Ana niyə 3 günlük körpəsini dənizə ataraq öldürüb?

Ana niyə 3 günlük körpəsini dənizə ataraq öldürüb?
25 noyabr 2025
# 12:55

25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günüdür.

Kulis.az bu münasibətlə Günel Novruzun yeni yazısını təqdim edir.

Xəzər rayonunda Pərvanə Eyvazova adlı qadın 3 günlük oğlunu Türkan qəsəbəsində dənizə ataraq öldürüb. Hadisə haqqında hələ ki, ortada ətraflı heç nə yoxdur. Ona görə də kimisə qınamaq, "nə olursa, olsun"la başlayan cümlələr qurmaq istəmirəm. Çünki hamının eyni psixologiyada, iradədə olmadığını bilirəm.

Zorakılıq insanın ruhunu və mənəviyyatını zədələyir. Hal və hərəkətlərini dəyişdirir.

Bu xəbər hər zaman oxuyub üstündən keçdiyimiz xəbərlərdən olmamalıdır. Bu, bir sıqnaldır. Ki, zorakılıq təkcə qışqırıqla, səs-küylə və ya fiziki güclə olmur.

Bəzən zorakılıq səssiz olur, görünməz olur, normallaşır və illərlə insanın həyatına hopur.

Bilmirəm, bəlkə də, Pərvanə yalnız körpəsi ilə tək qalmayıb, o, həm də cəmiyyətin, ailənin, “belə olmalıdır” prinsiplərinin və sosial gözləntilərin yaratdığı görünməz təzyiqin içində boğulub. Biz isə bu təzyiqin nəticələrini bəzən yalnız faciə şəklində görürük.

Bu hadisə xəbər olmaqla qalmır, o, hər gün susduğumuz, dözdüyümüz və normal hesab etdiyimiz psixoloji zorakılığın canlı nümunəsidir. Və artıq susmaq mümkün deyil. Cəmiyyət olaraq dəyişmək istəyiriksə, görünməz zorakılığı görməli, adını qoymalı və onun qarşısında dayanmalıyıq..

Cəmiyyətdə zorakılığı hələ də yalnız qara xəbərlərdə, kriminal videolarda, ailəiçi davalarda axtarırıq. Sanki zorakılıq yalnız hansısa evdə, hansısa naməlum küçədə baş verir və fiziki gücdən ibarətdir. Halbuki, davranışlarımız, zarafatlarımız, münasibətlərimiz, hətta məişətimiz görünməyən, amma hər gün yaşadığımız bir zorakılıqla idarə olunur. Biz bunu hiss etmirik, çünki elə ilk gündən bunun içində böyüyürük. Gözümüz açılan kimi “belə olmalıdır” deyə öyrədilir və izah edilmədən qəbul edirik.

Ən dərin zorakılıq səslə müşayiət olunmur. Heç kim qışqırmır, heç kim vurub-yıxmır, amma hamı əzilir. Məsələn, “uşaq tərbiyəsi” adlandırılan şeyin böyük hissəsi açıq psixoloji təzyiqdir. Uşağa “Sus, böyüklər danışır” demək, onun fikrini heçə saymaq, “Sən özün nə bilirsən?” və ya “Mən deyirəmsə, belə olmalıdır” kimi cümlələrlə böyütmək görünməyən zorakılığın təməl daşlarıdır. Beləcə, insan böyüyür və anlayır ki, hara getsə, kiminlə danışsa, hansı qərarı versə, mütləq kimsə tapılacaq və ona nə etməli olduğunu diktə edəcək. Biz öz həyatımızın müəllifi deyil, başqalarının yazdığı ssenarinin icraçısına çevrilirik.

Ailə içindəki səssiz zorakılıq isə ən ağrılı tərəfdir. Xaricdə heç bir iz qoymayan, amma illərlə sağalmayan yaralar. Küsüb danışmamaq, qəfildən münasibəti soyutmaq, kəskin zarafatlarla alçaltmaq, kimisə daim günahkar hiss etdirmək, bunlar bizə “xasiyyət” kimi təqdim olunur. Qadınlara “dözmək”, “səbir etmək” öyrədilir, kişilərə isə “evdə sözünü keçirmək”, “sözünü yerə salmamaq” “təlim”i verilir. Ailə institutunun içində elə bir sakit zorakılıq qanunu var ki, heç kəs onu açıq ifadə etmir, amma hamı əməl edir. Bu səbəbdən də nəsillər boyu ötürülən psixoloji gərginlik cəmiyyətin “damar”larına hopur.

İş yerləri isə bu zorakılığın rəsmi versiyasıdır. Rəhbərlərin “Axşam da qalarsan”, “Bu sənlikdir”, “Bir az gözlə”, “Təklif açıqdır, özün bilirsən” kimi cümlələrini biz artıq normallaşdırmışıq. Kiminsə fikrini deməsi risk sayılır, səhv etmək utanc hesab olunur, şəffaflıq yoxdur, qorxu var. Biz iş yerində hörməti yox, itaəti mükafatlandırırıq. Rahat mühit yoxdur, gərginlik yaradılır. Heç bir mexanizm də işçini qorumaq üçün mövcud deyil. Beləcə, iş mühiti kollektiv şəkildə psixoloji təzyiq mexanizminə çevrilir.

Bütün bunların fonunda bir də “Camaat nə deyər” adlı görünməz tribunal var. Bu tribunal valideynlərimiz, qohumlarımız, qonşularımız və internetdəki təsadüfi profillərdir. İnsan öz həyatında ən adi seçimi belə bu tribunalın icazəsi ilə edir. Kimsə boşanmaq istəsə, “Camaat nələr danışar?”. Kimsə fərqli geyinsə, “El-aləm nə deyər?”…

Cəmiyyət fərdi azadlıq yox, kollektiv itaət tələb edir. Bu da sosial zorakılığın ən dərin formasıdır.

Amma ən amansız zorakılıq sosial şəbəkələrdə baş verir. Burada insanlar öz aqressiyalarını cəzasız, üzsüz və məsuliyyətsiz şəkildə boşaldırlar. Ən adi səhv belə linçlə nəticələnir. Heç kim heç kimi tanımır, amma hamı hamını vurur. Bu zorakılığın izi görünmür, amma insanı daxildən çökdürür. Şəxsi sərhədlər pozulur, etibar itir, özünə hörmət azalır.

Bütün bunların kökündə bir həqiqət dayanır: biz zorakılığı yalnız fiziki güc olanda problem sayırıq. Əslində isə ən dağıdıcı zorakılıq sakit, görünməyən, normallaşmış zorakılıqdır. Biz zorakılığı yaşaya-yaşaya onun adını unutmuşuq. Halbuki, cəmiyyət dəyişmək istəyirsə, əvvəlcə bu görünməyən qatları görməlidir. Zorakılıq təkcə öldürmür, insanı gündəlik, yavaş-yavaş, hiss etdirmədən dəyişdirir, kiçildir, sındırır.

Bəlkə də, artıq susub dözməyin vaxtı deyil.

# 218 dəfə oxunub

Oxşar xəbərlər

"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

"Qələbə ilə birlikdə onlar da..." - Samirə Əfəndini təhqir edənlər nə istəyir?

14:07 25 noyabr 2025
Tanınmış yazıçının növbəti məhkəmə iclası keçiriləcək

Tanınmış yazıçının növbəti məhkəmə iclası keçiriləcək

13:48 25 noyabr 2025
Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

Ana dilini qorumaq üçün nə edirik? - ARAŞDIRMA

12:53 25 noyabr 2025
Hitlerə etiraz edən yazıçı - Nobel Komitəsi onunla bağlı hansı faktoru vurğulamışdı?

Hitlerə etiraz edən yazıçı - Nobel Komitəsi onunla bağlı hansı faktoru vurğulamışdı?

12:30 25 noyabr 2025
"Spotify"da yeni funksiya

"Spotify"da yeni funksiya

11:30 25 noyabr 2025
Uğrunda dua etdiyim göy qurşağı buradadır... - Günün mahnısı

Uğrunda dua etdiyim göy qurşağı buradadır... - Günün mahnısı

11:20 25 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər