Şəkil - Şərif Ağayarın hekayəsi

Şəkil - Şərif Ağayarın hekayəsi
1 yanvar 2024
# 12:00

Bu gün yazıçı Şərif Ağayarın doğum günüdür. Kulis.az bu münasibətlə onun "Şəkil" hekayəsini təqdim edir.

Babamı mən kor eləmişdim. Buna bütün varlığımla inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük idim. Belə baxanda, özündə də günah vardı. Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi danışmağa, oynamağa qoymurdu. Atam ona uzun bir çubuq düzəltmişdi, yatdığı taxtın üstündən evin o başınacan çatırdı. Şuluq eləyəndə həmin sehrli çubuq bizi hər tərəfdə axtarıb tapır, təpəmizdə bir dəfə “taqqq” eləyərək çəkilirdi. Əli də ağır idi. Vuranda başımızı ovuşdura-ovuşdura qalırdıq.

Belə vaxtlarda babama acığım tuturdu. Atamın onun saqqalını, başını qırxmasına, anamın ayaqlarını yumasına razı olmurdum. Axı kimi idi bu əsəbi qoca? Hardan gəlib düşmüşdü evimizə? O olmasa gözəl olardı hər şey.

Anamla da dalaşırdı. Bir dəfə şillə də vurmuşdu. Çox pis olmuşdum. Gücüm çatsa mən də babamı döyərdim. Bircə atama güvənirdim ki, o da dinib-danışmırdı. Elə bil görmür, eşitmirdi. Elə çox istəyirdi ki... “Dədə, sənə qurban olum” deyəndə beşi də yanından tökülürdü. Təzyiqi qalxanda qarşısında çömbəlib ayaqlarını isti suya qoyurdu, paltarını dəyişməyə kömək edirdi, küləkli havalarda qolundan tutub su başına aparırdı. Babamsa bunun əvəzində əmimi daha çox istəyirdi. Bütün günü üstünə düşürdü ki, evlənsin. Əmim onu vecinə almırdı. Eləcə gülüb keçirdi.

“Nə vurursan eee?!” – bir dəfə balaca əlimi irəli uzadıb qışqırdım. Lap hirsləndi. Yatağından qalxıb dalımca düşdü, qulağımın əmziyini necə çəkdisə, altından qan gəldi. Həm də söydü məni: “Südünə lənət!” dedi. O gün-bu gün düşmən kəsildim babama. Axşamlar atamla-anam həyətdə işləməyə gedəndə məni ha çağırırdı qəsdən cavab vermirdim. Su istəyirdi, aparmırdım. Özü məcbur qalıb qalxır, deyinə-deyinə dəhlizdəki sənəyi axtarıb tapır, əl-ayağı əsə-əsə su süzürdü. Onun bu halından inanılmaz zövq alırdım.

Bicləşmişdim artıq. Mənə hirslənəndə qaçıb taxtın altında gizlənirdim. Ora nə çubuq işləyirdi, nə də özü düşüb gələ bilirdi.

Atam tutaşmağımıza gülürdü: “Yola getmirsiz? Hahaha!” Babam da gülümsünüb saqqalını ovuşdururdu.

Özü bir yana, divarın başından asılan cavanlıq şəkli də qəzəblə baxırdı mənə. O şəkildən də zəhləm gedirdi. Atamın dediyinə görə, müharibəyə gedəndə çəkdirmişdi. Lap cavan idi. Saçlarını yandan vurmuşdular, ortasında bir topa qısa pamazok kimi qalmışdı. Əynindəki əsgər köynəyi boğazınacan düymələnmişdi. Elə qətiyyətlə baxırdı, deyirdin gedib bütün Almaniyanı dağıdacaq. Həm də gülməli idi. Ondan faşist öldürən olmazdı. Gücü mənə çatardı elə...

Cəbhəyə gedən kimi yaralanmış, əsir düşmüşdü. Dediyinə inansaq, Krımda olmuşdu. Evdə gizlincə almanları tərifləyirdi. Deyirdi, bizi əsir alanda çox yaxşı baxdılar, süd, bulka verdilər. Vermişel, düyü, peçenye... Hətta şokolad! Mən inanmırdım ona, atam inanırdı. Atamın dediyinə görə, babam müharibədən, daha doğrusu əsirlikdən gələndən sonra qorxusundan düz üç il danışmayıb. Özünü lallığa vurub. Onu satqın kimi tutub güllələyərlər deyə qorxurmuş. Hamını inandırıb lal olmasına. Heç səsi də çıxmırmış. Ara sakitləşəndə ilk dəfə atamla yavaş-yavaş danışmağa, ona vəziyyəti izah eləməyə başlayıb.

Kaş o vaxt əsirlikdə öldürəydilər. Elə sevinərdim ki! Yəni öldürmüş olsaydılar və mən babamı tanımasaydım sevinərdim. Yoxsa atama görə pis olardım. Yəqin o da öz atasını mənim kimi çox istəyirdi.

Babam məni söydüyü üçün ha eləyib ondan qisas almağa çalışırdım. Yatdığı yerdə bığlarını yolmaq, daz başını şillələyib qaçmaq, çayının içinə tüpürmək, ayaqqabısına işəmək... Nədənsə bunun heç birini eləmədirdim. Deyəsən, divardakı şəkildən qorxurdum. O, mənə elə qəzəblə baxırdı ki...

Bir gün amansız qisasımın yolunu tapdım; yiyəsizliyə salıb şəkli divardan açdım, döşəməyə qoydum, pərgarın ucuyla gözlərinin didəsini oyub tökdüm. Anam məni qəfil cinayət üstündə yaxaladı və necə həyəcanlandısa “uyyy!!!” eləyib üzünü cırırmış kimi sifətini xışmaladı. Qorxdum. Ağladım. “O, məni niyə söyür?” dedim. Anam məni sakitləşdirib, şəkli gizlədi. Dedi, babanın elə davranmasına baxma, səni çox istəyir, körpə vaxtı lüt soyundurub köynəyinin altından qoynuna salırdı, duduşundan öpürdü, boğazını, sinəni bal kimi yalayırdı, sən də, maşallah, ağappaq, koppuş uşaqdın, qorxurdum bir gün hopp eləyib udar səni!

Güldüm xeyli, xoşuma gəldi. Amma şəklin gözlərini tökməyə peşman olmadım. Bircə əmimin zəhmətinə hayıfım gəlirdi. Əmim şəkli Moskvada poçtla böyütdürmüşdü. Neçə gün həsrətlə yolunu gözləmişdi. Belə gözəl alınmasına ürəkdən sevinirdi. Kibrit boyda köhnə şəkli kitab boyda təzə şəkillə yanaşı qoyub baxdıqca baxırdı. Babam da, atam da, anam da, hətta qonşularımız da yığışıb hər iki fotoya maraqla tamaşa eləmişdilər. Hamı məəttəl qalmış, heyranlığını gizlədə bilməmişdi.

Allahüçünə babam şəklinin divardan asılmasını istəmirdi. Deyəsən, ölməkdən qorxurdu. Bir gün öz diliylə dedi: “Bala, hələ ölməmişəm ha!” Əmim onu qucaqlayıb qulağından öpdü: “Qarbaçov da ölməyib, dədə, hər tərəfə şəklini vurublar.”

Mən babamın şəklinin gözlərini oyan gün müharibə xəbəri gəldi. Dedilər, buralardan köçüb getməsək hamımızı öldürər, əsir apararlar. Atam təlaş içində evimizi bir maşına yüklədi. Babamla anam kabinədə, atamla biz balacalar kuzada oturduq. Sevinirdik. Yəqin maraqlı yerlər görəcəkdik. Düzənliklər... Futbol... Silahlı əsgərlər... Tanklar...

O gündən babamın fotosunu asmağa heç vaxt divarımız olmadı.

Mən buna bir az sevinirdim də. Atam şəklin gözlərini oyduğumu heç vaxt bilməyəcəkdi.

Əmim heyvanlarımızı gətirmək üçün kənddə qaldı. Bizimlə necə görüşdüyünü yaxşı xatırlayıram. Babamı lap çox qucaqladı, atamla soyuq görüşdü, anam dabanlarını qalxızıb əmimin çənəsinin altından öpdü. Ucaboy idi. Tüfəngi də vardı. Mənə baxıb güldü. Üzümdən öpəndə tüfəng çiynindən sürüşüb üstümə düşdü, düzəltdi çiynində, baş barmağını qayışına keçirib gözünün birini qıydı: “Darıxma, gələcəm ova gedək. Hacı Süleymanda yaxşı dovşanlar olur.” Və ağ atımızı minib yoldaşlarının dalınca çapdı.

O gündən əmimi bir daha görmədik. İtkin düşdü müharibədə. Amma ağ atımız gəlib çıxdı. Hardasa atı yoldaşlara əmanət edib yol maşınları ilə bizi yoluxmağa gəlirmiş. Nə gəlib bizi tapa bildi, nə də geri qayıdıb yoldaşları... Biz əmimin yoxa çıxmasından bir ay sonra xəbər tutduq. Elə bilirdik, yoldaşlarla qalıb.

Bəli, ağ atımız gəldi, əmim yox. Babamı ilk dəfə onda ağlayan gördüm. Atın boynunu qucaqlayıb alnını yalmanına söykədi: “Ay bivəfa, oğlumu neylədin? Mən onu sənə etibar eləmişdim...” dedi və həzin-həzin ağladı. Atımız əvvəlcə səsini boğazında incik-incik qaynadıb etiraz eləsə də, babamın ağladığını görüb susdu, qulaqlarını salladı. Elə bil babamın üzünə baxmağa xəcalət çəkirdi.

Əmimin Hacı Süleyman dediyi yer göz işlədikcə düzənlik idi. Yovşan, yağtikan, qarağan topaları, xırda otlar və təkəmseyrək yulğun kollarından başqa heç nə gözə dəymirdi. Ətraf şoranlıq idi. Su yox idi buralarda. Köhnə yataq yerində bir tərəfi yıxılmış yeraltı dama yığışdıq. Atam ora-burasına əl gəzdirib, üstünə təzə müşəmbə çəkməmiş əmimin xəbəri gəldi, bizi babama tapşırıb qardaşını axtarmağa getdi.

Babam ağ atımızla danışan gündən çevrilib başqa adam olmuşdu. Deyəsən, doğrudan da anam deyən idi. Onun mərhəmətli qəlbi vardı. Gözləri xeyli zəifləsə də bircə gün rahat oturmurdu. Keçilərimizi otarır, həyət-bacanı qaydaya salır, ilan yuvalarının üstünü örtür, yıxıq tikililərdə salamat ağac, şifer axtarırdı. Səhərlərsə məni götürüb yağış suyu yığmağa gedirdi. Babam Hacı Süleyman torpaqlarını yaxşı tanıyırmış. Deyirdi, bir-iki həftəyə yağışlar kəsiləcək, göydən od yağacaq.

Eyni heç açılmırdı. Üzdən gülümsəsə də içində qan ağladığını hiss edirdim. Qalın linzalı eynəyini taxıb tozanaqlı yollara baxır, heç nə görməyəndə məndən soruşur, çoxlu suallar verirdi. Bəzən mən keçilərin dalınca uzağa gedəndə fürsət tapıb ağlayırdı. Yanına gələndə səsimi qısır, çör-çöp ayağımın altında qalıb səs salmasın deyə asta yeriyir, babamın ağlamağına mane olmaq istəmirdim. Daha doğrusu bundan çəkinirdim. Elə bilirdim, rahat ağlayıb kirisə, hər şey yaxşı olacaq.

Babam qan-yaş tökdükcə gözləri daha da zəifləyirdi. İstilər onun gözlərini də qurudurdu. Getdikcə öləziyir, geri çəkilir, içində ağ halqalar peyda olurdu. Artıq keçiləri saya bilmirdi. Mənimsə saydığıma inanmır, boş yerə mübahisə edir, yaxşı görmədiyi üçün gözlərini söyürdü. O, həm də arıqlayırdı və arıqladıqca şəkildəki adama daha çox oxşayırdı. Babam şəkildəki adama oxşadıqca mən vahimələnirdim.

Ancaq məni darıxmağa qoymurdu. Deyirdi, insan gərək ən çətin vaxtlarda da yaşamağı bacarsın, möhkəm olsun. Ağır illərdən, bundan daha acınacaqlı vaxtlardan misallar çəkir, nağıllar danışırdı.

Bir dəfə soruşdum: “Bəs elədisə, özün niyə ağlıyırsan əmimdən ötəri?”

Diksindi. Uzun müddət susdu. Çox keçməmiş dərindən ah çəkib dedi: “Ona qardaşımın adını qoymuşdum, qardaşım da o biri müharibədə itkin düşdü!”

***

Artıq Hacı Süleyman torpaqlarına yağışlar da yağmırdı. Hacı Süleymanın təkcə yeri deyil, göyü də qurumuşdu. İstidən nəfəs almaq olmurdu. Elə bil bizi iplə yanan təndirin içinə sallamışdılar. Bədənimizdən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı, az qala çırtıltı səsini eşidirdik. İlan-çayanlar da istilərə dözməyib yavaş-yavaş yoxa çıxırdı. Ditdili və mığmığaların əlindən rahatlıq tapmırdıq. Mığmığalar miçətkəndən də keçirdi. Ətraf getdikcə daha çox şoranlaşır, uzaqdan-uzağa qar kimi ağarırdı. Qurumuş torpaq ayaq altında xırıltıyla ovulub toza çevrilir, külək əsəndə havaya qalxıb ətrafı tüstü kimi bürüyür, günlərlə çəkilmirdi. Toz seyrələndə uzaqdan çay axdığını görürdüm. Babam deyirdi, heç vaxt o çaya aldanıb getməyim. O ilğımdır. İstidən adamın gözünə görünür. Deyirdi, Hacı Süleyman torpaqlarının hər tərəfinə bələdəm, buralarda bineyi-qədimdən çay, bulaq olmayıb. Amma vallah axırdı. Görürdüm o çayı. Yuxu deyildi. İlğım-filan deyildi. Dalğalanaraq, şaqqıldayaraq xoşbəxtcəsinə axırdı. Amma nə qədər susasam da o çaya tərəf getmirdim, əmim kimi itməkdən qorxurdum.

Tozanaq qalxanda heç nə görünmürdü. Adamlar azıb evlərinin yolunu tapmırdılar. Bəzən heyvanlar da azırdı bu toz-dumanın içində. Elə bil babamın şəkli asılan evimizdən simurq quşunun qanadında gəlib ayrı bir dünyaya düşmüşdük. Burdakı torpaq da, su da, günəş də başqa idi. Orda tanıdığım adamlar burda tamam dəyişmiş, qorxaq, aciz, ağlağan olmuşdular.

Babam məni küləyin hardan əsdiyinə diqqət etməyə öyrətmişdi. Küləyin səmtini bilməyəndə barmağımı ağzımda isladıb havada tuturdum və istiqaməti tapırdım. Adam sağını-solunu bilsə, bir də ilğıma aldanmasa heç vaxt azmaz.

“Əmim də ilğım görüb, baba?” – soruşdum bir dəfə.

“O, azmayıb.” – hirslə dedi - “Yolları bilir. Gələ bilmir!”

Babam o yayı damımızın dəhlizində oturub bizə nağıllar danışa-danışa, məsləhətlər verə-verə obaya gələn yolu vərəvürd eləməklə keçirdi. O, gözünün son işıq parçalarını da əmim üçün xərcləyirdi. Üfüqdəki çayın yanınacan uzanıb gedən tozanaqlı yollar babamın gözünün işığını əmdikcə əmir, sanki qəsdən ora-bura burulub onu əziyyətə salırdı. Bəzən baxışları şübhəli bir qaraltıya ilişib qalır, üzünü qırışdırıb daha dəqiq görməyə çalışır, bir şey çıxmayanda məni haraylayırdı.

Qar yağanacan birtəhər dözdük. Əslində, dözə bilmədik. Neçə dəfə xəstələndik, iki inəyimiz qızdırıb öldü. Ayaqlarım yara tökdü. Elə incidirdi ki! Babam məni obadakı balaca, ağ vaqona - yardım həkimlərinin yanına aparanda “Ayaqqabısı yoxdur” deməyə utandı. Dedi, nadincliyindən ayaqyalın gəzir. Qara dikdabanlı ucaboy həkim məlahətli səsiylə tərcüməçiyə söylədi ki, bir daha ayaqyalın gəzməyim, bədənimdə yağtikan zəhərinə allergiya var. Ayaqlarımın çirkinə və yaralarına görə həkimdən utandım, onları oturduğum çarpayının altında gizləməyə çalışdım. Dikdabanlı həkim bunu görüb qəribə bir doğmalıqla gülümsəyəndə özümü lap itirdim. Başımı aşağı saldım.

Yardım həkimləri babamın gözlərinə də baxdılar. Dedilər, güclü təzyiqi var. Əsəb və gərginlikdən işığını tamam itirə bilər. Burda heç bir şərait yoxdur. Təcili harasa xəstəxanaya getməlidir.

Mənə balaca sellofanın içində çoxlu atma dərman, iki-üç maz verdilər. Dərmanlar xeyli kömək eləsə də ayaqlarımın giziltisini axıracan ovutmadı. Onda babam qapımızdakı toyuqlardan birini kəsdi, dərisini soyub ayaqlarıma çəkdi, üstündən yumşaq parça büküb qatmayla bağlayanda dodaqlarının altında dua kimi bu sözləri pıçıldadı: “Mənim gözəl balam”. Gözlərim doldu. Anamın dediyi köynək söhbətinə bundan sonra zərrəcə şübhəm qalmadı. Babam bu sözləri elə böyük sevgiylə dedi ki, iki-üç günə ayaqlarım sağalıb anadangəlmə oldu.

Atam yayın bir ortasında gəlib çıxdı. Əmimdən xəbər yox idi. Dedi, bizim tərəflərdə qanlı döyüşlər gedir, gündə o qədər adam ölüb, itkin düşür ki... Kimi axtarasan? Kimdən nə soruşasan?

Əmimdən xəbər gətirmədiyinə görə babam atamın üzünə baxmır, onu danışdırmırdı. Atam gizlində deyinirdi: “Axı mənim nə günahım var?”

İstidən ümidlərimizin də yanıb kösövə döndüyü günlərin birində babam başını göylərə doğru qaldırıb öz-özünə pıçıldadı: “Yağış yağacaq!” “Nədən bilirsən, baba?” – yanına qaçdım. “Havadan dağların iyini alıram” – burun pərələri qalxıb-endi. Uzaqdan bizi marıtlayan atam mızıldandı: “Kişinin başına hava gəlib.” Babam təmkinini pozmadan daha da inamlı səslə “Yağacaq” – söylədi – “Mütləq yağacaq.” – boğazını arıtladı ki, səsi titrəməsin – “Baxarsız...”

Bir azdan doğrudan da göy üzünə qara bulud gəldi, şıdırğı yağış başladı. Çox sevindik. Babam da sevindi. Eynəyini taxıb buludlara baxdı. Amma deyəsən, heç nə görmürdü. Əllərini yağışa açdı. Havanı qoxladı, qoxladı... İslanmış torpaq qoxusu mənim də içimi yaşamaq eşqiylə doldurdu.

***

Səriallahın səlaha

Qulhuvallahın səlaha

Bərkiridir cəbreyil

Əmanətin qahala...

Mənasını indi də anlamadığım bu sözlər körpə vaxtı məni lüt soyundurub köynəyindən içəri salan babamın mənə öyrətdiyi dualardandır. Qurd ağzı bağlamaq duası... Dedim axı, bəzən Hacı Süleymanda heyvanlar da azır, gəlib sahibinin qapısını tapa bilmirdi. Səhərlər orda-burda cəsədləri qızarırdı. Qaçqın obalarına canavar dadanmışdı. Canavarlar bilirdi ki, bu düzənliklərdə nabələd heyvanlar var. Babam deyirdi bunu. Deyirdi, canavar çox ağıllı heyvandır. Əsl çoban həm sürünü, həm canavarı otarmalıdır. Yoxsa canavar onu otaracaq. Hətta deyirdi, aşağı obalarda bir dəstə qarabölük adamlara hücum edib.

Yağmurlu payız gecələrinin birində ağ atımız gəlmədi. Dəliyə döndüm. Heç əmim itkin düşəndə bu qədər sarsılmamışdım. Ağ atı bəlkə atamdan da çox istəyirdim. Gözəl idi. Ömrümdə belə ağappaq, belə cəsur, belə güclü heyvan görməmişdim. Kişnəyəndə adamın ürəyinə od düşürdü. Səsi elə nisgilli çıxırdı ki, eşidənlərin içini titrədir, həm də ruhuna sakitlik gətirirdi. Hələ qoxusu... İlahi!

Ağ atımız heyvan deyil, evimizin bir sakini idi. Evimizi, ailəmizi onsuz təsəvvür eləmirdim. Həm də ondan əmimin hənirini alırdıq. Onu canavar yesə dözə bilməzdim. Bəlkə elə indi üstünə qarabölük düşmüşdü? Bəlkə, həminki kövrək, adamın içini titrədən səsiylə kişnəyib atamı, əmimi, hətta məni köməyə çağırırdı? Gah içəri girir, gah çölə qaçır, gah da yarıaçıq qapıdan vahiməli qaranlığa baxırdım. Baxdıqca daha çox üşənirdim. Babam gözgörəti havalandığımı görüncə cibindən qatlama bıçağını çıxarıb açdı, ağzına yaxınlaşırdı və bu sözləri oxuya-oxuya üfürüb bağladı: “Səriallahın səlaha...” Sonra da qatmayla bərk-bərk sarıdı: “Qurdun ağzını bağladım! Bu gecə atımıza xətər dəyməyəcək! Amma gərək atı tapana qədər bıçağın ağzını açmayasan!” Bıçağı aparıb gizlədim. Qayıdanda bayaqkı sözləri təkrar-təkrar soruşub əzbərlədim.

Ağ at sağ-salamat gəldi. Qaçıb onun ot-ələf qoxuyan yumşaq burnundan öpdüm. Bıçağın da ağzını bir həftə açmadım ki, canavar başqa heyvanlara xətər yetirməsin.

Hacı Süleymana qar düşən gün babamın gözləri tamam tutuldu. Burnunun ucunda barmağımı gah “bir”, gah “iki” tutub soruşurdum, bilmirdi. Ancaq nədənsə yenə eynəyini gözündən çıxartmırdı. Hətta şüşəsini anama sildirirdi də.

Babam yeraltı qazmamızın böyründəki basmanın yanında ala-tala görünən qara tərəf oturub özü üçün nəsə düşünərkən birdən ağlıma gəldi ki, bütün baş verənlərin baiskarı mənəm. Əgər pərgarın ucuyla babamın şəkildəki gözlərini oymasaydım, o, kor olmaz, evimiz dağılmaz, əmim itkin düşməzdi. Babam kor olmasa uzun çubuğunu əlinə alıb yad adamları evimizdən qovar, əmimi tapar, bizi Hacı Süleymanın istilərinin-mığmığalarının əlindən xilas edərdi.

Və buna inanacaq qədər uşaq, bundan əzab çəkəcək qədər böyük idim.

***

Babam öləndə vəsiyyət elədi ki, yanında əmim üçün yer saxlasınlar. Saxladılar. Amma əmimin ölüsü də gəlmədi.

Qəbrin üstünü götürəndə daşa vurmağa başqa şəkil tapmadıq. Anam düyünçələrini eşələyib gözlərini tökdüyüm şəkli çıxartdı, daş ustasına onu verdilər.

Baş daşındakı şəkli elə düşüb ki, pərgar yerlərini bircə mən görürəm və hər görəndə içim sızıldayır. Və elə sızıldayır, mən də bir vəsiyyət eləməyə hazırlaşıram: öləndə əmimin yerinə, babamın yanına gömsünlər məni, körpə vaxtı lüt soyundurub köynəyinin altına saldıqları kimi... Sinəsinə sığınıb məni bağışlamasını istəyim. Gözlərini töküb dünyamızı zülmətə çevirdiyim üçün.

Şərif Ağayar

Avqust, 2015

# 19543 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #