Kim deyir ki, Simurq quşu var imiş? - Safiyya Abzarova

Kim deyir ki, Simurq quşu var imiş? - Safiyya Abzarova
27 fevral 2026
# 16:14

Kulis.az Safiyya Abzarovanın Naxçıvan Dövlət Milli Dram Teatrının səhnələşdirdiyi “Simurq quşu” tamaşası haqqında yazısını təqdim edir.

Teatr pərdəsi açıldığı an gündəlik həyatın səs-küyündən ayrılıb aktyorların dünyasına düşürsən. Aktyorlar isə sənin dünyanın güzgüsü olurlar. Burada zaman və məkan səhnəyə tabe olur, tamaşaçı özünü səhnəyə təslim edir və ruhunun dərinliklərinə səyahət edir. Sanki bir nağılın, bir əsərin obrazı imiş kimi aktyorla bərabər öz rolunu oynayır, özünü tapır. Teatra marağın az olduğu, zamanın qısıtlı olmasından şikayət edilən dövrdə insanlar bu axşam nağıl dünyasına, öz dünyalarına səyahət üçün Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu var imiş?” pyesi əsasında səhnələşdirilən “Simurq quşu” tamaşasına — zamansızlığın və məkansızlığın vəhdətinə dəvətlidirlər.

Müəllifin bu əsəri oyun estetikası üzərində qurulub. Kapitanın gözləri önündə qəfildən peyda olan Nağılçı sanki gerçəkliklə xəyali aləm arasında gizli bir qapı açır. Onun danışdığı nağılla səhnədə adi bir hadisə yox, şüurlu şəkildə qurulmuş oyun başlayır. Biz isə bu oyun içində canlanan nağılı izləyir, nağılların dili ilə həyatın bəzi həqiqətlərinə işıq salındığının şahidi oluruq.

Pyesdə zaman və məkan anlayışları pozulub. Zamansızlığın və məkansızlığın vəhdəti var ki, bu da Nağılçının danışdığı nağıllarda təcəssüm edir; burada keçmişlə gələcək, gerçəkliklə mif bir-birinə qarışır və hadisələr insan şüurunun sərhədsiz məkanında baş verir. Elə bu anda Simurq quşu məna kəsb edir. Simurq quşu pyesdə, həmçinin tamaşada yaşamın ikiləşmədən ibarət olduğunu göstərir. Onun qanadları sanki bizim həyatımızın rəmzidir: həyat və ölüm, işıq və zülmət, yaxşılıq və pislik, zalımlıq və mərhəmət... Biz isə bu qanadların hər iki tərəfinə yönəlirik; insan bu cəhətlərin hamısından ibarətdir.

Tamaşadakı dialoq və monoloqlar, həmçinin səsləndirilən şeirlər elə qurulub ki, insan özünü burada sadəcə bir izləyici kimi yox, hadisələrin iştirakçısı kimi hiss edir, öz daxili məni ilə üzləşir.

“Simurq quşu” tamaşası təkcə səhnədə oynanılan hadisə deyil, insanın öz daxili aləminə yönələn fəlsəfi çağırışdır. Müəllifin yaratdığı bu əsər və onun səhnə yozumu tamaşaçını passiv mövqedən çıxararaq düşünən, hiss edən və özünü sorğulayan varlığa çevirir. Simurq quşu isə bu yolçuluqda bir mif obrazından çox, insanın özünə tutduğu güzgüyə çevrilir. Tamaşa göstərir ki, insan yalnız ziddiyyətləri ilə bütövdür və bu ziddiyyətləri qəbul etdikcə özünə daha yaxın olur. Nəticədə, “Simurq quşu” tamaşası səhnədə bitmir, zalı tərk edən tamaşaçıların içində davam edən bir düşüncə və özünüdərk prosesinə çevrilir.

# 1189 dəfə oxunub

Oxşar xəbərlər

“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
"Ağıldan kəm Jurden"  tamaşasına daxili baxış keçirildi

"Ağıldan kəm Jurden" tamaşasına daxili baxış keçirildi

13:12 13 iyul 2026
Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olundu

11:40 13 iyul 2026
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasına daxili baxış oldu

13:40 11 iyul 2026
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

15:00 6 iyul 2026
“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər