Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır

Atam öləndə mənə "iş" tapan müəllimim - Ayxan Ayvaz yazır
4 avqust 2021
# 10:47

Kulis.az Ayxan Ayvazın "Asan yolla pul qazanmaq istəyirsiniz?" adlı yazısını təqdim edir.

Atamı itirdiyim o qüssəli günlərin birində məktəb müəllimim məni yanına çağırıb gülümsəyərək dedi:

"Sənə asan yolla pul qazandıra bilərəm. İstəmirsən?"

Bilmirəm, sevdiyi adamları itirənlər eyni hisləri yaşayıblarmı, onda mən üstümə qara bulud kimi çökən kədərdən usanmışdım və nə yolla olur-olsun pul qazanıb varlanmaq istəyirdim. Həyatımı dəyişmək üçün risk etməliydim. Ya bank yarmalı, ya kiminsə evinə girib zinət əşyalarını oğurlamalı, ya hansısa deputatın oğlunu qaçırdıb filmlərdəki kimi yüksək məbləğdə pul tələb etməliydim. O gün elə bil müəllimim içimdəki təlatümü duymuş və sanki qızıl balığı əlimə tutuşdurmuşdu.

"Hə, nə deyirsən?"

"Nə işidir ki, müəllim?"

"Nəyinə lazımdır? Sən razılığını ver".

"Oldu".

Müəllimimlə taksiyə minib Neftçilər metrosunun yaxınlığına, ordakı qəribə, gözdən-könüldən uzaq məhəlləyə getdik. Bir anlıq, buranın orqan mafiyası olduğunu və böyrəyimin birinin əldən gedəcəyini düşündüm. Düzü, varlanmaq və üstümdə ağırlıq eləyən qüssədən qurtulmaq üçün böyrəyimi fəda etməyə razıydım. O günləri vahiməli edən o idi ki, elə bil içimdən qorxu hissini yerli-dibli çıxarmışdılar. Mən hətta orqan mafiyası ilə tanış olsam və mənə "küçədən adam tutub gətir, ciyərini çıxart" desəydilər, onu da sevə-sevə edəcəkdim. Gecələr evimizin yaxınlığındakı qəbiristanlıqda gəzəndə əvvəllər qorxduğum şeylər indi mənə sakitləşdirici dərman təsiri buraxırdı. Qaranlıq qatılaşana qədər vahiməli hüzurun içində gəzişir və səhərə yaxın evə qayıdırdım. Heç yerdə işləmir və bütün günü yatır, yuxularımda xoşbəxt olur, o yuxularda varlı həyat yaşayırdım. Həmin günlər qarşıma çıxan və gecənin bir yarısı məndən ürkən (ayrı vaxt olsa altıma batırardım) əcaib görünüşlü kişi üzümə baxanda əsməyə və tez yerindən götürülüb üzüaşağı qaçmağa, arada bir çevrilib mənim gəlib-gəlmədiyimi yoxlamağa başlayanda özümü tanıya bilmirdim. Həkimə də getmişdim, ona demişdim ki, qorxu hissim yoxa çıxıb. Bir neçə dərman yazıb başından əkmişdi məni. Gecələr bədənimi peçə qoşurdular elə bil, alışıb-yanırdı, bir azdan cumculuq suya batırdım. Yerimdən dik atılır, evin içindəki tıqqırtı beynimə sancılır və əynimi geyinib aşağı düşürdüm. O qorxunc günlərin davamında hətta killer olmağı, pulla adam öldürməyi belə düşünmədim desəm, deyərlər özünü peyğəmbər hesab edir.

Müəllimim məni o qəribə yerə aparanda da içimdə həminki anlaşılmazlıq dolaşırdı və mən qarşımda olanlara qatı duman arxasından baxırdım.

"Bu oğlanı gətirmişəm. Mənim sinfimdə oxuyurdu. Ağıllı, savadlıdır. Tez götürəcək".

"Hiss olunur. Gözlərindən bilinir elə. Kəlləli uşağa oxşayır".

Onlar danışanda mən içimdəki qaranlıqla savaşmaqdaydım, gah onu nağıllardakı divə bənzədir, üstünə şığıyır, yerə çaxmaq üçün əlləşir, gah da məni əzib tapdalamağına göz yumurdum.

"200 manatı versin, başlasın". - o döyüş anında bu cümləni dəqiq eşitdiyimi xatırlayıram.

Mən heç yerdə işləmirdim və həmin vaxt 200 manat həyatımda eşitdiyim ən böyük məbləğ kimi səsləndi qulaqlarımda.

"Narahat olma, taparsan. Nədi ki!"

Biz müəllimin evinə gəldik və 200 manatı hardan tapacağım haqda baş sındırmağa başladıq.

"Elə biri yoxdu ki, çıxarıb “srazı” versin?”

Var idi, atamın dostu - dostu deyəndə özünü dost kimi sırıyan biri - yüksək vəzifədə olan bir məmur bu pulu rahatlıqla mənə verər, hələ heç geri də istəməzdi. Sadəcə o mənzərə ürəyimi bulandırırdı: yanına getmişəm, qarşısında boynu-bükük durmuşam, o mənə həyatın çətinliklərindən dəm vurur, mən də başımı sallayıb müticəsinə hər dediyini tutuquşu kimi təkrarlayıram.

Nağıl dili yüyrək olar, nə başınızı ağrıdım, bu adama zəng vurdum və o da şoferi ilə mənə o pulu göndərdi.

"Əla. İndi işə başladın".

"Nə işidir axı? Demədiniz mənə. Heç orda da başa düşmədim".

"Asandı. İki adam tapırsan, vəssalam. Ondan sonra oturduğun yerdə pul qazanacaqsan".

"İki adamı nəyə gətirirəm? Anlamadım".

"Şəbəkədi bu, adam gətirirsən, sənin qolların olur, onlar da adamlar gətirir. Beləcə, hamı qazanır".

Düzü, ayrı vaxt olsa dibinə kimi araşdırar, müəllimin baş-beynini aparana qədər yaxasından əl çəkməzdim. Di gəl, indi içimdə gərgədanların cütləşdiyi vaxt buna həvəsim yox idi.

İki adam tapmaq. Bu qədər bəsit. Deməli, mənim varlı olmağım üçün iki adamın varlığı kifayətdi. İlk başda bu mənə çox asan gəldi. Müəllimin evindən çıxanda ona dedim ki, günü sabah iki adamı gətirəcəm.

Kimə ağız açdım, əlinin tərsi ilə məni geri oturtdu: qardaş-bacıma, qohum-əqrəbaya demədim. Başıma ağıl qoyacaqlarından ehtiyat edirdim. Əsəblərim tarıma çəkiləcək və yorulacaqdım. Dost-tanış da ağız büzdü, inanmadılar və mən tək qaldım. Başqa, tanımadığım adamlara təklif etmək istədim. Bacarmadım. Müəllimim sinif yoldaşlarımı məsləhət gördü. Onlarla da çoxdandır əlaqə saxlamırdım. İkisinə zəng vurdum, dedim guya sizin üçün çox darıxmışam, gəlin çay içək.

Çay süfrəsi pivəylə əvəzləndi, mən onlara varlı olacağımızdan danışdım və bunun 200 manata başa gələcəyini dedim. Əvvəl-əvvəl yalan söhbətdir, başını aldadırlar dedilər. Sonra müəllimimin adını çəkəndə duruxdular.

"Alə, Telman müəllimin olduğu yerdə yalan söhbət ola bilər?"

Telman müəllim məktəb günlərinin ən gözəl xatirəsi idi. Bizə əl tutan, hər çətinliyimizdə yanımızda olan, müəllimdən çox ata kimi saçımızı sığallayan Telman müəllim bizi aldada bilərdimi? Qətiyyən! Ona görə də uşaqların başındakı sualın tamam aradan çıxması üçün onları Telman müəllimgilə apardım. Burda sizin də tez-tez filmlərdən gördüyünüz əttökən duyğusal səhnələr canlandı. Nəhayət, uşaqlar Telman müəllimin də canayaxın izahından sonra işə qoşulmağa razılaşdılar.

Həyatımın ən axmaq gününə xoş gəldiniz! Neftçilər metrosu yaxınlığı və həmin o qəribə məhəllə polislərlə dolmuşdu. Binadan kağızlar, sənədlər çölə səpələnirdi. Sinif yoldaşlarım bu səhnəyə baxıb heyrətlə "oy da, nolub görən" deyibən daha da yaxına getdilər. Polislər hər yeri bitdə-bitdə araşdırır, otaqlara girib çıxır (səslərdən belə qənaətə gəldim) və qabaqlarına kim çıxırdısa qulağından tutub çölə vızıldadırdı. Həyətdə asan yolla varlı olmaq istəyən adamlar kostyumda qalstuklarına düzəliş verə-verə narahat baxışlarla ətraflarına nəzər yetirir və bütün bunların nə demək olduğunu düşünür, aralarında pıçıltıyla danışır, vedrə-vedrə tər tökürdülər.

Telman müəllim elə bu an bir yekəpər polisin itələməsiylə o varlı olmaq istəyən adamların sırasına daxil oldu. Biz - üç sinif yoldaşı Telman müəllimə yaxınlaşmaq, ona nə olduğunu soruşmaq istəsək də, polislər aman vermədi.

Bir azdan adamlara asan yolla pul qazandıran binaya iri qıfılı vurdular, varlı olmaq xülyasında olanları maşınlara basdılar və bayaqdan hay-həşir basmış məhəllə məzar sükutuna büründü. Mən binaya yaxınlaşdım və içəriyə göz gəzdirməyə çalışdım. Pəncərənin o üzündə, hansısa otaq gözümə dəydi: içəridə bir Amerikan dollarının Maykl Cekson kimi rəqs etdiyini görüb uşaqlara göstərdim. Sinif yoldaşlarım orda heç nə görmədiklərini və mənim başdanxarab olduğumu deyib hərəsi bir şillə üzümə vurub (sağ olsunlar, çox insaflıdırlar) məhəlləni tərk etdilər. Mən yenə tək qaldım. Cibimdəki siçanları saymasaq təbii...

# 2611 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #