"Üzeyir Hacıbəylinin yaradıcılığı yetərincə öyrənilməyib..." - Gənclərin arasında "avropabazlıq" niyə sürətlə yayılır?

"Üzeyir Hacıbəylinin yaradıcılığı yetərincə öyrənilməyib..." - Gənclərin arasında "avropabazlıq" niyə sürətlə yayılır?
12 noyabr 2025
# 12:00

Kulis.az Aydın K. Azimin "Üzeyir bəy haqqında bəzi düşüncələrim..." yazısını təqdim edir.


İnsani görəvim, arzum, əməlim

İnsanlığa xidmət etsəm, nə mutlu...

Yağmur suyu ilə torpağ təməlim

İnsanlığa xidmət etsəm, nə mutlu...

Dərə axar, bu torpağlar sulanır,

Günlər gələr keçər, dünya dolanır

Fikir - sərmayədir, həm faydalanır,

İnsanlığa xidmət etsəm, nə mutlu...

Ozan Ali Mətini, ustadımız Üzeyr bəyin təməl niyyətini, əməllərini və amacını bu gözəl söz ilə həzin-həzin bəyan eyləmiş, sanki anlatmışdır bizlərə. Bəli, Üzeyir bəy həyatı boyu bütün varlığı ilə, necə demişlər: "nə qədər var təndə can..." Azərbaycanımıza, Azərbaycan xalqına, Azərbaycan musiqisinə, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə yorulmadan xidmət etmişdir. Bu insani vəzifəni ustadımız, yaşadığı dövrün heç də asan olmayan, zaman-zaman çox ağır şərtlərinə sinəsini verib, zorluqları aşaraq, bəzən isə həyati təhlükəsi ilə üz-üzə qalmasına rəğmən, mərdi-mərdanə, dürüstcə icra edərək yerinə yetirməyə çalışmışdır. Bu bir gerçəkdir ki, Üzeyir bəy Hacıbəyli üçün İnsanlıq - Azərbaycan xalqı idi və bəstəkar, yazdığı musiqisi ilə, mədəni müəssisələrin təşkiliylə və digər ictimai işləriylə gələcək qərinələrə çox mühüm bir mesaj yollamışdır: İnsanlığa xidmət - Azərbaycan xalqına xidmətdən keçər".

Üzeyir bəyin 1908-ci ildə yazmış olduğu "Leyli və Məcnun" operasının ilk tamaşası türk dünyasında bir böyük mədəni hadisəyə çevrilmişdi, mən deyərdim, bir kültürəl partlayış baş vermişdi ki, bu olayı millətimizin oyanışı, özünütanıma yolunda yeni istiqamət kimi səciyyələndimək olar. Bu möhtəşəm əsər qədim dini-mərasım göstərilərdən - Şəbih ənənələrinə və qaydalarına əsaslanan meydan tamaşası idi sanki. Millətimiz əslində divan ədəbiyyatımıza (Molla Məhəmməd Füzuli Bağdadi) və fəsil-fəsil muğamatımıza arxalanan bu meydan tamaşasının müasir səhnə təcəssümünü görürdü. Xalqımız bu möhtəşəm göstəriyi seyr edib, onu məmnuniyyətlə qəbul etdi. Niyə də məmnun olmasın?! Gözünün önündə Klassik Azərbaycan musiqili teatrın şah əsəri canlanıb səslənməkdə idi. Zaman keçdi və bizlərə həqiqətin biri də aşkar oldu: Bəstəkarın yazdığı "Leyli və Məcnun" muğam göstərisi bir yüksək təfəkkürün məhsulu olaraq, inkişafı mütləq olması gərəkən, yəni potensial imkanlara malik olan bir ideyadır və dünya musiqisinə bir töhfə olaraq Üzeyir bəy Hacıbəylinin icad etdiyi yeni texnologiyadır. Və təbii ki, belə bir musiqi ideyanın, bu texnologiyanın davamı olmalıdır və olacaqdır!

"Leyli və Məcnun"dan tam bir il sonra, yəni 1909-da bəstəkarın ilk musiqili komediyası olan "Ər və arvad" səhnə quruluşunu gördü və tamaşaçıların bəyənisin qazandı. Arxa-arxaya, 1911-ci ildə "O olmasın, bu olsun" və 1913-cü ildə isə "Arşın mal alan" musiqili teatr inciləri səhnə üzü gördü ki, bu çox mühüm iki hadisə haqqında düşüncələrimi oxucular ilə paylaşmaq istərdim. Musiqi çevrələrində bu əsərləri janr olaraq, ya operetta, ya da ki musiqili komediya kimi təyin edirlər. Özü-özlüyündə bu adlandırma əslində doğru görünür, amma əsərlərin bir önəmli olan bircə özəlliyi onların başqa bir janra aid olduğunu göstərməkdədir. Belə ki XIX-XX (əvvəli)-cu yüzillərdə Avropada çox yayğın olan musiqili komediya, singspiel (musiqi müşayiətilə komediya) və ya operetta (kiçik opera), əyləncə xüsusiyyəti daşıyan, xəfif eşq macəralarından bəhs edən, genəldə məişət məzmunlu bir tamaşa halında idi. Operetta janrı bu haliylə Atlantik okeanını adlayaraq Amerika Birləşmiş Ştatlarının mədəni həyatına musical adı ilə heç bir fərqli özəlliyi olmadan girər. Amma musical`ın orijinallığı, məhz ilk tamaşası 26 sentyabr 1957-ci ildə Broadway`də böyük müvəffəqiyyətlə təqdim olunan bəstəkar Leonard Bernsteinin "West side story" ("Vestsayt əhvalatı") musical`ində açıq-aydın üzə çıxdı. Bu tamaşada gözəl musiqi, alovlu xoreoqrafik quruluşu olan rəqslər, müxtəsər, bütün əyləncə növləri sadəcə vasitə idi. Tamaşanın müəllifləri bu əyləncə vasitələrilə ABŞ-də mövcud olan dərin sosial problemləri tamaşaçılara açıq şəkildə göstərmişdilər. Beləliklə, amerikan musical`ı Avropa operettasından fərqlənən janr xüsusiyyətlərini ancaq 1957-ci ildə almışdır. Son dərəcə maraqlıdır ki, biz Üzeyir bəy Hacıbəyli operettalarının musical janr özəlliklərini hələ 1911-1913-cü ildə "O olmasın bu olsun" (bəylərin müflisləşməsi, bakkalların sosial baxımdan önə çıxması və digər problemər) və "Arşın mal alan" (evlənmək problemləri, qadın azadlığı və s.) kimi əsərlərdə görürük. Beləliklə, "musical"ın bir janr olaraq təməli, dünya musiqi tarixində ilk dəfə Üzeyir bəy tərəfindən 1911-ci ildə qoyulmuşdur.

Böyük bəstəkarın yazdığı əsərlər xalqımız tərəfindən mənimsənmiş, bəyənilmiş, necə deyərlər, toplumumuzun iliyinə varmış və dillərdə əzbər olmuşdur. Bir vətəndaş olaraq Üzeyir bəy Hacıbəylinin bütün fəaliyyəti (musiqi əsərləri, ədəbi irsi, elmi-tədqiqat çalışmaları, ictimai xidmətləri və s.) doğma yurdumuzun müqəddəs bayrağının üç rənginə - mavi, qırmızı, yaşıl, yəni bu rənglərin bildiyimiz rəmzi mənalarına yönəlik uyğun hərəkətlərdir və milləti gələcəyə götürən inkişaf proqramına müvafiqdir və kutlu bayrağımıza uyğundur, - deyə düşünürəm. Məhz buna görə Üzeyir bəy ölkəmizin ideallarına tam uyan halən əvəzi olmayan bəstəkardır. Azərbaycan musiqisini özənlə tədqiq edən bəstəkar, ta minilliklərdən bizlərə miras qalmış ozan - aşıq musiqi qurumunu və makam - muğam sistemini türk dünyası, islam kültürü və ən nəhayət, dünya musiqi mədəniyyəti tarixinin çərçivəsində görmüş, təhlil etmiş bir nadir şəxsiyyətdir, bir sözlə, geniş konseptual düşüncəyə sahib olan yeganə alimdir.

Bir tərəfdən, Üzeyir bəy Hacıbəyli türk (məxəzlərdə Şərq deyirlər) musiqi sistemini meydana gətirən və makam qurğusunun nəzəri təsdiqini irəli sürən Abu Nəsr al-Farabi (9-cu yüzil), Abu Ali ibn Sina (10-cu yüzil), Səfi ad Din Ürməvi (13-cü yüzil) və Abdül Qadir Marağayi (14-cü yüzil) kimi böyük alim və düşünürlərin və onların ənənələrinin davamçısı, varisidir, deyə açıq görünməkdədir. Bu barədə musiqi ictimaiyyətimizə dönə-dönə xatırlatmaqda fayda var. Bir də ki adlarını saydığım bilginlər, əslində, hər şeydən öncə, bəstəkar idilər ki, bu tarixi gerçəyi unutmamalıyıq. Digər tərəfdən isə, Azərbaycanımızın yeni bəstəkarlıq məktəbinin özülünü qoymuş olan Üzeyir bəy o böyük riyaziyyatçıların işləmiş olduqları "möhtəşəm 12 sütunlu" makam nizamının əsaslarını təqib edərək, musiqimizə Avropa notasion (yazı) sistemini gətirərək, Avropa musiqi ənənələrinin bizlərə uyğun olan təmas nöqtələrini bulmuş və bu şəkildə musiqi təfəkkürümüzü genişləndirmiş, zənginləşdirmiş, qədim mədəniyyətimizə yeni nəfəs gətirmişdir.

Bu baxımdan Üzeyir bəyin fəaliyyətinin dərindən öyrənilməsi, yaşadığımız tarixi günlərin işığında, musiqimizin inkişafı istiqamətində açılmış yeni mərhələ problemlərinin çözülməsi yolunda aktual olmuş, "olmazsa olmaz"a çevrilmişdir. Ümdə vəzifəmiz Üzeyir bəy fenomenini aşkara çıxarmaqdır.

Bununla belə, bütün səmimiyyətimlə etiraf etməliyəm ki, Üzeyir Hacıbəyli kimi bir dahinin yaradıcılığı yetərincə öyrənilməyib. Doğrudur, onun böyük bir sənətkar olduğu haqqında çox fikirlər irəli sürülür, yazılır, yozulur, deyilir, lakin iş onun yazmış olduğu əsərlərinin ciddi təhlilinə gəldikdə, meydana gətirdiyi musiqisinin milli ənənələrə bağlılığı haqqında olduqca bəsit, qəlib halına dönüşmüş fikirlər, ya da mücərrəd ümumiləşdirmələr müşahidə olunur. Azərbaycan musiqisinin yeni inkişaf mərhələsinə qədəm qoyulurkən, hətta bir qədər yol alınırkən, musiqi mərifətimizin belə bir durumu, açığını desəm, heç məmnunedici deyil. Bu baxımdan Üzeyir bəyin əsərlərinin ciddi tədqiqi və ələlxüsus, müfəssəl təhlili və bu mühüm çalışmaların nəticələrini musiqimizin gələcəyi, ümidi olan gənc bəstəkarlarımıza, eləcə də, gənc tədqiqatçılarımıza ötürülməsi nə qədər önəmli olduğu aşkardır və danılmazdır. Bu iş indiki dövrdə önəmli və çox aktualdır, həm də ona görə ki, gənc yaradıcı quvvələrin arasında "avropabazlıq", "intellektualbazlıq" meyilləri sürətlə yayılmaqdadır, bu isə gəncləri gerçək Azərbaycan musiqi kültüründən uzaqlaşdırır - nəticə etibarilə musiqi hərəkatımıza əngəl və fəsadlar törədir.

Üzeyir bəydən sonrakı inkişaf mərhələsində bəstəkarlarımızın bir çoxunun əsərlərində Avropa musiqi uyqarlığının janr və formalarının hakim olmasını bir fakt kimi qeyd etmək istərdim. Bu, "postüzeyirbəy" adlandırdığım dövrdə maarifləndirmə məsələləri daha qabarıq şəkildə görünməkdədir, məncə. Heç şübhəsiz ki, o maraqlı sürəc əsnasında musiqimizi təmsil edən bəstəkarların (Asəf Zeynallı, Ərtoğrul Cavid, Müdhət Əhmədov, Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Fikrət Əmirov, Soltan Hacıbəyov və b.) böyük nailiyyətləri göz qabağındadır və bu gəlişmənin musiqi sənətimizə müsbət təsiri bir gerçəkdir. Yeni çağda isə bəstəkarlarımızın qarşısında daha fərqli problemlər mövcuddur, onları aradan qaldırmaq üçün mühüm vəzifələrimiz vardır.

Belə ki, müasir Azərbaycan bəstəkarına dolğun musiqi əsərləri yazması üçün onların bir tərəfdən, dərinləməsinə türk musiqi ənənələrinə arxalanması mütləq olmalı, digər tərəfdən isə, Avropa musiqi prinsiplərinin mükəmməl mənimsənilməsi lazımdır. Bu yolda Avropa musiqisinin yiyələnməsinə heç bir əngəl yoxdur, çünki bütün ibtidai musiqi məktəblərimiz və Yüksək tədris müəssisələrimiz yetərincə bu işi görürlər. Doğma türk musiqimizin isə, ələlxüsus, onun tarixinin, sisteminin, estetikasının öyrənilməsi yetərincə deyil, - desəm, çox yumşaq ifadə işlətmiş olaram. Məhz bu səbəblə gənc bəstəkarlarımızın musiqi təfəkkürü birtərəfli, daha çox "avropayönlü"dür və aşırı dərəcədə "avropameyilli"dir. Üzeyir bəyin irsinin öyrənilməsi bu səbəbdən olduqca aktualdır, dahi bəstəkarın təcrübəsindən istifadə olunması isə bir zərurətdir və musiqimizin gələcəyə yönəlik hərəkətinə doğru olan addımlardan biridir.

27.09.2025

# 96 dəfə oxunub

Oxşar xəbərlər

Çünki mən hələ sənə aşiqəm... - Günün mahnısı

Çünki mən hələ sənə aşiqəm... - Günün mahnısı

13:30 12 noyabr 2025
Rafael Hüseynov: "Mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir"

Rafael Hüseynov: "Mədəniyyət evləri və klublar öz funksiyalarını yerinə yetirə bilmir"

13:15 12 noyabr 2025
Azərbaycanda təmir olunacaq kitabxanaların siyahısı hazırlanıb

Azərbaycanda təmir olunacaq kitabxanaların siyahısı hazırlanıb

13:00 12 noyabr 2025
Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu dəyişdi - Regional idarələr yaradıldı

Naxçıvan Mədəniyyət Nazirliyinin strukturu dəyişdi - Regional idarələr yaradıldı

12:44 12 noyabr 2025
UNESCO Aşıq Ələsgərin vəfatının 100 illiyinin  qeyd olunmasını təsdiqlədi

UNESCO Aşıq Ələsgərin vəfatının 100 illiyinin qeyd olunmasını təsdiqlədi

12:01 12 noyabr 2025
Polad Bülbüloğlu:  "Gələn il kinoya pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək"

Polad Bülbüloğlu: "Gələn il kinoya pul ayrılmayıb, kinomuz inkişaf edə bilməyəcək"

11:53 12 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər