Şeytana atılan daşın qiyməti - Məkkədən reportaj - V HİSSƏ

Şeytana atılan daşın qiyməti - Məkkədən reportaj - V HİSSƏ
21 avqust 2024
# 16:00

Kulis.az Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən repostajının V hissəsini təqdim edir.

Əvvəli burada


Ərəfat Məkkə yaxınlığında dağın və onun ətrafındakı düzün adıdır. Həcc ziyarəti buradan başlayır. Bir rəvayətə görə, Adəm babamızla Həvva nənəmiz Yer üzünə qovulduqdan sonra Ərəfatda qovuşublar, digər rəvayətə görə yaxınlıqdakı Müzdələfədə. Məhəmməd peyğəmbər vida xütbəsini də Ərəfatda söyləyib. Zilhiccə ayının 8-i bura gəlməyə başlayan zəvvarlar, 9-u günortadan axşam qürub edənə qədər burada vüquf edirlər, yəni qalırlar. Burada həyata keçiriləsi xüsusi ayin yoxdur, lakin Ərəfə gününün məziyyətləri böyükdür. Kim burda zöhr namazından günəş qürub edənə qədər nə dua eləsə, hamısı həyata keçər.

Axşamüstü bütün hotel heyəti ilə birlikdə Ərəfata gəlmişik. Ona görə “bütün hotel heyəti” deyirəm ki, zəvvarlara burada da hoteldəki personal xidmət göstərir. Ərəfatda çölün düzündə deyil, bizim üçün ayrılmış ətrafı hasarlı düşərgədə qalacağıq. Düşərgə başdan-başa iri çadırlardan ibarətdir. Burada çadırdan məscid, restoran, istirahət guşələri, hətta klinika da quraşdırılıb. Yatacaq çadırlarında hər bir zəvvar üçün açılıb çarpayıya çevrilən kreslo ayrılıb. Kondisionerlər, sərinkeşlər dayanmadan çalışır, çadırların arasındakı dəhlizlərdə tavanla gedən şlanqlardan su püskürdülür, bu şəkildə istidən qorunuruq.

Zəvvarlar iki bir, üç bir, beş bir topalaşıb söhbət edirlər, bir-birləri ilə tanış olurlar. Türkiyədən gələn zəvvar qardaşlarımızla - Ercan bəylə, Faruk abiylə, Habibi Muhammed xocayla hoteldən tanışıq. Hər dəfə bizi görəndə üzləri bahar ağacları kimi təbəssümlə çiçəklənir, söhbət, əlbəttə, hansısa şəkildə gəlib 44 günlük müharibəyə söykənir. Burada hamının qibtə obyektiyik, təkcə türkiyəli arkadaşlarımız yox, elə qazaxlar da, qırğızlar da, özbəklər də, taciklər də bizi alqışlayır. Bizimlə birlikdə sevinirlər. Demək caiz sayılmasa da, siqaret əsnasında Yunanıstandan olan türklərlə söhbətləşirik. Onları da Səudiyyə Ərəbistanı qonaq qismində dəvət edib. Ta Trakyadan gəliblər. Biri maranqoz – dülgərdir. Yunanıstanda türklərin güzəranlarını xəbər alırıq. Əvvəlki illərə nəzərən vəziyyətləri xeyli yaxşı imiş. Amma çoxu əkinçi olan trakyalıların bir hissəsi yanacağın bahalığı səbəbindən torpaqdan aralaşıb Almaniyaya üz tutub. Əvəzində Bolqarıstandan olan türklər Trakyaya gəlir. Yunanıstanlı dostumuz: “Affedersin, aynı tencerede domuz pişiriyorlar, abi” - deyə bolqar müsəlmanlardan gileylənir.

Gecələdiyimiz çadırlarda Türkiyədən, Yunansıtandan olan zəvvarlarla yanaşı Böyük Britaniyadan, ABŞ-dan, Fransadan, Kolumbiyadan gəlmiş zəvvarlarla qonşu düşmüşük. Çadır məsciddə yanaşı oturduğumuz zəvvar diqqətimi çəkir, “El-Koran” yazılmış kitab oxuyur. Onunla daha sonra Mədinədə tanış oluruq, həkim-cərrahdır. Kolumbiyadan gəlib. Özü də, mənim sevimli yazıçım Markesin həmşəhərlisidir, Arakatakadandır.

