"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?

"Bu toyun axırında gəlinin üzünün duvağı açılmır..." - Hüseynbala Mirələmov oxucu ilə niyə açıq söhbət edir?
7 fevral 2026
# 12:00

Kulis.az Əsəd Cahangirin "Dünya ədalətindir" yazısını təqdim edir.

Çoxsaylı və janrca rəngarəng nəsr əsərləri, tarixi və müasir mövzuda yazdığı pyesləri, siyasi-publisitik kitabları ilə populyar olan yazıçı Hüseynbala Mirələmovun “Kulis.az” saytında müzakirəyə çıxarılan “Dünya sənin, dünya mənim” hekayəsi mənəvi-əxlaqi aşınma sorununa həsr olunub.

Hekayənin məkan kodu kimi toy gedən şadlıq sarayı seçilib və bu təsadüfi deyil. Birinci səbəb odur ki, H.Mirələmov ümumən realist yazıçıdır, bu dəfə də realist bir hekayə yazıb və təfərrüat incəlikləri göstərir ki, özündən hadisə uydurmayıb, həyatda doğrudan da rastlaşdığı, müşahidə elədiyi olayı qələmə alıb. İkincisi, toy (eləcə də bunun əksi olan yas) yığnaq yeri olduğundan mentalitetin ən ümumi, ən səciyyəvi cizgilərini bir kompleks halında özündə əks etdirir.

Burda kişili-qadınlı, uşaqlı-böyüklü hər dürlü adama, mənfili-müsbətli hər cür olaya rast gələ bilərsən. Təsadüfi deyil ki, “O olmasın, bu olsun”u yazan dahi Üzeyir Hacıbəyov da, bu ünlü operettanı ekranlaşdıran görkəmli rejissorumuz Hüseyn Seyidzadə də qonaqlıq səhnəsi, ardınca toy səhnəsini milli mentalitetin yaddaşlarda özünə əbədi yer eləyən güzgüsünə çeviriblər.

Zahiri əksliklərinə baxmayaraq, istər toy, istərsə də yas elə bir milli məclisdir ki, həm insanın xisləti, həm də millətin mentalitetini bütün əhatə dairəsi, bütün konturları ilə açıb ortaya qoyur. Dostoyevskinin “Cinayət və cəza”, fransız yazıçısı Klod Tilierin “Dayım Bencamin” romanları, Məmməd Orucun “Oyun havası” povesti və gürcü rejissoru Daneliyanın “Qəm yemə” filmindəki yas səhnələri, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında ad günü, Elçinin “Gül dedi bülüblə” hekayəsindəki ziyafət, Kamil Əfsəroğlunun “Sibir toyu” hekayəsi və rejissorlar Əbdül Mahmudovla Həsənağa Turabovun “Qanlı zəmi” filmindəki toy səhnəsi yüzlərlə belə milli məclisdən ilk yadıma düşənlərdir.

H.Mirələmov uzun illər Milli Məclisin deputatı olub və milli məclislərin siyasi tərəflərini də birbaşa görüb. Onun son hekayəsi də təkcə məişət olayından bəhs eləmir, həm də ictimai-siyasi çalara malikdir. Biz dünya malına susayan, qanunsuz yolla vəzifəyə gedən və zəhmətsiz sərvət toplayanların ədalətin dəmir yumruğuyla bir anda hər şeyi total şəkildə itirdiyi, bir günün içində əli aşından da, vəli aşından da olduğu, ömrü boyu toy içində yaşayanların özünə bir gün toy tutulduğu ibrətamiz dönəmdə yaşayırıq. Məmməd Araz demişkən, dünya nə sənin, nə mənim, nə də heç kimindir. Şair yanılmır, amma məsələni açıq saxlayır. Dünya doğrudan da heç bir ayrıca subyektin deyil. O gec, ya tez ədalətindir! Füzuli demişkən,

Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

Duvaqqapma, yəni toy səhnəsi nağıl-dastanlarda, dram əsərlərində, kinofilmlərdə bir qayda olaraq finalda baş verir. Müəlliflər olayı bəzən hətta şərti də olsa, xoşbəxt sonluqla bitirmək, oxucuya, tamaşaçıya pozitiv enerji ötürmək istəyir və düz eləyirlər. Bu sərt, amansız dünyada sənət insanı tək qoymamalı, ümidi onun əlindən almamalıdır. Digər yandan, sənətkar toy səhnəsində bütün personajları adəti üzrə bir yerə yığır və hamıya özünə layiq toy tutur, ədaləti bərqərar, nizamı bərpa eləyir, hərəyə öz niyyəti və dərəcəsinə görə verir – gülçöhrələri əsgərlərə, asyaları süleymanlara, telliləri vəlilərə, xalaları soltan bəylərə, gülnazları sərvərlərə, sənəmləri məşədi ibadlara.

Toy bir növ “dəli yığnağı”dır – vur çatlasın, çal oynasın!

H.Mirələmovun hekayəsində toyun bu səciyyəsinə dair vaxtaşırı işarələr verilir – aramsız musiqi sədaları, şıdırğı rəqslər, çəngəl-bıçaq cingiltisi, gurultulu sağlıqlar... Yazıçı masaların arasında ora-bura qaçan uşaqlar vasitəsilə də oxucuya mesaj verir - millətin gələcəyi “yetişir”.

Amma “Dünya sənin, dünya mənim” hekayəsi toy estetikası üçün səciyyəvi olan bu ümumi standartlardan bir az (bir aza bax ha!) kənara çıxır. Birincisi toy, klassik ənənədən fərqli olaraq, hekayənin sadəcə finalı deyil, həm əvvəli, həm ortası, həm də axırıdır. Hekayə toyla başlayır, toyla davam edir, toyla da bitir. İkincisi, bu standart çal-çağır səhnəsi iki nəfərin – hekayənin təhkiyəçi qəhrəmanı ilə rayondan toya gəlmiş tarix müəllimi Əbülfəzin dialoqu üçün sadəcə fon rolu oynayır. Bu toyda “kim kimi aldı, kimə kimə getdi” məsələsi nə müəllif, nə də dialoq üzvlərinin əsla umurunda deyil. Oxucu hətta bəylə gəlinin kim olduğunu da bilmir.

Hekayə müəllifinin məqsədi ayrıdır - namərdlik, yaltaqlıq, nankorluq, unutqanlıq, qədirbilməzlik, etibarsızlıq, çörəyi dizinin üstündə olmaq, qorxaqlıq və digər mənəvi-əxlaqi naqisliklər içində getdikcə daha çox deqradasiyaya uğrayan, tənəzzül eləyən insana toy tutmaq! Onu sədaqətli, dəyanətli, düz ilqarlı, etibarlı adam olmağa, kişi olmağa çağırmaq! Hekayədəki toy dar milli məkanda – Bakıdakı şadlıq saraylarından birində antik dövrdən ta bu günə qədərki tarixə tutulan qlobal bir toydur. Bu toyun axırında gəlinin üzünün duvağı açılmır, insanın iç üzü açılır!

Ən xırda detallarına qədər gerçəkliyi əks etdirən hekayədə, məncə, yazıçı fantaziyasının uydurduğu bircə obraz var – Əbülfəz müəllim. Rayondan gələn, əsas qəhrəmanın toydaca tanış olduğu bu tarix müəllimi rəmzi-simvolik anlam daşıyır, insan xislətinə dair öz fikrilərini daha sərbəst, realizmin tələblərini pozmadan bildirməyə müəllifə yardımçı olur.

Onun məhz Əbülfəz (fəzlin, biliyin atası) adlandırılması da, məncə, təsadüfi deyil. Bu, maraqlı həmsöhbət olan tarix müəlliminin həm tarixə, həm insan xislətinin tarixinə dair bilgilərə malik olmasına, bir sözlə, fəzilət sahibi olmasına işarədir. Onun bu keyfiyyəti hesabına hamının tərk etdiyi, boşalmış toy masası arxasında iki nəfərin mənalı dialoquna imkan yaranır. Üstəlik də, rayondan gəlmiş bu adamın kənar, obyektiv, qərəzsiz baxışında şəhər insanının mənəvi-əxlaqi naqisliyi daha aydın görünür.

Hekayədə nə gərgin süjet, nə bu süjet boyu açılan xarakter, nə də gözlənilməz novella finalı var. Yəni H. Mirələmov nə əhvalat, nə də xarakter hekayəsi yazmayıb, oxucunu intizarda saxlamaq üçün intriqa qurmaq, hər şeyi finala hesablamaq kimi yazıçı fəndlərinə əl atmayıb. O, insan xislətinin naqisliyi barədə səksən illik ömür təcrübəsindən doğan qənaətini oxucu ilə birbaşa bölüşüb, açıq söhbət eləyib. Bəs, bu qədər sadəliyinə baxmayaraq, hekayə niyə maraqla oxunur, o niyə belə çəkicidir? Onun oxucuya təsir gücünün səbəbi nədir?

Bunun əsas səbəbini müəllifin öz fərdi həyat təcrübəsindən doğan ibrətamiz fikirlərini oxucu ilə cəsarətli bir səmimiyyətlə bölüşməsində görürəm. Akutaqava yazırdı ki, yazıçı öz ürəyini oxucuya açan adamdır, amma ürəyin bu açıq yerindən ora tikan batıranlar həmişə tapılır.

H.Mirələmov tikan qorxusu ilə bağlı hər cür kompleksi bir kənara qoyaraq, ürəyini oxucuya açıb, ona etibar bəsləyib və tamamilə haqlı olaraq bir az da nankorlardan, etibarsızlardan, çörəyi dizinin üstündə olanlardan giley-güzar eləyib. Əgər bu hekayəni mən, sən, yaxud ictimai statusu olmayan hər hansı sıravi bir şəxs yazsaydı, o bəlkə də, belə maraqlı alınmaz, ümumi, mücərrəd nəsihət, trafaret didaktika təsiri bağışlayaradı. İndiki halda durum əksinədir. Nədənki oxucu hekayədəki dialoqlar arxasında yazılmamış, amma mətnin altından bütün hekayə boyu ağır-ağır keçib gedən ikinci qatı da oxuyur - iki oxunuş paralel gedir. Mənə elə gəlir ki, müəllifin bu hekayədə yazmadan dedikləri yazdıqlarından daha çoxdur. Hekayə ona görə maraqlı və təsirlidir ki, onu məhz kifayət qədər populyar, sevilən, oxunan yazıçımız Hüseynbala Mirələmov yazıb.

Və nəhayət, hekayənin adı barədə! Hekayənin ünlü şairimiz Məmməd Arazın xrestomatik dərəcədə məşhur, sevilən sənətkarımız, Xalq artisti Niyaməddin Musayev tərəfindən mahnı bəstələnən “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeirindən götürülən adı əsas ideyanı əks etdirir. Yazıçı insanı adam olmağa çağırır, bu fani dünyada hər şeyin – var-dövlətin də, şah-şöhrətin də, vəzifə kürsüsünün də keçici, müvəqqəti olduğunu bizə bir daha xatırladır.

Yeri gəlmişkən, dünyanın bir sıra ölkələrində, müxtəlif dillərdə oxunan bu mahnı ətrafında son günlər şou aləmində böyük qalmaqal başlayıb və ən absurdu odur ki, bu biabırçı şoumenlər toylarda daha çox qazanmaq üçün öz adları ətrafında ajiotaj yaratmağa can atır, bununla da oxuduqları mahnının mənasını anlamadıqlarını əyani surətdə göstərirlər.

Məncə, H. Mirləmovun hekayəsini ilk öncə məhz belə şan-şöhrətə, var-dövlətə, dünya malına susayanlar oxusa, yaxşı olardı. Amma Axundovun sözü olmasın, buna heç ümidim yoxdur. Çünki oxuyan olsaydılar, Məmməd Arazın şeirini də oxuyub dərk edər, orda öz obrazlarını görüb daha o mahnını oxumazdılar.

Maraqlı, ibrətamiz “Dünya sənin, dünya mənim” hekayəsi münasibətilə Hüseynbala Mirələmovu təbrik edir, ona həmişə belə pozitiv ovqat, mübariz ruh arzulayıram.

# 150 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

Ədəbsiz, aşağı səviyyəli əyləncə - Corc Oruellin Tolstoya sərt cavabı

11:00 21 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər