Kulis.az Xalq yazıçısı Kamal Abdullanın yeni yazısını təqdim edir.
Oxucu kimdir?
Biz tez-tez "tənqidçi kimdir?" sualına cavab verməyə çalışırıq. Amma "oxucu kimdir?" sualını vermək və bunu təhlil etməyi unuduruq. Oxucu ilə bağlı Umberto Ekonun son dərəcə maraqlı mülahizələri var. Bu fikirlər onun "Ədəbiyyat haqqında" adlı kitabında toplanmışdır. Oxucu yanaşmasına, oxucu zövqünə, oxucu intellektinə xüsusi qiymət verən U.Eko qeyd edir ki, sadədil oxucu ilə kompetentli oxucunu bir-birindən fərqləndirmək lazımdır. Hər bir əsərdə ikili kodlaşma nəzərdə tutulur. Birinci halda oxucu əsərin üslubuna, daha doğrusu, üslub qatmaqarışıqlığına, müəllifin ona ötürdüyü mətndənkənar bədii informasiyaya fikir vermədən, yalnız əsərin üst süjet qatı ilə maraqlanır. İkinci halda isə oxucu müəlliflə sanki həmfikir olur, onun mətndəki ən incə "əməllərinə" diqqət yetirir, onlardan zövq alır, mətndənkənar müəllif ötürmələri onun üçün sadəcə süjet xəttindən daha maraqlıdır və yaxud onun qədər qiymətlidir. Ekoya görə, əgər Homerin "Odisseya"sını oxuyan sadədil oxucunun, Odisseyin arvadı Penelopanın toyunda olarkən, mətndən aldığı zövq Odisseyin Penelopaya müştəri çıxan gənc zadəganlardan aldığı qisasla ölçülürsə, kompetentli oxucuya bu məqamda qisasla yanaşı, həm də Homerin sənətkarlığı maraqlı olacaq.
Onu da qeyd eləmək lazımdır ki, kompetentli oxucu həm də birinci qatın oxucusudur, amma birinci qatın oxucusu heç zaman kompetentli oxucu qatına çıxa bilmir. Hər bir halda onları bir-birindən fərqləndirmək vacibdir.
Dinləyici və oxucu
Bizim fikrimizcə, ilk öncə onu demək lazımdır ki, hər bir oxucunun keçmişində bir dinləyici yaşayır. Mən dinləyici kimi öz uşaqlığımı eşitdiyim bəzi sözlərin, ifadələrin canlanıb üstümə gələcəyinin qorxusu ilə yaşadım. Bu məni tərbiyə edən Badam nənənin "bunu eləmə!" hədəsinin arxasından dediyi "eləsən, bax, damdabaca gəlib səni aparar" sözlərinin içindən canlanıb gələn bədheybət məxluqun - damdabacanın qorxusu idi. Bu, küçəyə çıxan balkonumuzda mən atdanıb-düşən zaman anamın dediyi "bəsdi şuluq etdin, bax, balkon indi uçacaq!" sözlərindən sonra balkonumuzun qanad açıb uçmasının və məni də özü ilə haralarasa aparmasının qorxusu idi. Məni sevən bu insanların dedikləri o tək cümlələrin hər biri bir mətn idi. Arxasında bu mətnlərin qəribə informasiyalar var idi. Mən də bu mətnlərin dinləyicisi idim. 5 yaşlı mən birinci səviyyənin dinləyicisi idim. Bu mətnlərin özü ilə gətirdiyi əlavə semantikanı mən anlamırdım. Mən çox sonralar bildim ki, "damdabaca", sadəcə olaraq, damdakı bacadır və bundan başqa heç nə deyil. Və bu sözün qorxulu mistikası mənim bunu bildiyim zaman uçub getdi. Bu, həm də uşaqlığın bitməsi idi. Uşaqlıq mənim üçün belə qurtardı. Və mən yavaş-yavaş dinləyicidən oxucuya çevrildim.
Mətnin oxucusu və müəllifin oxucusu
Beləliklə, biz iki cür oxucunun mövcudluğundan danışa bilərik. Yuxarıda qeyd etdiyimiz kimi, ancaq süjeti izləyən sadədil oxucu ilə müəllif tərəfindən mətndənkənar ötürülən informasiyanı qəbul edə bilən, bundan bəhrələnən kompetentli oxucunu bir-birindən fərqləndirmək lazımdır. Eko belə də edir. Onun fikrincə, oxucunun bu cür ikiləşməsi mətnin coxmənalılığından irəli gəlir. Əlbəttə ki, ağıllı mətn, sadəcə, süjetdən ibarət deyil. Hətta nəfəskəsilmədən oxunan ən "çılğın" detektiv mətndə belə müəllif süjetdənkənar nəsə deməyə çalışır. Ən azından hiss etdirir ki, onun mətni yalnız törədilmiş cinayətin protokolu deyil. J.Simenonun komissar Meqre, Aqata Kristinin Erkül Puaro ilə bağlı mətnlərində müəllifin oxucu ilə ayrıca təmas qurmaq cəhdlərini izləmək mümkündür. Dronqo haqqında mətnlərin müəllifi Ç.Abdullayev də oxucusuna ancaq və ancaq süjet təklif etmir.
Deməli, biz mətnin oxucusu ilə müəllifin oxucusunu bir-birindən fərqləndirməliyik. Bu fərqlənmənin tərəfləri U.Ekonun ayırdığı sadədil və kompetentli oxucu anlayışlarına çox yaxındır. Coysun "Ulis"ində biz Odisseyin izlərini əgər çətinliklə görürüksə, Rolan Bartın "Mifologemlər"ində qədim mifoloji diskursları bundan da ağır çətinliklə görürük. Bartda geniş mifoloji məqamlara çıxış müasir miflərlə məhdudlaşır. Amma bununla bitmir. Bart geniş mifoloji sahə ilə bağlı fikirlərini əsərinin ikinci hissəsində verir. Birinci hissədə isə son dərəcə xəsisliklə oxucunu qədim mifoloji dövrə göndərir. Coysun romanının adı kompetentli oxucuya Ulislə bağlı bəzi ipucular verirsə, Rolan Bartın əsəri qədim mənəvi məkana (antik dövrə) düz yolla aparmağı qarşısına məqsəd qoymur. Kompetentli oxucu üçün qədim dövrlə bu əsəri birləşdirən yeganə ümumi məqam onun ikinci hissəsində irəli sürülən bir deyim olur. Bart əsərinin ikinci hissəsinin əvvəlində yazır ki, "mif bu sözdür". Həqiqətən də, mif özünün bütün tarixdənəvvəlki və tarix dövründəki hər hansı təzahürü ilə bir söz deyilmi?! Burada artıq ikinci qatın oxucusu (kompetentli oxucu) olmaq kimi məsuliyyətli və təhlükəli bir yükün altına giririk. Bu oxucu qədim mifoloji dünya quyusuna (məsələn, plastmass kimi müasir mifoloji ünsürün müxtəlif adlarının qədim yunan çobanlarının adı - Polistren, Fenoplast, Polietilen olması kimi) belə bir deyimdən yapışıb enə bilərmi?!
Füzulinin qəzəllərində ilkin oxunuşda olan gözəl sevgiliyə (real qadına) münasibət daha dərindəki Allaha münasibətdən fərqləndirilməlidir. Buna sufilikdən doğan münasibət deyirlər. Mətnin oxucusu birinci qata girib oradan çıxa bilmir, yaxud çıxmaq istəmir. Gizlinlərin (mübhəmlərin) daha adekvat, kompetentli oxucusu isə müəllifin oxucusu olur və onun misra, beyt arxasında gizlətdiyi sufilik ideyalarından mənəvi ləzzət alır.
Yaxud "Kitabi-dədə Qorqud" dastanında biz yenə də Ekonun dediyi ikili kodlaşmanı görə bilirik. Birinci, üst (aşkar) qatın oxunuşu ilə kifayətlənən oxucu nə üçün məhz Beyrəyin öldürüldüyü ilə maraqlanmır. Nə üçün Dəli Qarcar Dədə Qorquda münasibətini bütün Qalın Oğuzdan fərqli bir səviyyədə qurur - bu hal da mətnin oxucusunun diqqətini çəkmir.
İlkin qatın oxucusu Aruz Qocanı Qalın Oğuza təfriqə salan, İç Oğuz, Dış Oğuz savaşını başladan bir obraz kimi tanıyır. Aruz Qoca isə gizli, müəllifin gizlətdiyi (gizlətmək istədiyi) təsvirdən bir daha boylanır. O, Salur Qazanın səbəbsiz halda demokratik bir prinsipi pozmasına qarşı çıxır. Demokratik prinsiplərin pozulma məqamının qarşısını alır. Salur Qazan evini yağmaladanda səbəbsiz halda İç Oğuz bəyləri ilə bərabər Dış Oğuz bəylərini bu dəfə belə bir demokratik şölənə çağırmır. Dastanda Qazan xanın özünün qoyduğu, bəlkə də törəyə əsaslanan belə bir primitiv də olsa, demokratik qaydanın pozulmasına qarşı çıxan isə Aruz Qoca olur. Deməli, müəllif oxucuya ipucu verir ki, Qazan xanın nifaqa gətirən səbəbsiz hərəkətini görə bilsin və Aruz Qocanın bir obraz kimi müəllif tərəfindən son dərəcə gizli şəkildə bəzədilmiş ştrixlərini anlasın və qəbul etsin. Beləliklə, müəllifin oxucusu boylararası əlaqələrin gizli izinə düşür və burada onu gözləyən izahedici məqamları görüb Dastanı bütöv və sistemli bir mətn kimi daha adekvat qavrayır.
Sovet ideoloji sisteminin məhsulu olan oxucu (ilkin qatın sadədil oxucusu) Cəfər Cabbarlının Hacı Əhmədini "Almaz" pyesinin mətnindən çıxış edərək ziyanverici bir ünsür kimi qiymətləndirir. Müəllifin oxucusu isə bu personajda sovet sisteminin qurbanı olsa da, mübarizəsindən əl çəkməyən bir insan görür. Bu insan "Bəlkə də qaytardılar" qəhrəmanlarının ideologiyasından uzaq biridir. Onun ideolojisi bambaşqadır. O hərəkətdədir. O mübarizə aparır. İlk demokratik prinsiplərin mücahidi Aruz Qocanın mübarizəsi aşkar olsa da, Hacı Əhmədin mübarizəsi gizli qatda baş verir.
İkinci (gizli) qat müəllifin oxucuya ötürmək istədiyi əlavə diskursun qatıdır. İkinci qatın oxucusu müəllifin oxucusu olaraq ədəbiyyatı bir oyun kimi görə bilənlərin məkanında hərlənir.
Ədəbiyyat oyun kimi
Başdan-başa həyatda olan kimi ədəbiyyatda da hər şey oyun üzərində qurulur. Bütövlükdə oyun müəllifin oxucu ilə girmək istədiyi mətndənkənar əlaqə yaratmaq istəyindən doğur. Bütün oyunların mahiyyətində nəyi isə gizlətmək cəhdi durur. Əgər bu belədirsə, mədəniyyətdə oyun konsepsiyasını işləyən Hayzinqa isə deyir ki, bu belədir, o zaman ədəbiyyat bütövlükdə oyun deyilmi?! Metaforalardan tutmuş, bütün digər ədəbi "tapmacalar"a qədər oxucular müəllif tərəfindən gizlədilmiş həqiqəti axtarmaqla məşğuldurlar. Bu axtarışı uğurla başa vuranlar müəllifin oxucuları olur, mətnin oxucuları isə kilidli qapılar önündə qalır və mətnin qavrayışı onlar üçün əlçatmaz olur. Mətndə oyun elementlərinin öyrənilməsi bütövlükdə ədəbiyyatın mətnlə bərabər gətirdiyi gizlinləri aşkarlamaq funksiyasını yerinə yetirir.
Mətn içində oyun, yaxud belə deyək, oyun içində oyun quran görkəmli bir sənətkar da Borxesdir. Onun qurduğu ədəbi-bədii oyunlara valeh olmamaq mümkün deyil. Ustadın balaca şedevrlərindən biri belə adlanır: "Pyer Menar - Don Kixotun müəllifi". Mətnin oxucusu üçün belə bir sadə süjet təklif edilir. Pyer Menar adlı birisi dünya şedevri olan "Don Kixot" əsərini yenidən yazmaq qərarına gəlir. Və bu arzusunu yerinə yetirmək üçün yaşadığı 20-ci əsri Servantesin yaşadığı 16-cı əsrdən fərqləndirən hər şeydən özünü təcrid edir. O bütün bunları yaddaşından silir. Nəticə maraqlıdır. Hekayənin sonunda müəllif məlumat verir ki, bəli, Pyer Menar arzusuna çatır və yeni "Don Kixot" yazılır. Amma... Bu haman "Don Kixot"durmu, yoxsa, deyil?! Herakliti yada salsaq, Pyer Menar bir çaya ikinci dəfə girə bilmişdimi?! Borxes yazır ki, bu iki mətn - Servantesin mətni ilə Pyer Menarın mətni bir-birindən çox fərqlənir. Hətta Borxes oxucusunu bu fərqi görməyə dəvət edir. Eyni parçanı həm Servantesin, həm də Menarın təqdimində verir. "Baxın və müqayisə edin" deyir. Mən özüm bəlkə bu iki parçanı iyirmi dəfə oxumuşam. Hətta durğu işarələrinin də yerləşdirilməsinə xüsusi fikir vermişəm. Yüzdə yüz eynilik! Ədəbi dahilik, bəlkə də elə budur: hər iki parça bir-birindən zərrə qədər fərqlənmir. Müəllifin oxucusu müəllifə inansın, yoxsa, hekayədəki mətnə?! O, müəllifə inanır. Mətnin oxucusu isə yenə də inadkarlıq edib mətnin yanında (içində) qalır və səbirlə, eyni zamanda təəccüblə Borxesin həm Servantesdən, həm də uydurulmuş Menardan verdiyi parçaları müqayisə edir. Görəsən, Borxesin dediyi fərq hardadır, nədədir?! Və nəhayət, iki "Don Kixot" varmıdır?!
Bu yazılanlardan yalnız bir nəticə çıxarmaq lazımdır. Tənqidçi kimi oxucu da əsər, hətta yazıldığı zaman müəllifin nəzərə aldığı bir substansiyadır. Ona diqqət yetirmədən əsərin formalaşmasından, məziyyətlərindən danışmaq mümkün deyil.