Jorj Poltinin 36 dramatik situasiyası

Jorj Polti

Jorj Polti

3 yanvar 2023
# 16:00

Kulis.az Jorj Poltinin məşhur "36 dramatik situasiya"sını təqdim edir.

Dünya ədəbiyyatında məlum olan süjetlərin bir neçə təsnifatı mövcuddur. Bunlardan ən məşhuru Jorj Poltinin “36 dramatruji situasiya”sıdır. Jorj Polti (1867-1946) tibb sahəsində təhsil almağına baxmayaraq ədəbiyyat sahəsində şöhrətlənib. Adı çəkilən əsər onun ən məşhur əsərlərindəndir. Bu tipli təsnifatlar arasında J. Poltinin təsnifatı ən populyarıdır və indiyə qədər mütəxəssislərin diqqətini çəkir. Kinoyazarlar üçün əhəmiyyətini nəzərə alaraq “36 dramaturji situasiya”nı təqdim edirik.


1. YALVARIŞ

Situasiyanın elementləri:

1) Təqibçi

2) Təqib edilən və kömək, sığınacaq, əfv, müdafiə və s. üçün yalvaran

3) kömək göstərmək imkanı olan qüvvə – tərəddüd edən, özünə inanmayan, müdafiə etməyə o dəqiqə qərar verməyən. Yalvardıqca o, daha çox tərəddüd edir və kömək etməyə qərar verə bilmir.

Nümunələr:

1) qaçmaqla canını qurtaran biri kiməsə – onu düşmənlərdən xilas edə biləcək birinə yalvarır;

2) daldalanacaq yer üçün yalvarır ki, orada ölsün;

3) gəmi qəzasına uğramış biri sığınacaq istəyir;

4) hakimiyyət mənsubundan yaxın adamları üçün sığınacaq istəyir;

5) bir qohumundan başqa bir qohumu üçün istəyir və s.

2. XİLAS.

Situasiyanın elementləri:

1) zavallı

2) hədələyən, təqib edən

3) xilaskar

Bu situasiya əvvəlkindən onunla fərqlənir ki, əvvəlkində təqib edilən yalvardığı, tərəddüd edən qüvvənin yanına qaçırdı, burada isə xilaskar gözlənilmədən meydana çıxır və zavallını tərəddüd etməkdən xilas edir.

Nümunələr:

1) “Göy saqqal” haqqında məşhur nağılın düyünü;

2) Ölüm cəzasına məhkum edilmiş birinin və yaxud ölümcül təhlükədə olanın və s. xilası;

3. İZİNƏ DÜŞÜLƏN CINAYƏT.

Situasiyanın elementləri:

1) qisasçı

2) günahkar

3) cinayət.

Nümunələr:

1) qan qisası

2) qısqanclıq zəminində rəqibin, məşuqun, yaxud məşuqənin intiqamı.

4. DOĞMA ADAMDAN BAŞQA BIR DOĞMA ADAMINA VƏ YAXUD DOĞMA ADAMLARINA GÖRƏ QİSAS.

Situasiyanın elementləri:

1) yaxın adamına vurulmuş zərər, inciklik, öz yaxınlarına görə onların qurban edilməsi haqqında canlı yaddaş,
2) qisas alan qohum

3) bu vəziyyətə səbəb, günahkar olan qohum.

Nümunələr:

1) atadan anaya görə, yaxud anadan ataya görə qisas almaq;

2) öz oğluna görə qardaşlardan intiqam almaq;

3) atadan ərinə görə;

4) ərdən oğula görə intiqam almaq.

Klassik nümunə: Hamletin öldürülmüş atasına görə atalığından və anasından intiqam alması.

5. TƏQİB EDİLƏN.

Situasiyanın elementləri:

1) Törədilmiş cinayət və ya faciəli səhv və gözlənilən cəza

2) Cinayət və ya səhv üçün verilən cəzadan yayınmaq.

Nümunələr:

1) Siyasətə görə hakimiyyət tərəfindən təqib edilən (məsələn, Şillerin «Qaçaqlar» əsəri, «Yeraltında inqilab müharibəsinin tarixi»);

2) Qaçaqlığa görə təqib edilən (detektiv əhvalatlar);

3) Məhəbbətdə səhv etdiyinə görə təqib edilən (Molyerin «Don Juan»ı, aliment əhvalatları);

4) Güc üstünlüyünə görə təqib edilən (Esxilin «Zəncirlənmiş Promotey»i və s.)

6. QƏFİL BƏDBƏXTLİK.

Situasiyanın elementləri:

1) Şəxsən peyda olan qalib-düşmən; və yaxud məğlubiyyət, uğursuzluq və s. barədə xəbər gətirən qasid

2) Qalib tərəfindən devrilmiş və ya xəbərdən sarsılmış hakim, nüfuzlu bankir, sənaye kralı və s.

Nümunələr:

1) Napoleonun süqutu;

2) Zolyanın «Pul»u;

3) Alfons Dodenin «Tartarenin sonu» və s.

7. QURBAN (kiminsə bir adamın (və ya adamların qurbanı) və yaxud hansısa vəziyyətin, bədbəxtliyin qurbanı).

Situasiyanın elementləri:

1) Birinin taleyinə, bədbəxt olmasına və ya əsarətinə təsir göstərə bilən adam

2) Başqa adamın və ya bədbəxtliyin qurbanı olan zəif.

Nümunələr:

1) Qayğı göstərməli və müdafiə etməli olan tərəfindən istismar və talan edilən;

2) Əvvəllər sevimli və yaxın olmuşkən indi unudulduğuna inanan;

3) Bütün ümidini və s. itirən bədbəxt.

8. ÜSYAN, İĞTİŞAŞ, QİYAM.

Situasiyanın elementləri:

1) Tiran,

2) Sui-qəsdçi.

Nümunələr:

1) Birinin sui-qəsdi (Şillerin «Fieskonun qəsdi»);

2) Bir neçə nəfərin sui-qəsdi;

3) Bir nəfərin qiyamı (Höte, «Eqmond»)

4) Çoxunun qiyamı (Şillerin «Vilhelm Tell»i, Zolyanın «Jerminal»).

9. CÜRƏTLİ TƏŞƏBBÜS.

Situasiyanın elementləri:

1) Cəsarət edən

2) Cəsarət edənin cəsarət göstərdiyi tərəf (obyekt)

3) Antaqonist

Nümunələr:

1) Obyektin oğurlanması (Esxil, «Od oğurlayan Prometey»);

2) Təhlükə və macəralarla bağlılığı olan müəssisə (Jül Vernin romanları və ümumiyyətlə macəra süjetləri);

3) Sevimli qadını və s. əldə etmək arzusu ilə bağlılığı olan təhlükəli müəssisə.

10. OĞURLANMA.

Situasiyanın elementləri:

1) Oğurlayan

2) Oğurlanan, qaçırılan

3) Oğurlanan və ya qaçırılanı mühafizə edən və oğurluğa mane olan, yaxud oğurluğa müqavimət göstərən.

Nümunələr:

1) Qadının razılığı olmadan onu qaçırmaq;

2) Qadını öz razılığı ilə qaçırmaq;

3) Dostunu, yoldaşını əsirlikdən, həbsxanadan və s. qaçırmaq;

4) Uşağın qaçırılması.

11. SİRR (bir tərəfdən sirrin, tapmacanın verilməsi, digər tərəfdən sorğu-sual, sirri açmağa meyl).

Situasiyanın elementləri:

1) Nəyisə gizlədən, tapmacanı, sirri verən

2) Sirri, tapmacanı açmağa, nə isə öyrənməyə cəhd edən

3) Müəmmanın və ya sirrin predmeti.

Nümunələr:

1) Ölüm qorxusu olan hansısa adamı və ya predmeti tapmaq lazımdır;

2) İtənləri, azanları axtarmaq;

3) Ölüm qorxusu altında müəmmanı, sirri, tapmacanı açmaq (Edip və Sfinks);

4) Adamın gizləmək istədiyi şeyi hiyləgərliklə açmağa vadar etmək (ad, cins, ruhi vəziyyət və s.).

12. NƏYİNSƏ ƏLDƏ OLUNMASI.

Situasiyanın elementləri:

1) Nəyisə əldə etməyə can atan

2) Nəyinsə əldə olunması üçün razılığı və köməyi lazım olan, razılaşan və ya imtina edən vasitəçi

3) Üçüncü də ola bilər – nəyisə əldə etməyə mane olan tərəf.

Nümunələr:

1) Sahibkardan əşya və yaxud başqa həyati vacib olan şey, nikaha razılıq, vəzifə pul və s. hiylə və yaxud güclə əldə etməyə cəhd etmək;

2) Bəlağətli danışıqla nəyisə almağa, əldə etməyə çalışmaq (əşyanın sahibinə və ya hakimə, arbitra birbaşa müraciət);

13. YAXINLARA NİFRƏT.

Situasiyanın elementləri:

1) Nifrət edən

2) Nifrət olunan, nifrətin səbəbləri.

Nümunələr:

1) Doğmalar (məsələn, qardaşlar arasında) arasında nifrət və ya paxıllıq;

2) Təxmin edilən maddi gəlirə görə yaxın adamlar (məsələn ataya nifrət edən oğul) arasında nifrət;

3) Baldızın gələcək gəlinə nifrəti;

4) Qaynananın kürəkənə nifrəti;

5) Ögey ananın qızlığına nifrəti və s.

14. YAXINLAR ARASINDA RƏQABƏT

Situasiyanın elementləri:

1) Yaxınlardan biri – üstün tutulan

2) O biri, atılmış və ya sayılmayan

3) Rəqabətin predmeti (əvvəldə üstün tutulan, sonra atılmış, sayılmayan ola bilər və ya əksinə).

Nümunələr:

1) Qardaşların rəqabəti (Mopassanın «Pyer və Jan» əsərində);

2) Bacıların rəqabəti;

3) Ata və oğulun rəqabəti – qadın uğrunda;

4) Ana ilə qızın rəqabəti;

5) Dostların rəqabəti («İki veronalı» Şekspir).

15. QƏTLƏ GƏTİRİB ÇIXARAN ƏR-ARVADIN SƏDAQƏTSİZLİYİ (Zina, ər-arvad xəyanəti)

Situasiyanın elementləri:

1) Ailə sədaqətini pozan ər və ya arvad,

2) Aldadılan tərəf – ər və ya arvad

3) Ailə sədaqətinin pozulması (yəni, üçüncü biri – məşuq və ya məşuqə).

Nümunələr:

1) Ərini öldürmək və ya məşuqunu buna vadar etmək (Leskovun «Mtsen uyezdinin ledi Maqbeti», Zolyanın «Tereza Raken», Tolstoyun «Qaranlığın hökmü» əsəri);

2) Sirrini etibar etdiyin məşuqu öldürmək («Samson və Dalila»);

16. DƏLİLİK.

Situasiyanın elementləri:

1) Ağlını itirən

2) Ağlını itirən adamın qurbanı

3) Dəlilik üçün real və ya xəyali bəhanə.

Nümunələr:

1) Ağlını itirərək öz məşuqunu, uşağını öldürmək (Qonkurun «Fahişə Eliza» sı);

2) Ağlını itirərək özünün və yaxud başqasının işini, sənət əsərini yandırmaq, məhv etmək;

3) Sərxoş vəziyyətdə sirri açmaq və ya cinayət etmək;

17. DƏHŞƏTLİ EHTİYATSIZLIQ.

Situasiyanın elementləri:

1) Ehtiyatsız

2) Ehtiyatsızlığın qurbanı və ya itirilmiş predmet

3) Ehtiyatsızlıq barədə xəbərdarlıq edən xeyirxah məsləhətçi

4) Təhrikçi.

Nümunələr:

1) Ehtiyatsızlıq və ya sadəlövhlük üzündən öz bədbəxtliyinə və rüsvaylığına səbəb olmaq (Zolya «Pullar»);

2) Ehtiyatsızlıq və ya sadəlövhlük üzündən başqasının və ya yaxın adamının ölümünə səbəb olmaq (Bibliyadan Həvva).

18. İSTƏMƏDƏN (xəbərsizlik üzündən) SEVGİ CİNAYƏTİ

Situsiyanın elementləri:

1) Məşuq (ər)

2) Məşuqə (arvad)

3) Mövcud əxlaqa və qanuna görə, sevgi münasibətlərini yolverilməz edən doğmalıqlarını bilmələri.

Nümunələr:

1) Öz ananla evli olduğunu bilmək (Volterin, Esxilin, Sofoklun, Kornelin «Edip» əsəri);

2) Məşuqənin öz bacın olduğunu bilmək (Şillerin «Messin gəlini»);

3) Çox banal bir hadisə: məşuqənin ərdə olduğun bilmək.

19. YAXIN ADAMININ İSTƏMƏDƏN (xəbərsizlik üzündən) ÖLDÜRÜLMƏSI.

Situasiyanın elementləri:

1) Qatil.

2) Naməlum qurban

3) Tanınma, aşkara çıxma.

Nümunələr:

1) İstəmədən qızının qətlinə onun məşuquna nifrətə görə səbəb olmaq (əsasında «Riqoletto» operasının yazıldığı Hüqonun «Kral şənlənir» əsəri);

2) Atanı tanımadan öldürmək (Turgenevin «Müftəxor» əsəri. Burada qətl hədə ilə əvəzlənib).

20. İDEAL UĞRUNDA ÖZÜNÜ QURBAN VERMƏ.

Situasiyanın elementləri:

1) Özünü qurban verən qəhrəman

2) İdeal (söz, vəzifə, inam, etiqad və s.)

3) Verilən qurban.

Nümunələr:

1) Vəzifəyə görə öz firavanlığını qurban vermək (Tolstoyun «Dirilmə»si)

2) İnam, etiqad yolunda öz həyatını qurban vermək…

21. YAXINLARINA GÖRƏ ÖZÜNÜ QURBAN VERMƏK.

Situasiyanın elementləri:

1) Özünü qurban verən qəhrəman

2) Qəhrəmanın, uğrunda özünü qurban verdiyi yaxın adam

3) Qəhrəmanın qurban verdiyi şey.

Nümunələr:

1) Öz uğur və şöhrətpərəstliyini yaxın adamın yolunda qurban etmək (Qonkurun «Zemqano qardaşları» əsəri);

2) Öz məhəbbətini uşağının, doğma adamının yolunda qurban vermək;

3) Öz ismətini yaxın və sevdiyin adamın uğrunda qurban vermək (Sordunun «Qüssə» əsəri);

4) Doğma və sevdiyinin həyatı uğrunda öz həyatını qurban vermək və s.

22. EHTİRAS UĞRUNDA HƏR ŞEYİ QURBAN VERMƏK.

Situasiyanın elementləri:

1) Aşiq olmuş

2) Çılğın ehtirasın predmeti

3) Qurban verilən şey.

Nümunələr:

1) Dini paklığı pozan ehtiras (Zolya «Abbat Murenin səhvi»);

2) Hakimiyyəti dağıdan ehtiras (Şekspirin «Antoni və Kleopatra» əsəri);

3) Həyatı bahasına söndürülən ehtiras (Puşkinin «Misir gecələri»), yalnız qadının kişiyə, kişinin qadına olan ehtirası yox, həmçinin adamın kart oyununa, şəraba, at yarışına olan ehtirası.

23. YAXIN ADAMINI QAÇILMAZ, LABÜD QÜVVƏ QARŞISINDA QURBAN VERMƏK:

Situasiyanın elementləri

1 Yaxın adamını quban verən qəhrəman

2) Qurban verilən yaxın adam.

Nümunələr:

1) Qızını ictimai maraqlar yolunda qurban vermək zərurəti (Esxilin və Sofoklun «İfigeniya» əsəri, Evripidin və Rasinin «İfigeniya Tavriddə» əsəri);

2) Yaxınlarını və ya tərəfdarlarını öz etiqadı uğrunda qurban vermək (Hüqonun «93-cü il» əsəri) və s.

24. QEYRİ-BƏRABƏRLƏRIN RƏQABƏTİ (həmçinin bərabərlərin rəqabəti)

Situasiyanın elementləri:

1) Bir rəqib (qeyri –bərabər rəqabət halında daha zəif)

2) O biri rəqib (daha güclü)

3) Rəqabətin predmeti.

Nümunələr:

1) Qalibin və onun əsirlərinin rəqabəti (Şillerin «Mariya Stüart»ı);

2) Kasıb və varlının rəqabəti;

3) Sevilən adamın və sevmək hüququ olmayan adamın rəqabəti (V.Hüqo «Esmiralda») və s.

25. ZİNA, ƏR-ARVAD SƏDAQƏTSİZLİYİ

Situasiyanın elementləri:

Qətlə gətirib çıxaran, zina halında olduğu kimi, özbaşına yaranmış situasiyaya səbəb olan zina halını saymasaq, Polti buna oğurluq, satqınlıq kimi baxır və üç vəziyyəti qeyd edir:

1) Məşuq (məşuqə) daha cazibədardır, nəinki aldadılmış ər (arvad)

2) Məşuq aldadılmış ər (arvaddan) daha az cazibədardır

3) Aldadılmış ər (arvad) qisas alır.

Nümunələr:

(Tolstoyun «Kreyser sonatası»).

26. SEVGİ CİNAYƏTİ

Situasiyanın elementi:

1) Aşiq

2) Sevilən.

Nümunələr:

1) Qızının ərinə vurulan qadın (Rasin və Sofoklun «Fedra»sı, Evripid və Senekanın «Ippolit»i), Doktor Paskalın qanlı ehtirası

27. YAXIN VƏ SEVİMLİ ADAMININ NAMUSSUZLUĞUNDAN XƏBƏRTUTMA (bəzən xəbərdar olanın yaxın adamı haqda hökm və ya cəza verməyi ilə əlaqədar olur).

Situasiyanın elementləri:

1) Xəbərdar olan

2) Günahkar sevimli, yaxın adam

3) Günah.

Nümunələr:

1) Öz aşnasının, bacısının, qızının, arvadının namussuzluğundan xəbər tutmaq;

2) Oğlunun ya da qardaşının vətən xaini olduğunu bilmək və cəza verməyə məcbur olmaq.

28. SEVGİYƏ MANEƏ.

Situasiyanın elementləri:

1) Məşuq

2) Məşuqə

3) Maneə

Nümunələr:

1) Sosial və ya əmlak bərabərsizliyi üzündən pozulan nikah;

2) Düşmənlər və ya təsadüfi vəziyyətlər üzündən pozulan nikah;

3) Hər iki tərəfin valideynlərinin ədavəti üzündən pozulan nikah;

4) Aşiqlərin xarakter uyğunsuzluğu üzündən pozulan nikah və s.

29. DÜŞMƏNƏ MƏHƏBBƏT.

Situasiyanın elementləri:

1) Sevgi oyadan düşmən

2) Sevən düşmən

3) Sevdiyini düşmən edən səbəb.

Nümunələr:

1) Sevdiyi adam onun mənsub olduğu partiyaya qarşıdır;

2) Sevdiyi adam onun atasının, ərinin və ya qohumunun qatilidir («Romeo və Cülyetta) və s.

30. ŞÖHRƏTPƏRƏSTLİK VƏ MƏNSƏBPƏRƏSTLİK.

Situasiyanın elementləri:

2) Onun arzuladığı şey

1) Şöhrətpərəst

3) Əleyhdar və ya rəqib.

Nümunələr:

1) Cinayətə gətirib çıxaran şöhrətpərəstlik və tamahkarlıq (Şekspirin «Maqbet» və «III Riçard» əsəri, Zolyanın «Ruqonların karyerası» və «Yer» əsəri)

2) Qiyama gətirib çıxaran şöhrətpərəstlik

3) Yaxın adamının, qohumunun tərəfdarlarının müqavimət göstərdiyi şöhrətpərəstlik və s.

31. ALLAHA QARŞI ÇIXMA (allaha qarşı mübarizə).

Situasiyanın elementləri:

1) İnsan

2) Allah

3) Mübarizə üçün səbəb və ya predmet.

Nümunələr:

1) Allahla mübarizə, onunla mübahisə, çəkişmə;

2) Allaha inananlarla mübarizə (dönük Yulian) və s.

32. ŞÜURSUZ QISQANCLIQ, PAXILLIQ.

Situasiyanın elementləri:

1) Qısqanc, paxıl

2) Onun qısqanclığının və paxıllığının səbəbi, predmeti

3) Təxmin edilən rəqib, namizəd

4) Yanılma üçün səbəb və onun günahkarı (satqın).

Nümunələr:

1) Qısqanclıq, nifrət edən satqın tərəfindən oyadılıb («Otello»),

2) Satqın öz mənfəəti və qısqanclığı üzündən hərəkət edir (Şillerin «Məkr və məhəbbət» əsəri).

33. MƏHKƏMƏ SƏHVİ.

Situsiyanın elementləri:

1) Səhv edən

2) Səhvin qurbanı

3) Səhvin predmeti

4) Əsl cinayətkar.

Nümunələr:

1) Məhkəmə səhvi düşmən tərəfindən provokasiya edilib (Zolyanın «Parisin bətni» əsəri);

2) Məhkəmə səhvi qurbanın qardaşı, yaxın adamı tərəfindən provokasiya edilib (Şillerin «Qaçaqlar» əsəri) və s.

34. VİCDAN ƏZABI.

Situasiyanın elementləri:

1) Təqsirkar

2) Təqsirkarın qurbanı (və ya onun səhvi)

3) Günahkarı axtaran, onu ifşa etməyə çalışan.

Nümunələr:

1) Qatilin vicdan əzabı («Cinayət və cəza»);

2) Məhəbbət səhvləri üzündən vicdan əzabı (Zolyanın «Madlen» əsəri) və s.

35. İTƏN VƏ TAPILAN.

Situasiyanın elementləri:

1) İtən

2) Tapılan

3) Tapan.

Nümunələr:

(«Kapitan Qrantın uşaqları») və s.

36. YAXIN ADAMLARIN İTKİSİ.

Situasiyanın elementləri:

1) Həlak olmuş yaxın adam

2) Yaxın adamını itirmiş adam

3) Yaxın adamın ölümündə təqsirli olan.

Nümunələr:

1) Nəsə etməkdə (yaxınlarını xilas etməkdə) gücsüz olan – onların həlak olmasının şahidi olan;

2) Peşəkar sirlə bağlı olaraq (həkim andı) o yaxınlarının bədbəxtliyini görür;

3) Yaxın adamının ölümünü hiss etmək;
4) Müttəfiqinin ölümündən xəbər tutmaq;
5) Sevimli adamının ölümündən məyus olaraq həyata marağını itirmək və s.

Tərcümə: Aliyə Dadaşova

“Fokus” Analitik kino jurnalı №01 (06) 16 mart 2010

# 2495 dəfə oxunub

Müəllifin son yazıları

# # #