Ehsanı gizlində yeyən, Allahın öldürüldüyünü deyən uşaq, Sovet vaxtından əzadarlıq edən qoca – Reportaj

Ehsanı gizlində yeyən, Allahın öldürüldüyünü deyən uşaq, Sovet vaxtından əzadarlıq edən qoca – Reportaj
8 avqust 2022
# 14:55

Kulis.az Mehdi Dostəlizadənin Məşədi Dadaş məscidindəki Aşura mərasimindən yazdığı reportajı təqdim edir.

Azadlıq dərk olunmuş zərurətdir.

Spinoza

Su, konfet, halva paylayan uşaqların arasından sıyrılıb izdihama qarışdım.

– Qardaş, buyur. Ehsandır.

– Çox sağ ol, Allah qəbul eləsin.

“Məzlum Hüseyn”, “qərib Hüseyn” deyə zümzümə edən bir qadının üzünə baxdım. Dostum məni dirsəklədi:

– Gör nə qədər adam var. Hər il bu boyda camaat hansı həvəslə məscidə gəlir görəsən?

– Bilmirəm.

Mağazanın qapısında belə bir elan vurulmuşdu: “Bu gün su satılmır. İmam Hüseyn ehsanıdır”.

Übeydullah İbn Ziyad Yeziddən aldığı təlimata əsasən, Hüseyn ibn Əlinin üzərinə 30 minlik qoşun göndərdi. Öz ailə üzvləri ilə birlikdə kufəlilərin dəvətinə əsasən Kufəyə yola düşmüş Hüseynin qarşısı kəsildi. Hüseynin qarşısını kəsənlər o adamlar idi ki, onun Kufəyə gəlməsi üçün minlərlə məktub göndərmiş, ona beyət edəcəklərini demişdilər.

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar, açık hava, kalabalık ve şunu diyen bir yazı 'PACE PAC' görseli olabilir

Məscidə yaxınlaşırdıq. Mərsiyənin, rövzənin səsini daha aydın eşidirdik. İnsanlar ağlayır, öz imamları üçün göz yaşı tökürdülər. Əzadarlara qoşulub sinə vururduq. Mərsiyə dinləyib göz yaşı tökən adamlar sinə vurduqca əsgərlərin sıra addımını xatırladan səs çıxırdı. Bu həm də Kərbəla matəminin içində yatan mübarizə əzmini xatırladırdı.

Hacı Şahin deyirdi: “Bu gün, XXI əsrdə insanlar öz haqları üçün mübarizə aparırlar. Amma 1400 il bundan əvvəl İmam Hüseyn haqqın uğrunda öz haqlarından keçmişdi”.

Ordu başçısı Ömər ibn Sədin Hüseyn tərəfdarları ilə apardığı danışığa görə onların İraqdan çıxması razılığına gəlindi. Amma Şimr ibn Zilcövşən bu yolla Hüseynin tərəfdar toplayacağını, daha böyük qüvvə ilə onların üzərinə gələcəyini dedi və Übeydullah ibn Ziyadı fikrindən daşındırdı.

Bir bir veya daha fazla kişi, ayakta duran insanlar ve kalabalık görseli olabilir

Bu mənim Aşura mərasiminə ilk gəlişim deyil. İndi keçdiyim küçələrdən hər il keçirəm, indi oxunan mərsiyələri, danışılan mövzuları hər il eşidirəm. Lakin hər il yenidən eyni hissləri keçirir, Hüseyni xatırlayır, dünyanın haqq-batil savaşının mənzərəsi olan Kərbəlanı gözümün qabağına gətirirəm. Hər il burda uşaqlar ehsan paylayır, mağazalarda su pulsuz verilir. Mən də uşaq olanda Aşura mərasimində halva paylamışam. Yaxşı xatırlayıram, nənəm lavaşa bükdüyü halvaları bizə verir, insanlara uzadıb “İmam Hüseyn ehsanıdır” deməyimizi tapşırırdı. Həmin halvaları gizlində özüm yeyirdim, yeyə-yeyə təkrarlayırdım: “İmam Hüseyn ehsanıdır”.

Kərbəla döyüşündə Yezidin ordusu xüsusi amansızlıq göstərdi. İnsanlıq tarixində az rast gəlinən vəhşiliklər törədildi. Hüseyn və onun ailə üzvləri qətlə yetirildi, bədənləri parçalandı, başları kəsildi.

Çətinliklə də olsa məscidin ətrafında gəzir, arabir arxa məhəllələrə keçirdim. Uşaqlıqda burda keçirdiyim günləri xatırlayır, o vaxtla indini müqayisə edirdim. Düzdür, indi başa düşdüyüm şeylərlə o vaxt anladığım şeylər arasında yerlə göy qədər fərq var.

Hüseynə yerlər ağlar, göylər ağlar...

Bir 2 kişi, sakal ve ayakta duran insanlar görseli olabilir

Amma bir hiss var idi ki, o hiss illər ötsə də, dəyişməmişdi. Ürəyimin dərinliyində özünə yer tapmış duyğunun ağlıma etdiyi diktəyə görə, bu gün vacib gün idi. Hansı il, hansı fəsil olursa olsun, bu gün vacib hadisənin ildönümüdür.

Hər gün Aşura, hər yer Kərbəla...

Ağlın və ürəyin birləşdiyi nöqtə mənə hansı tərəfdə olduğumu göstərirdi. Bütün rasional düşüncələrimə baxmayaraq, vicdanımın yönəltdiyi istiqamət məni Kərbəlaya tərəf aparırdı.

Yanımda bir balaca uşaq peyda oldu. Bu nadinc uşağın xoş görkəmi məni onunla ünsiyyətə girməyə təhrik etdi:

– Balaca, neçə yaşın var?

– Dörd.

– Bu gün nə günüdür, bilirsən?

– Bu gün Allahı öldürüblər.

Nə deyəcəyimi bilmədim, başını sığalladım. Onun hələ öyrənəcəyi, düşünəcəyi, dərk edəcəyi çox şey var. Bir mərsiyənin sözlərini xatırladım:

Məazallah, Allahın qanını,

Tökdü əhli-İraq, ya Rəsuləllah...

Bir bir veya daha fazla kişi, oturan insanlar, ayakta duran insanlar, kalabalık ve açık hava görseli olabilir

Tökülən qan həqiqətin, haqqın qanı idi, Hüseyn haqq uğrunda öz canından keçmişdi. Allah da, Tanrı da, yaradan da, elə haqdır, həqiqətin özüdür. Haqqın dostlarının qanını tökənlər, haqqın öz qanını töküblər. Bəlkə də, dörd yaşlı o balaca uşaq bilmədən həqiqətin özünü demişdi.

Atanda Hərmələ ox, Kərbəlada,

Görəydin, düşmən ağlar, ləşkər ağlar...

Yaşlı bir kişi daşın üstündə oturub sinə vururdu. Ona yaxınlaşdım:

– Ağsaqqal, neçə ildir əza saxlayırsınız?

– Mən elə Sovet vaxtından, uşaqlıqdan İmam Hüseyn məclislərinə gedirəm. İndi ovaxtkı adamların heç biri qalmayıb, mən isə hər il məclislərə gedirəm.

Qeyri-bərabər keçən Kərbəla döyüşü Yezidin qələbəsi ilə sona çatdı.

Camaat dağılışırdı. Ehsan verilən çaydan içib məsciddən uzaqlaşanda balaca bir oğlan uşağının lavaşa bükülmüş halva yediyini gördüm.

# 8425 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #