4 noyabr məşhur alman bəstəkar Feliks Mendelsson Bartoldinin anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Yakob Lüdviq Feliks Mendelsson Bartoldi 3 fevral 1809-cu ildə Almaniyanın Hamburq şəhərində dünyaya gəlib.
O, alman romantizm üslubunda əsərlər yaradan klassik musiqi bəstəkarıdır. Bartoldi Baxın musiqisini yenidən canlandıran şəxs kimi tanınır.
Tarixdəki ən istedadlı bəstəkarlardan biri sayılan Mendelsson tez-tez "XIX əsrin Motsartı" kimi qiymətləndirilir.
O, ilk piano dərslərini anasından və bacısı Fannidən alıb.
Berlinə köçdükdən sonra Lüdviq Bergerlə pianino, Karl Zelterlə isə musiqi nəzəriyyəsi və kompozisiya üzrə çalışıb.
Atası uşaqlarını məktəbə göndərməyib, onlara evdə öz yaratdığı sistemlə təhsil verib və xüsusi müəllimlər tutub. Buna görə də, Feliks sakit, utancaq və qapalı bir insan kimi böyüyüb.
Bu vaxt o, bacısı Fanni ilə birlikdə Motsart və Baxın əsərlərini öyrənmək üçün Parisə səyahət edib. Bu bəstəkarların, xüsusilə də, Baxın yaradıcılığından ilhamlanaraq öz musiqilərini bəstələyib.
1820-ci ildə ilk əsərini bəstələyən Feliks 12 yaşında olanda müəllimi Karl Zelter onu alman şairi Höte ilə tanış olmaq üçün onun evinə aparıb. Feliks 72 yaşlı şairin evində iki həftə qalıb.
Orada Karl Mariya fon Ueberlə tanış olub və ona piano dördlüyünü ifa edib. Feliksin istedadından çox təsirlənən Höte ona vida hədiyyəsi olaraq həmin anda yazdığı bir şeiri bağışlayıb.
Feliks hələ 13 yaşında ikən "Do minor" simfoniyasını bəstələyib.
17 yaşına çatanda artıq “möcüzə uşaq” kimi tanınıb və onun “Bir yay gecəsi yuxusu” (Op. 21) uvertürası səsləndirilib.
Bu əsər klassik musiqinin romantik dövrünün ən gözəl nümunələrindən biri sayılır. Həmin əsərin orkestr üçün yazılmış "Do major" hissəsi isə sonralar məşhur “Toy marşı” kimi tanınıb.
1826–1829-cu illər arasında ailəsinin istəyi ilə Berlin Universitetində təhsil alan Mendelsson daha sonra peşə kimi musiqini seçməyə qərar verib.
Universitet illərində o, təkcə bəstəkar kimi deyil, həm də yaxşı bilyard və şahmat oyunçusu, eyni zamanda bacarıqlı rəqqas və mahir jokey kimi tanınıb, sevilib.
Mendelsson 20 yaşına çatanda unudulmuş bəstəkar Baxın əsərlərini öyrənməyə yönəlib.
O, hələ 13 yaşında olarkən doğum günü hədiyyəsi kimi İohann Sebastian Baxın “Matta Passion” əsərinin notlarını istəyib və bu əsər üzərində işləməyə başlayıb. Bu maraq sonradan onu “Baxı yenidən həyata qaytaran şəxs” kimi tanıdacaq yola çıxarıb.
Müəllimi Zelterin etirazlarına baxmayaraq bu istiqamətdə çalışmaqda davam edib. Berlində Baxın əsərlərini ifa etdiyi uğurlu konsertlərdən sonra atasının dəstəyi ilə Avropa musiqisini yaxından tanımaq üçün üçillik Avropa səfərinə çıxıb.
Müəlliminin ölümündən sonra Zelterin boş qalan yerinə keçmək istəsə də, Berlin Musiqi Akademiyasının idarə heyəti buna icazə verməyib. Səbəb olaraq da onun öz dini etiqadı - musəvi olması olub.
1847-ci ildə bacısı Fanninin ölüm xəbərini alan Mendelsson yaşamaq həvəsini itirib. O, bu dövrdə "6-cı yaylı alətlər dördlüyü"nü və Fanni üçün “Rekviyem" əsərini bəstələyib.
Elə həmin il beyin sarsıntısı keçirərək qismən iflic olub və 1847-ci il noyabrın 4-də vəfat edib.
Mendelsson bacısı Fanninin yanında dəfn edilib.