Azərbaycanlıların ən böyük xəstəliyi - Mirzə Alik yazır...

Azərbaycanlıların ən böyük xəstəliyi - Mirzə Alik yazır...
8 iyun 2022
# 14:00

Kulis.az Allahverdi Həsənovun "Azərbaycansayağı melanxolik paranoya" adlı yazısını təqdim edir.

Adi, hətta ən adi günlərdən biri idi, avtobusa daxil olmaq üçün kartı ödəniş aparatına yaxınlaşdırdım, arxadan boğuq bir səs məni bu prosesdən ayırdı:
“Bajıoğlu, məni də keçirə bilərsən?”

Üzü qırışlı, çirkli, yağlı, saralmış saqqalı olan, səs telləri ucuz siqaretlər çəkməkdən zədələnmiş bir yaşlı dayı bu xahişi mənə etdi. Kartı vurdum, mənə 50 qəpik uzatdı, qəbul etmədim, öz təşəkkürünü bildirdi. Sonra isə avtobusun yalnız kişilərə məxsus olan yerində yanbayan əyləşdik. Avtobusda belə bir yerin olması feminist vətəndaşlarımızı əsəbiləşdirə, özündən çıxara, ağzında köpük gətirə, boğazında damar yarada, gözlərinə qan vurdura, ürəyini dayandıra bilər.

Lakin bu yerlər narahat, diskomfort olduğu üçün Azərbaycanın zəhmətkeş kişiləri zərif, incə qadınların burada əyləşməsini düzgün saymır, vicdanına sığışdırmır. Məncə, doğru da edir, həm də kişilərlə baş-başa verib dərdləşmək üçün bir məkan heç də pis deyil, öndə isə qadınlar öz qeybətini edir, ev yıxır, ev qurur, kimlərisə baş-göz, cadu edir.

Mən də zəhmətkeş Azərbaycan kişiləri üçün yaradılmış analoqu olmayan arxa oturacaqda bu dayının dərdlərinə şərik oldum. Dayı ilk növbədə Putindən, Zelenskidən, Səddam Hüseyndən, havadan, qazilərdən, lokal problemlərdən danışdı. O, bu söhbətləri cəmi 15 dəqiqənin içində etdi. Bu söhbətləri elə böyük iştahla edirdi ki, bir ara düşündüm, onunla illərdir heç kim söhbət etmir, heç kim ona qulaq asmır, sanki bu yaşlı dayı bəndənizi öz siyasi, ümumbəşəri söhbətləri üçün qurban seçib, bəlkə də, gün ərzində onlarla insan bu dayının qurbanı olur.

Sonra isə dayı Rusiyada olan fəaliyyətindən danışmağa başladı, heç mənimlə söhbətə necə başlamış, necə giriş etmişdi, bilmirdim, bir onu bilirdim ki, biz artıq onun həyatının laçın vaxtlarında idik.

“Bajıoğlu, qaz vurub qazan doldururdum. Bütün günü restoranlarda, kafelərdə, barlarda idim, qızlar da öz yerində, polyakdan tut estona qədər dadına baxmışam. Şellənirdim əməlli. Sonra amma dostlarım məni vurdu, kimə çörək verirdimsə, mənə arxadan pıçaxnan vurdu. Hələ bir əhvalat var, deyir keçmişdə bir paççah yetimə əl tutur, bir gün o yetim də bu paççahı bulaxdan su içəndə kürəyinə pıçaxnan vurur, sonra da arvadı ilə evlənir. Yəni ki, gərək yetim-yesirə əl tutmayasan. Məni həmişə arxadan vurublar bajıoğlu...”

Yaşlı, ucuz siqaret çəkməkdən saqqalı saralmış, səs telləri zədələnmiş bu dayı 30 dəqiqə ərzində, əslində, eyni söhbəti mənə müxtəlif hekayələrə deyirdi. Onun əla vaxtları olub, içib, əylənib, kef edib, sonra hansısa dünya elminə məlum olmayan ali qüvvələrlə onun dostları birləşib ona zərbələr vurub.

Yəqin ki, siz də belə banal söhbətlərə tez-tez şahid olursunuz, eşidirsiniz. Nədir axı bu azərbaycanlıların melanxolik ab-havalı paranoyak fetişizmi? Bu da milli adət və ənənələrimizin bir parçasıdır, yoxsa kainatdan qopub yer kürəsinə, sonra Azərbaycana gəlmiş kosmik bir parçadır, qüvvədir? Kimlə söhbət eləsən, elə zənn edirsən ki rəsmi Pentaqon onun arxası ilə ciddi siyasi gedişlər edir, oyunlar oynayır, hamı ona zərbə vurmaq üçün startda dayanıb.

Ümumiyyətlə, “arxamca oyunlar oynanır” çox ciddi bir cümlədir. Bu cümlədən “Komitet 300”, “Şahmat taxtası”, ”Hakimiyyətin 48 qanunu” kitablarının iyi gəlir. Amma bunu deyən adam, hardasa 5 gün işləyib, pulunu ala bilməyən, bütün günü mərkəzi küçələri gəzə-gəzə əzbərləyən, az qala küçədə camaatın ağzının içinə tüpürən, siqaret kötüyü atan adam olanda, bişmiş toyuğun da gülməyi gəlir.

İşdir-şayəd bəndəniz də belə ritorikadan istifadə etsə, qəşş edib gülün, doyunca məzələnin. Həmişə öz səhv iqtisadi kursuna görə çətinə düşən ölkələrin də belə siyasi ritorikası var, oyunlar oynanılır biz qarşı.

Demək ki, ömründə 3 kitab oxumuş (özü də bu kitablar Elxan Elatlıya ya da Qaraqana məxsusdur), loru dildən başqa dil bilməyən insanlar öz uğursuzluqlarını daima arxaya sancılmış o mistik bıçağa bağlayır, o bıçaqlar, dost, qardaş zərbələri hamısı insanlarımızın uğursuzluqlarının yükləndiyi ən ali distansiyadır, bu dediklərimi də həqiqətin son distansiyası kimi qəbul edin.

Nə o bıçaq var, nə də oyunlar, sadəcə azərbaycanlıların böyük bir melanxolik-paranoyak dünyası var.

# 3664 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #