"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?
25 noyabr 2025
# 14:07

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bir dəstə adam mahnı müsabiqəsində erməni müğənniyə maksimum xal verən, daha sonra onu təbrik eləmək üçün qucaqlayan Samirə Əfəndinin üstünə düşüb. Haqqında ağıza alınmayacaq, təhqiramiz ifadələr işlədirlər.

Akif Nağının Samirə Əfəndi haqqında dediyi “fikirlər” isə adamın tüklərini biz-biz edir. Həm müğənnini təhqir edir, həm də insanların həssas damarına basıb onları bu “linç kampaniyasına” səsləyir.

Gəlin, hər şeyi öz adıyla çağıraq: təhqir birmənalı tərbiyəsizlikdir. Bunun tərbiyəsizlik olduğunu qəbul edəndən sonra yazımıza davam edə bilərik.

Həmişə hansısa hərəkəti, sözü tam dərindən, yerli-yataqlı başa düşmək istəyəndə əvvəl o addımı atan, o sözü deyənin məqsədini anlamaq istəyirəm. İstək, məqsəd aydın olanda, hərəkət və söz öz yerinə oturur.

Vəziyyəti qiymətləndirmək üçün mənzərəni bütöv görmək lazımdır.

Samirə Əfəndini təhqir edənlərin məqsədini düşünürəm...

Bu adamlar nə istəyirlər?

Bu adamlar sülh istəmirlər?

Yenidən müharibənin olmasını istəyirlər?

Demək, biz təzədən müharibəyə başlamalı, erməni xalqını yer üzündən silməli, Ermənistanı tamamilə işğal etməliyik? Doğrudanmı, bu insanlar əbədi düşmən arzusundadırlar? Bu torpağın üstündə müharibəsiz yaşamaq haqqımız yoxdurmu?

Demək, onlar şəhid xəbəri ilə od düşən evlərin ağrısını hiss etmirlər, əgər bu insanlar şəhid xəbəri ilə od düşən evlərin, atasız uşaqların, ərsiz qadınların, analar-ataların, ağrısını hiss etsəydilər, sülhün vacibliyini, Azərbaycanın otuz ildir apardığı savaşın sülh üçün olduğunu anlayardılar. Biz sülh üçün savaşırdıq, indi bunu qazanmışıq.

Sülh belə olur. Və bununla razılaşmaq lazımdır.

İllərdir çiynimizdə tısbağa çanağı kimi yük olan düşməndən, nəhayət, xilas olduq, qalib gəldik, yeni yola qədəm qoyduq. Sülhü də qalib gələn tərəf arzulamalı və gətirməlidir.

Müharibə dövrünü xatırlayın. Döyüşən hər əsgərin gözündə bu problemi öz övladlarına miras qoymamaq məqsədi vardı. Onlar buna öz qanları bahasına nail oldular. Qarabağ problemini gələcək nəsillərə ötürmədilər.

İndi bir dəstə əlimizdən tutub bizi təzədən keçmişə qaytarmaq istəyir. “Yenə düşmən, yenə savaş, yenə ölüm-itim...”. Onlar təzədən bu yükü çiynimizə qoymaq arzusundadırlar.

Bəs biz nə istəyirik?

Ötüb keçən otuz il Azərbaycan xalqı üçün ağır və şərəfli bir yol idi. Təzədən dövlət qurduq, ordu yaratdıq, müharibə apardıq, o müharibədə qələbə qazandıq, indi isə sülhü gətirmək istəyirik və bunu yalnız Azərbaycan höküməti yox, həm də Azərbaycan xalqı istəyir.

Bir-birinə güllə atan adamların indi bir-birini qucaqlamasından gözəl nə ola bilər?

Dövr dəyişib. Ancaq Akif Nağının başçılıq elədiyi bu dəstənin adamları bunu qəbul etmək istəmirlər. Onlara elə gəlir hələ də hava limanında erməni şilləməlidirlər.

Burda çox açıq bir maraq da var. Azərbaycanda köhnə nəsil siyasətçi, jurnalist, ictimai xadimlərin əksəriyyəti məhz Qarabağ məsələnin üstündən meydanda var olublar. Məsələ uğurla yekunlaşıb, bu adamların danışmağa, yazmağa, var olmağa, tənqid etməyə, qışqırmağa mövzuları qalmayıb. Qələbə ilə birlikdə onlar da bitiblər.

Bəli, yeni dövr gəlir. Ancaq bu o demək deyil ki, keçmişi unudacağıq. Zəfərin beşinci ilinə həsr olunan parad bu yaxınlarda baş tutdu, Azərbaycan xalqı öz qələbəsinin keşiyindədir. Ona görə ki, bu qələbəni özümüz qazanmışıq, onu bizə heç kim verməyib.

Yüz il əvvəl yunanlara qarşı Qurtuluş savaşını verən, onları dənizə tökən türklər hər il bu qələbəni təntənə ilə qeyd edirlər, ancaq bununla belə siravi yunan və türk arasında ədavət yoxdur, onların bir-birini qucaqlaması heç kimi qıcıqlandırmır. İndi siravi bir erməni ilə sıravi azərbaycanlı da belə olmalıdır. Belə olmasını biz istəməliyik. Ona görə istəməliyik ki, başqa variantımız yoxdur.

Ermənilər bizim qonşumuzdur. Bizi dərin qonşuluq ənənələri birləşdirir. Onlar yox imiş kimi davrana bilmərik. Yeganə doğru addım xalqların bir-birinə inteqrasiyası, illərdir davam edən düşmən münasibətin yavaş-yavaş aradan qalxmasıdır.

Bu münasibət hər iki xalq üçün çox vacibdir. Keçmişi unutmaq olmaz, ancaq irəli baxmaq lazımdır.

Sülh istəyiriksə, sülh müqaviləsi istəyiriksə, birinci növbədə cəmiyyət buna hazır olmalıdır. Cəmiyyət sülhü qəbul etməlidir. Erməninin Bakıya, azərbaycanlının İrəvana getməsi təəəccüb doğurmamalıdır. Bunlar həll olunmasa, sülh müqaviləsi yalnız rəsmi bir akt olacaq. Sülh cəmiyyətdən başlayır, dövlətlər isə bunu rəsmiləşdirir.

Sülhün vacibliyi haqqında danışdığım üçün utanıram. Bu qədər sadə bir məsələni başa düşmək çətin olmamalıdır.

# 1824 dəfə oxunub

Oxşar xəbərlər

Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

Diktaturaya boyun əyməyən yazıçı - Ona niyə toxuna bilmədilər?

15:30 26 may 2026
"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

15:00 26 may 2026
Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər