
Bu, sözün bitdiyi yerdir.
Heç özümüz də ardını yaza bilmirik.
Əsəb bizi boğur...
[1] Ağalar, iclası açıq elan edirәm.
[2] Ağalar, başa düşmürәm bu nә vәhşilikdir? Qoy kim hansı dili daha yaxşı bilirsә, o dildә danışsın. Buna nә var ki?
[3] Ağalar, vallah belә mühakimә etmәk olmaz.