Çağdaş nəsrimizdə tapıntı - Xanqulu Ağaquluyev

Çağdaş nəsrimizdə tapıntı - <span style="color:red;">Xanqulu Ağaquluyev
1 sentyabr 2015
# 16:30

Kulis Tehran Əlişanoğlunun “Mənim cəmiyyətimin romanları: reallıqdan virtuallığa” yazısını təqdim edir

Qayıdaq realizmə; o realizmə ki: arsenalında olan sosial idrak və psixoloji təhlil üsulları ilə günün həqiqətlərini çözələməkdə davam edir...

2014-cü ilin realist roman təcrübəsini uğurlayan mətnlərdən biri Azad Qaradərəlinin “Şəhərcik” romanıdır (Bakı, “Qanun” nəşriyyatı, 2014). Əslində, Azad Qaradərəli romanı təzədəb postmodern kontekstin qaydalarına müvafiq açıq mətn prinsipi ilə qurmağa çalışmış. Guya ikinci – əsl müəllifin də olması və mətndə gizlənməsi, çoxlu sayda tarixi keçmiş, yaxın keçmiş, masonluq, Qərb barmağı, siyasət və siyasət qurbanları və s. haqqında əlavə epizodların, əsas xəttə yapışıq təkrar bir passajın (Orucun “Dəftər”i) artırılması, açıq publisistik şəbədə (“şəhərcik”) və yapma qrotesk (şəhər əhalisinin yarısını qıl-qıp basması) və s. – de-struktə yolu ilə bəlkə də mətn atmosferinə hansısa “küy”ləri gətirir və guya bununla romanı həyata yaxınlaşdırır. Halbuki oxucuya əsas sözü sadəcə “həyat materialı” yox, məhz roman deyir və onu (romanı) A.Qaradərəli qələminə xas realizm təcrübəsi üzərində qurmuşdur.

Xanqulu Ağaquluyev obrazı çağdaş nəsrimizdə tapıntıdır; bizim müasir həyatımız büsbütün məmur çubuğuna bağlıdır, amma nəsr onu tədqiq etməyi nədənsə unutmuşdur. Hələ də məmur obrazı ədəbiyyatda canlı insan kimi yox, bütün bəlaların baiskarı, sinfi yuxarıların mücəssəmi kimi təsbit tapır. Xanqulu Ağaquluyev yarımçıq millətçi, haqq işində yarı-xəyanətkar, yarı-sadiq, yarımçıq ata, yarım-ailəcanlı, şorgöz, neçə yerdə aşnası-evi, tədbirli işbaz, neçə yerdə obyekti, mükəmməl qohumbaz, tayfasının əlini çörəyə çatdırmış... – bir sözlə, qəhrəman özgə deyil ki; müstəqillik illərində gözəl vətənimizin yetirdiyi meyvədir ki, var. Belə ki, bütün bu “yarım”ton və obertonlarla biz daim ayaq üstə olan şəhər rəhbərinin gün ərzində min yerə sürdüyü “arabası”nın ritmləri içrə tanış oluruq (daha bir postmodern priyom, romanın hətta bir epizodda açıq cırnaşdığı Məqsəd Nurun “Şəhər meri” ilə gizli polemikasını duyursuzmu?!).

Bir gün də insan ömrüdür; romançı Xanqulunun insani ritmini yaxşı tutub və azca realistik ironiya (heç də postmodern ironiya yox!)... – oxucu əsrimizin bu canlı qəhrəmanını heç vəch nəzərdən qaçırmamağa çalışır. Və çinovnikin ölümü yəni onda başlamır ki, günlərin bir günü yuxudan ayılanda özünü də, əyalını da qıl-qıp içərisində görür, toplumda fərqlənməyin nə mənası?! Xanqulu Ağaquluyev axirətini tədricən qazanır; əvvəlcə protestindən qorxub dəlixanaya yerləşdirdiyi rəssam oğlu Nəsibin dərdi, daha sonra – ifrat ədalətsizliyə dözməyib əslində komandirinə deyil, dayısının postuna atəş açdığının fərqində olmayan bacısı oğlu, və bir də üstünə yeriyən mətbuat... Məsələnin kökü, demə, başqaymış: yarımtonlarla bəlkə də hələ məmur olmaq mümkündür, İnsan olmaq isə çətin... Xanqulu Ağaquluyevin axırı-axirətini də məhz bu həqiqət şərtləndirir.

Daha bir realist yazar Aslan Quliyev “Ağrı” romanında (Bakı, “Qanun” nəşriyyatı, 2014) milli varlığı daha geniş idrak planında – üç əsrlik rus işğalı dövrü və son üç onilə (işğalın) süqutu mənzərələrində, patriarxal keçmişin diriliyi və hardasa-haralardasa idillik israrı müstəvisində, habelə çağın bəlli ictimai aktuallıqları: yüzillərdir yeriyən erməni faktoru və az qala otuz ildir beynəlxalq aləmin dözdüyü, göz yumduğu Qarabağ həqiqətləri fonunda bədii tədqiqə köklənir. Yazıçının sərbəst, bir qədər də sərgüzəştlərə həvəsli belletrist üslubu belə bir roman miqyasını götürməyə imkan verirsə də, N qədər epizodçuluğu, illüstrətivliyi, yozum səthiliyini də mətnə gətirib gələn eyni səbəbdir (üslubdur). Doğrudur, mətn inter-aktivliyində oxucuya təzə nəsə təklif etdiyinə heç iddialı da olmayıb, əksinə, təzədəb postmodern qaydalara uyğun inter-mətnlik yolu ilə: əsas qəhrəman “yazıçı”nın da, digər əksər personajların da, bir çox süjet və əhvalatların da, hətta bəzən motiv-təfərrüat eyniyyətinin də sanki Aslan Quliyevin əvvəlki romanlarından təkrar-sitat olduğunu vurğulayır. Üstəgəl: “tarix müəlliminin gündəliyi” vasitəsilə mətnə girən işğal və erməni məsələsinin faktolojisində də (otuz ilin çeynə-tüpüründən qayıdıb baxanda) nəsə təzə bir Amerika kəşfinə ümid yox; sadəcə “tarix” olanı indi romanlarımız mətnə buraxmağa (gövşəməyə) qərar vermiş. O ki qaldı müharibə mənzərələrinə; paho!, nə qədər olar: total erməni vəhşiliyi–Qarik fonunda, dəyirmançıya sadiq Aşot, Susannanı xilas edən “yazıçı” və “yazıçı”nı əsirlikdən qurtaran hüma quşu Susanna... – bizim “müharibə nəsrimiz”in çevir tatı, vur tatı yazdığı elə bu deyilmidir?..

Aslan Quliyev hərtərəfli açıq qapılara oynayır; aydındır ki, bu bir həyat personajı – “yazıçı”nın romanıdır, həmən bu “təzə olmayan” təkrar-həqiqətləri o, bütün ömür uzunu çəkir; çəkir və (mətndə) demoqoji polemikaya çəkir: nədən başqa cür yox da, belədir, belə olmalıymış... Nədən? Bu, məni – oxucunu da məşğul edir və “yazıçı” obrazı ilə (mətnlə) dialoqa həvəsləndirir. Amma çox təəssüf ki, romanda dəfələrlə “kontakt” baş tutursa da, hər dəfə də mən bu “dialoq”u itirirəm; ayrı-ayrılıqda “yazıçı” hələ nələrsə deyir, anlatırsa da mənə, bütövlükdə həqiqəti (belə yox da, başqa cürlüyü) aydın olmur, hətta deyərdim, mətndə pərən-pərən olur.

Aydınlaşdırmağa çalışaq. Kimdir romanın əsas qəhrəmanı? Kütləvi amerikan filmlərindən gördüyümüz, hər növ sosial ədalətsizliklərə (“ağrı”lara) qarşı çıxan, ötkəmliyi, qeyri-adi nəhəngliyi-gücü-iradəsi, adətən müharibələrdə (burda Əfqanıstan davasında) qazandığı “xəstə dəliliyi” ilə hər kəsə həddini bildirən, vurub-yıxıb-öldürməklə ən nəhayət ədaləti bərpa eləyən super-qəhrəmanmı? Bu halda nədən biz onu sonda məğlub, təklənmiş, ənənəvi sentimental hisslər, faciə qəhrəmanı kimi görürük, tapdanmış yollar ölçməyi bir yana, hansısa ədaləti bərpa edib amerikansayağı bizi sevindirəydi barı...

Bir anlıq qəhrəmanın “öz romanı”nı H.Millerin “xərçəng tropikləri” tək, həyatın “ağrı”larına qarşı qadınlarda ovunmaq, seksual həzlərdə daldalanmaq-ərimək-itmək sayağı təsəvvür qıldığını düşünürsən: ilk sevdiyi Sonya, ilk təmasda olduğu Gülsüm, Sonyanı unutdurmağı bacarmış erməni qızı Susanna, sevimli qadını Ülkər, ümumən qəhrəmanın qadınlara qarşı açıq-qabarıq seksual maraqları, “axıb-getmələri”; üstəgəl digər personajların (tənqidçi, Qarik, meşəbəyi, çoban, ovçu, sərxoş, keşiş, dəyirmançı, molla...) seks-macəraları və məxsusi “evlənmə” süjetlərini də əlavə etsək, bütöv bir roman qatı alınır... Hətta ağır Əfqanıstan müharibəsində də gələcək “yazıçı”nın həyatını hər şeydən ziyadə məhz seks, komandir aşnası Larisanın qəhrəmanımıza aludəçiliyi bəzəyir və xilas edir. Paho!, kobud kişi etalonu, “seks-bomba”, “kişilik” sindromu-vərdişiylə yaşayan və dünyaya (“ağrı”ya) qalib gələn qəhrəman... Amma “yazıçı” axı bu məqamda da axıracan israrlı deyil, hər şey “yazıçının evlənməsi”, normal-natural “ailə həyatı”na qədəm qoymasınacanmış; sonrakı fəsillərdə bu sevdaya qayıtmaq istəyirsə də (yenə Susanna, yenə Sonya), nəsə zorən alınmır, motiv yerimir. Ümumən altqatda əritməyə çalışdığı qaba “kişilik sindromu”-kultunu A.Quliyev romanın fəlsəfi əsasına çevirməyi, görünür, heç düşünmür də. Çünki bütün 80-cilər kimi, sosial romançılığa aludədir...

Buna görə də bura qədər olanları unudub, dialoqu sırf sosial qatda axtarmalı oluruq. O məqamda ki, A.Quliyevin peşəkar qələmi təkrar-təkrar dişinə vurub, həzz aparası nəsə tapmayanda, baş aparmağa və ya da baş götürüb uzaqlara, lap uzaqlara qaçmağa üstünlük vermiş həmişə. Bəs bu “uzaqlar” harada, haracandır? “Yazıçı”-qəhrəmanın uzağa-ucqara-Daşbulağa, ibtidailiyə-ilkinliyə-təbiətə çəkilməsiylə, romançı, bir növ, milli toplumun qəzaya uğradığı sosial varlığına qarşı ilkinlikdə gizlənmiş idilliya həyatını qoyur. Özünə yabançı (yadlaşmış) sosiumla uzun-uzadı və usandırıcı demoqoji savaşından (elə yox, belə!) ən nəhayət üzülüb, qəhrəman saf uşaqlığına, kəndinə (hər mənada) dönəndə babasını-nənəsini sağ görmürsə də, baba yurdunu yerində görür... Bax belə! Bu dəfə romançı, ən nəhayət ilham və mizacına tam uyğun fürsəti – gəlib-gəlib də sovet imperiyasının dağılması mənzərələrində bulur: zaman dağların-meşələrin əlçatmaz ilkinliyində qərar tutmuş kəndi də çırpmış, silkəmiş, əhalisi şəhərə və Rusyətə dağılmış, amma əvəzində “yazıçı”ya bəs qədər utopik bir dünya qalmışdır. Baba yurdunu əmanət tək qoruyan qonşu Gülgəz xala və qızı Ülkər (qadın – Həvva!), keşiş, molla, sərxoş (və qadını Katya), dəyirmançı və arvadı, ovçu və arvadı, çoban və arvadı, meşəbəyi (sabiq tarix müəllimi) və xanımı (həkim)... Personaliyada gizlənmiş əzəli qədimliyə diqqət edirsizmi?

Əslində, “yazıçı”nın romanı məhz burdan başlanır və: təbətin qoynunda, ot biçini, taxıl biçini, odun tədarükü, ov həyatı və s. təsərrüfat fəaliyyəti, mərasimlər (ramazan, milad...) fonunda, ibtidailik-mədənilik qarışıq və həm də mövsüm və mərasim zamanlarının öz ritmində, təfərrüat və təsvirlərin təkrar-təkrar gəlişmə və ləngliyində təhkiyə olunur... Və elə buradaca bitir: romançı maraqlı bir kompozision üsulla – gündəlik həyat mənzərələrini qəhrəmanların pritçavari həyat süjetləri ilə (“Sərxoşun radiosu”, “Meşəbəyinin evlənməsi”, “Çobanın evlənməsi”, “Katya”, “Ovçunun evlənməyi”, “Sərxoş xristianlığı qəbul edir”, “Keşişin evlənməsi”, “Dəyirmançının evlənməyi”, “Mollanın evlənməyi”...) zənginləşdirərək, həm də romanın nədən başlayıb da buradaca bitdiyini (din, tarix, mədəni, mental, ictimai-siyasi alt-səbəblərin əyani polifonizmində) anlatmış olur. Üstəlik, deyərdim ki, bu məqamda “yazıçı”nın romanını bizdə ilk multi-kultural roman cəhdinə yozmaq olar; təzəlik də məhz bunda olub, qalan nə varsa, mənimcə, bəzək-düzəkdir...

2014-cü ildə “Azərbaycan” jurnalı imzası bəlli üç yazarın roman janrında ilk təcrübəsinə yer vermişdir: Natiq Məmmədlinin “Körpüdə ümid” (“Azərbaycan”, 2014, 1), Nisəbəyimin “Online (fantastik roman)” (“Azərbaycan”, 2014, 2, 3) və Vahid Qazinin “Cholqala 1992” (“Azərbaycan”, 2014, 8) romanları. Hər üç yazar realizmdən təkanlansa da, heç də realist romanın tələb etdiyi analitikaya deyil, “öz romanları”na, müasir belletristikadan gələn bu və ya digər oyun ovqatına meyllənirlər.

Ən qatı reallıq “Körpüdə ümid”də imitasiya olunub; mətndəki pir az qala əsr öncədən, tənqidi realistlərdən, hətta maarifçilərdən qalmadır. Pir–cəmiyyət, hər pirin öz Pirdəlisi simvolikası bizdə son mənzərələrini, dekadansını 1970-1980-ci illər nəsrində nümayiş etdirib. Yetişməyən məktublar, arzu-ümid ağacları folklordan, maarifçilikdən, Qərb sentimentalizminəcən ən çox işlənib ucuzlaşmış ifadə versiyalarıdır. Beləliklə, boğazından cəmiyyətin yalanı keçməyən uşağın – Ümidin dilinin açılması üçün pirin dağılması vacibmiş ki, toplum xilas olsun... Ən təəccüblüsü nədir: əsərdə vur-tut hekayə materialı var, Natiq Məmmədli də bizdə gözəl hekayələr müəllifi kimi tanınır (ilk hekayələr kitabı “Ləyaqət” də bunu təsdiq etdi); mətndə düşüncə predmeti əməlli-başlı parodiya-ironiya istəyir, yazarın ən yaxşı hekayələrində məhz satirik ruh hakimdir... Belə olan halda, N.Məmmədlinin mətndə ciddi üsluba köklənməsi, didaktik ruhda romana cəhd etməsi anlaşılmazdır və mənimcə, əvvəlcədən uğursuzluğa məhkum bir addımdır.

Nisəbəyimin “Online” romanı da, əslində, real bir zəmində qurulub və elə realiyaların təfərrüatı ilə də maraqlıdır. Çətin həyat, böyük zəhmətlə təhsil almış, anasını sevindirmiş gənc ürək həkimi Arzu (yenə də Arzu!) elə ürək tutmasından da cərrahiyyə masasına uzadılır, gənc həkim Eminin səhvi ucbatından dünyasını dəyişir. Roman konfliktinin belə bir gərgin psixoloji atmosferdə düyünlənməsi oxucuya sonrası bilinməyən nələrsə vəd edir. Üstəlik romançı, əslində, yenə də real zəmində fantastik bir priyomdan bəhrələnir; Arzunun feysbuk səhifəsi online rejimdə qalmış, indi hamı kimi bədəndən ayrılan ruhun da ora mesajlar vermək şansı yaranır... Amma realizm bununla da bitir, yaranmış əlverişli situasiyada nə sosial mühitdə, nə də psixoloji qatlarda yeni nələrsə əldə etməyib, yerini ucuz sentimentə tərk edir. Gənc və təcrübəsiz olsa da, demə, Emin əxlaqlı-zəkalı, əsl Arzunun sevgisinə layiq birisiymiş; kaş əvvəldən ulduzları barışaymış... Vəssalam.

Amma yox, fantastik üsuldan elə də səmərə ala bilməyib, romançı süjeti fantastikaya kökləməyi qərara alır və I hissənin sonunda, kütləvi Hollivud filmləri sayaq, bu dəfə Arzunun ruhu ana bətnində az qala məhv olası körpənin bədəninə girir və qardaşı qızı kimi doğulur. Bu məqamı da hələ bədii priyom kimi almaq olar; ikinci Arzunun həyatı, həkim olmaq arzusu, mükəmməl təhsili, bibisinin yolunu elmdə davam etdirmək ehtirası... – müasir həyatdan yeni realist materiallar verir. Hətta xaricə, Almaniyaya can atması da müasir Azərbaycan gəncliyinin paradiqmasını verə bilər. Yenə də yox, realist niyyətlər müasir belletristika üçün maraqlı deyil. Demə, ruhun (I Arzunun) təlqinləriylə Emin özündə güc tapmış, əsl mütəxəssis kimi yetişmiş, Almaniyaya gedib, orda klinika açmışdır. Və I, II söhbəti yoxdur, ruh ölməzdir, təzə bədəndəki Arzu elə həmən Arzudur, Almaniyaya da sevgisinin ardıyca gedir. Emin evli olsa da, Arzu yaşda övladı olsa da, sevginin qarşısında heç bir maneə duruş gətirə bilməz, sevgililər uzun çək-çevirdən sonra bir-birinə qovuşur, ailə qurur, xoşbəxt olurlar. Belletrist yalanın əldə etmək istədiyi Arzu bundan ibarətdir.

Bircə qeyd etmək qalır. Fantastik janrın niyyəti yeni, hələ sirri açılmamış elmi həqiqətlər ortaya qoymaqdır. Aydındır ki, “Online”da bu yoxdur. Roman janrının məqsədi oxucunu həyatla dialoqa sövq etmək, bu əsasda ona müəyyən mesajlar ötürməkdir. Romançının mətndə real məqamlardan heç birisi üzərində dayanmayıb, israrla psevdo-fantastika uydurması isə, mənimcə, heç də mətnin xeyrinə olmur.

Canlı həyatla dialoq, müasir həyatın qarşımıza çıxardığı problemlərə həssas, təfərrüatlı münasibət, məhz təfərrüatlarda həyatın nəfəsini qoruyub-çatdırmaq bacarığı Vahid Qazinin yazı tərzinə xasdır. Bu fikri söyləməyə hələ yazarın daha əvvəlki “Kuba dəftəri” əsəri əsas verirdi. “Cholqala 1992” romanı da eynən təhkiyəçinin həyatın ritminə köklənmiş, ağrılı-təmkinli girişi – “Proloq”la açılır, eyni tonallıqda, həyat dolu, real dünyamız haqda məntiqli qənaətlərlə süslənmiş epiloqla da bitir. Bu iki parça bəs edir ki, çağdaş düşüncəli, dünyanın gərdişinə bələd, ağı-qarasını ayırd edən müəllif obrazı ilə, habelə oxucuya təqdim elədiyi vaxtilə tələbə yoldaşı olmuş, qəribə taleli gözəl qadın surəti ilə tanış olaq, sirrinə varmadan həmin “qəribəliy”ə qane olaq. Lakin realizm bununla da bitir, roman heç də reallığın hüsnü barəsində yox, əksinə, alogik şəkildə bizim real dünyamıza girən, müdaxilə edən hər fərdin öz, gizli virtual aləmi haqqındadır. Romançı-müəllif qadının təklifi ilə vaxtsız vəfat etmiş rəssam əri barəsində kitab hazırlarkən, onun əlyazmaları arasında qəribə bir şifrəyə rast gəlir. Həmin kodla rəssamın sosial şəbəkələrin birində açdığı səhifəyə daxil olub, onun bir xanımla uzun müddət yazışdığını öyrənir...

Belə yazışmalar sosial şəbəkələrdə onlarla, yüzlərlə, minlərlədir. Nədən romançı fikirləşir ki, məhz bu yazışmada ciddi roman materialı var və onu roman adına, olduğu kimi, qəti müdaxilə etmədən oxuculara təqdim etmək olar? – bilmək olmur. Özlüyündə məktublaşmada nə Gənc Verterin iztirabları var (heç personajların yaş və həyat təcrübəsi də buna yol vermir), nə də Təhminə - Zaur münasibətlərinin istisi. Bir az da Anarın “Mən, sən, o və telefon” hekayətinin internet versiyasını imitasiya etmək cəhdi görünür əsərdə. Amma hekayədə Anar həm də axı “telefon sevgisi”nin arxa tərəfinə, canlı həyat materialına yer verir; romanda isə uzun-uzadı sözlə ifadə olunan, sözə yüklənən emosiyalar hər hansı hərəkətlə, canlı həyat nəfəsi ilə möhkəmləndirilmədiyindən ucuz sevgi macərası təsiri bağışlayır.

Romançı-təhkiyəçi oğrun boylandığı rəssamın gizlinlərini müdrikcəsinə onun qadınına xəbər vermir; bax bu müdriklikdə əsl roman materialı var! Amma nə faydası, Vahid Qazi təcrübəsiz romançı kimi oxucudan gizlətmədiyini romandan (bütövlükdə mətndən) gizləyir, yəni bütün mətn boyu təqdim etdiyi guya “roman içində roman”la (virtual həyat) proloqda və epiloqda izlədiyimiz (canlı həyat) arasında heç bir səviyyədə dialoq qurmaq qayğısına qalmır. Nəticədə romançı-təhkiyəçinin müdrikanə didaktik düşüncələri özlüyündə məqbuldursa da, oxucu üçün əlavə nəsə ifadə eləmir; məgər internet əsrinin oxucusu aksiomatik olaraq bütün bunları bilmirdimi?! Konkret olaraq rəssamın virtual dünyası ona nə verdi, hansı mesajları ünvanladı? – təəssüf ki, “Cholqala 1992”-dən açılan mənzərə bu suallara elə də cavab vermək iqtidarında deyildir...

# 1213 dəfə oxunub

Müəllifin son yazıları

# # #