Şeytanın sarayını ziyarət edənlər - Məkkədən reportaj - VI HİSSƏ

Şeytanın sarayını ziyarət edənlər - Məkkədən reportaj - VI HİSSƏ
27 avqust 2024
# 17:00

Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportrajının VI hissəsini təqdim edir.

Əvvəli burada

Gecədən keçmiş meqafonlarla yenidən avtobuslarımıza minməyimiz xahiş olunur. Bu dəfə səfərimiz Minayadır. Baxmayaraq ki, Mina vadisi yaxındadır, ora çatmağımız xeyli vaxt alacaq. Məkkə ətrafında nəqliyyat iflic olmasın deyə hərəkət tənzimlənir, minik vasitələri yola növbə ilə buraxılır. Dediyim kimi, həcc ziyarətinə gələn zəvvarlar eyni anda bu prosesdən keçməlidirlər. Təsəvvür edin, 2.5 milyon zəvvar məhdud ərazisi olan Ərəfatda günortadan günəş qürub edənə qədər qalmalı, sonra isə gecəni yenə o kiçicik Müzdəlifədə keçirməlidir. Ona görə hər şey qrafiklə təşkil olunub ki, aləm bir-birinə dəyməsin.

Nəhayət, gəlib Minaya çatmışıq. Minaya çadırlar şəhəri də deyirlər. Burada 3 milyona yaxın zəvvarın qala biləcəyi qədər çadır quraşdırılıb. Çadırların yan divarları alçipan kimi materialdan yığılıb deyə evə bənzəyirlər. Bizim qalacağımız çadır düşərgəsi Camarata yaxındır. Qazaxıstandan, Özbəkistandan və Qırğızıstandan olan zəvvarlarla eyni otağı paylaşırıq.

Üç gün burada keçirəcəyik.

Günlərin bir günü Sara yuxuda görür ki, İbrahim İsmayılı qurban kəsərsə, övladı dünyaya gələr. Qadın yuxusunu ərinə danışandan sonra peyğəmbəri dərd götürür. Lakin çox keçmir, vəhy mələyi Cəbrayıl nazil olub İbrahimə eyni şeyi buyurur: Allahın əmri ilə oğlu İsmayılı qurban kəsməlidir. Peyğəmbər tərəddüd etmir, iti bir bıçaq götürüb oğlu ilə birgə Mina dağına yollanır.

Mina İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsməyə apardığı yerdir. Buranın simvolik mənası böyükdür. Həyatda ideyan, prinsipin, amalın nədir? Onun üçün nələri qurban verə bilərsən? Sən də inandığın nəsnə uğrunda İbrahim peyğəmbər qətiyyəti göstərmək gücündəsənmi?
Bunun bir nümunəsini biz Qarabağ müharibələri dövründə Vətən üçün qeyd-şərtsiz canlarından keçən oğlanların timsalında gördük.

Həqiqi zəvvar Həcc ziyarətinin zahiri - ayin tərəflərindən sıyrılıb batininə nüfuz edir. Özünü bir anlıq İbrahim peyğəmbərin yerinə qoyub imanını, amalını, əqidəsini bu suallarla imtahana çəkir. Çünki Mina Allahın əmrindən çıxmamaq, öz amalından dönməmək yeridir, vəfa məqamı, eşqin izhar meydanıdır. Mina həm də oğulun ataya vəfa göstərdiyi yerdir, ona olan sonsuz itaətkarlığın üzə çıxdığı məqamdır.

Mina düzündə iki kölgə dağa tərəf addımlayır. Biri qoca, çəlimsizdir, arada ayaqları daş-kəsəyə dəyir, səntirləyir, arxadakı cavan isə qıvraq yerişlidir, daşın-kəsəyin üstündən quş kimi səkir. Atanın gözləri yaşlı, ürəyi parça-parçadır. Ömrünün ixtiyar çağında tapdığı yeganə övladını öz əlilə tələf edəcək. Oğulun gözlərini isə atanın əlindəki iti bıçaqdan düşən şüa qamaşdırır, yoxsa üzündə zərrəcə qorxu sezilmir. Onları görən şeytan atanın qabağını kəsir, “Oğul qatili olma!” deyir. Ata yerdən daş götürüb şeytana atır. Bir neçə addım sonra şeytan yenidən atanın qabağında peyda olur. Ata yenə də yerdən daş götürüb şeytanı qovur. Şeytan yenə usanmır. Bu dəfə oğulun qabağını kəsir, ağzını açar-açmaz oğul atasının elədiklərini təkrarlayır, yerdən daş götürüb ona tolazlayır.

İnsanın imanı, ideyası, əqidəsi, amalı uğrunda mübarizədə qarşına şeytanlar çıxır, yolundan sapdırmağa çalışır, yalnız imanı bütöv, əqidəsi düzgün olanlar peyğəmbər qətiyyəti göstərib şeytana uymurlar.

Günəşin doğması ilə Minada boynumuza düşən Həcc əməllərini yerinə yetirmək məqamı yetişir. Müzdəlifədə yığdığımız daşları götürüb düşərgəmizdən ayrılırıq. Minlərlə insana qoşulub Camarata - şeytan daşlanan yerə üz tuturuq. Bizim məntəqə Camaratın heç bir kilometrliyində olmaz, yaxındır, amma Minanın elə nöqtəsi var ki, ordan Camarata gəlmək üçün piyada 2-3 kilometr, bəlkə də, daha çox yol qət etməlisən.

Burada şeytanın adına rəmzi olaraq betondan üç qüllə ucalıdılıb: Kiçik Şeytan, Orta Şeytan və Böyük Şeytan. Şeytanların hər birinə cəmərə, Böyük Şeytana isə Cəməreyi-əqəbə deyilir. Ümumiyyətlə, Camarat deyilən yer betondan konstruksiya edilmiş, nəhəng, çoxmərtəbəli binadır.

Həcc ziyarəti tarixində ən çox insan tələfatlarından biri də şeytanı daşlama ritualı zamanı baş verir. Dediyim kimi, şeytanı daşlama ayini zilhiccənin onuncu, on birinci və on ikinci günlərində yerinə yetirildiyindən bütün zəvvarların bura yerləşməsi üçün bir neçə istiqamətdən yolu olan nəhəng beton konstruksiya - estakada inşa edilib ki, tələfatların qarşısı alınsın. Cəmərələrə daşatma ayininin şəriətə əsasən, gecə yox, gün çıxandan gün batana qədər həyata keçirilməsi qələbəliyin artmasına səbəb olur.

Əflatun müəllim Camaratı görəndə təəccübünü gizləmir: “Bunlar şeytana saray tikiblər”. Doğrudan da bədii şəkildə desək, şeytanın olduğu tikili nəhəngliyi ilə yalnız saraylarla müqayisəyə gələr. Tarixən yeni ideyaların, mütərəqqi fikirlərin “şeytan əməli” kimi xarakterizə olunduğunu nəzərə aldıqda bu qeyri-standart, hətta post-modern konstruksiyaya şeytanın sarayı da demək olar.

Camaratın içində nəhəng sərinkeşlərin səsi küləyin uğultusuna, polis sirenlərinin vıyıltısı insanların qışqırığına qarışıb heç vaxt eşitmədiyimiz tükürpədici küy yaradır. Sanarsan, qiyamət günü başlayıb, İsrafil suru çalınır. Bu bənzətmə deyil, həqiqətən, səs o qədər vahiməlidir ki, İsrafil surunu çalacaqsa, əminəm ki, o səs məhz Camaratdakı uğultuya bənzəyəcək.

“Cahil insanlar elə bilirlər ki, orda şeytan var, daş atırlar”. Həcc ziyarətindən olan zaman şeytanı daşlama ayinindən etdiyim paylaşıma bir nəfər məhz belə yazmışdı.

Əlbəttə, həmin şəxs hardasa haqlı idi. Beton qüllələrin içində şeytan gizlənməyib, idrakı qaydasında olan zəvvar bunu dərk edir. O başa düşür ki, bu daşatma mərasimi simvolik ayindir, Allaha yaxınlaşmaq, pis əməllərdən uzaq durmaq, günahların bağışlanmasını istəmək, tövbə etmək, bir daha günah etməmə barədə əhd bağlama ritualıdır. Burada insan rəmzi şeytana daş atmaqla Allaha və özünə söz verir ki, bundan sonra ömür boyu qarşısına çıxan pis əməllərə, onu yolundan azdıracaq işlərə, amalından döndərəcək maneələrə bax bu cür daş atacaq, onları öz yolundan qovacaq. Həqiqi zəvvar anlayır ki, beton qüllələrin içində şeytan gizlənməyib, əslində onu həqiqət yolundan (və həqiqət bildiyi yoldan) sapdıran hər şey şeytandır. Həmin şeytanları da cür daş ataraq qovmalı, həyatından çıxarmalıdır. Bu baxımdan Camarat günahlardan arınıb bir daha şeytana uymamaqla bağlı söz vermək məqamı, əhd yeridir, çağdaş texnologiyanın diliylə desək, insanın öz restart düyməsinə basdığı nöqtədir.

Əlbəttə, konsertdə minlərlə dinləyicinin içindən çıxıb müğənninin qucağına tullanmaq istəyən dinləyicilər olduğu kimi 2.5 milyon zəvvarın arasında da çətiri avtomat edib şeytanı daşlayan axmaqlar tapılır. Təəssüf ki, Səudiyyə Ərəbistanı həcc vizası verəndə əqli sağlamlıqla bağlı sənəd təqdim etmək kimi bir tələb qoymur.

Minada qaldığımız birinci gün Cəməreyi-əqəbəni daşlayıb geri dönürük.

Bir azdan qurbanlarımızı kəsəcək, daha doğrusu, xüsusi tətbiq vasitəsilə sifariş verdiyimiz qurbanlarımız kəsiləcək, bundan sonra isə başımızı keçəl qırxıb ehramlarımızı əynimizdən çıxaracağıq.

Lakin Həcc ziyarəti bununla tamamlanmır. Hələ iki gün də Minada qalmalı və növbəti günlərdə gəlib üç cəmərənin hərəsinə yeddi daş atıb geri dönməliyik.

Ardı var...

Növbəti hissədə:

- Minada yağış möcüzəsi

- KFC yeyib şeytana daş atanlar

- Zibilin içində yatan zəvvarlar

- Zəvvarlar Minada niyə üç gün qalır?

# 2860 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #