Kulis.az Aqil Yaşaroğlunun "Şəhid valideynləri" yazısını təqdim edir.
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!
Mithat Cemal Kuntay
(Şəhid Vüqar Nəcəfovun əziz xatirəsinə)
Aprel ayının otuzunda 173 nömrəli orta məktəbin məzunu, şəhid leytenant Vüqar Telman oğlu Nəcəfovun anım tədbiri keçiriləcəkdi. Məktəbin kollektivi şəhidin anım gününü hər il xüsusi qeyd edirdi. Bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri görülmüşdü. Tədbirə dəvət olunanlar içərisində mən də var idim.
Məktəbə daxil olanda birinci mərtəbədə yaradılmış xüsusi guşə diqqətimi cəlb etdi. Guşədə şəhidin məktəb illəri, tələbəlik illəri, keçdiyi döyüş yolu və komandanlığın ürək sözləri öz əksini tapmışdı. Fotolar üstünlük təşkil edirdi. Guşənin mərkəzində şəhidin şəkli asılmışdı. Şəkil elə bil məktəbə gəlib gedənləri salamlayırdı. Şəhidin şəklinə baxanda bütün şəhidlərimizin üzündə olan parlaq nur diqqətimi cəlb elədi. Sanki bu dəqiqə dil açıb danışacaqdı. Vüqar Nəcəfovun həlak olduğuna inanmaq olmurdu. “Şəhidlər ölmür” ifadəsi heç də boş yerə deyilməyib.
Qonaqlar yavaş-yavaş gəlməyə başlayırdılar. Şəhidin anası, atası, qardaşı da tədbirə dəvət olunmuşdu. Şəhid anası həmişəki təmkini ilə keçib onun üçün ayrılmış xüsusi yerdə əyləşdi. O, köksünü ötürərək kədərini içində gizlətməyə çalışdı: bir yandan sevimli balasının itkisindən doğan acı kədər ürəyini dağlayır, digər yandan övladının Vətən uğrunda canından keçməsi ona qürur verirdi. Şagirdlərin Vüqar Nəcəfov haqqında təqdimatları, şəhidin həyat yolundan bəhs edən səhnəciklər, vətənpərvər şeirlərdən ibarət kompozisiyalar ananı qürurlandırır, dərdinə məlhəm olur, qəlbini dağa döndərirdi. Ana bir övladını Vətənə qurban vermişdi, amma yüzlərlə övlad, minlərlə sevgi qazanmışdı.
Tədbirin sonunda şəhidin atası Telman Nəcəfova söz verildi. Ata şəhid övladının uşaqlıq illəri, hərbiçi məsləyinə olan marağı və döyüş yolu barədə danışdı:
–Oğlum Vüqar orta məktəbdə “dörd”, “beş” qiymətlərlə oxuyurdu. O, ali hərbi təhsili almaq arzusunda idi. Vüqar Cəmşid Naxçıvanski adına hərbi liseyə sənəd vermişdi və qəbul olunmuşdu. Oxuduğu illərdə səylə çalışır, hərbiyə aid ən xırda sirləri belə öyrənməyə cəhd göstərirdi. Hərbi liseyi bitirəndən sonra bu sahədə təhsilini artırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə imtahan verdi. Müvəffəqiyyətlə oraya da qəbul olundu. Ali Hərbi məktəbi bitirəndən sonra isə Azərbaycan Silahlı Qüvvələrinin təlim və təkmilləşdirmə kursunu da bitirdi. Təyinatı üzrə onu “n” saylı hərbi hissəyə taqım komandiri vəzifəsinə təyin etdilər. Xidmətini ön xətdə davam etdirməyə başladı. Ölkəmizin üzərini növbəti dəfə qara buludlar alanda düşmənə nifrəti onu könüllü şəkildə ön cəbhəyə-müharibəyə yollanmağa sövq elədi və döyüşə yollandı. Vüqar balam müharibədə Vətənə ləyaqətlə xidmət elədi. Özünü əsl Azərbaycan əsgəri kimi apardı, Vətənin keşiyində vicdanla durdu. Eşitdiyimə görə, o azğın erməni dığalarına sarsıdıcı zərbələr endirmiş, daima əsgər postunda ayıq-sayıq dayanmışdı. Cəsur zabit kimi komandanlığın hörmətini, məhəbbətini qazanmışdı. Mən bilirəm, Vüqar heç vaxt düşmən gülləsindən qorxmamışdı. Elə bil güllə də bunu hiss edir, ondan yan keçirdi. Vüqar müharibədə ard-arda misilsiz rəşadətlər göstərirdi.
Lakin bir gün Vüqar döyüş postunda növbə çəkərkən düşmən nişanına tuş gəldi. Qəhrəmancasna şəhid oldu. Onun ölümü hamını: komandirini də, döyüş yoldaşlarını da üzdü, kədərləndirdi, hiddətləndirdi. Ölüm xəbəri qısa bir müddətdə bizə- doğmalarına da çatdı. Biz də sanki onunla birlikdə həlak olduq. Bu çox ağır dərddir. Allah heç kəsə göstərməsin! Bəli, Vüqar şəhid oldu. Bu dərd, bu itki mənim ata kimi belimi bükdü. Lakin balam Vətən qarşısında borcunu sədaqətlə yerinə yetirdiyinə, şərəflə döyüşdüyünə, şərəflə də şəhid olduğuna görə bükülən qəddim dikəlir, bu məni qürurlandırır, qürur və fərəh hissi keçirirəm.
Tədbirə toplaşanlar bu deyilənləri sükut içərisində heyranlıqla və həyəcanla dinləyirdilər. Şəhidin anası isə için-için hıçqırtı ilə ağlayırdı. Ata səsi bir dünya həqiqətdən, böyüklükdən, ucalıqdan xəbər verməkdə idi.
–Əziz balam, sən bu dünyada kişi kimi yaşadın, döyüşdün, Vətəni qorudun. İllərlə erməni tapdağında qalan yurdumuzun azad olmasında sənin də öz payın oldu. Sən gələcək nəsillərə misilsiz şücaət nümunəsi miras qoydun. Sən və bütün şəhidlər ölümünüzlə vətənin yaşamasına, ayaqda qalmasına səbəb oldunuz. Bu gün başımı dik tuturam, Vüqar! Sən Vətən yolunda şəhid olmusan. Deyirlər, şəhidlər ölmür. Bilirəm, sən də ölməmisən. Bu saat bizi dinləyirsən, görürsən... Sən də indi yalnız “Vətən sağ olsun!” deyirsən! Səni, sizi yaşadan bu balaları qürurla seyr edirsən.
Atanın sözlərinə qulaq asır və düşünürdüm: bu ata özü də bir şəhiddir. Oğlunu Vətənə qurban verib və belə dik, vüqarla ayaqda qalıb. Böyük türk şairi Midhət Camal Kuntayın sözləri yadıma düşdü. O yazırdı: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” Mən isə bu gün bu tədbirdə çıxış edən ataya baxır və düşünürdüm:”Torpaq- həm də şəhid ataları “Vətən sağ olsun!” deyə bilirsə, Vətəndir!”
İnsan üçün torpaq müqəddəsdir, ana beşiyidir, onun olum və ölüm yeridir. Yer üzündə əldə etdiklərimizin, firavan həyat keçirməyimizin mənbəyi də odur. Onun misilsiz gözəlliklərini qorumaq, nemətlərinə şükür etmək hər birimiz üçün müqəddəs borcdur. Əsrlərdən bəri hər bir xalqın torpağı onun keçmişini, bu gününü və gələcəyini şərtləndirən məbədgahdır. Bu məbədgahı qoruyanlar mərd oğullardır. Ona göz dikənin gözünü tökən, ömürlərindən Vətənə pay verənlər şəhidlərdir.
Yan tərəfdə oturan şəhidin anası indi bir qədər təskinləşmiş, göz yaşlarını silmişdi. Aparıcı sözü ona verdi. O da təmkinlə Vüqar haqqında, onun körpəliyi, yeniyetməliyi haqqında danışdı. Amma son fikirləri daha təsirli idi.
–Birini itirmişəm, minini qazanmışam. Siz, sizin müəllimlər, valideynlər, gələcək nəsillər Vüqarımı yaşadacaqsınız. Vüqar ölmədi, əksinə, əbədi yaşam qazandı.
Zalda gurultulu alqışlar qopdu. Bu sözlər səslənən fikirlərə şəhid anasının vurduğu möhür idi, qoyduğu nida işarəsi idi. Həyatda hər zaman bu qədər qürurverici məqamlar olmur.
Vüqarın atası və anası özlərini tox tutmuşdular, daha ağlamırdılar. Lakin zal ağlayırdı. Uşaqlardan biri “Şəhid anası” adlı özünün yazdığı şeiri söylədi.
Gurultulu alqışlar altında irəli yeriyib Vüqarın anasının əlindən tutdu, öpdü və:
–Bizi özünüzə oğulluğa qəbul edin, ey böyük ürəkli ana! – dedi.
Şəhid anası onun alnından öpdü, gülümsündü:
–Vüqar deyən, şəhid deyən bütün balalar mənim oğlumdur. Mənim oğlum Vətənin bütövlüyü uğrunda canından keçən minlərlə şəhidlərdən biridir,
Azərbaycanın oğludur. Əsl igid lazım gələndə Vətəni uğrunda ölər, ölməyi, həm də öldürməyi bacarar. Vüqar da əsl igiddir! O əsl igid kimi də Vətən uğrunda ölməyi bacardı.
Tədbirdən sonra yol boyu yalnız bunu düşünürdüm: “Azərbaycan bir də düşmənə fürsət verməyəcək və heç vaxt məğlub olmayacaqdır. Bu mümkünsüzdür. Belə atalar, belə analar və bu anaların dünyaya gətirdiyi Vüqarlar nə qədər ki var, Azərbaycan da yaşayacaq, dimdik ayaqda duracaq, yarımçıq qalan arzular çin olacaqdır!”