Aktyor olmağı arzulayan mafiya başçısının oğlu... - İstək, ağıl və şübhə

Aktyor olmağı arzulayan mafiya başçısının oğlu... - İstək, ağıl və şübhə
7 yanvar 2023
# 10:00

Kulis.az Simran Qədimin "Üçbucaq – istək, ağıl və şübhə" adlı essesini təqdim edir.

Hər kəsin əzbərlədiyi bir fikir var: ağılla istək daim mübarizə aparır. Eynən xeyirlə şər, mələklə şeytan, protaqonistlə antaqonist kimi. Burada nə qədər böyük həqiqət payı olsa da, bir o qədər yanlışlıq, daha dəqiqi, natamamlıq, yarımçıqlıq var. Uşaq zəkası üçün sadə, bəsit şəkildə öyrədilən anlayışlar bir çox hallarda sonradan dərinləşdirilmir, illər öncə öyrəndiklərimizin üzərinə vaxtaşırı əlavələr edilməyəndə isə eləcə də qalır – natamam, yarımçıq...
İstəklə ağılın, hisslərlə məntiqin, emosionallıqla rasionallığın daim qarşı-qarşıya olduqlarını deyəndə belə bir sual ortaya çıxır, çıxmalıdır: istək və ağıl özləri nədir, ayrı-ayrılıqda necə bir anlam daşıyırlar? Bizim bilmədiyimiz və ya gözümüzdən qaçan hansısa gizli məqamlar, önəmli incəliklər varmı?
Əvvəlcə istəkdən, hisslərdən, emosiyalardan başlayaq. Əslində, bu sıraya arzu, dilək, xəyal kimi məfhumları da əlavə edib spektri genişləndirmək olar.

Deməli belə: İstək düşündüyümüz qədər sərbəst, müstəqil deyil, heç də onun bizim “azad iradə”mizə tabe olduğunu söyləyə bilmərik. Düzdür, istəklərimizi yerinə yetirməkdə özümüzü azad hiss edə bilərik, amma içimizdə baş qaldıran hansısa istəyin özünü seçməkdə azad deyilik. XIX əsrin məşhur alman filosofu Artur Şopenhauerin də vurğuladığı kimi: “İnsan nə istəsə edə bilər, amma nə istəməyi istəyə bilməz” (məsələn, su istəsəm, içə bilərəm, amma istəyə bilmərəm ki, su içmək istəyim).

Bir neçə sadə nümunəyə nəzər salaq:

1. Televizorda "Twix" reklamına baxan uşaq evdən çıxan kimi anasından ona həmin o şokoladlı-xırçıltılı peçenyelərdən almasını istəyəcək. “Baax, bax, ondan al mənə, ondan! Sağ çubuq, ya sol çubuq, fərqi yoxdu...”

2. Dostunun axşamtərəfi ağzındakı pizzanı marçıldada-marçıldada, kolanı qurtumlaya-qurtumlaya vatsapda atdığı səs yazısını dinləyən gənc dərhal ağzının sulandığını hiss edəcək: "Elə indicə evə pizza-kola sifariş etməliyəm, vəssalam! Soyuducuda dolma var axı? Yox, yağlı xörəklər ziyanlıdır, kimsə fikrimdən döndərə bilməz məni!.."

3. Rəfiqəsinin yayda Venesiyaya gedəcəyini eşidən xanım tez təyyarə biletlərinin qiymətləri ilə maraqlanıb, qondoloyla körpünün altından keçməyinin, hamının həsəd aparacağı bir selfi çəkməyinin xəyalını quracaq. “Ahh, turistlər şəhəri, Adriatik dənizinin şahzadəsi ecazkar Venesiya, Venesiya!..”

Ani istəklər və yaxın vaxtlara hesablanan arzularla yanaşı, bütün xəyallar, uzaq gələcəyə hədəflənən planlar da beynimizə yönəlmiş bəlli təsirlərin nəticəsində ortaya çıxır. Digər tərəfdən, genetik meyillərin, fərdi xüsusiyyətlərin, xarakterin də öz rolu var. Beyində gedən biokimyəvi proseslər hər kəsdə eyni olmur, cürbəcür genlər, hormonlar, neyronlar səhnə arxasında öz işlərini görüb cürbəcür istəklərə, arzulara, xəyallara stimul verirlər. Tutalım, Yunqun təbirincə bölgü aparsaq, introvert (təkliyə meyilli, sakit, özünəinamsız, danışmadan öncə düşünən) və ekstravert (ünsiyyətli, emosional, özünəinamlı, düşünmədən danışan) şəxsiyyət tiplərinin istəkləri də bir-birindən fərqlənəcək.

“Əlbəttə, istəklərimiz süni, sintetikdir, biz həmişə manipulyasiya edilirik (həm kənar təsirlərlə, həm də beynimizdəki biokimyəvi proseslərlə), elə məhz buna görə də ağıl istəkləri cilovlamalıdır!" deyə bilərik. Amma gəlin tələsməyək. Çünki ağıl, məntiq, rasionallıq da istəklər kimi sərbəst, müstəqil deyil, o da daim manipulyasiyaya məruz qalır. Həm xarici, həm də daxili təsirlərlə. Ağıl istəklə müqayisədə nə qədər davamlı, etibarlı, güclü silah olsa da, onun da zəif tərəfləri var.

Yenə də bir neçə nümunəyə baxaq:

1. Qan davasında əlinə silah almalı olan gənc, bəlkə də, cinayət törətmək istəmir. Amma hələ lap uşaqlıqdan ona danışılan hadisələri, hekayələri yada salıb, “ağıllı-ağıllı” fikirləşir: "Onun ulu babası mənim ulu babamı öldürüb axı. Deməli, qisas almaq boynumun borcudur, başqa söhbət ola da bilməz! Ağlını başına yığ, hisslərinin sözünə baxma!.."

2. Bədəninə bomba bağlayıb məktəbli uşaqlarla dolu avtobusu partlatmaq əmri alan terrorçu qadın, bəlkə də, tapşırığı yerinə yetirmək istəmir. Amma bir küncə çəkilib yaxşı-yaxşı götür-qoy edəndən sonra öz-özünə deyir: "Məntiqlə düşün, axı bir məqsədin, mübarizən var sənin, əgər yolundan, əqidəndən dönsən, lənətlənərsən. Uşaqlar öləcəklər, özün də öləcəksən, amma nə olsun ki, cənnət bizi gözləyir!.."

3. Aktyor olmağı arzulayan mafiya başçısının oğlu gələcəyini qətiyyən atası kimi görmür. Amma öz davamçısını yetişdirməyə çalışan atasının sözləri də ağlından çıxmır: "Adımızı batırmaqmı istəyirsən, rasional ol bir az, bunlar ötəri hisslərdir! Əgər artistliyə həvəsin varsa, lap yaxşı, roldan-rola gir düşmənlərimizi görəndə..."

İnsan bütün fikirləri başından qovub sakitcə düşünməyə çalışsa da, beynində həkk olmuş izlərin hamısını təmizləyə bilməz. Eşitdiyim hekayələri, oxuduğum kitabları, baxdığım filmləri necə yaddaşımdan silim? Yaşadığım hadisələr, qazandığım təcrübələr, təsəvvürümdəki həyat modeli necə yoxa çıxsın? Lap başımdakı səsləri susdursam belə, şüuraltı mənim düşüncələrimə müdaxilə etməyəcəkmi? Düzdür, zəngin dünyagörüşü, dərin bilik və savad hesabına məsələlərə daha geniş perspektivdən baxa bilərik, ancaq saf, xalis ağılla düşünmək mümkün deyil. Hərçənd buna ehtiyac da yoxdur, boş ağıldan, çətin ki, dolu fikir çıxsın.

Adi bir təcrübə aparaq. Elə indicə gözlərinizi yumub tam təsadüfi, spontan şəkildə nəsə də fikirləşin. Ağlınızdan nələr keçdi? Bu fikirlər beyninizə haradan gəldi? Həqiqətənmi təsadüfi idi, yoxsa elə beyninizdəkilərin, yaddaşınızdakıların bir-birinə qarışması nəticəsində ortaya çıxmışdı?

Əgər var qüvvəmlə diqqətimi toplayıb Ağıldan kömək istəsəm, o, mənə öz gücü, biliyi çərçivəsində bir söz deyəcək. Ya tutuquşu kimi ona öyrədilənləri təkrarlayacaq, ya məhdud biliyinin sərhədlərində məntiq yeritməyə çalışacaq, ya da çətinə düşüb məsuliyyəti öz üzərindən atacaq. Nəticədə, sükan hisslərin əlinə keçəcək.

Əlbəttə, bu o demək deyil ki, biz ağılın önəmini heçə endirməliyik. Rasional düşüncə, məntiq həmişə irəlidədir. İstər əxlaqi-mənəvi mühakimələrdə, istərsə də elmi-faktoloji mülahizələrdə. Ağıl hisslər kimi tələskən, impulsiv deyil, eyni zamanda, instinktlərin hökm sürdüyü Daş dövründə yox, sağlam zəkaya söykənən texnologiya əsrində – Silikon dövründə yaşayırıq. Odur ki ağıl ön plana keçib. Daha üstün, etibarlıdır, sadəcə müəyyən çatışmazlıqları var.

İstəklə ağılın toqquşmasında bəzən heç biri üstün gələ bilmir, insan dilemma qarşısında qalıb, belə demək mümkündürsə, koqnitiv dissonans keçirir. Beləliklə, istəyə-ağıla sığmayan cəfəng, absurd hərəkətlər ortaya çıxır. Digər tərəfdən, çox vaxt İstək istəyini həyata keçirmək üçün müəyyən əsaslar tapıb, hekayələr uydurub Ağılın ağlını əlindən alır, onu yoldan çıxarır. Ağlımızın səsinə qulaq asdığımızı zənn etsək də, istəyimizin diktəsi ilə davranırıq.

Ağılın içində İstəyə xidmət göstərən casuslar həmişə tapmaq olar.

Yuxarıda yazılanları ümumiləşdirib belə bir nəticəyə gələ bilərik: nə İstək, nə də Ağıl gözüyumulu inanacağımız bələdçi deyil. Bəs onda nə etməliyik?

Onların hansının səsinə hansı nisbətdə qulaq asmalıyıq?

Qədim zamanlardan bəri bu mövzu bir çox fəlsəfi mübahisələrə yol açsa, elmi araşdırmalara səbəb olsa da, konkret cavab yoxdur. Bununla belə, müəyyən bir ideya irəli sürə bilərik. Məsələn, bizim həm hiss edə, həm də məntiqlə düşünüb üzə çıxara biləcəyimiz belə bir fundamental anlayış var: şübhə! İnsan həm İstəyin, həm də Ağılın dediklərini Şübhənin əliylə yoxlaya, təftiş edə bilər. Əgər həm hisslərimizə, həm də ağlımıza şübhə ilə yanaşmasaq, ya hisslərimiz, ya da ağlımız manipulyasiya ediləcək. Ona görə də üçbucağın bir tərəfində İstək, digər tərəfində Ağıl dayanıbsa, yuxarıda mütləq Şübhə olmalıdır.

# 1858 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #