Yerin altındakı boşluq - Qəşəm Nəcəfzadə

Yerin altındakı boşluq - Qəşəm Nəcəfzadə
15 mart 2025
# 13:42

Bu gün görkəmli şair Ələkbər Salahzadənin doğum günüdür.

Kulis.az Qəşəm Nəcəfzadənin "Yerin altındakı boşluq" yazısını təqdim edir.

Çox qəribəydi ki, Ələkbər Salahzadənin xahişindən sonra da İsa İsmayılzadə məni “Azərbaycan” jurnalında çap eləmədi. Ələkbər mənim şeirlərimi qəbul edirdi, İsa İsmayılzadə yox.

İkisi də ədəbiyyata bir gəlmişdi, bir oxumuşdular, ədəbi zövqləri müasir ədəbi prosesin səviyyəsini müəyyən edirdi o vaxt.
İkisinin də ilk kitablarını kənd kitabxanasından oğurlamışdım, Ələkbərin “Beş yarpaq”, İsanın “Ulduzların ad günü “kitabını üzv olduğum kitabxanaya qaytarmamışdım, o vaxt bunun adını "oğurlamaq" qoymuşdum.

Mənə elə gəlir İsa uzaqlardan gəlmişdi, Ələkbər yox. İsa gəldiyi yerə qayıtmaq istəyirdi, Ələkbər yox, İsa təngnəfəs idi, Ələkbər yox. İsa göylə əlləşirdi, Ələkbər yerlə.

Ələkbər şeir yazdığı yerdə doğulmuşdu, İsa şeir yazdığı yerə hardansa gəlmişdi. İkisi də müharibə dövrünün uşaqları idi, eyni ildə doğulmuşdular - 1941-ci ildə. İsa deyirdi:

“Mənim oyuncağım olmayıb heç vaxt”.

Ələkbər isə sakitçə pıçıldayırdı:

“Kimdən soraq boyumuzu, kimdən alaq boyumuzu”.

Ələkbər Salahzadə yeriyəndə elə bil ayaqları ilə yeri yoxlayırdı. Addımlarını yerə elə basırdı ki, elə bil o üzə keçməyə bir boşluq axtarırdı.
Bəlkə də, ölüm bu boşluqların o üzünə keçməkdir.

İsa əlli altı yaşında dünyasını dəyişdi, yerin altında tapdığı boşluğa getdi, Ələkbər yetmiş iki yaşında.

2000-ci illər idi... Dostlarım getmişdilər Ramiz Rövşəndən müsahibə almağa. Gələndə dedilər ki, Ramiz Rövşənlə söhbətdə adamı tər basır, daha bu gündən sonra qələmi yerə qoyuruq. Dedim Ramiz Rövşəni “Öldürün”. Dedilər necə öldürək? Dedim, başqa bir şairlə. Dedilər, kimlə? Dedim, Ələkbər Salahzadə ilə. Dedilər, sonra Ələkbəri kimlə “Öldürək?” Dedim, Vaqif Bayatlı ilə. Bəs sonra ? Onu da bir başqası ilə. Dedilər, bəs sonra? Dedim, elə beləcə yaşayın, vəssalam.
İnsanda iki stress var, biri adi stressdir, ikinci isə antistres adlanır. Antistres olmasa, insan bir anın içində ölər. Antistres insanı yaşadan stimuldur. Mən “anti"ni sevirəm həmişə.

Ramiz Rövşən stres ola bilər, Ələkbər isə həmin stresin antisidir. Müsbət mənada.

Bu əvəzləmələr, dəyişmələr həyatın gedişatıdır.
Ömür boyu böyük bir şairin imperiyası altında şeir yazmaq zülmdür. Onu yamsılamaq, onun yanında susmaq, şeir oxumağa çətinlik çəkmək ikiqat əzabdır. Bəzən hegemon şair yanındakı şairləri məhv edir, onları böyüməyə qoymur, böyük balıqlar xırda balıqları yediyi kimi onları sıradan çıxarır.

Ələkbər Salahzadə azadlıq və müstəqillik şairidir. Ələkbərin yanında başqa şairlər özlərini yaxşı hiss eləyirlər. Çox qəribədir.
Ələkbər bütün şeirlərində oxucunun danışması üçün bir abzas qoyub. Hər şairdə belə deyil. Ələkbərdə heç nə bitmir, hər şey təzədən, yenidən başlayır.

Ötən əsrin 90-cı illərində “Ulduz” jurnalında şeirlərim gedəcəkdi. “Ulduz”un əməkdaşı Allahverdi Məmmədli zəng elədi ki, artıq jurnal mətbəədədir. Ələkbərin ilk redaktor olduğu vaxtlar idi. Çox sevindim. Gəldim Bakıya. Dedim, həm yeni çıxan kitabımı götürərəm, həm də Ələkbərə minnətdarlıq eləyərəm. Kitabdan bir neçəsini götürdüm. Ələkbər Salahzadəyə bir şeir həsr eləmişdim. Kitab həmin şeirlə açılırdı. Hələ indiyə kimi heç kəsə şeir yazmamışam. Kitabı verdim Ələkbər Salahzadəyə. Bərk əsəbləşdi. Çünki kitabdakı şeirlərin çoxu indi jurnalda gedəcəkdi. Ələkbər jurnalda gedən şeirlərimi qoydu kənara, dedi ki, kitabda çap olunmuş yazıları vermirik. Elə o vaxt öz-özümə deyirdim ki, ayə, gərək durub Bakıya gələsən, gərək Ələkbərə kitab verəsən, otur öz kəndində də... “Qatır Məmməd” filmində kişinin dediyi kimi: “Otur halvanı Şəki də sat də. Sənə deyən var idi ki, dur Gorana gəl?”

Şeirlərimin junaldan çıxarılması isə Ələkbərin sözə və redaktorluq işinə ciddi yanaşmağının nəticəsi idi.. Mən bunu sonralar başa düşdüm.
Ələkbərin həmişə damağında siqarət olardı. Hətta danışanda da. Sözlər tüstü ilə birlikdə siqaretin yan–böyründən çölə çıxardı və yadıma Əli Kərimin “Tüstülü sözlər” ifadəsi düşürdü.
Ələkbər Salahzadə həmişə tüstü ilə yol gedirdi. Bəlkə də, yerin altındakı boşluğu axtara-axtara gedirdi.

Bu da Ramiz Rövşənin sözüdür: “Ələkbər Salahzadə şairlər içində şairdir” Ramiz Rövşən haqlıdır. Ələkbərə “elitar şair” deyənlər də var. Burda da həqiqət yox deyildir. Adi bir fakt. Onun ömrünün ilk illərində çıxan kitablarının sırasına baxın: “Beş yarpaq”, “Od heykəl” “Gözlər baxır dünyaya”, “Xatirə çiçəyi”, “Yerimiz bir, göyümüz bir”, “Od odası”, “Yanıltmaclı əlifba” və sair. Kitabın adları təbiətdən başlanğıc götürüb. Yarpaq, od, çiçək, yer, göy, yenə od və ən nəhayət, söz, özü də sözün ən dadlı yeri yanıtmac. Bütün bunlar Ələkbərin son ana qədər sözə, təbiətə sadiq qaldığını göstərən bir fakt kimi çox maraqlı gəldi mənə.

Ötən əsrin 80-ci illərin əvvəllərində Yazıçılar İttifaqına gələndə bizi içəri buraxmırdılar. Gərək kiminsə adını deyəsən ki, buraxaydılar. Fikrət Sadiq və Ələkbər Salahzadə ədəbiyyatda ilk adlarını dediyim şairlər idi. Bəzən onlar işə gec gələndə, Birliyin qarşısında bir taxta oturacaq vardı, əyləşərdim onun üstündə. Bakıda mənim üçün burda oturub gözləməkdən gözəl yer yox idi. Sonra Fikrət Sadıq haqqımda bir yazı yazdı. Elə belə də başlayırdı: “Gəldim gördüm Qəşəm oturub Yazıçılar Birliyinin elçilik daşının üstündə” Sonra Ələkbər Salahzadə “Ədəbiyyat qəzeti”də haqqımda yazdı: “Qəşəm Nəcəfzadənin şeirlərində yeni fikir, hiss əlvanlığı, yenilik duyğusu güclüdür. Lakin o, fikir və duyğularına uyar ifadə biçimi tapmaqda çətinlik çəkir”

Hər iki fikri qəbul edirəm, elə indi də.
Ələkbər Salahzadə bütün həyatı boyu ətrafında olan şairlərə “Azadlıq” verirdi. Yəni onların böyüməyini əlindən almırdı. Əksinə, onlarla oturub-dururdu, dinləyirdi, gənclərin şeirlərininə heyrətini gizlətmirdi. Hətta adam ürəklənib Ələkbər Salahzadə ilə mübahisə edirdi. Yalnız öləndən sonra mən bildim ki, Ələkbər Salahzadə Qubadan imiş. Burda da böyük bir həqiqət var. O, bölgə dilində danışmadı, dünya dilində danışdı. Çünki o dünyanın şairi idi. Ələkbər Salahzadə adı bir çubuqda da fəlsəfə tapırdı.

Titrək bir çubuq-
dirijor çubuğu.
Bir insan
rişə-rişə,
Bir insan
əsəb-əsəb,
Bir insan
dalğa-dalğa
Axır çubuğa...
Yaşamağa başlayır çubuq.

Ələkbər Salahzadə həmişə ayağının altında düşəcəyi boşluğu axtarırdı. Gedirdi, gedirdi Gündoğandan Günbatana, getdi, getdi və birdən görünməz oldu.

Mənim bu dünyada ən zəhləm gedən meyvə alçadır. Bir dəfə Ələkbər Salahzadə iş otağında mənə üç dənə alça, bir dənə alma verdi və yüz qram da araq süzdü. Alçalar yaman şirin idi. Yuxun şirin olsun, əziz şairim!

# 227 dəfə oxunub

Oxşar xəbərlər

"Təcnis" havasında incə gülləri - Bəsti Əlibəyli

"Təcnis" havasında incə gülləri - Bəsti Əlibəyli

15:20 15 mart 2025
Məşhur gitaraçı Türkiyədə konsert verəcək

Məşhur gitaraçı Türkiyədə konsert verəcək

14:30 15 mart 2025
“Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı sərgi keçirilib

“Xalq yazıçısı Süleyman Rəhimov–125” adlı sərgi keçirilib

13:00 15 mart 2025
Pianoçumuz Londonda solo konsert verib

Pianoçumuz Londonda solo konsert verib

12:45 15 mart 2025
Bu sərçə şairləri, gölməçə şairləri... - Süleyman Rüstəm onun şeirini niyə ifşa etmişdi?

Bu sərçə şairləri, gölməçə şairləri... - Süleyman Rüstəm onun şeirini niyə ifşa etmişdi?

12:00 15 mart 2025
"Məni o aktyor canlandırsın..." - Nuri Alço

"Məni o aktyor canlandırsın..." - Nuri Alço

11:45 15 mart 2025
#
#
# # #