Dünya ilə oynayan iki qadın

Dünya ilə oynayan iki qadın
3 iyul 2020
# 12:07

Kulis.az Mehman Qaraxanoğlunun "Dekabr qızı ilə əylənən dünya" essesini təqdim edir.

Şərif Ağ üçün...

Ədəbiyyatın “idarə olunan yuxu” olduğunu söyləyir Borxes. Zənnimcə, haqlıdır. Bəs “idarə olunmayan yuxu” desək, nə baş verər? Bilirəm ki, məni də haqlı çıxaranlar tapılacaq. Hər iki fikrin üstündən qara xətt çəkib ortaya alternativ variantlar qoyanlar da olacaq! Onlar da haqlı olduğunu zənn edəcəklər...

Deyəsən, ona görə yazırıq ki, məhz bizim haqlı olduğumuzu söyləsinlər. Bütün mücadilələr bunun üçündür! Amma unuduruq ki, nə real, nə də irreal aləmdə haqq deyilən bir şey yoxdu. Amma incəsənət də ona görə mövcuddur ki, bizi cidd-cəhdlə ovsunlayıb, haqqın var olduğuna inandırsın! Bəlkə də Füzuli Yer üzündə yeganə sənətkardır ki, düz oxucunun gözünün içinə baxıb həqiqəti hayqırır:

“Aldanma ki, şair sözü, əlbəttə, yalandır.”

Tarkovski isə başqa cür düşünürdü: “İncəsənətin əsas məqsədi insanı ölümə hazırlamaqdı”. Əslində, Tarkovski “tərs” bucaqdan Füzulini təsdiqləyir: Məhz aldananları incəsənət ölümə hazırlaya bilər, aldanmayanları çətin...

Açığı, özümü aldanmışların sırasında görürəm. Çünki “şair sözü” həmişə aldadıb məni. Bu arada nüfuzlu Kulis.az saytının, daha dəqiq desək, Şərif Ağın paylaşdığı iki hekayə - Nobelçi Nəcib Məhfuzun “Güllələnən xəyallar” (Orijinaldan tərcümə Mahir Həmidovundur) və monqol yazıçısı Davaadorj Enxboldbaatarın “Dekabr qızı” hekayəsi də (Orijinaldan tərcümə Elvin Abbasbəylinindir) məni incəsənətin möhtəşəm yalanına (qarşısında “estetik” də yazmaq olar) inandırmaq üçün hansı “oyun”lardan çıxması gözümün önündən çəkilmir...

***

“Yazmaqla ürəyi istəyən qədər məşğul ola bilməyən” Nəcib Məhfuzun (1911-2006) “Uşaqların cənnəti” hekayəsini oxuyarkən öz-özümə mızıldanmışdım: Adi dialoqlara bu qədər sürreal, gizli işarələri necə yükləmək olar?! Yadınıza düşürsə, hekayə balaca qızcığazın atası ilə dialoqu üzərində qurulub. Görünür, ədəbi xəstəlik səviyyəsində olan stereotiplərdən tam qurtula bilməmişəm; dialoq niyə “adi” olmalıydı ki?! Bizim kainatla başlıca kontaktımız dialoqlarla baş vermirmi?! Niyə bizdə dialoqlar, sadəcə, personajı “danışdırmaq” vasitəsidir? Niyə qarşısındakından nəyisə öyrənməyə yönəlik riyakar və bəsit bir oyunbazlıq modelinə çevrilməlidir? Niyə dialoqlar mətni “doldurmağa” fokuslanmalıdır?!

Xüsusən, filmlərimizdəki dialoqları eşidəndə adamım əti tökülür. Seriallar isə lap gül vururlar. Sizə sadə bir eksperiment təklif edirəm: Filmlərimizi əcnəbi filmlərdən ayırmaq üçün uzaqdan eşidəcəyimiz dialoqlar da kifayət edə bilər. Gedin, beş ev o tərəfdə durun, personajların dialoqlarını dinləyin, sizi yüz faiz əmin edirəm ki, hansının bizim film olduğunu ilk qısa dialoqdan sonra atüstü biləcəksiniz. Hətta dialoqlar filmin necə qurtaracağı haqqında informasiyanı da sizə ötürəcək. Xüsusən, tarixi filmlərimiz lap pis gündədir...

Hekayələrimizin çoxu da eyni aqibəti yaşayır...

Amma sözügedən hekayədə dialoqlar sanki əvvəl iki, sonra üç, dörd, beş, altı... on adama çevrilib hərəkət edir, adamın üstünə gəlirlər. Adam bilmir ki, hansının yaxasından tutub desin ki, nə baş verir?! Zənnimcə, müəllif də bu “şərti, simvolik adamlar”ın hara istiqamətləndiyini qabaqcadan müəyyən edə bilmir.

Xatırladıram: Nəcib Məhfuz 1988-ci ildə Nobeli məhz “bəşəriyyətin ümumi dəyərinə çevrilmiş ərəb təhkiyə sənətini yaratmış, gah şəffaf realistik, gah mübhəm çoxmənalı işarələrlə dolu əsərlərinə görə” almışdır.

***

“Mübhəm çoxmənalı işarələr...”. Yox, bunları yalnız intellektinə arxayın olub, süni şəkildə ədəbiyyata transfer etmək qeyri-mümkündür. Amma razılaşın ki, həm poeziyada, həm də nəsrdə yetərincə imitasiya ilə məşğul olanlarımız vardır. Sözügedən işarələri sənə həyatın özü göstərməlidir. Həm də görünə-görünə özünü də mübhəm bir tülə bürüyəcək onlar. Məhz həyatın içərisində olan adam həmin işarələrlə “dialoq” qura bilər. Əks halda, onlar suya qarışıb həll olunmayan yağ ləkələri kimi suyun üzündə qalacaq.

“Güllələnən xəyallar” hekayəsini eyni vaxtda yüz oxucu oxusa, yüzü də fərqli fikirlər söyləyəcək.

Niyə? Çünki hekayə öz daxilindəki işığı lapdan yandırıb “söndürür”:

  1. Çahşa hər gün “müştəri ovuna” çıxan minlərdən, milyonlardan biridir.
  2. Hekayə israrla pıçıldayır: Özünü heç zaman başqası ilə müqayisə etmə. Yəni, öz taleyini zorla başqasının taleyinə pərçimləmə! Çahşalar Qurrlar ola bilməz!
  3. “Onda səliqəli geyinər, varlıların yediyindən yeyərdi…”. Faciə buradan başlanır. Arzulama! Əlində olanlara şükür et!
  4. Qadın həmişə fəlakətlərin episentri olub və olaraq da qalır. Nəbəviyyə də onlardan biridir.
  5. Öz xəyallarını gerçəkləşdirmək üçün başqalarının xəyallarını güllələmə! Burada təkcə Çahşanın yox, həm də əsirlərin xəyalları güllələnir. Öz qəddar arzularımıza çatmaq üçün, görün, nə qədər arzuları güllələyir, yerlə-yeksan edirik.
  6. Ticarət bir Şərqli təfəkküründə yalnız halala dayanmalıdır. Çahşa pozur bu mizanı!
  7. Ən qatı oğru belə şalvarı aparmır. Amma vəhşi arzu Çahşanın gözünü elə tutub ki, buna da gedir.
  8. İnsanın xarakterindəki bütün qəddarlıqlar qəfil situasiyalarda üzə çıxır. Dostoyevski bu istiqamətdə dahilər dahisidir. Əgər gələn qatar əvvəlkilərə bənzəsəydi, bu hadisə baş verməzdi. Bu, Çahşanın görmədiyi, öyrəşmədiyi sərnişinləri gətirib!
  9. Bizi təkcə Çahşanın cansız bədəni deyil, həm də məchul soyuqluğa gedən kitelsiz, şalvarsız sərnişinlər yandırır...

***

Hekayənin adı da maraq doğurur. Çox realistik və həm də metoforik bir addır. Bir az da banallıq doğurur. Amma yazıçı bilərəkdən öz mübhəm mətninə belə “primitiv” bir ad – aldadıcı qapaq seçir ki, onun ağzına kip oturmasın, oxucu onu rahat qaldırıb içəri boylana bilsin...

***

“Dünyanın mətn” olması fikrini hamı qəbul edir. Sual olunur: Dünya necə mətndir? Cavab sadədir: Çoxüzlü, çoxqatlı, çoxlaylı bir mətn... Çağdaş hekayələrimizin çoxu müəllifin öz beynində tutduğu bir lay, uzağı, uki lay üzərində qurulur. Yox, biz mətn üçərisində paralel mətni və ya onlar arasındakı əlaqəni – intertekstuallığı deyil, məhz əhvalatın çoxüzlülüyünü nəzərdə tuturuq. Çoxüzlü mətnlər tədricən sadə strukturdan mürəkkəbə adlayır. Həndəsi kristallar kimi. Onlar təbiətdə ən real çoxüzlülərdir...

“Güllələnən xəyallar” və “Dekabr qızı” hekayələrində cəmi bircə əhvalat nəql olunur. Amma həmin əhvalat (süjet) irəliləyə-irəliləyə ideyanın çoxspektrli olmasına zəmin yaradır. Məlum olur ki, yazıçı bu sadə əhvalata bir gözlük deyil, fərqli, bir-birinə bənzəməyən çoxlu simvolik gözlüklər yerləşdirib.

Bir anlıq düşünək ki, hər gün açıb içəri keçdiyimiz və arxamızca örtdüyümüz qapının bir deyil, bir neçə gözlüyü var. Doğrudur, otağın içi həmən-həmən olacaq. Amma hər bir gözlük onu başqa bir biçimdə göstərəcək...

Bu həm də bir oyun illüziyası yaradacaq...

***

Monqol yazıçısının “Dekabr qızı” ilə “Güllələnən xəyallar”ı bir dekabr soyuqluğu birləşdirir. Hər iki hekayəyə qandonduran soyuq bir ruh hakimdir.

İyirmi üçüncü mərtəbəyə qalxan balaca oğlan liftdə təsadüfən “şəhərin bütün kişilərinin sevgi nə nəvaziş simvolu olan” Dekabr qızı ilə rastlaşanda heyranlığından özünü itirir. Qızın liftə girməkdə əsas məqsədi qalxıb enmək, yəni, oynamaqdı. “Belə oynamağı sevirəm” deyir. Qəzetin bütün dekabr saylarında şəkilləri çıxan və çox “dəbdəbəli həyat sürən” qızı, əslində, hamı tanıyır. Həhayət, qırmızı düyməni basmaqla lifti on səkkizinci mərtəbə ilə on doqquzuncu mərtəbə arasında saxlayan “şıltaq” qız liftin şəffaf şüşəsindən əl içi kimi görünən şəhərlə oğlanı tanış edir. Nə az, nə çox, üç yüz altmış doqquz illik yaşı olan dar ağacının yerləşdiyi istiqaməti göstərib deyir: “Bax! Orada! O, şəhərimizin qururudur”. Məhz həmin dar ağacına görə xarici qəzetlər bu yeri “mədəniiyət şəhəri”, şəhərin iyirmi ikinci meri isə “qürur mənbəyi” adlandırır.

***

Hekayədəki Ezop dili açıq-aşkar seçilir. Anarın “Yaxşı padşahın nağılı”ndakı tanış dil… Görünür, total basqı və qadağalar monqol yazıçısını bu dildə danışmağa vadar edir. Amma məsələ orasındadır ki, hadisə və detalların son dərəcə dəqiq və realistik təsvirləri diskursun zahirən aram, daxilən kəskin nevrotik tonunu bizə “unutdurur”. Hər şeyin rahat sonuclanacağını düşünürük. “Güllələnən xəyallar”da da bu hissi yaşayırıq. Birincidə açılan qəfil güllə, ikincidə isə “qürur mənbəyi” olan dar ağacı hər şeyə son qoyur.

***

“Şəkillərdəki pozalarınız doğurdan da gözlənilməz dərəcədə təəccüblüdür” deyə oğlan əlavə etdi. “Bir evin damından şəhərin merinə silah tuşladığınız şəkli xatırlayırsınız? Digər şəkildə taksi sürücüsünü şillələdiyinizi, bir başqa şəkildə isə tualetdə qusduğunuzu xatırlayırsınız? Şəkilləriniz çox gözəldir. Bir şəkil də var. Orada siz bir neçə zəngin adamın ayaqlarının arası ilə sürünürsünüz. Donuzların arasında yatdığınız şəkli heç demirəm! Doğrusu, onu görəndə tüklərim biz-biz olmuşdu.” deyə oğlan bir az utanaraq etiraf etdi”.

Bunlar əslində bizim yaşadığımız qəddar dünyanın pozalarıdır. Hekayədə iki sivilizasiya qarşı-qarşıya qoyulub. Dar ağacından başqa öyünməyə bir şeyi olmayan yaşlanmış qoca sivilizasiya, bir də sürətli urbanizasiyadan başını itirmiş və insanın ağlına, ruhuna hakim kəsilmək istəyən qəddar texnogen sivilizasiya. Amma “qarşı-qarşı qoyulub” fikri də yanlışdır. Qoca dar ağacı ilə bu murdar pozalar arasında minillik, milyonillik bağlar mövcuddur. Onlar öz ölməzliyini bərqərar etmək üçün bir-birinə qurban verib qurban alırlar...

***

Dərginin son sayı üçün hələ poza tapa bilməyən “Dekabr qızı”, sən demə, liftdə son oynunu oynayırmış. (Çahşa da əsirlərlə öz oyununu “oynayır”) Sabah-sabah dərginin son sayını alan oğlan şəhərin “qürur mənbəyi” olan dar ağacından asılmış Dekabr qızının şəklini gördükdə əsl həqiqət ona bəlli olur: Bu, qızın son pozası imiş...

Liftdə qalxıb enən qızın son pozası... O, Mövluddan bir mərtəbə də “yuxarı” - on səkkizinci mərtəbədən özün atıb intihar da edə bilərdi. Amma palıddan qayırılmış üç yüz altmış doqquz yaşlı “qürur mənbəyi” onu belə addım atmağa qoymur...

Mənə görə, hekayədəki ən qəddar cümlə budur: “O oğlan mən idim”.

Bəli, yazıçı...

***


“Deyilənə görə, şəhərin qürur mənbəyini daha da məşhurlaşdıran dekabr qızının ölümündən sonra hər yerdən uzaq bu balaca şəhərə gələn turistlərin sayı daha da artıb”.

Nə qədər dəhşətli olsa da, həmin turistlərin arasında biz də varıq... Bizi təkcə sevgi deyil, həm də qəddarlıqlar birləşdirirmiş.

Zaman çox şərti bir şeydir. Dar ağacı varsa, onun “meyvəsi” də olmalıdır. Tarixən qəddar toplumlar və qövmlər bir göz qırpımında üç yüz altmış doqquz illik məsafəni qət edib, birləşib bəşəriyyətə meydan oxuyublar. Dünyada baş verən son qlobal hadisələr də bunu deyir...

Yaşlanmış, qocalıb çökmüş imperiyaların palıddan düzəldilmiş üç yüz altmış doqquz yaşlı dar ağacları ilə öyünməsi və məhz bunu hesabına "mədəniyyət şəhəri" olub, turistləri özünə çəkməsi ümumbəşəri bir ironiyadır. Dar ağacları fəxr ediləsi bir yerdirsə, onu bir qədər də yaşarı və modern etməyin nəyi pisdi ki?! “Dekabr qızı”nın yeni pozası bəşəriyyət üçün həyəcan təbili olmalıdır!

***

Ümumiləşdirib nəyi demək istəyirəm?! Hər iki hekayəyə kütləvi bir maraq hiss etdim və bir daha inandım: “Əsas mətndir, qalan şeylər təfərrüatdır”. (Kamal Abdulla)

# 4448 dəfə oxunub

Müəllifin son yazıları

# # #