"Pul kisəsi" ilə evləndi, Servanteslə rəqabət apardı... - XVI əsrin ən eşqbaz şairi

"Pul kisəsi" ilə evləndi,  Servanteslə rəqabət apardı... -  XVI əsrin ən eşqbaz şairi
25 noyabr 2025
# 14:00

25 noyabr tanınmış ispan şair və dramaturq Lope de Veqanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Lope de Veqa İspaniyanın şeir və dramaturgiya sahəsində ən önəmli simalarından biridir. Onun yaradıcılığı İspaniyanın “Qızıl dövrü”nə - ispan intibah ədəbiyyatına aid edilir.

Yazıçının təxminən 3000 sonet, 5 novella, 9 epopeya, şeirlər və yüzlərlə komediya yazdığı təxmin edilir.

O, dövrün digər böyük ispan yazıçısı Migel de Servanteslə rəqabət aparıb, Fransisko de Kevedo ilə dostluq edib və XVI əsrin ən eşqbaz şairi kimi tanınıb.

Lope de Veqa 25 noyabr 1562-ci ildə Feliks de Veqa Karpio və Fransiska Fernandes Flores ailəsində doğulub. Atası zərgər idi, anası haqqında isə dəqiq məlumatlar qalmayıb.

Atası 1561-ci ildə Madriddə köçüb. Ola bilsin, səbəb kral II Filipin sarayının Madriddə yerləşməsi və məhsullarına müştəri tapmaq imkanının daha asan olması idi.

Ancaq dramaturq yazırdı ki, atası ürəyinin çağırışı ilə köçmüşdü.

O, beş yaşında oxumağa başlayıb və həm ispan, həm də latınca öyrənib. Hətta 12 yaşında ilk pyesini yazıb. Bu barədə onun dostu və biqrafı Peres de Montalban kitabında yazıb, lakin Lope də Veqa bunu bir qədər şişirdilmiş hesab edirdi.

Gənc yaşlarında o, musiqiçi və şair Vinsent Espinelin məktəbində təhsil alıb, daha sonra İezuitlər kollecində oxuyub. 1577-1581-ci illərdə Alcala-de-Enares Universitetində təhsilini davam etdirib.

Burada o, həm riyaziyyat, həm də astrologiya öyrənib, humanitar elmlər üzrə isə Xuan de Kordova tərəfindən təhsil alıb.

Lope de Veqanı yalnız yaradıcılığı deyil, həm də eşq macəraları ilə tanıyırdılar. O, bir neçə dəfə evlənib, çoxlu pərəstişkarları və romantik əlaqələri olub.

Dostlarına yazdığı məktublarda sevgililərindən açıq danışır, pyeslərində isə şəxsi duyğuları və eşq ehtiraslarını tez-tez əks etdirirdi.

Onun həyatından ilhamlanaraq 2010-cu ildə “Lope de Veqa: Boşboğaz və cazibədar” adlı film çəkilib.

İlk həyat yoldaşı Mariya de Araqon idi, lakin qızları Manuela beş yaşına çatmamış vəfat edib. Sonrakı sevgi macəraları isə onun yaradıcılığına da təsir göstərib.

1588-ci ildə o, öz sevgilisi İzabella de Alderete-i-Urbin ilə evlənib. Lakin bu evlilik də faciəsiz keçməyib: 1594-cü ildə İzabella doğum zamanı vəfat edib.

1598-ci ildə şair yenidən evlənib. Bu dəfə onun seçdiyi qadın Xuanа de Quardо olub, o, kral sarayına ət tədarük edən varlı bir qəssabın qızı idi.

Dostları zarafatla deyirdilər ki, o, “bir pul kisəsi ilə evlənib”. Lоpe de Veqa isə gülərək aktrisaların ardınca düşürdü. Onlardan biri, Mikaela de Luhan, onunla uzunmüddətli münasibət qurdu və bu qadın ondan beş uşaq dünyaya gətirib.

1610-cu ilə qədər Lope de Veqanın diqqəti və maliyyəsi həm arvadına, həm də sevgilisinə paylanmışdı; daha sonra Mikaela ilə münasibətləri soyudu və onun sonrakı taleyi barədə heç nə məlum deyil.

Problemlərdən qaçmaq üçün Lope de Veqa orduya yazılıb və “Məğlubedilməz armada” ilə döyüşlərdə iştirak edib. Bu təcrübə onun əsərlərində tez-tez öz əksini tapır - pyeslərdə dəniz döyüşləri, qəhrəmanlıq və macəralar mövzusu işlənirdi.

Onun həyatında sürgün də olub — iki il Kastiliya krallığından kənarda qalıb. Sonradan isə Toledoya köçərək müxtəlif markiz və hersoqlara xidmət edib.

Lope de Veqanı böyük yazıçı edən ən önəmli xüsusiyyətlərdən biri dramaturgiya sahəsindəki yenilikləridir. O, pyeslər üçün üç aktlı strukturu formalaşdırıb:

Birinci akt — süjetin başlanğıcı;

İkinci akt — hadisələrin inkişafı və kulminasiya;

Üçüncü akt — nəticə və həll.

O, həmçinin teatr dilində inqilabi addım atıb, klassik ədəbiyyata tam bağlı qalmayıb, gündəlik danışıq dilindən istifadə edib.

Lope de Veqa ispan dramaturgiyasını dəyişib, klassisizmin sərt qaydalarından uzaqlaşıb. Lope de Vega hesab edirdi ki, teatr canlı olmalı, real həyatı əks etdirməli və yalnız təhsilli elitaya yox, hər kəsə açıq olmalıdır.

Onun pyesləri janr baxımından da zəngindir: qəhrəmanlıq dramları, qadın mövzusunda komediyalar, dini və mifoloji pyeslər, həmçinin dram və komediyanın qarışığı olan əsərlər.

Əsərlərindəki gözlənilməz kulminasiyalar, çoxqatlı obrazlar, janrların qarışdırılması kimi üsullar müasir dramaturqlar və ssenaristlər tərəfindən aktiv şəkildə istifadə olunur.

Ən məşhur əsərləri arasında “Kölgə ilə it”, "Valensiyalı dul qadın" kimi pyeslər xüsusi yer tutur. Bu əsərlər “pelerin və qılınc” janrı altında təqdim olunur, intriqa və məhəbbət üçbucağı süjetin əsasını təşkil edir.

Böyük populyarlığına baxmayaraq, Lope de Veqa kilsə senzurasından yan keçə bilmirdi. Bəzi əsərləri cəsarətli mövzuları və romantik səhnələri səbəbindən tənqid olunurdu.

Lakin yazıçı bacarıqla hərəkət edir və çox vaxt öz mətnini olduğu kimi qoruyub saxlayırdı.

Həyatının son illərində ruhaniliyi seçməsi də Lope de Veqanın qadınlara olan sevgisindən qurtulmasına kömək etmədi.

Onun son sevgilisi Marta de Nevares idi. Güman edilir ki, o, 13 yaşında imiş. Lope de Veqa ona şeirlər yazır, həmçinin həyat haqqında düşüncələrini bölüşürdü.

1627-ci ildə Lope de Veqa Malta Ordeninə üzv olub. Yazıçı 27 avqust 1635-ci ildə skarlatina xəstəliyindən vəfat edib.

Madrid sakinləri onun üçün geniş xalq yas mərasimi təşkil edib, şeirlər oxuyub və ədəbi xidmətlərini vurğulayıb.

Lope de Veqa yalnız sonetləri ilə deyil, dram əsərləri ilə əsl böyük yazıçı kimi tanınıb. O, kütləni öyrətməkdən çox, əyləndirməyə və heyrətə gətirməyə çalışırdı.

Lope de Veqa ispan ədəbiyyatının unudulmaz simalarındandır.

Onun əsərləri həm zəngin süjet xətti, həm də janr və dil baxımından innovativ yanaşması ilə diqqət çəkir.

Eyni zamanda, onun həyat hekayəsi — eşq macəraları, sürgünləri və şəxsi dramları ilə zəngindir və əsərlərindəki mövzulara birbaşa təsir edib.

# 109 dəfə oxunub

Oxşar xəbərlər

Oğlu olmadığına görə boşanan Cek London  - O,  niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

Oğlu olmadığına görə boşanan Cek London - O, niyə "naməlum valideynin uşağı” hesab olunurdu?

14:40 22 noyabr 2025
"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

"Qırmızı imperiya"nın sirli cazibəsi - Andre Jidin SSRİ təəssüratları

12:00 22 noyabr 2025
"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

17:30 21 noyabr 2025
"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

"Pollok texnikası" - Dahiyanə üslub, yoxsa sadə uşaq oyunu?

16:00 21 noyabr 2025
Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

13:30 21 noyabr 2025
Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər