Seymur Baycanın imitasiyası, kələ-kötür cümlələr, bəsit təhkiyə, primitiv süjet - Hekayə müzakirəsi

Seymur Baycanın imitasiyası, kələ-kötür cümlələr, bəsit təhkiyə, primitiv süjet - Hekayə müzakirəsi
4 oktyabr 2023
# 14:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Vüqar Vanın “Bir ovuc kül” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

İlkin Öz

"Sözün açığı, Vüqarın bir çox hekayəsini oxumuşam. O yazanda çalışır ki, həmişə özünəməxsus olsun, digərlərindən nə iləsə fərqlənsin. “Bir ovuc kül” hekayəsində də, zənnimcə, spesifik üslub çalarları gözə çarpır, bu öz yerində.

Fəqət biz bədii əsər oxuyanda qeyri-iradi, orada hadisə, qaldırılmış hansısa problem və onun bədii həllini axtarırıq.

Bu hekayənin süjetində elə də əhəmiyyətli hadisəyə rast gəlmədim. Düzü, mənə daha maraqlı olan “Vəfalı qızlar” və “Axrıncı dayanacaq” simvolik ifadələri Mirzə Cəlili xatırlatsa da, ideya-estetik cəhətdən yaxınlıq olmadığını qeyd etməliyəm. Çünki əsərin özündə qeyri-müəyyənlik və məntiq xətaları diqqət cəlb edir. Tutaq ki, kafe sahibi Kərəm niyə öz işçisi Şəlalə ilə – ofisant qızla sevişsin ki, ətrafında o qədər qadın varkən? İndi adi maşın ustası tipik azərbaycanlının əlinə bir az pul keçən kimi, özünü qoyur dağın başına, istəyir ki, ən yaxşı pabda-barda əylənsin, ən cazibədar qadınlarla sevişsin... Həmçinin, əsərin sonunda Kərəmin ofisanta verdiyi sifarişdə “motal pendiri” istəməsi də bu baxımdan.

Mənə elə gəlir ki, belə epizodlarla müəllif oxucularla məzələnir.

Hekayənin finalının isə “Əsli və Kərəm” dastanına ekvivalent formada bitməsi gözlənilməz oldu. Ki bu da müəllifin fərdi üslubu ilə bağlıdır. Məncə, Vüqar bundan daha yaxşı hekayələr yazacaq.

Müəllifə uğurlar arzulayıram!"

Orxan Həsəni
Qırmızı ayaqqabılar - Orxan Həsəni

"Vüqar Vanın bu hekayəsi xarakter etibarilə Seymur Baycanın "Mənasız hekayələr" silsiləsinə əlavədir. Hekayənin detalları, havası ilə bunu aydın sezmək olur..."

Tural Turan
Tanrı sonuncu insanla birlikdə öləcək” - Bir cümləlik hekayələr

"Bir ovuc kül" Vüqar Van bəyin ən uğursuz hekayələrindəndir. Nə başlanğıcı düz əməllidir, nə də sonu uğurlu alınıb. Ümumiyyətlə, bu söz yığınını hekayə adlandırmaq da düzgün deyil. Cümlələri oxucuduqca elə təəssürat yaranır ki, bu imza Azərbaycan dilini də heç düzəməlli bilmir. Yəqin ki, modern "Kərəm və Şəlalə" dastanı yaratmaq istəyib, amma hekayənin əvəzinə ortada "bir ovuc kül"dən başqa heç nə qoya bilməyib. Dili bilmədiyini elə bu cümlədən də görmək mümkündür: "...Kərəm bu dəfə üzün ofisianta tutdu...". Burada "üzün" kəliməsinin yerinə "üzünü" olmalıdır. Bu, ibtidai səhvdir və ümid edirəm ki, gələcəkdə V. Vanın bu cür adi səhvlərini görməyəcəyik. Doğrudur, Vüqar bəy çox gəncdir, ədəbiyyata hələ yeni gəlir. Düşünürəm ki, Azərbaycan dili kurslarına gedərək gələcəkdə bu cür səhvləri aradan qaldıracaq. Ümumiyyətlə, bu hekayə çapa layiq deyil, çünki bəsit təhkiyə üsulu və primitiv süjet xəttinə malikdir. Müəllifə bundan sonrakı yaradıcılığında uğurlar arzulayıram".

Cavid Ramazanov

Cavid Ramazanov: "Əkrəm Əylisli roman yox, məqalə yazmalı idi" - Müsahibə

"Hekayəni oxuyanda duruxdum bir anlıq - elə bildim, Seymur Baycanın hekayəsini oxuyuram.

"Vəfalı qızlar" kafesi, Şəlalə, xadiməylə sevişən canlara dəyən oğlan, diqqətsizlikdən şikayət, kafedə romantik görüş, sacın altındakı közün şıltaqlığı və yanıb külə dönən saçlar.

Vüqarın kələ-kötür cümlələrindən və yarımçıq sonluqlarından belə Seymur Baycan xısın-xısın boylanır. Amma Seymur mətnlərindəki dərin atmosferlə bu yarımçıqlığı necəsə kompensasiya edə bilir, Vüqarda hələlik bu ustalıq çatışmır.

Gənc dostumuzun yaşını nəzərə alsaq, imitasiya normaldır, yəqin, özü də bundan qurtulmaq üçün çalışır. Əsas olan da elə çalışqanlıqdır, inanıram ki, bir gün Vüqar içindəki Seymur Baycanı qətlə yetirəcək və nəhayət, öz üslubunu, mövzularını tapa biləcək.

Uğurlar!"

# 2653 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #