İsa Muğanna: İşığa doğru uçub getmək

İsa Muğanna: İşığa doğru uçub getmək
8 aprel 2014
# 14:53

İsa Muğanna kim idi?

Əski əsərlərindən imtina edib, ənənəvi nəsrin süjetqurma modelini dağıdan modernist yazıçı, millətin təhrif olunmuş tarixini ezoterik yolla bərpa edən mütəfəkkir filosof, yoxsa bədii formada, obrazların dili ilə bizə yeni inanc sistemi təklif edən təriqət piri-mürşidi, həvari idi ?

Son əsərlərilə ("İdeal","Gur Ün", "Qəbiristan", "İsahəq-Musahəq") nə demək istəyirdi ?

Mütəfəkkir yazıçı oxuculara bu əsərləri yalnız onun göstərdiyi ardıcıllıqda oxumasını tövsiyə edirdi: "İdeal", "Məşhər", "Qəbiristan", "Gur Ün", "İsahəq-Musahəq", "Cəhənnəm".

Axı, hansı yazıçı oxucusuna deyər ki, bu povestimi öncə, o biri romanımı sonda oxu? Bu, artıq təriqət insanının tövsiyəsi, müəllim-mürşid mövqeyi idi.

Bu, artıq yazıçı məfkurəsi deyil, planetar düşüncə refleksiyası idi.

Zatən "Seçilmiş əsərləri "nin I cildində oxuculara müraciətində bu məqsədini gizlətmir:" Əksəriyyəti tamam yeni əsərlər kimi yazılmış bu povestləri və hekayələri altmış - yetmiş yaşlarında müəllifin bir növ ikinci həyatının məhsulu sayın. Üçüncü - altıncı cildlərə daxil edilən əsərləri üçüncü həyatını yaşayan tamam yeni müəllifin əsərləri sayın".

İsa Muğanna ezoterik nitqə başlaması üçün mütləq sənətkar-yazıçı statusundan uzaqlaşmalıydı. Kosmoqonik-sürreal gerçəkliyi yeni statusda görməsi üçün ona şöhrət gətirmiş əvvəlki əsərlərdən imtina etməli idi.

Bəzilərinə yazıçının (İsa Hüseynovdan İsa Muğannaya) bu yaradıcılıq təkamülü sirli göründü, müəyyən sorumlar yaratdı. Buna bənzər hadisə rus klassiklərində (Qoqol, Tolstoy, Soljenitsin) baş vermişdi. Onlar müəyyən yaradıcılıq zirvəsinə çatdıqdan sonra özlərini yazıçı kimi görməkdən imtina etdilər, özlərini "həyat müəllimi" statusunda görürdülər. Xüsusən Qoqolu həmişə bu suallar narahat edirdi: Yazdıqları nəyə lazımdır? Bu povestləri nə üçün yazır? "Ölü canlar"dan sonra bu sual onu rahat buraxmır və nəhayət, "Dostlarla yazışmalardan seçmələr"ini yazır və özünü inamla yeni statusa hazırlayır, möcüzənin baş verməsi üçün “dirigözlü ölümə” gedir.

Rus yazıçılarının bu düşüncə təkamülü ətrafdakılara ( = "rus cəmiyyətinə" ) təbii gəlmədi. Rus cəmiyyəti onların təlimlərini, moizələrini dinləmək istəyində olmadı. İnsafən bu mövqe anlaşılandı da: hansı toplum özünü peyğəmbər elan etmiş insanı sevir?

Rus cəmiyyəti "Ölü canlar ", "Müfəttiş" müəllifini "Yazışmalardan seçmələr..." müəllifindən, "Hərb və sülh" müəllifini "Etiraf" müəllifindən üstün tutdu...

İsa Muğanna da Azərbaycan cəmiyyətində eyni mövqe ilə qarşılaşdı. Bunu vaxtilə xalq yazıçısı Anar da ona ünvanladığı məktubunda ifadə etmişdi: "Çox xahiş edirəm ki, cildlərini nəşrə hazırlayarkən əvvəlki əsərlərinə SafAğ elmi baxımından ODƏR dilində əl gəzdirməsin. Ona görə ki, bu əsərlər bizim gəncliyimizdir. Yeni nəsillərə də yazıldığı şəkildə milli ədəbiyyatımızın əbədi, dəyişməz sərvəti kimi çatdırılmalıdır."

İsa Muğanna bu romanları ilə SafAğ elmini ODƏR dilində dərk etməyə çağırır. Onun inamına görə, təhrif olunmuş adların bərpası millətin qurtuluşunun əsasıdır. Təhrif olunmuş tarix bizim gələcəyimizin təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlirdi ki, keçmişin təhrifləri gələcəyin təhrifi olur. Necə ki, fal kitabında keçmişi gələcək zaman proqramlaşdırır. Yazıçı əsərlərinə fantastik, yarımfantastik başlıqlar versə də, əslində həqiqətin carçısı və müjdəçisi kimi çıxış edir. Ona görə də İsa Muğanna tarixi mövzularda tarixi əsərlər deyil, tale əsərləri yazırdı. Bu romanlar yazılan sözdən nazil olunan sözə keçidin ifadəsi idi.

İsa Muğanna danışılan, deyilən sözü deyil, vəhy olunan sözü eşidir. Qeybdən gələn bu pıçıltılar, ünlər, səslər onda güclü fiziki, ruhsal sarsıntılar da yaradırdı. Bunu özü də etiraf edirdi: "Əlbəttə, hər adamın hünəri deyil belə şeyə dözmək. Pünhanlar var ki, hətta huşlarını itirirlər, ayılanda, adam içinə çıxanda uzun müddət özlərinə gələ bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən. Yoxsa göndərməzdilər məni "("Qəbiristan").

Mənə elə gəlir ki, İsa Muğannanın “üçüncü həyatının” əsərlərini oxumaq üçün onu həm də eşitmək, dinləmək lazımdır. İsa Muğannanın əvvəlki əsərləri "göz"ün yaddaş təzahürüdürsə, bu əsərlər səslərdən, ünlərdən, kainatdan, qeybdən gələn səslərdən "toxunubdur".

Romanların məkanında daim iki səsi-müəllifin və personajların səsini eşidirsən. Roman təhkiyəsinin içində keçən "xatırla", "bil", "yada sal" imperativləri sadəcə yazıçı ritorikası deyil, başqa dünyalardan gələn hökmlərdir.

"Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə dəyişir, ağırlaşır. İnsan vəhşiləşib. Rəhm qalmır, böhtan, şər, şantaj yeyir SafAğları! "

"Qəbiristan" romanında "dinlə" deyə başlaması hardasa Quran imperativlərini ("oxu", "dinlə") xatırladır .Axı qutsal kitabı anlamaq ancaq dinləməklə mümkün olur. Necə ki, Allah - Təala buyurur: "Quran oxunduğu zaman onu dinləyin və susun ki, sizə mərhəmət edilsin " (Əraf surəsi. 7/204)

Əlbəttə, yazıçının əvvəlki əsərlərindən imtina etməsi ədəbi davranış aktından çox, bir inam məsələsidir. İsa Muğanna qəti inanırdı ki, dünya (Azərbaycan) tarixi təhriflər tarixidir. Dünya təhriflər dünyasıdır. Təhriflər dünyasında əvvəlki adla ( İsa Hüseynov) yaşayıb-yaratmaq olmazdı...

İsa Muğannaya görə, dünyanı dəyişdirən təhriflərdir, adların təhrif olunmasıdır. Qoca Şərqin böyük müdriki Konfutsi deyirdi ki, sözlər (adlar) mənasını dəyişəndə insan azadlığını itirir.

Onun qəhrəmanları funksional baxımdan ideoloqlardır (yəni ideya daşıyıcısıdırlar ). İsa Məsih, Seyid Nəsimi, Şeyx Nizami… SafAğ elminə bağlıdırlar: "Nizami SafAğa bağlı idi. Budur Nizaminin böyüklüyü: sözə - ƏsÜzə, Od-Əsə-Dilə-İdeala bağlılıqdadır "("GürÜn").

Onun cismanilikdən azad təxəyyülü fərqli zamanların və obrazların əlaqəsini yaratmağa qadir idi. Qutsal obrazları ( Süleyman peyğəmbər, İsa peyğəmbər, Şeyx Nizami, Seyid Nəsimi, Ağ Seyid, Aşıq Alı...) sürreal ünsiyyət məkanına daxil edirdi. İsa Muğanna "Dilican dərəsində eşitdiyi hadisələrin" kosmik miqyasını verə bilir.

İsa Muğanna inanırdı ki, "Xəmsə"də Nizami Süleymanı (Əs Əlməni) və İsanı (EySarı) vəsf edir."("GürÜn").

Qəribədir: mən də nədənsə həmişə İsa Məsih ilə İsa Muğanna arasında assosiativ əlaqə görmüşəm və buna inanmışam...

İsa Məsih (ə.s.) İsa Muğannanın ən çox sevdiyi obraz, güvəndiyi qutsal ad idi. Bu sevgi "Məşhər"dən, Nəsimidən başlayır. "Məşhər"i yazanda Nəsimi sirrinə o qədər vaqif olmuşdu ki, artıq Nəsimi ilə "vəhdəti-vücud" idi. "Məşhər"dəki Nəsimi İsa Muğannanın özüdür. Nəsimi hürufiliyindən başlayırdı İsa Muğannanın neohürufiliyi!

Onun uca könlünə EySar işığı Nəsimidən keçimişdi. Məhz EySar ona diqtə edir, yazmağa izn verirdi.

Bu əsərlərin strukturu başdan-başa sorğu-sual üstündə qurulur. Bu, ənənəvi roman personajlarının dialoqu deyil, mistik-ezoterik mətnlərdəki dialoqları xatırladır. Kosmoqonik mətnlərdə bu tipli dialoqlar kosmik rəqiblərin söhbətində keçir. Skandinav saqalarında - "Böyük Edda", "Kiçik Edda"nın dialoq strukturu da belədir. Dialoqlar Tanrı divanında, Tanrı dərgahında ruhların məhkəməsini, ruhların sorğu-suala tutulmasını xatırladır.

Personajların dialoqu "daxili nitqin şəxsləndirilmiş modeli kimidir. Daxili nitqin şəxsləndirilmiş modelinə “Fomanın kitabı”nın proloqunda rast gəlirik.

Əsərlərin təhkiyə məsamələrində kommunikativ münasibətlərdə qutsal kitablara xas olan "sürreal - irfani hava" dolaşır. İsa Muğannanın qəhrəmanları, təsadüfi deyil ki, ruhlar aləmi ilə, mistik səslər ilə (saz, tütək, tar, ud, zurna, balaban, sükutun səsi) simvolik əlaqə saxlayır. "Göydən Ün gəlir, mən də təkrar edirəm"- deyirdi İsa Muğanna. İsfəndiyar kişi Axsaq Hacıya sazla könül toxtaqlığı verir ("Saz"), Naxırçı Məsini Cümrünün tütəyi ilə həyata qaytarırlar ("Tütək səsi").

Bu əsərlər kahin mətnləri kimidir: magik səslərin birləşdiyi formullar- adlar, ruhlar səltənəti ilə əlaqə saxlamaq üçündür. Orta əsr qnostikləri kimi, İsa Muğanna SAFAğ elminin sirli sözlərini, mənalarını təkrarlayır, onları tələffüz etməkdən, səsləndirməkdən xoşu gəlirdi.

Ravvinlər iudaizmin mistik mətni Tövratın İlahi qüdrətdən nazil olmasına, tetraqramdan - Allahın dörd adından (YHVH) ibarət olmasına inanan kimi, İsa Muğanna da İsanın "EySar" olmasına inanırdı.

Bu romanların planetar fəlsəfəsini, kosmik stixiyasını göstərən bir detal, motiv də var: işıq gəmiləri ilə başqa planetə uçub getmək.

"Azərbaycan" jurnalında (№6, 2013) çap olunmuş ("İlan dərəsi və peyğəmbərin taleyi") povestinin sonunu belə tamamlayıb: "Padşahlıqnan İncə dərəsinin arasındakı çökəyə göydən günəş parıltılı bir şey gəldi. Musa ağaynan Ağ gəlin mindilər göyə getdilər". Musa ağaynan Ağ gəlinin göydən gələn "günəş parıltılı gəmilər"lə görüşü mənə Musa peyğəmbərin Tur dağındakı görüşünü xatırlatdı.

"İdeal" romanının 2005-ci il nəşrində son cümləsi belədir: "Əlavə xəbər: İşıq gəmilərinin yerə enməsinə lap az qalıb."

"Qəbiristan" romanının sonuna fikir verin: " Bu vaxt heç kəs görmürdü ki, qəbiristanın səmasında Səmi ilə, Midi ilə birgə bir dəstə "ruh" hamısı ƏrAğ yavaş - yavaş buludların arasına doğru uzaqlaşırdı. Və əlbəttə, onların - "ruh"ların hamısı bir neçə saatdan sonra yenidən yaranıb yeni, doğma planetdə, doğma insanlar arasında sevincdən hönkürə-hönkürə qucaqlaşacaqlarını da hələ heç kəs bilmirdi."

İsa Muğanna qutsal şəxsdir, artıq müqəddəsləşmiş, mifləşmiş obrazdır. Yüksək, sakral fikrin əzəlkeşidir, yeni inanc dünyasının yaradıcısıdır. "Muğanna" yazıçı təxəllüsü deyil, maq-kahin-həvari adıdır.

İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərirdi. Özü də işıq gəmisinə minib bu təhrif olunmuş dünyanı tərk edib getdi.

Göylərin mübarək, Böyük Ustad!

# 4518 dəfə oxunub

Müəllifin son yazıları

# # #