Süleyman Dəmirəldən yardım istədi, Şəhriyarın cavabından qəhərləndi, iranlı tələbələrə yardım etdi - Doktor Cavad Heyət haqqında maraqlı faktlar

Süleyman Dəmirəldən yardım istədi, Şəhriyarın cavabından qəhərləndi, iranlı tələbələrə yardım etdi - Doktor Cavad Heyət haqqında maraqlı faktlar
24 may 2023
# 20:00

Bu gün məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin doğum günüdür. Kulis.az bu münasibətlə professor haqqında maraqlı faktları təqdim edir.

Məşhur doktor Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış ziyalılarından olub.

***
O, “Məşrutə” inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçün "Heyət" adı ilə tanınıb.

Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin yaradıcılarından biri kimi “Məşrutə” inqilabında fəal rol oynayıb.

***
Cavad Heyət orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb, daha sonra tibb təhsilinə başlayıb, ancaq üçüncü sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanıb. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris Universitetində davam etdirib.

Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıq Tehran Universitetində çalışıb. İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirib.

Bu və digər uğurlarına görə Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. O, 12 il ərzində "Daneşe pezeşki" (Tibb Elmi) adlı jurnal dərc etdirib və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid üç kitabın müəllifidir. "Varlıq" dərgisini nəşr etdirən Cavad Heyət türkologiyaya aid yeddi cildlik kitab yazıb.

***

Cavad Heyət dostu Prof. Dr. H. Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur.

Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır.

***
İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabın müəllifidir.

Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.

Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.

***

Cavad Heyət atası Mirzə Əli Heyət və qardaşı Firuz Heyət ilə birlikdə 1956-cı ildə İran-Türkiyə Dostluq və Kütür Cəmiyyətini qurub, İranla Türkiyə arasında dostluq və mədəni əlaqələrini inkişaf etdirməyə çalışıb.

1993-cü ildə Türkiyənin Tehrandakı səfiri Qorxmaz Haktanır ilə birlikdə Tehranda Türk Kültür Mərkəzini açıb və iranlı tələbələrin Türkiyədə təhsil almalarına yardım göstərib.

***
Cavad Heyət, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Süleyman Dəmirələ məktub yazıb və yardım istəyib.

Cavad Heyət eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub (həm tibb, həm də türkologiya sahəsi üzrə). O, Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilib.

***
5 qızı, 5 nəvəsi, 2 nəticəsi olub.

***
Yazıçı publisist Rafael Hüseynov yazılarının birində Məhəmmədhüseyn Şəhriyar və Cavad Heyət haqqında bunları qeyd edir:
“Şəhriyarla ilk gənclik illərindən, hələ 1941-ci ildə Tehranda birlikdə ali tibb təhsili aldığı vaxtlardan rəfiq olan və bu simsarlığı şair dünyadan köçənədək kəsməyən Cavad Heyət ona yalnız bənzərsiz söz ustası kimi baxmırdı. Şəhriyar Cavad Heyətdən ötrü həm də Doktorun ömrünün mənası olan azərbaycançılıq axınının, türkçülük cərəyanının gurlaşmasına qida verəcək güclü nəhrlərdən idi.

Şəhriyarsa "Heydərbaba"nı doğurandan sonra səngimişdi, Təbrizdə yaşayırdı, elə ara-sıra farsca yazıb-yaradırdı.
Bir dəfə Cavad bəy bu nisgili barədə o dövrdə İrana tez-tez gedib-gələn görkəmli şərqşünas Rüstəm Əliyevə gileylənir.
Doktor etiraf edirdi: “Rüstəm dedi ki, bunun təqsiri sizdədir.

Şəhriyar qalıb orada tək, ətrafında sizin kimi aydınlar yoxdur ki, onu coşdursun, istiqamətləndirsin. Gətirin onu Tehrana, qoy sizin, dostlarınızın əhatəsində olsun, təsirinizlə yenə başlayacaq ana dilində təzə şeirlərini yazmağa.
Ağlıma batdı bu fikir. Getdim Təbrizə, Şəhriyarı ailəsi ilə birgə gətirdim Tehrana. Mənim üçmərtəbəli evim vardı, bir mərtəbəsini verdim ona, elə onun təşrifi ilə evimizdə öz-özünə bir ədəbi mühit əmələ gəldi. Asta-asta Şəhriyarın anadilli qələminin də pası açıldı, şirin dilimizdə yeni-yeni şeirləri doğuldu". (Şəhriyarın həmin şeirlərini oxuyanda müdam səbəbkarı, nəcib Cavad Heyəti də anın!).

Cavad Heyət bunu da xatırlayırdı ki, bir gün şahın həyat yoldaşı Fərəh xanım xəbər yollayır ki, Şəhriyar izn versin, Tehranda ona bir ev alaq, rahat yaşasın.

Şəhriyarın müdrik cavabını Doktor mənə illər fasiləsi ilə müxtəlif məqamlarda bir neçə dəfə ərz edib və hər dəfə də qəhərlənib: "Şəhriyar qayıtdı ki, çox təşəkkür edirəm diqqətinizə görə. Mənim hələ burada yerim çox rahatdır. Amma mənə nəsə yaxşılıq etmək istəyirsinizsə, türkcə şeirlərimi ayrıca kitab halında buraxın, elə özüm onun puluna ev də alaram".
...Şahlıq zamanı idi və təbii ki, həmin arzulanan kitab buraxılmadı”.

***

Rafael Hüseynov doktor haqqında başqa bir məqaləsində yazır ki: "İranın Qulamhüseyn Bənan adlı məşhur bir müğənnisi vardı. Onun məlahət dolu, insanın qəlbini ilk eşidilişdən ələ alan, ovsunlayan avazı 1960-70-ci illərdə xüsusən çox məşhur idi. Xatırlayıram ki, 1970-ci illərdə, Bakı Dövlət Universitetinin tələbəsi ikən Tehran radiosundan yayımlanan, indi də hər lent yazısı klassik inci kimi dəyərləndirilən “Qolha-ye rəngarəng” musiqi proqramında Bənanın ifalarını necə həvəslə dinləyərdik. Və həmin oxular o silsilədə səslənən, hamısı da gözəl olan başqa ifalardan daha parlaqlığı ilə seçilərdi.

Bu səsi sevməmək mümkün deyildi və Cavad Heyət də Bənan avazının məftunlarından idi.
Bənanla Cavad Heyət bir-biri haqda uzaqdan-uzağa çox eşidiblərmiş və axırı ki, izahsız cazibə günlərin birində onları yaxınlaşdırır, sadiq, etibarlı dostlara çevirir.

Cavad Heyət hər görüşəndə Bənana “Sən sehrkarsan, oxularının hər biri möcüzədir!” deyirmiş və Bənan da bir dəfə ondan xahiş edir ki, apardığı cərrahiyyə əməliyyatlarından birində seyrçi kimi iştirakına izn versin. Doktor əvvəlcə tərəddüd etmişdi ki, siz sənət adamısınız, zərif hissiyyatınız var, kəsib-doğramaqla, ağrıyla-qanla dolu cərrahiyyə əməliyyatını izləmək sizə ağır təsir buraxar. Bənan israr etmişdi, Doktor razılaşmışdı. Gördüklərini görəndən sonra Bənan etiraf etmişdi ki, əsl möcüzəni siz göstərirsiniz, siz insanı sanki yenidən yaradırsınız.

2014-cü ilin yayı. Doktor Cavad Heyət daha qalxa bilmədiyi xəstəxana çarpayılarında ömrünün son günlərini yaşayırdı.
Və o qəmli günlərində xəstəxananın reanimasiya bölməsində tək qaldığı palatada maqnitofondan asta səslə fasiləsiz olaraq musiqi səslənirdi.

Ömrü uzunu Cavad Heyətlə olmuş bal kimi şirin səs – Bənanın avazı həyatla vidalaşdığı axırıncı günlərində də Doktorla idi.

Hər gedən saatını, hər ötən dəqiqəsini müşayiət edirdi".

***

Cavad Heyət 2014-cü il avqustun 12-də səhər saatlarında Bakı şəhərində dünyasını dəyişib və avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.


# 2391 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #