Polis şöbəsində kollektiv şəkil çəkdirənlər

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

3 fevral 2022
# 09:00

Kulis.az Zamin Hacının “Gənclər üçün miyoldamaq dərsləri” adlı yazısını təqdim edir.

Yapon xalqı pişikləri çox sevir. Böyük usta Hayao Miyazakinin cizgi filmlərini izləyənlər buna şahid olarlar. Mən hər dəfə Biləcəridən “Gənclik” tərəfə getmək üçün 67 saylı avtobusa minəndə ürəyimdən arzu keçir: “Kaş bu avtobus pişiyə çevriləydi”. Şübhəsiz, burada hikmət vardır və Miyazaki aşiqləri məni anlamışdır.

Bir dəfə yutubda qarşıma bir yaponun səhifəsi çıxmışdı, adam küçə pişiklərini yemləyir, bunu videoya çəkib ora qoyur. Hər gün. Səhifədə, bəlkə, minlərlə video vardı, hərəsinin də izləmə sayı uzağı 1-2. Di gəl adam usanırdımı? Yox. Qəribə xalqdır axı. Yaponiyada, üstəlik, “Pişiklər günü” deyə milli bayram qeyd olunur. Hər il, təntənəli şəkildə Tokioda və başqa yapon yurdlarında pişiklərin şərəfinə törənlər düzənlənir, xalq miyoldaşır və sairə. Pişiklər gününü yaponlar fevralın 22-də qeyd edir. Nəyə görə? Yaxın oturun, görün necə orijinaldırlar: sən demə yaponlar pişik səsini “ni, nyan” kimi eşidirlər, bizim “miyo” eşitdiyimiz kimi. “Ni” – yaponca həmçinin “iki” rəqəmini bildirir. Fevral ilin ikinci ayıdır, onun 22-si də avtomatik “ni-ni-ni” alınır.

İndi keçək mövzumuza. Mən bu yazını 2 fevral milli gənclər günümüzə aid yazmaq istəyirdim, yapon pişikləri hardan ağlıma gəldi, heç başa düşmürəm. Yəqin 2 fevral, 22 fevral tarixləri assosiativ olaraq bu düşüncəyə gətirdi. Yoxsa, Allah eləməsin, mən heç iddia etmirəm ki, bizdə gənclərə qoyulan hörmət Yaponiyada pişiklərə qoyulan hörmətdən azdır.

Elə ilk növbədə baxaq görək bu niyə məhz 2 fevrala düşür. Gənclik yaz enerjisi, yay istiliyi, ümid, işıq və sairə inflyasiyaya uğramış şeyləri ifadə etdiyi üçün, bəlkə, biz gənclərə aid bayramı yaza-yaya, uzağı payızın alma-armudlu vaxtına salmalıydıq. Ki, gənclər yeyib-içib, əylənib həyatdan zövq alsınlar. Yoxsa 2 fevral... Soyuqdan büzüşmüş, asqırıb-fısqıran durumda gənclər nə bayram edəcəkdir? Hərçənd, hökumətimiz, bəlkə, düşünübdür ki, gəncdirsə, hər şəraitdə bayram qutlamaq borcudur. Əhməd Qayanın bir mahnısında deyilən kimi:

“Şəhərlərə bombalar yağardı hər gecə,
Biz durmadan sevişirdik”.

Bomba demişkən, bizdə gəncliyin əylənmək, başını qatmaq üzrə sektorları inkişaf etməsə də, vətəni qorumaq işində onların rolu əvəzsizdir. Göndəririk, lazım gələndə, gedib uğrumuzda canlarını verirlər. Halal olsun, ancaq bu, gənclərin oğlan qisminə aiddir. O biri cinsdən olanlar üçün yeganə perspektiv bombalardan sağ qalan gəncləri tapıb ərə getməkdir. Lakin yenə də hər iki tərəf atəşə məruz qalır. Ərə gedənləri ərləri, evlənənləri də Tolik kimiləri vurur – “kəbinli filankəslər” deyərək.

Bu yaxında mən bir gəncin manifestinə qulaq asdım. İnternetdə videosu vardı. Qarabağ döyüşlərində minaya düşüb, ağır yaralanıb. Üzünə dəri köçürüblər. Bədəninin 45 faizi yanıbmış. Qolu sınıb, çoxlu qəlpələr, qan itirmə və sairə və ilaxır – təfərrüatlar guya çox lazımdır bizə? İnanmırsınızsa, ardını oxuyun: bu gənc insan Azərbaycan Tibb Universitetini bitirib, hərbi həkimdir, deyir davadan sonra fikirləşirdim yəqin hara getsəm məni göz üstündə qarşılayacaqlar, asan iş tapacağam. Lakin üz tutduğu yerlərdən birində ona hansı işi təklif ediblər, bilirsinizmi? Abşeron rayon Mərkəzi Xəstəxanasında qarovulçu. Ali təhsilli həkim qarovulçu işləməliydi. Yenə sağ olsun hansısa deputat, gəncin həkim işinə düzəlməyinə yardım edib.

Əlbəttə, vətəni qoruyarkən əlil, qazi olmusansa, niyə onun xəstəxanasını da qorumayasan? Bu nə məsuliyyətsiz davranışdır? 1990-larda Əli Nağıyev sosial-təminatın müdiri işləyəndə müharibə əlillərimizə metro keçidlərində ayaqqabı silmək işi təklif olunmuşdu. Rəsmi, möhürlü-ştamplı əmrlə. İndi qarovulçu işləmək hələ ondan yaxşıdır.

Ümumiyyətlə, atalarımız demişdir ki, miyoldamayana süd yoxdur. Yapon pişikləri də şirin olmasalar, heç bayramları olmazdı. O baxımdan, həm də bu baxımdan, gənclərimizi təbrik edirəm. Arzu edirəm onlar bölgələrdəki “Gənclər evi”ndə vaxtlı-vaxtında domino, nərd kurslarına yazılsınlar. Patı dartanlara, polis şöbələrində kollektiv vinetka çəkdirən tay-tuşlarına və “Sonanın uşaqlarına” qoşulmasınlar.

Yazını da Mirmehdi Seyidzadənin naməlum şeiri ilə bitirirəm, arzu edirəm bizim dostumuz Mirmehdi Ağaoğlu da öz yaradıcılığında gənclərin problemlərinə lazımi diqqət ayırsın:

“Pişik ala boyundur,
İşi tamam oyundur.
Əlin asta basandır,
Bucaqları pusandır.
Əl-üzünü yuyandır,
Səs-səmiri duyandır”.



# 3018 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #