"Bu uşaqlara artıq azərbaycanlı demək olmur" - Dilimizi Türkiyə türkcəsindən qorumalıyıqmı?

"Bu uşaqlara artıq azərbaycanlı demək olmur" - Dilimizi Türkiyə türkcəsindən qorumalıyıqmı?
17 mart 2025
# 12:00

Ayaz Salayevin rus və türk dilləri ilə bağlı çıxışı geniş müzakirələrə səbəb oldu.

Birinci sorğumuz Azərbaycanda rus dili təhlükəsinin olub-olmaması və rus sektorlarının bağlanıb-bağlanmaması ətrafında idi.

Bu dəfə isə mövzumuz türk dili və onun bizə təsiridir.

Azərbaycan dilini Türkiyə türkcəsindən qorumalıyıqmı? Qorumalıyıqsa, bunu necə etməliyik?

Kulis.az yazıçıların fikrini təqdim edir.

Fəxri Uğurlu:

"Azərbaycan dilini istənilən başqa dilin təsirindən qorumağın ən yaxşı yolu dilimizi, ədəbiyyatımızı, folklorumuzu yaxşı bilməkdir. Azərbaycan türkcəsiylə rəsmi türk dili qardaş olsa da, artıq çoxdan başqa-başqa dillərdir - mən bunu ixtisasca türkoloq olan biri kimi deyirəm. Qardaş dillərin bir-birinə təsirinin yaxşı tərəfləri də var, pis tərəfləri də. İndi bunu xırdalamağa vaxt yoxdur. Əsas problem bilirsiniz nədədir? Millət özünü, öz varlığını sevmir, sevə bilmir. Söhbət əsla özünə vurğunluqdan getmir, onun axırı faşizmə aparıb çıxarır, mən belə şeyi xalqımıza heç yaraşdırmaram da. Bəs nədir bu sevgisizliyin, özündən küskünlüyün səbəbi? Bunun səbəbləri haqda da uzun-uzadı danışmaq olar, mən ancaq birini - başlıca təməl səbəbi demək istəyirəm: canlı-cansız fərq eləməz, bir şeyi sevə bilməsi üçün insan onu özününkü saymalıdır, ancaq ona tamahıyla, ehtirasıyla yox, ürəyinin telləriylə bağlanmalıdır. İnsanda yeganə doğru, yeganə səmimi olan duyğu sahiblik, yiyəlik hissidir, qalan bütün hisslər-duyğular saxta, qondarma, qeyri-səmimidir. Şəxsən mən öz dilimi heç bir dilin ayağına vermərəm, istər qardaş olsun, istər yad olsun. Çünki mən doğma Azərbaycan türkcəmizi bu millətin də, ölkənin də, dövlətin də ən böyük, bir də vurğulayıram, ƏN BÖYÜK sərvəti sayıram. Gücüm çatdığı qədər onun keşiyini çəkirəm, son nəfəsimə qədər də belə olacaq. Bir az pafoslu çıxdı, ancaq olanı deyirəm..."

Şərif Ağayar - Bioqrafiya.com

Şərif Ağayar:

"Qohum dillərin qorxunc bir cəhəti var: inkişaf edəni inkişaf etməyəni öz içində asanlıqla, hiss olunmadan əridib yoxa çıxarda bilir. Bu gün gənc yazarlar "tədirgin", "gəlişmək", "gərəkir" tipli sözləri çox asanlıqla işlədir. Çünki türkcə efirə çox baxırlar, türkcə çox oxuyurlar, qulaq, nitq və yazılı təhkiyə buna alışır, immunitetini itirir. Rusca oxuyanlar daha tez duyurlar bu narahatlığı. Türkiyə türkcəsi ilə işləmədikləri üçün qohum dillər paradoksuna girmirlər. Qarşılığı olan sözləri çox işlətdikcə kəmiyyət keyfiyyətə təsir edir, Azərbaycan dilinin leksik norması və sintaksis quruluşu deformasiyaya uğrayır. Halbuki Türkiyə türkcəsindən xeyli fərqlənir və tamam fərqli bir gözəllikdir. Şəxsən mənim Azərbaycan dilinə heyfim gəlir. Məncə, biz dilimizi qorumalıyıq. Bunun üçün geniş dövlət proqramı işlənib-hazırlanmalıdır. Təhsildən tutmuş Azərbaycan dilində yazıb-yaratmaq həvəsi yaratmağa qədər yüzlərlə iş görülməlidir. Dil korpusu, Azərbaycan Dil Qurumunun intensiv fəaliyyəti, tərcümə sənayesi, redaktorluq institutu... Hansını deyim? İş çoxdur".

Etimad Başkeçid:

"Mənim üçün tamamilə aydındır ki, dili ilk növbədə "dil qoruyucuları"ndan qorumaq lazımdır. Hər dəfə "dil əldən getdi" deyə həşir təpəni görəndə, fikirləşirəm, ya qəsdən belə eləyir, ya da nə danışdıgının fərqində deyil. Sizə üç nümunə göstərmək istəyirəm:

Ceyhun ilən bəhri Хəzər arası,
Çöl üstündən əsər yeli türkmənin.
Gül qönçəsi, qara gözüm qarası,
Dağ üstündən yenər seli türkmənin
(Məhtimqulu, ХVIII əsr).


Məni candan usandırdı… Və ya:
Şeir zövqündən olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin.
Kəndi cəhlinə etiraf etsin,
Hər kəramətə sehr söyləməsin.
(Füzuli, ХVI əsr).

Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun,
Bizdən sonra bu dünyaya
Gələnlərə salam olsun.
(Yunus Əmrə, ХIV əsr).

Bunlardan biri, şərti olaraq, türkmən, digər Azərbaycan, üçüncüsü türk şairi sayılır. Bu sənətkarlar nə radio, televiziya, nə də internet və ya digər müasir kommunikasiya vasitələrinin olmadığı zamanlarda, bir-birindən min kilometrlərlə aralıda yaşayıb. Ol zamanlarda dili qorumağı, bir növ, özünə peşə eləmiş insanlar da yoхdu… Yüz illərlə Azərbaycan dilinin həyatda qalması, inkişafı üçün vacib sayılan şərtlərdən heç biri olmayıb: dövlət yoх, mətbuat yoх, kitab nəşri-filan da heç olmamış kimi. Bəs bu dil necə ayaqda qalıb, bu günə gəlib-çıхıb?

Bəlkə, problemi başqa yerdə aхtarmaq lazımdır? Niyə bir Allahın qulu çıхıb demir ki, dilin işləklik arealını genişləndirmək, funksionallıq sferasını zənginləşdirmək lazımdır? Dilin qeydinə qalır, təssübünü çəkirsinizsə, bu dildə gözəl əsərlərin yazılmasını, teatr tamaşalarının, kino əsərlərinin ərsəyə gətirilməsini, dünyanın ən yaхşı kitablarının dilimizə çevrilməsini, maarifçilik proqramlarının həyata keçirilməsini dəstəkləyin. Dilin hər gün dəyişən dünyaya adaptə olunması, qonum-qonşu ilə ayaqlaşması problemi haqqında düşünün. Bütün dünyada olduğu kimi. Yoхsa, ölkənin yarısı əcnəbi dildə oхuyur, danışır və bu problem kimi görülmür. Bilmək lazımdır ki, dilin qorunması onun başqa dillərdən təcrid olunmasını nəzərdə tutmur. Bunu sizə dilçilik üzrə istənilən fəlsəfə doktoru söyləyə bilər. Dili, hər şeydən öncə, daхili deqredasiyadan, leksik zənginliyini itirməkdən, qrammatik strukturunun piləşməsindən qorumaq lazımdır. Bu gedişlə biz "12 stul" romanındakı Qreta kimi cəmi qırх sözlə danışan insan toplusuna çevrilə bilərik. Ona görə ilk növbədə kütləvi mədəniyyətin meydan sulamasına göz yumulmamalı, elitar mədəniyyətin mövqeləri bərpa olunmalıdır. Bütün mədəni ölkələrdə necədir?

Türkiyə türkcəsi məsələsinə gəlincə, mən bunu "balıqlar uzağı görə bilmirlərsə, niyə gözlük taхmırlar?" qəbilindən sual kimi qəbul edirəm. Ona görə ki, bu məsələ dünyada çoхdan dartılışıb, danışılıb, artıq heç kəs belə şeyləri özünə dərd eləmir. Təbii ki, "inkişaf etməkdə olan" bəzi bizim kimi toplulardan savayı. Qohum dillər həm leksika, qrammatika, həm də fonetika səviyyəsində bir-birinə təsir göstərə bilir. Dillərdən biri konkret konsepsiya üçün termin tapa bilmirsə, rahatlıqla qohum dildən götürüb istifadə eləyir. Müəyyən qrammatik konstruksiyalar, sabit birləşmələr-filan da onun kimi. Bunun adı da var – konvergensiya. Bu bir təbiət hadisəsidir, şimşək çaхması, külək əsməsi, günəşin doğması sayaq..."

Samirə Əşrəfin yeni kitabı çap olundu

Samirə Əşrəf:

"Azərbaycan dili bütün mənalarda yeni və hətta köhnəlmiş sözləri, arxaizm və tarixizmləri ilə gözəldir. Ümumilikdə, dilin özü çox zəngindir, rəngarəngdir. Bu mənada mən kənar dillərin Azərbaycan dilini sıxışdırmasının əleyhinəyəm. Sovet dövründə rus dili daha çox dominantlıq təşkil edirdi. Çünki “elitar kütlə” mütləq rus dili ilə özünü göstərməyə, təsdiq etməyə, üstünlük qazanmağa çalışırdı. Bu indi də var. Ancaq populyarlığı əvvəlki illərə nisbətən zəifdir. Bu da dövlətin dillə, xüsusilə, tərcümə və dublyajla bağlı qəbul etdiyi bir sıra qanunlardan irəli gəlir. Amma hazırda türk dili bizim məişətimizə, insanların danışıq tərzinə daxil olub. Telekanallarda daha çox türk seriallarına, verilişlərinə, cizgi filmlərinə baxış kimi məsələlər qaçılmazdır. Düşünürəm ki, ilk növbədə yazıçılar, şairlər, qələm adamları, dilçilərimiz təmiz Azərbaycan dilində danışmalı, dili təbliğ etməlidirlər. Son illər bir çox yazıçılarımız, tanıdığımız adamlar, “təbrik edirəm” əvəzinə “qutlamaq” sözünü və ya “sağ ol” əvəzinə “hoşçakal” yazırlar. Bilmirəm, bunlar nə ilə bağlıdır. Halbuki bu sözlərin Azərbaycan dilində çox gözəl qarşılığı, sinonimləri var. Məsələn “Allah zehin açıqlığı versin” və ya tez-tez təkrar olunan “əlinə sağlıq” “çox yaşa” kimi sözlər bizim dilimizə daxil olur, özümüzünküləşir. Hətta ən işlək sözlərimizi, sinonimlərimizi sıxışdırıb çıxardır, tarixə göndərirlər. Bu mənada dili qorumaq lazımdır. Daha vacib məqam isə bizim insanların türk seriallarına, verilişlərinə baxış sayı həddən artıq çoxdur. Keyfiyyətli, maraqlı olduğu üçün insanlar xarici telekanallara baxır. Utopiya kimi səslənsə də... yaxşı olar, bizim də türk serialları kimi yaxşı seriallarımız, filmlərimiz, verilişlərimiz olsun ki, tamaşaçı yavaş-yavaş özünə qayıtsın".

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

"Bizim istəyib-istəməyimizdən asılı olmayaraq, Türkiyə türkcəsinin Azərbaycan türkcəsinə təsiri qaçılmazdır. Çünki xalqın böyük əksəriyyətinin xarici aləmlə ünsiyyət vasitəsi Türkiyə türkcəsidir. Bu ünsiyyət təkcə Türkiyə seriallarına baxan sadə xalq səviyyəsində deyil, ziyalı kəsim, yazı-pozu əhli də, mütaliə həvəskarları da dünya ədəbiyyatına daha çox Türkiyə türkcəsində müraciət edirlər. Bu da istər-istəməz öz təsirini dilə göstərir. Bəs bu təsirlərdən necə qaçmaq olar? Doğrusu, məni narahat edən böyüklər yox, uşaqlarımızın Türkiyə türkcəsinin təsirinə düşmələridir. Onlar nəinki türkcə sözlər işlədir, əməlli-başlı Türkiyə aksenti, Türkiyə sintaksisi ilə danışırlar. Bu uşaqlara artıq azərbaycanlı demək olmur, bizimlə İstanbul ağzı ilə söz güləşdirirlər. Bəs nə etməli? Mənə elə gəlir ki, ya dövlətin özünün birbaşa iştirakı, ya da müəyyən təşviqetmə layihələri ilə müxtəlif platformalarda Azərbaycan dilində kontentlər yaradılmalıdır. Mən hətta təklif edərdim ki, uşaqlarımızı təkcə dil deyil, müxtəlif zərərverici təsirlərdən qorumaq üçün də sanballı bir uşaq televiziya kanalı təsis edilsin. Belə bir kanalın vasitəsi ilə də uşaqlar üçün cizgi filmləri, səsli nağıllar, oyunlar, uşaq mahnıları kimi kütləvi kontentlər hazırlamaq olar ki, nəticədə uşaqlarımızın gözü-qulağı türklərin “Kral Şakir”lərindən, “Alibabanın ciftliği var”larından, “Rafadan Tayfa”larından çəkilər. Bu mənim təklifimdir".

Elvira - İlham Əzizin hekayəsi

İlham Əziz:

"Azərbaycan dilini hər hansı dildən qorumağın yolu bu dildə bəşəri mətnlər yazmaq, texnoloji kəşflər etməkdir. Sözlərdən yox, sintaksisindən qorumaq lazımdır. Dilimizə ekspansiya oxşar dil olan türkcədən mümkündür. 200 il rusla iç-içə olduq, dilimiz korlanmadı, daha da müasirləşdi, yeniləndi. Dil canlı orqanizmdir, “virus”a qarşı imuniteti var. Onu gücləndirmək lazımdır. Bu da yeni sözlər yaratmaqla, bu problemin həllini stimullaşdırmaqla mümkündür. Müasir dövrdə bütün işlər kimi bu işə də sərmayə lazımdır. “Dilimizi qoruyaq” şüarı altında məşhur adamların reklamından istifadə edilməli; bu iş ideoloji cəhətdən konseptual mövqeyə çıxarılmalı, öz dilindən yaxşı istifadə edən adamlar irəli çəkilməlidir. Biz Türkiyə türkcəsini qadağan edə bilmərik, bu məsələ absurddur. Amma görüləsi həddən ziyadə iş var".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Sualın sərt qoyuluşu ilə də razı olmaq olmur. Qorumalıyıq deyəndə, Azərbaycan türkcəsinin qayğısına qalmalıyıq, təəssübünü çəkməliyik. Türkiyə türkcəsi də doğmadır, əzizdir. Xüsusən, körpələrimizin ana dilini sevməyinin, dilimizi təmiz öyrənməyinin qayğısına qalmalıyıq. Uşaqlar internet kanallarından, televiziyadan türkcə, ingiliscə öyrənirlər. Sonra danışmaqda çətinlik çəkirlər. Qardaşımın qızı o qədər ingiliscə kanal izləmişdi ki, babasına deyirdi: " it is mine, mine". Atam yazıq da qalırdı belə. İngiliscə o cümləni dəqiqliklə quran uşaq azərbaycanca danışmaqda çətinlik çəkirdi. Axırda psixoloq, loqoped kömək elədi. Uşaq bağçasına getdi. Azərbaycancanı öyrənə bildi. Azərbaycanca dilini açmaq üçün psixoloqa, loqopedə gətirilən, öyrədilən nə qədər uşaq görmüşəm. Çünki onların qulağı 4-5 aylıqlarında əllərinə verilən mobil telefonlardan yad dillər eşidib. Analar layla deməyib, nağıl oxumayıb ana dilində. Müasir uşaqlar üçün yerli uşaq ədəbiyyatı nümunələrinin sayı artmalıdır, tərcümə kitabları çoxaldılmalıdır. Uşaq kanalları, portalları açılmalıdır.
Sizə məzəli əhvalat danışım. Bizim Niloşun hardasa, olardı 3-4 yaşı. Türk uşaq kanallarını izləyirdi, yerli kanalımız yox idi. Bir gün səhər yerindən durub soruşdu ki, mıknatıslarım hanı? Gözümü döydüm, sualı başa düşməmişdim. Soruşdum ki, mıknatıs nə deməkdir? İndi uşaq mıknatısın nə demək olduğunu başa sala bilmir, çünki ancaq türkçə bilir. Mən də sözü başa düşmürəm. Ağlayır, tələb edir ki, mıknatıslarını hara qoymuşamsa, verim. Təxminən, iki saat mıknatıs axtarmışam, bütün oyuncaqları bir-bir göstərmişəm, deyib yox, mıknatıs bu deyil. Axırda təsadüfən özü tapıb göstərib. Məlum olub ki, arxası maqnitli hərfləri mıknatıs, yəni, maqnit adlandırırmış. Yatsam, yuxuma girməzdi ki, maqnit mıknatıs olar. Molla Nəsrəddinçilərin felyetonunda var belə dialoq, rusdilli kişi küftəyə qofta deyir. Onun kimi. Təsəvvür edin, ciddi həyati hadisə baş verir, 4 yaşında uşaq bunu təcili valideynə çatdırmalıdır. Amma valideyn uşağın dilindən anlamır.
Uşaqlarım məktəbə gedəndə də Azərbaycan dili dərslərində əziyyət çəkirdilər. Müəllimlər şikayət edirdilər. Türk dilində animasiya filmlərini izləməyi dayandırandan sonra problem həllini tapdı.
Məktəbdə yeniyetmələrdən soruşuram ki, hansı kitabları oxuyursuz, hansı dildə? Deyirlər, türk romanları oxuyurlar. Soruşanda niyə belə? Deyirlər, azərbaycanca oxuyanda başa düşmürük. Soruşuram ki, bəs Azərbaycan dili kitabını, ədəbiyyat dərsliyini necə oxuyursunuz? Deyirlər, elə onları da başa düşmürlər.
Çox qəribədir".

Minotavrın ölümü... - Mübariz ÖRƏN - hekayə | Edebiyyatqazeti.az

Mübariz Örən:

"Türkiyə türkcəsi Azərbaycan dilinə təsir edirmi? Ola bilər. Bunun qarşısını almalıyıqmı, yaxud ala bilərikmi? Qətiyyən; təbiinin qarşısını almaq mümkün deyil. Hər bir kəlmə dilimizə daşdan süzülüb keçir, bu, bir ilin, beş ilin işi deyil. Xüsusən, bu kəlmə əyər bizə qohum, doğma dildən gəlirsə, dilimizi zənginləşdirə bilirsə, xoş gəlib. Mən həmişə böyüməyin tərəfdarıyam. Sürətlə dəyişən, qloballaşan, "suniləşən", ilonmasklaşan dünyamızda bunsuz mümkün deyil. Nə təzə sözdən, nə arxaikdən qorxmaq lazım deyil. Su murdar götürmür, deyirlər, bu söz dilə də aiddi. Mən Təbrizdə olanda gördüm, eşitdim: necə gözəl sözlərimiz, ifadələrimiz var. Unudulub! Eşidəndə adamın ruhu təzələnir, ürəyi titrəyir. Türkiyə türkcəsində də elə sözlər var. Niyə qorxaq bu sözlərdən? Amma bu, o demək deyil ki, biz öz dilimizi atıb Türkiyə türkcəsində danışmalıyıq, yazmalıyıq. Xeyir. Bizim ana dilimiz - anamızın danışdığı dildi! "Dədə Qorqud"un, "Koroğlu"nun, Aşıq Ələsgərin, Səməd Vurğunun dilidir. O dili göz bəbəyimiz kimi qoyumalıyıq; bu dildə biz səslənirik, həvəslənirik, ürək açırıq, könül qırırıq, layla çalırıq, ağı deyirik, alqışlanırıq, qarğışlanırıq..."

# 819 dəfə oxunub

Oxşar xəbərlər

3500 illik məzar

3500 illik məzar

19:00 17 mart 2025
“Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz

“Yeddi oğul istərəm”in Cəlalı haqqında bilmədiklərimiz

18:35 17 mart 2025
Jurnalist Azər Rəşidoğlunun müalicəsi ilə bağlı Prezidentə müraciət

Jurnalist Azər Rəşidoğlunun müalicəsi ilə bağlı Prezidentə müraciət

17:59 17 mart 2025
Heydər Əliyev Mərkəzinə  nadir incəsənət kompozisiyası gətirilir

Heydər Əliyev Mərkəzinə nadir incəsənət kompozisiyası gətirilir

16:56 17 mart 2025
Nizami Cəfərov:  Müasir Azərbaycan şairlərini hamı başa düşürsə, deməli, o, şair deyil

Nizami Cəfərov: Müasir Azərbaycan şairlərini hamı başa düşürsə, deməli, o, şair deyil

16:42 17 mart 2025
"Yazıçılar Birliyinin üzvləri bu imtahandan keçsinlər" -  Məleykə Abbaszadədən təklif

"Yazıçılar Birliyinin üzvləri bu imtahandan keçsinlər" - Məleykə Abbaszadədən təklif

16:39 17 mart 2025
# # #