“Kəklikotu”nun Çarli Çaplini xatırladan qəhrəmanı - RESENZİYA

<b>“Kəklikotu”nun Çarli Çaplini xatırladan qəhrəmanı</b> - <span style="color:red;">RESENZİYA
8 yanvar 2018
# 21:00

Kamran Qasımov

Sergey Eyzenşteyn Amerika Kino Akademiyası qarşısındakı çıxışında demişdi ki, kino, içərisində bütün dünyanın hərəkət etdiyi bir qüvvədir. Böyük ustad bu fikrini həm də onunla əsaslandırırdı ki, insanları özünə cəlb edən və cəzb edən də məhz ekranda olan xalis hərəkətlilikdir. Hollivud studiyaları yarandıqları vaxtdan başlayaraq bu günə qədər öz prinsiplərini məhz bu istiqamətdə qurublar. Bu gün dünya kinematoqrafının arthaus və kommersiya istiqamətləri qətiyyən bir-birinə mane olmur. Onların hər birinin öz auditoriyası və populyarlığı var. Ümumiyyətlə kino bazarı da bilavasitə kommersiya kinosu üçün hesablanıb. Azərbaycanda kinosunda kommersiya filmləri “bum”u son illərdə formalaşmağa başladı və sürətlə inkişaf etdi. Tədricən ekran müəyyən filmlərə “yaşamaq” vəsiqəsini vermiş oldu. Bu yolda çoxları özünü sınamaq istəsə də, kinoteatrlardakı baxımlılıq səviyyəsi kimin kim olduğunu və əslində hansı məşğul olmasını təsdiq etmiş oldu. Çox nadir filmlər oldu ki, onlar ekranla tamaşaçı arasındakı əlaqəni təmin etmiş olsun.

2017-ci ilin dekabr ayında ekranlara vəsiqə qazanan, “Cinemazadə” studiyası tərəfindən çəkilmiş - “Cinemaplus” kinoteatrlar şəbəkəsinin adını da xüsusi vurğulamaq lazımdır - “Kəklikotu” bədii filmi janr baxımından komediya olsa da, dram elementlərinin də şahidi ola bilərik. Meyvə-tərəvəz satmaq üçün paytaxta gedən Müsabir (Müşfiq Şahverdiyev) və bacıoğlu İsmayıl (İslam Mehrəliyev) başqasına çatacaq bir kisə kəklikotunu yolda satırlar. Sən demə, kisədəki kəklikotu deyilmiş. Milyonla ölçülən bu əmanətin yiyəsi Qafardan (Əlixan Rəcəbov) yaxa qurtarmaq isə qəliz məsələdir. Rejissorlar Cəfər Axundzadə və Vüqar İslamzadənin müştərək quruluşunda ərsəyə gələn “Kəklikotu”nun ilk səhnəsində polis tərəfindən aşkar edilən marixuananın yandırılması və tüstünün kəndə yayılması tamaşaçıya kəndlə tanışlıq missiyasını komediya janrının tələblərinə uyğun olaraq təqdim etmiş olur. Kriminal xəbər müxbirinin (Fərda Xudaverdiyev) yandırılmış marixuananın tüstüsündən məst olması və Məzahir polisin (Samir Ələsgərov) polis rəisinə (Əbdül Mahmud) kisənin yoxa çıxması ilə bağlı məlumat verməsi filmin düyününə zəmin yaratmış olur ki, bu da dramaturji yükün ağırlığından xəbər verir. Kinematoqraf, xüsusi kinodramaturgiya “göydədüşmə” qanunlardan uzaq olduğu üçün kompozisiya quruluşunun elementləri mütləq şəkildə bir-birini tamamlamalı, biri digərinə zəmin yaratmalıdır. “Kəklikotu”nun kompozisiya elementləri bu baxımdan nəinki bir-birini tamamlayır, hətta əsaslandırmış olur.

Səsli kino meydana gələndə Çarli Çaplin ümumiyyətlə kinematoqrafın öldüyünü bəyan etmiş və bunu səsin plastikaya maneə törətməsi ilə izah etmişdi. “Kəklikotu” filmində səs kadrların plastik həllinə maneə törətmir, çünki plastika səsdən müstəqil şəkildə öz sözünü deyə bilir. C.Axundzadənin bundan öncə “Şəhər motivləri” almanaxı çərçivəsində çəkdiyi “Dmitrev küçəsi 86” bədii filmində qadının xarabalığa çevrilmiş məhəlləni süpürməsi səhnəsində olduğu kimi, “Kəklikotu”nda da plastika dramaturji yükün mükəmməl daşıyıcısına çevrilmiş olur. Milli və qeyrətli mafioz Qafar (Əlixan Rəcəbov) isə, müəyyən məqamlarda düşdüyü komik situasiyalara görə Çaplinin “Böyük Diktatoru”nu xatırladır.

Ümumiyyətlə “Kəklikotu” cəmiyyəti təqlid (parodiya) edir. Burada hər bir personaj özünəməxsus ifadələrlə yadda qalır. Müsabirin maşında Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” hitinə qulaq asması və tez-tez “Bu tale idi” (mahnıda da “Bir taleyin oyununda...” ifadəsi var) kəlməsini işlətməsi təqlid konteksində simvolik vəhdət yaratmış olur. Film kinonun işarələr sistemi ilə zəngindir. Həmin işarələr filmin ümumi ab-havasında tamaşaçıya asanlıqla ötürülsə də məntaltı məqamlar daha çoxdur.

Redyard Kiplinq demişdi ki, Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç vaxt bir yerdə ola bilməzlər. Düzdür zaman ötdüksə Kiplinqin bu fikirləri bütünlüklə iflasa uğradı. İstər siyasətdə, istər iqtisadiyyatda, istərsə də mədəniyyətdə Şərq ilə Qərbin təmasını müşahidə etməliyik. Qeyd etmək lazımdır ki, “Kəklikotu” bu prosesin daha bir əyani nümunəsidir. Cəfər Axundzadə filmə Şərq motivləri qatır, Vüqar İslamzadə isə ekran həllində Qərblə Şərqi yaxınlaşdırır. Amma bütün bunlara baxmayaraq, “Kəklikotu”nda milli kolorit daha çox üstünlük təşkil edir. Təkcə Qafarın ekrandan heyranlıqla izlədiyi Şərq döyüş ulduzunun hərəkətlərinə uyğun olaraq təsbehini oynatması bu fikri bir daha təsdiq etmiş olur. Nəyin bahasına olursa, olsun Qazeli satmağa çalışan Ədalətin (Elcan Rəsulov) “Bu təmiz qadın maşını olub” ifadəsini işlətməsi son illərdə dillərə düşən bu tip ifadələrin tənqidinə yönəlib. Baxmayaraq ki, ifadə hədəfə nail olur və tamaşaçının həmin anda dodağı qaçır, amma yumorun əslində ifadə etdiyi altqat var. Deməli düşünüb gülmək mümkündür.

J.L.Qodar demişdi ki, kino saniyədə 24 dəfə həqiqətdir. “Kəklikotu” bizi saniyədə 24 dəfə gerçəkliklərlə baş-başa qoyur, bu səbəbdən “Kəklikotu”na təkcə Azərbaycanın müasir kommersiya kinosunun nümunəsi kimi baxmaq düzgün deyil – baxmayaraq ki, “Kəklikotu” müasir kommersiya kinosunda yeni mərhələnin başlanğıcını qoydu - film həm də müəllif ekranıdır. Azad insanların, fərdi üslubun təcəssümünə yönəlmiş məqsədləridir. Müəlliflər cəmiyyətə öz baxış bucaqlarından boylanırlar ki, bu da yekunda fərdi üslubu şərtləndirmiş olur. Bununla da azad, məmurdan asılı olmayan, dünya kino sənayesinin tələblərinə cavab verən ekran nümunəsi meydana çıxır – “Kəklikotu” kimi.

# 2078 dəfə oxunub

Müəllifin son yazıları

# # #