Səttar Bəhlulzadəni şam kimi əridən sehr nə idi?

Səttar Bəhlulzadə, Xalq rəssamı

Səttar Bəhlulzadə, Xalq rəssamı

11 avqust 2022
# 12:00

Kulis.az Loğmanın Nağıldan şirin nağıladlı yazısını təqdim edir.

Səttar çiçəyi çəkmir – çiçəyin ətrini, zərifliyini, ülviliyini – müqəddəsliyini çəkir.

Dağı çəkmir – dağın vüqarını, qarını, əzəmətini – müqəddəsliyini çəkir.

Ananı çəkmir – fədakarlığını, özündənkeçmə səadətini, sədaqətini, analığını – müqəddəsliyini çəkir.

Füzulini çəkmir – eşqin ağrı işığını – müqəddəsliyini çəkir.

Məcnunu çəkmir – insanın dünya ilə doğmalığını, dünyaya məftunluğunu, sevgidə itib özünün ali niyyətinə qovuşmasını, Məcnunluğunu – müqəddəsliyini çəkir.

Göyləri çəkmir – göylərin sonsuzluğunu, nəhayətsizliyini, insanı çağıran ecazkar ucalığını – müqəddəsliyini çəkir.

Quşları çəkmir – quşların uçmaq ehtirasını, göy sevgilərini, qanadlanmaq arzularını – müqəddəsliyini çəkir.

Torpağı çəkmir – vətənin ruhunu – müqəddəsliyini çəkir.

Təbiəti çəkmir – təbiətin özündən böyük, özünə sığmayan, gözlə görünməyən mənasını – müqəddəsliyini çəkir...

Səttar təbiətin müqəddəsliyini səcdəgaha döndərir və onun qarşısında baş əyir.

Bizi dünyanın müqəddəs mənası ilə görüşə çağırır.

Bizdə müqəddəsliyə qovuşan, ona səcdə edən insanın dünyanı gözəlləşdirəcəyinə, xilas edəcəyinə inam yaradır.

Səttar real olanla kifayətlənmir, barışmır.

Çünki real olan azdır, yalnız görüntüdür, həqiqi olanın kölgəsidir, özünə çatmır.

Səttar görünəndən üstün olanı çəkir.

Realdan ötə olanı çəkir.

Gerçəkdən dərin olanı – mənanı çəkir.

Təzahürdən uca olanı – həqiqi olanı çəkir.

Təbiətin bizdə oyatdığı sevgi və heyrəti çəkir.

Səttarın tabloları – yerdən göyə qaldırılmış təbiətin, əlçatmaz insan arzularının təsviridir.

"Ən böyük rəssam təbiətin özüdür" desə də, Səttar təbiəti ötür, üstələyir.

Çəkdiklərini bütün varlığından keçirir, özümləşdirir, vətənləşdirir, doğmalaşdırır, öz rənginə boyayır deyə yeni təbiət yaradır.

Vətənin hər qarışı əzizlənir, ağırlanır, uca tutulur, ballanır.

Şirinlik də buradan doğur.

Bu, torpağın və torpaqdan dikələnlərin, boy verənlərin yurdlaşmaq nağılıdır.

Müqəddəslik nağılıdır.

Səttar nağılıdır.

Nağıldan şirin nağıldır.

Bütün qeyri-adiliyi, doğmalığı ilə Səttarın tabloları çərçivəyə sığmır.

Tablodan başlayan cazibə, şirinlik ətrafı bürüyür.

Nağıl tablodan daşır.

Hər yer nağıllaşır.

İnsan tablonun bir hissəsinə çevrilir, yan-yörəsində hər şey hərəkətə keçir, quşlar qanadlanır, çiçəklərin ətri bürüyür dünyanı.

Çiçəklər arıları çəkən kimi, nağıl havası adamı özünə bağlayır.

Quşların sevinci yerə-göyə sığmır, nəğmələşir təbiət.

Hər şeyi unudub yurda bağlanmaq, doğma təbiətə valeh olmaq... və bütün bunlardan nağıl düzəltmək!

Bu, məftunluğu, vətən sevgisini hamınınkı etməyin, hamı ilə bölüşməyin ən gözəl yoludur.

Quru, rəngsiz, boz çöllərdən al-əlvan çiçəklər baş qaldırıb, təbiətin sehrindən danışır.

Rənglərin dilinə vurulursan.

Rənglərin də milliliyi, doğmalığı var.

Rənglərlə doğmalığın mehri açılır.

Vətən dərk olunur.

Səttarın rəsmlərində hər şey yeni dəyər qazanır, ölçülər dəyişir, reallığa uyğun gəlmir.

Həqiqi gözəllik, sirli gözəllik real sərhədlərlə kifayətlənmir, onu aşır.

Onun zərifliklə üzə çıxması yeni yaranışdan, yeni mənadan, yeni hissiyyatdan, yeni dünyagörüşündən xəbər verir.

Lalələr, nərgizlər, sərvlər, tut ağacları dünyaya elə heyrətlə boylanırlar ki...

Bu, Səttarın, bütün ömrü boyu körpə qalan, uşaqlıqdan ayrılmaq istəməyən və təbiəti o uşaq gözləri ilə sevməkdən doymayan Səttar Bəhlulzadənin sehr qarşısında şam kimi əriməsidir.

Özünü daha kamil, daha ali mərtəbəyə qaldırmasıdır.

Gözəlliyə müştaqlığı, vurğunluğudur.

Gözəlliyə heyranlığını vəcd məqamına, heyrət mülkünə daşımasıdır.

Özünü unudub təbiətdə tapan, öz nağılına uşaq kimi hamıdan çox inanan Səttar özü də nağıllaşır, təbiətləşir, təbiət qədər təbiiləşir.

O, təbiətin fonunda özünü çəkir.

Əslində, təbiətə həsr olunmuş bütün əsərlər elə Səttarın avtoportretləridir.

Şamın həzin şöləsi onun əksər tablolarını nurlandırır.

Şam Səttar yaradıcılığının ilan boğazından, iynə ildızından keçmək rəmzidir.

İncəlmək vədəsi, zəriflik çağıdır.

Hiss olunur ki, o şam Səttarın ömrüdür, mum kimi əriyib rənglərə qarışıb.

Ona görə də hər tablodan – hər nağıldan Səttarın işığı gəlir.

Səttar nəyə əl vurursa, nəyə toxunursa, yuxudan oyanırmış kimi dikəlir, qalxır.

Bu, Səttar fırçasının sehridir.

Onun bütün rəsmlərində daxili dinamika, canlanma, oyanış özünü göstərir, körpənin ilk addım sevinci, təntənə, bayram ovqatı duyulur.

Səttar sehri – qovuşdurmaq, əl-ələ tutuşdurmaq missiyasıdır.

Təbiətin əlindən tutub aparmaq səlahiyyətidir.

Bu sevgidən ana ilə tut ağacı, yollarla üfüqlər, dağlarla dumanlar, baharla bağlar, qumlu sahillərlə dalğalar, Füzuli ilə Məcnun bir-birini tapır, birləşir, bir tam olurlar...

Səttar ömrünü sıxıb cövhərini – boyasını çıxarmağın ustasıdır, ustadıdır, azmanıdır.

Təbiəti elə həsrətlə bağrına basır ki, ondan yeni rənglər, mahnılar doğulur.

Səttar rənglərin mahnısını çəkir.

O, bunu bütün varlığını yay kimi tarıma çəkərək edir.

Səttar üfüqlərə qovuşan yollar kimi son həddə qədər gedə bilir deyə niyyətinə çatır.

Mahiyyətə yüksələn rəssam onun qarşısında heyrətlənməyə bilmir.

Öz yaratdıqlarının içində əriyib itir.

Səttar qeyri-adiliyi ilə dünyanı necə gördüyünü izah edir, danışır.

Dünya o qədər heyrətamizdir ki, onu dərk etmək üçün Məcnun "dəliliyi", Məcnun dərinliyi gərəkdir.

Dünyaya Məcnun münasibəti gərəkdir.

Təbiətə Məcnun məftunluğu lazımdır.

Səttar təbiəti dərk etmək, onun gözəlliyinə çatmaq, onu dünyaya bəyan, görk etmək üçün haradasa özündən keçir, özünü qurban verir – Məcnunlaşır.

Bütün sevgilərini təbiətə qurban verir.

Görkəmindən keçir, məişətindən keçir, səliqə-sahmanından keçir, rahatlığından keçir.

Könüllü şəkildə əl çəkir, ürəklə imtina edir onlardan.

Səttarın imtinası təbiəti canlandırır, cilvələndirir, oyadır.

İmtinası onun rəsmlərinin anasıdır.

Gözəllik imtina ölçüsünə dönür.

Bu sevgidən utanan təbiət də ən sirli, ən möcüzəli, ən məhrəm üzünü açır Səttar üçün, heç nəyini əsirgəmir ondan.

Səttarla təbiət arasında dərin daxili birlik, tarazlıq, harmoniya yaranır.

Səttar dünyanı çiçək dilində, ağac dilində, şəlalə dilində, duman dilində danışdırmağı bacarır.

Səttarın rənglərindən doğma hənir, hərarət gəlir.

Rəngləri ana dilimizdə danışır.

Səttar təbiəti insandan ayırmır, əksinə, təbiəti insanlaşdırır.

Təbiət insani məzmun daşıyır, ana kimi baxır adama.

Quşlar və göyərçinlər insan kimi sevinirlər.

Lalalər gəlinlər kimidir – utancaq və ismətli.

Dağdan, daşdan, çiçəkdən insan nəfəsi duyulur.

Rəsmlərdən vətənin ətri gəlir.

Səttarın təbiətə münasibəti Məcnunun Leyliyə münasibətidir.

Təbiət Səttarın Leylisidir.

Səttar təbiətdən Leyli adlı məbəd qura bilib.

O, bütün sevgilərinin üzünü Leylisinə sarı döndərir.

Müqəddəs olanların əvəzi, qarşılığı, bənzəri yoxdur.

Çörək kimi, günəş kimi, çiçək kimi, körpə ətri kimi, ana qucağı kimi, torpaq kimi...

Səttar nağıldan bənzərsiz həqiqət düzəldir.

Təbiətin, göründüyündən çox, Səttarın çəkdiyi kimi olduğuna inanırsan.

Səttar haraya üz tutursa, həyalandırır.

Dünyanın həyalanmasından lalələr törəyir, nərgizlər boylanır.

Dünyanın yanaqları allanır...

Səttar dünyanın utanan məqamı, həyalanan üzüdür.

Onun rəsmlərində hər şey həyalıdır.

Həya – gözəlliyin dəymək məqamıdır, kamil yeridir, yetkin çağıdır, müqəddəsliyə ruhən qovuşmaq əlamətidir.

Həya – əxlaq meyvəsidir, ismət bağının keçilməzlik çəpəridir, gözəlliyin Çin Səddidir.

Dünyanı dünyaya həyalı münasibət xilas edəcək – Səttar Bəhlulzadə nağılının canı, mahiyyəti budur...

# 1109 dəfə oxunub

Oxşar xəbərlər

# # #