Dünyaya arif gələn gənc buzovnalı haqqında Elegiya

Dünyaya arif gələn gənc buzovnalı haqqında Elegiya
25 noyabr 2025
# 10:30

Kulis.az Filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynlinin "Dünyaya arif gələn gənc buzovnalı haqqında elegiya" yazısını təqdim edir.

Ötən əsrin 95-ci və ya 96-cı ili idi. BDU-nun filologiya fakültəsinin tələbəsi idim. Həm də o vaxt fəaliyyət göstərən Qarabağ Əlilləri Cəmiyyətinin “Zaman” adlı qəzetinin müxbiri idim. Həmin vaxt tələbə yoldaşım, həm də rəfiqəm Məlahətlə birgə Bakıda fəaliyyət göstərən ədəbi məclislərdə, görüşlərdə çox olmağa çalışırdıq. Bunlardan biri rəhmətlik qəzəlxanımız Hacı Mailin rəhbərlik etdiyi “Füzuli” ədəbi məclisi idi. Bizi bu məclisə şairə Sona Xəyal dəvət etmişdi. Bura, adətən, söz xiridarları, poeziya həvəskarları, qələmini mürəkkəbə təzəcə batırmış şairlər və qeyri-şairlər yığışardı. Poeziyadan danışanda sanki yerdən qopmuş kimi görünən, sinədəftər qəzəl deyən bu insanları müşahidə etmək ömründə bircə misra yazmamış mənimçün olduqca maraqlı idi. Elə ki məclis başlayırdı, qapının o üzündəki dünyanı bütünlüklə unudurdular. Birinin dediyi qəzələ digəri qəsidə ilə cavab verirdi.

Mən Arif Buzovnalı ilə bu məclisdə tanış oldum. Hər kəs özü haqqında məlumat verəndə heç nə yazmadığımı, sadəcə, onları dinləməyə gəldiyimi demişdim. “Xoş gəlmisən”, ardınca da, yarızarafat “Bir azdan sən də yazarsan” deyib, məni hörmət və izzətlə sıralarına qəbul etmişdilər. Ariflə, demək olar, yaşıd idik, 20-ni təzəcə adlamışdıq. Amma hiss edirdim ki, bu insanla ünsiyyətdə fərqli davranmaq lazımdır.

Onun hər beyti beyin üçün bir tapşırıq idi. O vaxt mənə maraqlı gəlirdi: insan bu yaşda necə belə zəngin düşünə bilər? Düşünər və onu bu şəkildə poetik ifadə edər...

Ədəb-ərkanı, mərifəti, onu dinləyənlərə, qələmdaşlarına hörməti bir ayrı söhbət idi. İştirakçısı olduğu Qarabağ müharibəsinin amansızlığı belə onun şair ruhunu öldürə bilməmişdi. Rəhmətlik Hacı Mail onun istedadını çox yüksək qiymətləndirirdi. Arif gənc olsa da, yazdığı hər qəzəlin beytindən beytinə bişmiş, həyat adlı qazanın içində çox tez qaynara düşmüş, çərxi-fələyin bu dünyada bizlər üçün hazırladığı imtahanlardan üzüağ çıxmış və ən əsası, həyata onun fövqündə yanaşmağı seçmiş insan təsiri bağışlayırdı.

Satdı Adəm babamız cənnəti bir buğdayə

Mən də dunyanı həmən qiymətə satdım, gəldim
, – hamımız kimi gəlmişdi bu dünyaya, amma ruhani halı ilə çox fərqli idi.

Onu dinlədikcə yarızarafat-yarıciddi “Arif, deyəsən, bu dünyanı ikinci dəfə yaşayır, hər döngəsinə bələddir” fikri çox keçmişdi beynimdən.

Zaman ötdü, mənim o məclidən tanıdıqlarım arasından meydanda gənclərdən yalnız Arif Buzovnalı qaldı.

Çox maraqlıdır ki, onunla məclisdəki görüşlərimiz xaric, həyatda bir də heç vaxt üz-üzə gəlmədik. Mən onun yaşlandığını yalnız fotolarında, televiziyadakı çıxışlarında gördüm. Və gördüm ki, o,

Arif, ustad sayılırsan şüəra içrə, vəli,
Həqqi icranın əməldir təməli,
Sözə çatdır əməli
Ustad ol.
– özünə verdiyi sözə əməl edib...

Ustad Arif Buzovnalı xatirimdə həmişə tanıdığım yaşda, həyatda sonunca dəfə gördüyüm simada qalacaq.

Yerin misraların kimi könüloxşayan olsun, ustad.


# 98 dəfə oxunub

Oxşar xəbərlər

"Spotify"da yeni funksiya

"Spotify"da yeni funksiya

11:30 25 noyabr 2025
Uğrunda dua etdiyim göy qurşağı buradadır... - Günün mahnısı

Uğrunda dua etdiyim göy qurşağı buradadır... - Günün mahnısı

11:20 25 noyabr 2025
Sarkozinin “Bir məhkumun gündəliyi”  kitabı nəşr olunacaq

Sarkozinin “Bir məhkumun gündəliyi” kitabı nəşr olunacaq

11:05 25 noyabr 2025
Heydər Əliyevin himayə etdiyi yazıçı - O, Yazıçılar Birliyində nəyi dəyişmişdi?

Heydər Əliyevin himayə etdiyi yazıçı - O, Yazıçılar Birliyində nəyi dəyişmişdi?

10:46 25 noyabr 2025
Yamaykalı reqqi əfsanəsi vəfat etdi

Yamaykalı reqqi əfsanəsi vəfat etdi

10:45 25 noyabr 2025
Silahlı qruplaşma yaradan yazıçı - O, hansı Nobel mükafatçısının tövsiyəsi ilə çap olunmuşdu?

Silahlı qruplaşma yaradan yazıçı - O, hansı Nobel mükafatçısının tövsiyəsi ilə çap olunmuşdu?

10:00 25 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər