Kulis.az İlhamə Nasirin “Kəndimə dönəcəm” yazısını təqdim edir.
Açığını deyim, ümidim azalırdı yaşa dolduqca. Atam, anam “torpaq” deyə-deyə dünyadan köçdülər. Mən də onlar kimi köçəcəyimi düşünürdüm.
Təsəvvür edin, insan da müharibəyə sevinərmi? Hansı bacı, hansı ana sevinər? Mən sevindim, oğlumu, qardaşlarımı itirəcəyimdən qorxmadan sevindim. İlahi, torpaq gözünün ağı-qarası bir balandandamı şirin imiş? Candan da şiriniymiş? Yalvarırdım ki, məni aparsınlar döyüşə. Vallah qadın olsam da, döyüşməyi bacarıram. Mən o dağları, dərələri əzbər bilirəm, necə müdafiə olunmağı, necə döyüşməyi bilirəm. Axı o yerlərdə böyüdüm, o yerlərdə alışdım top-tüfəng səslərinə. Heç yaradan, qandan da qorxmuram.
Qubadlı rayonundanam. Müharibə başlayanda uşaq idim. Amma, verdiyim müsahibələrimdə dediyim kimi, nə çox uşaq deyildim ki, dərk edə bilməyim, nə də dərk edə biləcək qədər böyük deyildim. Anamın ətəyindən yapışırdım, ondan bir addım belə kənarlaşa bilmirdim. Qorxudan yarpaq kimi əsirdim hər dəfə gurultudan ev silkələnəndə. Zirzəmiyə girib gizlənəndə qorxudan ağlaya da bilmirdim. Elə bilirdim səsimi eşidib zirzəmiyə də mərmi atarlar. Tez-tez dilim tutulurdu. Bütün oyuncaqlarımı zirzəmidə gizlətmişdim ki, onlara da nəsə olmasın. Heç kimdən soruşa bilmədiyim bir sual vardı içimdə. “Axı, mən nə pis iş görmüşəm ki?” Olanları anlamırdım... Sonra müharibə ilə birlikdə böyüdüm, görə-görə hər şeyi anladım, bərkidim, bəlkə də vəhşiləşdim deyərdim. Daha uşaq kimi nə qandan qorxdum, nə də gurultu səsindən ürkdüm.
Canlı tarixəm, müharibənin hər üzünü məndən soruşsunlar.
Evimiz hündür yerdəydi. Bütün kənd ovuc içi kimi görünürdü. Gecələr atılan mərmilərin hara düşdüyünü ən azı böyüklərimiz kimi təyin edirdim. Hətta, qrad mərmisi ilə top mərmisini də ayırd edə bilirdim. Qorxmurdum, adi bir şey kimi qarşılayırdım. Elə bil atmayanda da darıxırdım. Bütün uşaqlar mənim kimi idi – qorxmaz.
Gecələr cəbhədən maşın-maşın meyit, yaralı daşıyırdılar. Yol evimizin altından keçirdi. Səhər yuxudan duran kimi əlimizə əski alıb qaçardıq yola, maşından asfalta süzülən qanı silərdik ki, mal-heyvan ayaqlamasın.
Sonra rayonumuz işğal olundu. Evlərimiz gözlərimizin önündə dağıldı. Hərə bir tərəfə pərən düşdü. Evsiz-eşiksiz... Hələ üzərimizə daşıya bilmədiyimiz “qaçqın” damğası da vuruldu. Müharibənin acısından, didərginlikdən xəbərsiz bəzi ağzıgöyçəklər uşaqlarını da qaçqınlarla qorxudurdular qulağımız eşidə-eşidə. Bu ermənin atdığı mərmidən daha viranedici, ağrıdıcı olurdu.
25 oktyabrda torpağımın azad olması xəbərini eşitdim. Bəlkə də, Tanrı belə hayqırtımı eşitdi. Sabaha qədər yata bilmədim. Tanrıdan güc-qüvvət istədim ürəyim dayanmasın deyə. Təsəvvür edirsiniz, 27 ildən sonra o torpaqlara yenidən qayıtmaq sevincini? Ali Baş Komandanımıza, ordumuzun bütün əsgər, zabitlərinə dua elədim.
Elə istəyirəm ki, indi bu dəqiqə kəndimizə gedəm və əsgərlərimizin o torpaqda qalan ayaq izlərindən öpəm. Evimizin dağıldığını bilirəm, amma yəqin ki bağımız durur. O da mənə bəsdir. İndi bircə şey istəyirəm Tanrıdan. Mənə o torpağa yenidən qayıtmaq üçün güc, dözüm versin. Çünki, daha əvvəlki kimi möhkəm deyiləm. İndi sevincdən belə ovulub töküləcək qədər kövrəyəm.
Heç kimə müharibə uşağı olmağı, qaçqın damğalı gənclik, yurd həsrətli ömür arzulamıram.