Gecə olsa da, çadırın altından azca çəkilib açıq havaya çıxdınmı, isti vampir təki üstünə şığıyır. Hər cür sərinləşdirici içkilər, müxtəlif çeşidli dondurmalar da bu istidə kömək etmir. Nə yalan deyim, bizim üçün yaradılmış bu dəbdəbədən xoşum gəlsə də, bir az da sıxılıram. Səhər günün altında, adamı taqətdən salan istidə hasarın o üzündə piyada hərəkət edən zəvvarları görəndə xəcalət hiss məni bürüyür. İsti ilə özlərini imtahan edən bu zəvvarları göstərib, Nəriman qardaşım baltanı lap kökündən vurur: “Əsl ziyarət onlarındır”. “Elə demə, - o dəqiqə müdafiəyə çəkilirəm, nə edək, bizim bəxtimizə bu düşüb, biz seçməmişik ki”, - ona toxtaqlıq verməyə çalışıram.

Günorta üstü düşərgənin darvazası möhkəm döyülür. Mühafizəçilər qapını aralayıb bayırdakılarla ərəbcə nəsə danışırlar, sonra darvaza tam açılır, yaşlı bir qadın əlil arabasında içəri daşınır. Halsızdır, ürəyi gedənə oxşayır. Dərhal tibb məntəqəsindən həkim çağırılır, yardım göstərilir. Günortadan sonra hasarın dibində dayanıb siqaret çəkdiyim vaxt bayırdakı qışqırığın içindən bir körpə çığırtısı da eşidirəm. Allah bilir, istiyə tab gətirmədiyindən ağlayır, ya da su istəyir. Bilmirəm, onu ziyarətə gətirən valideynini qınayım, yoxsa mühafizəçilərə yaxınlaşıb qapını açmalarını tələb edim. Mühafizəçiləri başa salmaq üçün ərəb dilini bilməməyim bir yana, onsuz məni dinləyən də deyillər, üstəlik, buna ixtiyarım da yoxdur. Kim zəmanət verir ki, qapı açılan kimi çöldəki zəvvarlar içəri doluşmayacaqlar?! Körpənin səsi qulaqlarımda cingildədikcə utanıb xəcalət çəkirəm, baş götürüb buralardan qaçmaq istəyirəm. Elə bilirəm, “Titanik” gəmisində qəza olan kimi özünü qayıqlara atan vecsiz aristokratlardanam.

Ərəfə gününün savabı ölçüyə gəlməz. Ona görə də çoxu günortadan sonra məscidə tələsib ibadətlə məşğul olur. Kim istəyirsə, əlində soyuq içkisi, çadırların arasında veyil-veyil dolaşa da bilər. Bu, hər bir zəvvarın özündən asılıdır. Axşama yaxın yenidən avtobuslarımıza minib yola düşəsiyik. Lakin həm piyada zəvvarların çoxluğundan, həm də tıxac yarandığından avtobuslarda üç saatdan çox gözləyirik ki, yol açılsın, Müzdəlifəyə gedək.

Yol boyu qadınlı-kişili, uşaqlı-böyüklü piyada zəvvarları görürük. Bəziləri atasını, anasını, oğlunu, ərini, qardaşını əlil arabasında aparır. Kimisi uşağını belinə alıb üzü Müzdəlifəyə yol alıb. Kimiləri yorulduğundan asfaltın qırağındaca yatıb. Başqa biri su axtarır. Su Ərəfatda ən qiymətli əmtəədir. Buradan bir ordu adamın keçdiyini yerə atılmış plastik su şüşələrindən də bilmək olur. Asfalt bərəkətli tarla kimi plastik su şüşələrindən bar gətirib. Bir kişi sürücümüzə yaxınlaşıb su istəyir, su butulkasını alıb əvvəl özü içir, sonra yanında oturmuş qara çarşablı qadına uzadır.

Zəvvarlara bunca məhrumiyyət dolu yolu qət etdirən, bu yolda hər cür məşəqqətə dözməyə vadar edən qüvvə nədir? Əlbəttə iman, Allah eşqi. O eşq ki, səhrada susuz dolaşmağı da gözə aldırır. O eşq ki, zəvvarı məcnun edib çöllərə salır. Həcc vaxtı milyonlarla aşiq Ərəfatda, Müzdəlifədə, Minada bir yerə cəm olur. Bütün günü Məkkə üzərində uçuşan əbabil helikopterlərdən baxsan, sanarsan nəhəng qarışqa kaloniyası öz yuvası ətrafında qaynaşır.

Ərəfat, Müzdəlifə, Mina bir-birinə yanaşı vadilərdir. Hər birinin başlayıb-bitdiyini göstərən xüsusi lövhələr var. Buna baxmayaraq, Müzdəlifəyə hava qaralanda çatırıq. Burada yerə palazlar salınıb. Bu döşənəcəklərin üstündə, açıq səma altında gecələyəcəyik, daha burada kondisionerlər, sərinkeşlər, su püskürən vasitələr yoxdur. Bizə kiçik karton qutularda yemək paylanılır. Şəxsi avtomobilləri ilə gələn ərəblərin bəziləri isə özləri ilə dəm-dəsgah, nalça, döşəkcə gətiriblər; bir tərəfdə portativ soba yanır, yemək asılır, qəhvə dəmlənir, digər tərəfdə ərəblər piknikdəki kimi yerə atdıqları mütəkkələrinə dirsəkləniblər.

Zəvvarlar Müzdəlifədə sübh azanına qədər qalır, şeytana atmaq üçün daş toplayırlar. Yazının əvvəlində Həcc ziyarətinin qiyamət hadisəsini xatırlatdığını nahaq yazmamışdım. Müxtəlif millətlərdən, yaşdan, cinsdən olan insanların qar dənələri kimi Müzdəlifəyə yayıldığını görəndə adam istər-istəməz qiyaməti xatırlayır. O yer ki, orada elədiyin günahlara görə cavab verməli olursan, heç kəs sənə cavabdehlik daşımır, sən də heç kimə, hərə öz hayına qalır. O yer ki, günahkarsansa, orada cəhənnəmin istisi səni gözləyir. Yəqin, bu da ilahi hikmətdir ki, hər bir müsəlmana cəhənnəm odunu xatırlatmaq üçün Həcc belə amansız isti iqlim şəraitində baş tutur. Bunları düşünəndə bağışlanmağın üçün əllərin göydən əvvəl yerə uzanır, daşları topladıqca elə bil yaddaş bostanında dolaşıb günahlarını da bir-bir yığırsan ki, sonra aparıb şeytana atasan, daşla birgə ətəyindən tökəsən.

Günahın dəvə böyüklükdə də ola bilər, ancaq daşlar fındıq boyda toplanır. Səbəb isə çox sadədir. Camaratda şeytana daş atan zaman səhvən vurub kiminsə başını yarmayasan. Əvvəldən mənə deyildiyi kimi yığdığım daşları balaca su butulkasına doldururam. Üst-üstə yetmiş daş yığmaq lazımdır. Bəziləri az yığır, sonrakı günlərdə də şeytana daş atan zaman girinc qalırlar. Yəqin bu məqamda o məşhur həcc əfsanələrindən birini deməyin vaxtı çatıb: “Ərəblər daşı da pulla satırlar”. Əvvəla Müzdəlifədə daş toplamaq həcc əməllərinin rükunlarına daxildir. Əgər kimsə daş toplamırsa, bu onun təqsirididr. Mən orada daş satıldığını görmədim. Ola bilər ki, Camaratda sədəqə toplayan uşaqlardan (onların da içində ərəb yox idi) kimsə ticari çeviklik göstərib sursatsız qalan zəvvarlara daş təklif etsin. Bu da zəvvarın günahıdır ki, Müzdəlifədə kifayət qədər daş toplamayıb. Halbuki bu barədə qrup rəhbərləri də deyirlər, mənim özümlə gəzdirdiyim bələdçi kitabda da dönə-dənə vurğulanıb.

ardı var...

Növbəti hissədə:

- İbrahim peyğəmbəri təqlid edənlər

- Minada neçə şeytan var?

- Çətirlə şeytana “atəş” açanlar

- Şeytana neçə daş atdım?

# 4009 dəfə oxunub

Oxşar xəbərlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
# # #