Erməni komissarın sürgünə göndərdiyi qadın - Hüseyn Cavid niyə hər gün onlara gəlirdi?

Erməni komissarın sürgünə göndərdiyi qadın - Hüseyn Cavid niyə hər gün onlara gəlirdi?
31 yanvar 2025
# 15:00

Kulis.az Ülvi Bahadırın jurnalist, "Şərq qadını" jurnalının baş redaktoru, Əli Bayramov adına Qadın klubunun rəhbəri Gülarə Qədirbəyova haqqında tərtib etdiyi maraqlı faktları təqdim edir.

Gülarə Qədirbəyova 1903-cü ildə Nuxa qəzasının Baş Göynük kəndində molla ailəsində anadan olub. İstintaq materiallarında bu ailənin rayonda məşhur, əsil-nəcabətli və varlı olduğu göstərilib. Gülarə xanımın qızlıq soyadı Əfəndiyeva idi və atasının keçmişdə kəndxuda işlədiyi xüsusi vurğulanıb. Sonralar onun Göynük bəyləri tərəfindən öldürüldüyü göstərilib. 1930-1931-ci illərdə dəstəbazlıq dövründə ailənin əksər üzvlərinin Azərbaycan K(b)P MK-nın rəhbərliyinin əleyhinə mübarizədə fəal iştirak etdiyi bildirilib.

***

O dövrdə imkanlar çox məhdud olduğuna görə atası Gülarəyə yalnız ibtidai təhsil verə bilmişdi. 1920-ci ildə Şəkidə pedaqoji kursu bitirib doğma kəndində müəllimlik edib.

O, hər gün dərsə gəlməyən qızların dalınca evlərinə gedib valideynlərini başa salmalı, bəzən uzun-uzadı söhbət etməli, hətta dil tökməli olub.

***

Tezliklə ictimai-siyasi fəaliyyətə başlayıb, 20 yaşında Qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub, Şəkidə, Şamxorda (indiki Şəmkir), Qubada və Bakıda Qadınlar şöbəsinə rəhbərlik edib.

Ailə həyatı qurduqdan sonra həyat yoldaşı Əhməd Qədirbəyovla birlikdə Bakıya köçüb.

1927-ci ildə ona Azərbaycan MİK qadınlar şöbəsinin müdiri vəzifəsi həvalə olunub. "Şərq qadını" jurnalının redaktoru olub

"Şərq qadını" jurnalı ilk fəaliyyətə başladığı gündən onun səhifələrində çıxış edən ilk qadın müxbir olub.

Gülarə Qədirbəyova və Pəri Həsənova

***

1928-ci ildə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin qadınlar şöbəsi qadın azadlığı məsələsini qəti şəkildə həll etmək üçün bir sıra təkliflər irəli sürüb. Bunlardan ən başlıcası qadınların çadradan azad edilməsi idi. Bu böyük sosial və mənəvi məsələni həll etmək üçün Səməd Ağamalıoğlunun sədrliyi altında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində komissiya yaradılıb. Komissiya üzvlərindən biri də Gülarə Köylü qızı (Köylü qızı onun ədəbi imzası idi) idi.

Çadra ətalət və əsarət pərdəsi kimi qadınların azadlığına, inkişafına mane olur, mədəni inqilabın sürətini ləngidirdi. Köhnə cəmiyyət isə mövqeyini əldən vermək istəmirdi. Qədim qanunları ayaqları altına çadrayla birlikdə atan qız-gəlinləri öldürənlər, onları cəhalətdən qurtarmağa kömək edən müəllim, həkim və başqa ziyalı qadınları məhv edənlər var idi. Ona görə də Gülarə kimi qadınların fəaliyyəti çoxlarının narahatlığına səbəb olurdu. Bu insanları hər dəqiqə təhlükə gözləyirdi. Həmin ağır zamanlarda G.Qədirbəyova maraqlı, oxunaqlı yazıları ilə ədəbi mühitin də məhəbbətini qazanırdı.

***

Əslində, öz ideyalarını yaymaq məqsədi və sərbəst düşüncə tərzi onu mətbuata çox erkən gətirib.

1930–1937-ci illərdə isə Əli Bayramov adına qadınlar klubunun müdiri vəzifəsində işləyib.

Əgər ötən əsrin 20-ci illərində Əli Bayramov adına klub qadınları yeni ictimai həyata səsləyir, onların köhnə təsəvvürlərlə mübarizə əzmini canlandırmaq, savadsızlığı ləğv etmək istəyirdisə, sonralar missiyası daha da böyüdü. Məsələn, 30-cu illərdə onları artıq qadınlarla bağlı dövlət orqanlarının qəbul etdiyi qərarların və qanunların real həyatda özünü heç də bütünlüklə doğrultmamağı narahat edirdi. Gülarə Qədirbəyova məhz belə bir zamanda kluba rəhbərlik etməyə başlamışdı. O dövrün görkəmli qadınları K.İşkova, Ş.Əfəndiyeva, X.Qarayeva, M.Qiyasbəyli, X.Əzizbəyova, M.Mirzəyeva və başqaları ilə birlikdə işləmişdi. G.Qədirbəyova zamanın və taleyinin verdiyi fürsətdən istifadə edərək maarifin inkişafı, pedaqoji kadrların artırılması, əhalinin siyasi cəhətdən savadlanması naminə çalışırdı.

***

O, xatirələrində yazırdı:

"Mənim gənc həyatım qadın hərəkatının ilk həqiqətləri ilə bağlı oldu və böyük təcrübəvi işlərim mənim üçün bir məktəbə çevrildi. Həyatın hər üzünü iş prosesində gördüm". Bu sözlərdə, çox güman ki, mətləbi sirli qalan, sətiraltı nə qədər məna vardı”.

***

Onun cavan yaşlarında belə hörmət qazanması, xalq tərəfindən tanınıb sayılması rəhbərlikdə oturanların çoxuna xoş gəlmir, onları narahat edirdi. Köylü qızının xoş niyyətlə gördüyü işlərdə, yazdığı məqalələrdə belə şübhəli məqamlar axtarırdılar. Hər addımı söz-söhbətə səbəb olurdu.

1936-cı ildə Əli Bayramov adına qadınlar klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyovanın redaktəsi altında yazılmış "Bir sarayın tarixi" adlı kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilib, Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi müsavatçı ziyalılarla dostluq əlaqələrinin olmasına görə onu antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib etməyə başlayıblar. Azərbaycan SSR Kommunal Təsərrüfat Komissarı H.Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Gülarə Qədirbəyovanın da əksinqilabi təşkilatın üzvü olması, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əksinqilabi təşkilata cəlb edilməsi göstərilib.

***

Ərizələrin, şikayət məktublarının, imzasız "donos"ların ardı-arası kəsilmirdi. Yazırdılar ki, qardaşı əksinqilabçı kimi həbs edilib. Gülarə müsavatçılarla əhatə olunub. Cavid hər gün onun evinə gəlir. Ögey atası ilə əlaqəsini kəsmir və s.

***

Yazıçı Əzizə Cəfərzadə "Köylü qızının taleyi" məqaləsində Gülarə xanımın həyatının həmin dövrünü şərh edərək yazırdı:

"Necə kəsəydi əlaqəni? Axı həmin bu ögey ata evində onun doğmaca anası Ballı xanım, kiçik bacısı, ona körpəlikdən atanı əvəz edən Vədud kişi və Gülarəyə əziz olan bütün əqrəba yaşayırdı. Köylü qızı - kəndli qızı deməkdir. Doğrudan da kənddən, əski köydən gəlmiş o zamankı Azərbaycanın işıqlı, ziyalı qızları, qadınları içərisində seçilən, adı dillərdən düşməyən, Hüseyn Cavid kimi ulu bir sənətkarın müsahibi olmaq şərəfi qazanan Gülarə həmin qarmaqarışıq aylarda ən işıqlı arzularla yaşayırdı".

***

M.C.Bağırov "Tamamilə məxfidir" qrifi ilə Sumbatova yazırdı:

"Qədirbəyovanın işi ilə əlaqədar əvvəl göndərilmiş materiallara əlavə olaraq bütün məktub və ərizələri sənə yollayıram. Xahiş edirəm ki, bu işi ümumiləşdirin və lazım olduğu kimi axıra qədər təhqiq edin, görün onun ətrafına toplaşan iyrənc yığıncağa gələn naməlum, şübhəli Qədirbəyova və ifşa olunmuş xalq düşmənləri, keçmiş yazıçılarla əlaqədar olan adamlar kimlərdir".

***

1938-ci il iyulun 23-də Gülarə Qədirbəyovanın həbsi barədə L-956 saylı order verilib, üç gündən sonra isə o, İsmayıllı rayonunun Basqal qəsəbəsində anasının dəfn mərasimində həbs olunub. O, 4 dəfə – 1938-ci il avqustun 19-da, 1938-ci il oktyabrın 31-də, 1938-ci il noyabrın 15-də və 1938-ci il noyabrın 20-də istintaq dindirilməsinə cəlb olunub, hər dəfə də günahsız olduğunu deyib.

***

1938-ci il noyabrın 17-də XDİK-in müvəkkili Korneşovun G.Qədirbəyovanın işi ilə bağlı şahid sifəti ilə dindirdiyi Bilqeyis Həşimzadə "məhkum"un haqqında geniş "məlumat" verib. "Şahid" bildirib ki, Gülarənin qardaşı Kərim Qazıyev "Müsavat" partiyasının fəal üzvü kimi əksinqilabi fəaliyyətinə görə məhkum olunub sürgün edilib. O, "Bir sarayın tarixi" kitabının taleyinə də öz versiyası üzrə "aydınlıq" gətirir:

"Kitabın hazırlanmasını o, müsavatçı yazıçıya, Musayev Qurbana tapşırmışdı. Musayev isə kitabı ideoloji cəhətdən qüsurlu, mənfi ruhda tərtib etmişdi. Qədirbəyova isə bundan nəticə çıxarmayaraq əsərin tərtibini başqa müsavatçı yazıçıya - Əhməd Cavada tapşırmışdı. O isə kitabı ideoloji cəhətdən daha da yararsız hala salmışdı. Qeyd etməliyəm ki, Qədirbəyova "Bir sarayın tarixi"ni şəxsən özü redaktə edirdi. Buna görə də heç təsadüfi deyil ki, bu kitab müsavatçılıq ruhunda yazılmışdı. Qədirbəyova dəfələrlə şəxsən mənə deyirdi ki, o, artıq ifşa olunmuş xalq düşməni, müsavatçı yazıçı Hüseyn Cavidlə yaxınlıq edir. Bir də Qədirbəyovanın artıq xalq düşməni kimi ifşa olunmuş mühəndis Xədicə Hüseynova ilə də çox sıx əlaqələri var idi. Onlar ikisi də Əli Bayramov adına sarayda işləyir, birlikdə vaxtlarını keçirir, dostluq edirdilər".

***

Müstəntiq tərəfindən birinci dəfə dindirilərkən ona əksinqilabi millətçi təşkilatın üzvü kimi təqsirləndirildiyinin doğruluğunu etiraf etmək təklif olunur. Gülarə xanım belə cavab verir:

"Rədd edirəm. Mən heç bir təşkilatda olmamışam".

Ona deyirlər ki, müqavimət göstərməsin, onsuz da adıçəkilən təşkilatın üzvü olduğunu istintaq müəyyən edib.

Gülarə yenə də qətiyyətlə cavab verir ki, heç zaman heç bir təşkilata daxil olmayıb. Növbəti dindirmədə Köylü qızı öz işi ilə əlaqədar kimlərlə yaxınlıq etməsi barədə sualı da doğru-dürüst cavablandırıb:

"Mən 1930-cu ildə Tiflisdə Zaqafqaziya Vilayət Komitəsinin qadınlar bölməsinin müdiri işləyirdim. ÜİK(b)P-nin qadınlar şöbəsinin keçmiş müdiri İşkova Klavdiya ilə əlaqəm var idi. Sultanova Ayna və Rəhmiyeva Məmura ilə də. "Şərq qadını" jurnalında işləyəndə Səməd Vurğunla, Şamilovla, Qantəmirlə, Süleyman Rüstəmlə".

Üçüncü dindirmədə də müstəntiq Gülarə xanıma öz dili ilə əksinqilabi təşkilatın üzvü olduğunu etiraf etdirmək istəyib. O, dönə-dönə təkrar edib ki, belə təşkilatın olması barədə məlumatı belə yoxdur, heç qəzetlərdə də bu barədə oxumayıb.

Müstəntiq vaxtilə Həmid Sultanovun və Mirzə Məmməd Qasımovun onun haqqında verdikləri ifadələri səsləndirib. Qədirbəyova Həmidi yalnız məsul işçi kimi tanıdığını və onun dediklərinin böhtan olduğunu bildirib. Mirzə Məmmədin söylədiklərinə gəldikdə isə Gülarə bu şəxsin ona böhtan atdığını deyib.

Sonuncu - dördüncü dindirmə də heç bir nəticə verməyib. Bütün suallara rədd cavabı alınıb. Əzab, işgəncə yolu ilə onun iradəsini sındırmaq istəyiblər. Bütün cəhdləri boşa çıxıb. Nəhayət, 1939-cu il yanvarın 20-də Gülarə Qədirbəyovanın işi üzrə istintaqın bitməsi haqqında protokol tərtib olunub. Protokolla onun özü də tanış edilib və oraya bu sözləri yazıb:

“Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram".

***

Qədirbəyovanın işi üzrə tərtib olunmuş ittihamnamədə deyilir:

"Qədirbəyova Gülarə İbrahim Xəlil qızı müqəssirdir, ona görə ki, o, əksinqilabi millətçi təşkilatın fəal üzvüdür və təşkilatın digər üzvləri ilə də əlaqə saxlayırdı. O, AK(b)P MK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı, yəni Azərbaycan SSR CM-in 72 və 73-maddələri ilə cinayət məsuliyyəti daşıyır. Qədirbəyova özünü müqəssir bilmir".

***

1939-cu il fevralın 1-də Azərbaycan SSR Prokurorluğunun müavini Selivestrov və martın 28-də XDİK yanında Xüsusi Müşavirə Katibliyinin müvəkkili leytenant Xolodirov, Xüsusi Müşavirə Katibliyinin I müavini leytenant Borovkov qərara razılıq veriblər.

Beləliklə, Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Gülarə Qədirbəyova 5 il Sibirə sürgün edilib.

Həmin müşavirənin gündəliyini Azərbaycan SSR XDİ komissarını əvəz edən baş leytenant Xoren Markaryan tərtib edir

***

O, 1942-ci ildə isə Sibir sürgünündə gözlərini işıqlı dünyaya əbədi yumub.

***

1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi onun haqqındakı 1939-cu il 9 iyul tarixli qərarı cinayət tərkibi olmadığına görə ləğv edib və ona bəraət verilib.

***

Gülarə Qədirbəyovanın həyat yoldaşı Asəf Rəhmanov 1938-ci il yanvarın 3-də güllələnib, qardaşı Kərim Qazıyev isə Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilib.

***

Hazırda Baş Göynük kəndindəki 1 saylı orta məktəb Gülarə Qədirbəyovanın adını daşıyır.

İstifadə olunmuş ədəbiyyat:

İradə Əliyeva - "Onun maarifçilik fəaliyyəti antisovet təbliğatı kimi qələmə verildi"

# 430 dəfə oxunub

Oxşar xəbərlər

"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb" - TƏBİB

"Faytonçu Nazim insultdan sonra yıxılıb travma alıb" - TƏBİB

16:24 31 yanvar 2025
Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır

Gənc müğənni Ayla Şiriyeva qəzaya düşdü: Vəziyyəti ağırdır

16:02 31 yanvar 2025
"Bumer"in aktyoru dünyasını dəyişdi

"Bumer"in aktyoru dünyasını dəyişdi

15:24 31 yanvar 2025
Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

Bir qrup gəncə Prezident mükafatı verildi - Sərəncam

14:42 31 yanvar 2025
Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd

Məhəmməd Əmin Rəsulzadənin İsmət Paşaya məktubu - Dilqəm Əhməd

13:02 31 yanvar 2025
"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

"Faytonçu Nazim" insult keçirib küçədə yıxıldı - Vəziyyəti ağırdır

12:28 31 yanvar 2025
# # #