“Karvan”ın solisti Yevgeni Baxtin: Konservatoriyadan buna görə qovuldum... - Müsahibə

“Karvan”ın solisti Yevgeni Baxtin:  Konservatoriyadan buna görə qovuldum... - Müsahibə
13 iyun 2022
# 17:40

“Karvan” qrupunun solisti, Yevgeni Baxtinin APA-nın Moskva müxbirinə müsahibəsi.

İşin qaynar vaxtı... Rusiya-Ukrayna cəbhəsindən, daha doğrusu Moskvadan gələn hərbi-siyasi xəbərlərin gərgin dönəmində redaksiyadan mesaj alıram. Həmkarım Mirmehdi Ağaoğludur. Messencerdən bu yaxında Bakıda 30 illik yubileyi münasibətilə konserti təşkil olunan “Karvan” qrupu haqqında link atır. Onun ardınca da “Yevgeni Baxtini tapa bilərsən?” - deyə yazır. “Karvan” və “Yevgeni Baxtin” sözlərini görən kimi heç linki açmadan Mirmehdiyə “Polismen saxlama məni“ və “Sən də tufanla oynama” deyə cavab verirəm. Hər ikimiz yeniyetməlik dövrümüzdə Baxtinin ifasında ilk gördüyümüz musiqi kliplərini xatırlayırıq, bir anlıq da olsa işin gərginliyindən sıyrılıb, ötüb keçən doğma illərə qayıdır, duruluruq azca da olsa.

Sağ olsun Mirmehdi, mənə o qədər də əziyyət vermir. Yevgeni Baxtinin telefon nömrəsini də göndərir. Dərhal Yevgeniyə zəng edirəm. Uzun zəngdən sonra cavab verir. Özümü təqdim edən kimi, Yevgeni Baxtin “can” deyə reaksiya verir. Deyir, vaxtında zəng eləmisən, hazırda “bolniçni”dəyəm, indi görüşə bilərik: Sabah yox biri gündən işə çıxıram. Çətin görüşümüz alına... İşə çıxandan sonra görüşməyimiz mümkün deyil”.

Təbii ki, bu fürsəti qaçırmıram. Səhərə görüş təyin edir və “Karvan”ının “polismenə etiraz edən”, “tufanla oynamamağa çağıran” sumqayıtlı rus balası ilə müsahibəyə köklənirəm.

- Yevgeni, çoxdandır ki, sizdən xəbər yoxdur. Mayın sonlarında Bakıda əfsanəvi “Karvan” qrupunun yubiley konserti keçirildi. Təbii ki, qrupun simalarından biri kimi siz yada düşdünüz. Haralardasınız? Niyə səsiniz, sorağınız gəlmir?

- 1995-ci ildə Azərbaycandan getdim. Mən bütün bu illəri Moskvada olmuşam. İlk dönəmlərdə burada müğənni kimi fəaliyyət göstərdim. Restoranlarda oxumağı sınadım. Lakin bu mənim xoşuma gəlmədi. Bir sözlə, müğənni kimi “tutuzdura” bilmədim. Fəaliyyət sahəmi dəyişdim. Çünki yaşamaq üçün pul qazanmaq lazım idi. Müxtəlif işlərdə çalışdım. Amma son 14 ildir ki, bir işdə çalışıram. Hərbi sahə ilə əlaqədar işdir. Helikopter zavodunda çalışıram. Orada nə iş gördüyümü deməyəcəyəm. Maaşım yaxşıdır.

- Azərbaycandan getməyinizin səbəbi işsizlik idi? Maddi vəziyyətiniz çətin olduğuna görə getdiniz?

- Əlbəttə. Ailədə tək işləyən mən idim. Valideynlərimin pensiyası ancaq bir həftə çörək almağa çatırdı. Ona görə də, məcbur idim ki, Bakıda restoranlarda oxuyum, şou-proqramlar aparım. Sifarişlə işləmirdim. Bakıda çalışdığım restoran da bağlandı. Mən də musiqiçi idim. Başqa sənətim yox idi. Hara gedirdim, soruşurdular nə bacarırsan, deyirdim, musiqiçiyəm. Deyirdilər, onda get oxu... Odur ki, məcbur olub Azərbaycandan getdim. Burda isə o cəhətdən rahat idi. Birincisi, səni heç kəs tanımır. Hər cür işdə çalışa bilərsən. İkincisi də, maddi cəhətdən özünü təmin etmək üçün şərait var. Mən Azərbaycanda olanda ailə həyatı qurmamışdım. Burda iki dəfə evlənmişəm. İndi hər şey məni qane edir. Evim, maşınım, işim var. Ailəm, həyat yoldaşım, oğlum var. Düzdür, öz oğlum deyil, oğulluğa götürmüşəm. Lakin xoşbəxtəm. Valideynlərimi də bura gətirmişdim. Lakin onlar həmin vaxt artıq yaşlı idilər. Onlar indi həyatda deyillər. Burada, Moskva vilayətində, Sergiyev Posad rayonunda dəfn olunublar. Orada böyük qardaşımın “daça”sı var. Ona görə də, orda dəfn elədik. Həm də, Sergiyev Posad dini cəhətdən müqəddəs yerdir. Özüm də artıq yaşlanmışam. Pensiya yaşındayam. Artıq yeddinci ildir ki, həm də pensiyadayam.

- Dediniz ki, 1995-ci ildən Azərbaycandan getmisiniz. Bu müddətdə bir dəfə də olsun Vətəndə olmamısız?

- 1995-ci ilin avqustunda Azərbaycandan çıxanam. Bir dəfə də olsun Vətəndə olmamışam. Bilirsiniz, orada heç kəsim qalmayıb. Heç bir qohumum filan qalmayıb. Ona görə...

- Azərbaycandan kiminləsə əlaqə saxlayırsınız?

- Bəli, zəngləşdiyim dost-tanışım, sinif yoldaşlarım var. Sumqayıtdan tanış uşaqlar qalıb. Vatsapla onlarla əlaqə saxlayıram. Amma mən smartfon yox, adi telefon işlədirəm. Nəsə smartfonlara marağım yoxdur. Həyat yoldaşımın telefonundan “Vatsap” vasitəsilə Sumqayıtdakı tanış uşaqlarla, sinif yoldaşlarımla əlaqə saxlayırıq. Təbii ki, arvadın telefonu ilə hər şeyi danışmaq olmur (gülür). Lakin buna baxmayaraq, təmas saxlayırıq, bir-birimizdən xəbərimiz olur. Bir sözlə, bir-birimizdən məlumatımız var.

- Siz Sumqayıt doğumlusunuz? Maraqlıdır. Sumqayıt şəhərini, orada yaşadığınız illəri necə xatırlayırsınız? Necə oldu ki, musiqi sənətini seçdiniz?

- Bəli, Sumqayıtda doğulub böyümüşəm, İkinci mikrorayonda, vağzalın yanında. Atam əvvəl Gürcüstana, oradan da Sumqayıta zavoda işləməyə gəlib. Anamla da orada tanış olublar, evləniblər. Biz ailədə üç qardaşıq. Hər üçümüz Rusiyada yaşayırıq. 1971-ci ildə doqquzuncu sinifdə oxuyarkən valideynlərim mənə gitara almışdılar. Bax, hər şey bundan başladı. Məktəbdə uşaqlarla birlikdə özümüzün rok qrupunu yaratdıq. Qrupda sinif yoldaşlarım və məndən yuxarı sinifdə oxuyanlar da vardı. Rok qrupumuzun adı “Vaqanta” idi. Məktəbi bitirəndən sonra hərbi xidmətə getdim. Orda da musiqidən başı çıxan uşaqlar qarşıma çıxdı. Öz ansamblımızı yaratdıq. Hərbi xidmətdə də olarkən daim musiqinin içində oldum. Hərbi xidmətdən qayıtdıqdan sonra isə “Niiximov tomatovskie” kollektivinə düşdüm. Bu, qapalı müəssisə idi. Harri Kasparovun valideynləri də orda çalışırdı. Müəssisənin yanında şahmat klubu yerləşirdi. Valideynləri Kasparavu ora gətirirdilər. Həmin müəssisənin musiqi kollektivində biz axşamlar məşq edirdik. Çoxlu nailiyyətlər əldə etmişdik. Tanışlıq yolu ilə “Azkonsert”ə çıxış tapmışdıq. “Azkonsert”in vasitəsilə Sumqayıtda konsertlər verirdik. O zaman bizi kəşf etməyə başladılar. Çünki konsertlərimiz çox effektli idi. Həmin dövr üçün nə müasir şey vardı, hamısından istifadə edirdik. Bizim qrupu birlikdə “Azkonsert”ə götürdülər. Mən həmin uşaqlarla 4 il işlədim. Bütün Sovetlər İttifaqını gəzdik, konsertlər verdik. İlk xarici səfərimiz 1984-cü ildə Polşaya oldu. 1985-ci ildən Əfqanıstana qastrola getmişdik. Həmin səfəri yaxşı xatırlayıram. Çox ağır şərait idi. Necə deyərlər, kimin kim olduğunu ağır, çətin şəraitdə bilmək olur. O zaman qərar verdim ki, mənim bu qrupda bu uşaqlarla birlikdə gedəcəyim yol yoxdur.

Həmin vaxta kimi isə mən artıq televiziya ilə əlaqələr qurmuşdum. Kliplərə çəkilmişdim. Məni “Qaya” ansamblının tanınmış solisti Tamilla Ağamiyeva dəvət elədi. O, bizim kollektivin dağıldığını görüb mənimlə birgə duet qurmaq qərarına gəlmişdi. Mən onunla birlikdə duetdə haradasa 3 il yarım oxudum. Daha sonra mən “Karvan” qrupuna dəvət aldım. Sevinc Kərimova məni “Karvan” qrupuna dəvət elədi. O, “Karvan” qrupunun birinci və ikinci tərkibinin təşkilatçısı idi. Sevinc Kərimova məni “Karvan”ın yeni tərkibində çalışmağa dəvət elədi. “Karvan”ın ikinci, yeni tərkibində konservatoriya təhsilli Sevinc Hacıyeva da təmsil olunurdu. O, “Qaya” ansamblının da üzvü olmuşdu. Musiqi rəhbərimiz isə Firuz İsmayılov idi. O, bizim qrup üçün musiqilər bəstələyirdi, aranjeman edirdi. Lakin “Karvan”ın əsas bəstəkarı Sevinc Kərimovanın həyat yoldaşı Mikayıl Vəkilov idi.

Haradasa, bir il bundan qabaq Los Ancelesdən mənə zəng gəldi. Zəng edənlər Sevinc Kərimova və Mikayıl Vəkilov idi. Onlar indi ABŞ-da yaşayırlar, məni Bakıya, “Karvan”ın yubiley konsertinə hazırlaşmaq üçün dəvət etdilər.

- Mayın 24-də “Karvan”ın yubiley konserti baş tutdu. Mənim bu haqda sualım olacaqdı...

- Baş tutdu? Bunu bilmirdim. Eşitmişdim konsertin olacağını. Məni dəvət etmişdilər. Amma mən imtina elədim. Çünki çoxdandır ki, musiqi ilə məşğul olmuram. Sevinclə Mikayıl zəng edəndə razılıq verib-vermədiyimi soruşdular. Onlar dedilər ki, yaxşı pul qazanmaq olar. Mən isə yerimə başqasını tapmağı xahiş elədim. Çünki belə daha yaxşı idi. Mən çoxdandır ki, oxumuram. Həm də Azərbaycan dilini yaxşı bilmirəm. Artıq yadımdan çıxıb. Həm də yaşlanmışam. Gitarada ifa edə bilirəm. Amma indidən sonra Azərbaycan dilində mahnıların sözlərini əzbərləmək mənim üçün çətin olardı. Hətta onlar gecələr internet vasitəsilə Mikayıl Vəkilovla məşq etməyimi də təklif etdilər. Lakin mən razı olmadım. Çünki mənim hazırkı işimə görə, bu mümkün deyildi. Odur ki, onlarla xoşluqla ayrıldım. Heç kəslə əlaqəm pis deyil. Təklif elədim ki, başqasını tapsınlar.

O ki qaldı Bakıdakı yubiley konsertinə, mən bu haqda başqa tanışlardan da eşitmişdim. İndi isə sizdən bu konsertin baş tutduğunu eşidirəm. Lap yaxşı. Allaha şükürlər olsun ki, bizi yaddan çıxarmayıblar.

- Sizin ali musiqi təhsiliniz var?

- Xeyr. Mən xalq konservatoriyasında təhsil alırdım, Tamilla Ağamiyeva ilə birlikdə... Orada ali təhsil verilmirdi. Biz vokal sinfində təhsil alırdıq. Vokalı bizə normal konservatoriyada keçirdilər. Orda üç il oxumaq lazım idi. Amma biz həmin dövrdə həm də Rəşid Behbudovun teatrında işləyirdik. Heç bir qastrol filan olmurdu. Sakit formada təhsilimizi alırdıq. Amma sonra Behbudovla aramızda münaqişə yarandı. Biz “Azkonsert”ə keçməli olduq. Amma orda qarşımıza şərt qoyuldu ki, qastrollara getməliyik, getməsək pul qazana bilməyəcəyik. Ona görə də, tez-tez qastrollarda olduğumuzdan konservatoriyada dərslərdə iştirak edə bilmirdik. Bu səbəbdən konservatoriyadan qovuldum.

- “Karvan”dan hazırda kiminləsə əlaqəniz var?

- Hazırda heç kimlə əlaqəm yoxdur. Firuz İsmayılovun telefonu məndə var. Bir dəfə onunla əlaqə saxlamaq qərarına gəldim. Telefonla danışdıq. Sonra bildim ki, o, Türkiyədədir. Mənə elə böyük məbləğdə telefon hesabı gəldi ki... (gülür) Bax belə... Firuzla telefonla danışmaq mənə çox baha oturdu...

- Axı indi elə bir problem yoxdur. İnternet vasitəsilə pulsuz əlaqə saxlamaq mümkündür. Məsələn, Vatsapla...

- Təmas saxlamağın nə mənası var ki?! Mən ki, indi musiqi ilə məşğul olmuram. Bu, mənə artıq maraqlı deyil. Bəli, mən musiqili verilişlərə baxıram. Mənə maraqlı gəlir.

- Moskvaya gələndən sonra musiqi karyeranızı davam etdirmək, burada bu sahədə nəyəsə nail olmaq haqqına fikirləşmədinizmi?

- Cəhd etdim. Restoranlarda oxudum. Xoşuma gəlmədi. Ona görə ki, Bakıda restoranlarda şou-proqramlarda ancaq öz mahnılarımı oxuyurdum. Moskvada isə tez-tez başqalarının da repertuarına müraciət etmək lazım idi. Üstəlik, bunu daha cəld, maraqlı və özünəməxsus formada etmək lazım idi. Bu isə məndə alınmadı. Ona görə də, musiqidən birdəfəlik getmək qərarına gəldim.

- Musiqinin daşını atandan sonra nə ilə məşğul oldunuz? Dediniz ki, son 14 ildə hərbi sahədə çalışırsınız. Bəs ona kimi nə işlə məşğul idiniz?

- Biznes, alver sahəsində özümü sınadım. Tanışlarım sayəsində bu işə başladım. Burda da eyni vəziyyətdir, tanışsız mümkün deyil (gülür). O ki qaldı indi işlədiyim sahəyə, tale elə gətirdi ki, bir nəfərlə tanış oldum. O, mənə indiki çalışdığım yerdə vakansiya olduğunu söylədi. Düzdür, həmin dövrdə mən yaxşı qazanırdım. Lakin bu, qara əmək haqqı idi, rəsmi əmək haqqı deyildi. Pensiya haqqında düşünməli idim. Qara əmək haqqı ilə pensiya çox aşağı olacaqdı. Qəpik-quruş pensiya alacaqdım. Lakin indi çalışdığım iş dövlət müəssisəsidir. Həm əməkhaqqı yaxşıdır, həm də pensiyası. Bir sözlə, yaxşı pensiyamı təmin etmiş oldum. Vaxtında bu işi tapdım. Şükürlər olsun!

- Yevgeni, bu müddət ərzində Azərbaycanda musiqi, incəsənət sahəsində baş verənləri izləyirsiniz? Heç ağlınıza belə bir fikir gəlibmi ki, bəlkə bir az səbr etsəydim, daha beş il dözsəydim, Bakıda qalsaydım, bəlkə də taleyim başqa cür olacaqdı?

- Əlbəttə izləyirəm. Məsələ ondadır ki, mən Azərbaycandan getməyə qərar verdiyim dövrdə siyasi hakimiyyət dəyişmişdi. Bizim qrup üçün isə musiqi alətlərini hakimiyyətdən gedən siyasi qüvvə almışdı. Alətlər onların ayırdığı pulla alınmışdı. Yəni, Xalq Cəbhəsinin... Həmin vaxt hakimiyyət dəyişdi. Onlar bizim üçün aldıqları musiqi alətlərini geri götürdülər. Biz alətsiz qaldıq.

- Bunu konkret kim eləmişdi?

- Xalq cəbhəsi... Mən sadəcə olaraq həmin vaxt sponsorumuzun kim olduğunu demək istəmirəm.

- Xalq Cəbhəsindən alətlərini geri alan konkret kim idi?

- Yox, bunu deməyəcəyəm. Siz bunu İlqardan (İlqar Xəyal-red F.Ə.) soruşa bilərsiniz. Amma onu deyə bilərəm ki, həmin adam hazırda Azərbaycanda yaşamır. Onlar bizim üçün aldıqları musiqi alətlərini bizdən geri alıb tez şəkildə başqalarına, harasa satdılar. Həmin alətlər Xalq Cəbhəsinin göstərişi ilə Bakı Neft Emalı Zavodu tərəfindən valyuta ilə Almaniyadan alınmışdı. Həmin pulun Azərbaycandan necə çıxarılması da yadımdadır. Baltikyanı ölkələr vasitəsilə pulu çıxarmışdılar. Belə ki, bizə Neft Emalı Zavodundan 100 min dollarlıq bir kağız verilmişdi. O kağızı nağd pula çevirmək lazım idi. Bizim üçün musiqi alətləri alınacaqdı. Sonra bildik ki, Xalq Cəbhəsinin nümayəndəsi zavoddan həmin vəsaiti bu yolla çıxarır və nağdlaşdırır. Bütün vasitəçilərin həmin vəsaitdə öz “dolyası” vardı.

Nəticədə biz instrumentsiz qaldıq. Mən hətta onun şahidi oldum ki, başqa adamlar vaxtı ilə bizim olan mikrofonu, klavişi gətirib bizə yenidən satmağa cəhd etdirdilər. Mən onlara dedim ki, bilirsiniz, bunlar bizim öz instrumentlərimiz olub.

- Onda belə çıxır ki, alətsiz qalmağınız sizin Azərbaycandan getməyinizə səbəb olub?

- Bəli, buna görə işsiz qaldım. Çalışdığım restoranı da bağladılar.

- Ara-sıra heç oxuyursuzmu? Misal üçün dost məclisində filan?

- Bəli, burda Sumqayıtdan olan dostlarım var. Onlarla görüşəndə, ara-sıra gitarada ifa edirəm. Amma musiqinin sözlərini daha oxuya bilmirəm. Çünki Azərbaycan dili yadımdan çıxıb. Həm də yaş öz sözünü deyir. Rəşid Behbudovla birgə işlədiyim dövrü xatırlayıram. Onun 70-dən çox yaşı vardı. Bir nəfər onun üçün böyük vərəqə mahnının sözlərini böyük hərflərlə yazırdı. Behbudov da mahnını ifa edə-edə həmin vərəqə baxırdı. Bu normal hal idi.

- Siz Azərbaycanda baş verənləri izlədiyinizi dediniz. Müasir Azərbaycan haqqında nə deyə bilərsiniz?

- İndi çalışdığım yerdə bir tanışım var. O, əslən bakılıdır. O da çoxdandır ki, Bakıda olmayıb. Amma kompüterdən, internetdən Bakıya tez-tez baxır. Mənə də göstərir. Bakıda necə gözəl yollar, möhtəşəm binalar tikilib. Bakıdan olan tanışlarımla da danışıram. Onlar da Azərbaycandakı inkişafdan danışırlar. Amma mən Bakını o qədər də yaxşı tanımıram. Çünki mən Sumqayıtda yaşayırdım. Bakının isə ancaq mərkəzini tanıyırdım. Sumqayıtla Bakını isə müqayisə etmək mümkün deyil.

- Siz Azərbaycanı tərk edəndə çox ağır dövr olub. Birinci Qarabağ müharibəsi... Siz gedəndə müharibə yenicə bitmişdi. İki il bundan qabaq isə yenə müharibə oldu. Bir azərbaycanlı kimi 2020-ci ilin payızında baş verən müharibəni burada, Moskvada necə yaşadınız? Qarabağı geri aldıq. Sizin təəssüratlarınızı eşitmək maraqlı olardı.

- Əlbəttə ki, həyəcanlanırdım. Amma həmin dövrdə informasiya çox məhdud idi. Ancaq televizorda nə göstərirdilərsə, ona baxırdım, onu bilirdim. Prezidentlərin görüşü filan... Amma daha dərin məlumatım yox idi.

Buna baxmayaraq, mən bu problemi dərindən bilirəm. Rusiyada politoloqlar, siyasilər Qarabağ problemi haqqında danışanda baxıram. Amma mənim bu barədə öz fikrim, öz mövqeyim var.

- Çox maraqlıdır, bilmək olarmı sizin mövqeyinizi?

- Bilirsiniz, erməni-azərbaycanlı davası başlamamışdan az öncə Tamilla Ağamiyeva ilə birlikdə İrəvanda idik. Onların məşhur bir zalı var, həmin zal Amerikadakı ermənilərin puluna tikilib. Haradasa 1986-cı il idi, Yeni il qabağı. Sumqayıt hadisələrindən qabaq. Bizim Tamilla ilə duetimiz ermənilərin xoşuna gəlmişdi. Bizi hətta orada növbəti, 1988-ci ilin Yeni il şənliyinə də dəvət etmişdilər. Bunun üstündən bir az keçmədi ki, məlum hadisələr baş verdi. Yeri gəlmişkən, Tamilla Ağamiyeva da Sumqayıtdan idi.

1988-ci ilin əvvəlləri idi, hələ Sumqayıt hadisələri baş verməmişdi. Amma ara-sıra xırda hadisələr olurdu. Bizi, bir qrup musiqiçini Kişinyova qastrola dəvət etmişdilər. Səhər tezdən Sumqayıtdan 211 saylı marşrutla aeroporta gedirdik. Avtobusda ruslar, ermənilər, yəhudilər də vardı. Biz Kişinyova uçduq, orada konsertdən sonra hotelin foyesində televizorda “Vremya” proqramına baxırdıq. Birdən proqramda Sumqayıt hadisələrinin baş verdiyini dedilər. O zaman hadisənin üstündən demə bir həftə keçibmiş. Mən tez hoteldən Sumqayıta, evə zəng elədim. Elə bircə onu soruşa bildim ki, hər şey normaldırmı? Evdəkilər hər şeyin normal olduğunu bildirdilər və əlaqə dərhal kəsildi.

- Telefon əlaqəsini bilərəkdən kəsdilər?

- Bəli. İnformasiyanın yayılmaması üçün edirdilər. Lakin mən sakitləşmişdim. Çünki evdəkilər hər şeyin qaydasında olduğunu demişdilər. Ermənilər deyirdilər ki, hər şey Sumqayıtdan başladı, bizimkilər isə Sumqayıtda deyirdilər ki, hər şey Ermənistandan azərbaycanlıların qovulması ilə başladı. Azərbaycanlılar əl-ayağı yalın, şaxtada Ermənistandan qovulmuşdular. Bütün bunlar mənim gözümün qabağında baş vermişdi.

- Beləcə “Karvan” qrupu dağıldı...

- Bəli, qrupun üzvləri hərə bir yerə getdi, kimisi Türkiyəyə, kimisi Amerikaya, kimisi Almaniyaya, mən də ki, Rusiyaya gəldim. Sevinc və Mikayıl əvvəl Türkiyəyə, oradan da Amerikaya getdilər, Firuz da Türkiyəyə. Barabançı Gülağa valideynləri Almaniyada yaşayan bir qızla evləndi, sonra o da ora köçdü. Bildiyimə görə, İlqar daha sonra televiziya işləməyə başladı. Odur ki, onlar yubiley konsertinə kimləri toplayıblar, mənə də maraqlıdır.

- Yevgeni, Azərbaycana, sizin ifanızın pərəstişkarlarına nəsə sözünüz varmı?

- Bilirsiniz, Azərbaycanı tərk etməmişdən bir az qabaq məndən televiziya üçün müsahibə almışdılar. O zaman da demişdim, indi deyirəm: Mən hamınızı sevirəm. Bilirəm ki, məni xatırlayırsınız. Mən hər zaman Azərbaycanı sevmişəm, sevirəm və sevəcəyəm. Məni tanıyan hər kəsə salam göndərirəm. “Karvan”dan isə Bakıda qalan İlqara böyük salamlar.

# 21035 dəfə oxunub

Müəllifin son yazıları

# # #