"Hərdən elə bilirəm, qəhrəmanları müəllifi rahat buraxmır" - Hekayə müzakirəsi

"Hərdən elə bilirəm, qəhrəmanları müəllifi rahat buraxmır" - Hekayə müzakirəsi
31 yanvar 2024
# 16:20

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən İlham Əzizin "Fəqət nə Cəlal var, nə də ki, Humay" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Qəşəm Nəcəfzadə:

Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

"Kəramət Böyükçölün “Səs” romanında seçki zamanı tez – tez təkrarlanan bir cümlə var: “İlham Əzizin od qiymətinə satdığı kostyum...” Bu günlər mən də getdim ki, tv-də veriliş aparmaq üçün stilistin zövqünə uyğun İlham Əzizdən bir neçə kostyum alam. Özü də od yox, su qiymətinə.

“Binə” ticarət mərkəzində İlham məndən qabaqda gedir, tez-tez dönür arxaya, bir az da geri qayıdıb ədəbiyyat haqqında bir-iki cümlə deyir, yenidən önə çıxır. Bu, önun yazı üslubu idi. Dəyişməz, əbədi, orijinal...

Bu üslubu düşünərək onun “Fəqət nə Cəlal var, nə də ki, Humay” hekayəsini oxudum. Gəldiyim ilk qənaət bu oldu ki, təkcə bu hekayə yox, onun gələcək hekayələrinin hamısı təhlükə altındadı. (Hadisələrin ciddi ardıcıllıq məsələsinə görə) Sankı müəllif hekayənin sonundakı cümləyə - Cəlal, mənim oğlumu bir il əvvəl maşın vurub öldürdü - (“mənim” sözü burda artıqdı) sürətlə qaçır, çünki hekayənin canı burdadı. Elə məni də tutan hekayənin sonluğu oldu. Bəlkə də, hekayə burdan başlayır, əgər müəllif forma yeniliyi etmək istəsəydi, əvvəl burdan başlayıb, sonradan əvvələ qayıdardı. Etməyib, sadəcə, əsərdəki hadislərin rəsmi üslub olan “Tərcümeyi – hal”dakı kimi ardıcıl getməyi hekayəni zəiflədir.

Müəllim, ardıcıllığı müəmmalı şəkildə itirməli idi; obrazlar çox parıldayır, açıq görünür, bunları təhkiyənin kölgəsində gizlətməliydi. Necə ki, qum üstünə barmaqla çəkilmiş ürək şəklini pozub gizlədirsən. Amma düşünürsən ki, burda “ürək” vardı.

Mənə elə gəlir ki, heç bir qız onu sevən oğlana belə cümlələr deməz: "Axır bir gün Humay lapdan Cəlalın qolundan tutub üçüncü mərtəbədə laboratoriyanın qara qapısının qabağına çəkmiş, "Sənin abırın, həyan yoxdu? Əl çək də yaxamdan, utanmırsan? Adıma söz çıxarmısan. Ölsən də, sənə gəlmərəm. Bir də mənə yaxın dursan, rektora şikayət edəcəm", – demişdi."
Ola bilsin ki, deyər, amma hekayənin gedişatında bu labüd görünmür.

Əsas məsələ budur ki, hekayədə obrazlar öz rollarını yaxşı oynamırlar.

Amma uşağın ölümü çox təsirlidi (Bu bir ildə o səs mənim içimdə ora-bura dəyib hər yerimi zədələdi, qanatdı) Xoşqədəmin olmayan övladının və Humayın maşın vuran övladı arasında bir sinus düyünü var. Burda gözəl bir "Əlaqə" yatır. İstərdim ki, İlham bu "əlaqə"ni oyatsın və həmişə bu "əlaqə"lərdən başlasın. Gözəl yazıçımızı öpürəm".

Fəxri Uğurlu:

Dünya nəsrinin şah əsəri - Fəxri Uğurlu

"Əziz dostum İlham Əzizin bu hekayəsi melodramatik üslubda yazılıb. Hekayədən çox klip ssenarisinə bənzəyir. Təhkiyəsi tələsik, səthidir. Sərrast psixoloji detal, demək olar, yoxdur. Təhkiyənin iki şəxsdə aparılması məzmundan doğmadığına görə, qondarma görünür. Mövzunun da müəllifin ağrısından doğmadığı aşkar görünür. Səməd Vurğuna göndərmənin də mənasını tapa bilmədim. Bir sözlə, İlhamın bundan xeyli yaxşı hekayələri var. Əgər əvvəlcədən mənə genəşmiş olsaydı, bu yazını üzə çıxarmağı məsləhət görməzdim".

Şərif Ağayar:

Bakupost.az - Şərif Ağayar "Kulis”dən getdi

"Hekayəni oxuyan kimi beynimdə bir metafor canlandı: sanki boks rinqində futbol oynayırlar. Bəlkə, bu cür də maraqlıdır, lakin, məncə, forma yenilikləri üçün qısa hekayə o qədər də uyğun janr deyil. Özü də belə həzin, kövrək hisslərlə yazılmış hekayə... Həcmi bir az geniş, üslubu bir az sərt və ya ironik olsa, daha yaxşı olardı - düşünüm, icazənizlə... Görünür, İlham Əziz artıq bizə bəlli olan qəlibinə sığmır. Janrını böyütsün, bəlkə. Ticarətdə məşhur qayda var: varlanan kimi obyekti böyüdür, sərmayəni artırırsan. Ədəbiyyat da belədir. Təcrübə və biliyin artdıqca köhnə qəlibə sığmırsan, işi böyütmək mövcudluq şərtinə çevrilir.

Şübhəsiz, mən belə bir hekayəni daha geniş yazardım, əhvalatı iki yox daha çox obraz danışardı. Səməd Vurğunla Yusif Səmədoğlunun xeyli sentimental Cəlal-Humay dastanına yeni rakurs açardım. Eyni məntiqi təsdiqləmək adamı klassizmə yuvarlayır. Bu da adını çəkdiyim “hegemon”lara uduzmaq deməkdir. Bu mövzuda Səməd Vurğunu da, Yusif Səmədoğlunu da otağın küncündə tək ayaq üstündə saxlamaq lazımdır. Və bu, mümkündür. Çünki Romeo-Cülyettası, Leyli-Məcnunu, hətta Qərib-Şahsənəmi olan dünyada Cəlal-Humay əhvalatı xeyli çıqqılıdır. Bir az güc sərf eləsən, başını-gözünü yığıb asanlıqla yeni formaya sala bilərsən".

Orxan Cuvarlı:

İstanbulda gecə ekspressi - Orxan Cuvarlı yazır…

"Hərdən elə bilirəm ki, qəhrəmanları İlhamı rahat buraxmır, onlarla bir yaşayır, bir sevinir, bir ağlayır. İlham bədbəxtlikləri məişət müstəvisindən fərdlərin faciəsinə qaldırır, həm ağrıyır, həm ağrıdır. Cəmiyyətdə nə çoxdur Cəlallar, Humaylar, Xoşqədəmlər. Gündə yüzlərlə belə adamla rastlaşırıq, bəzən nəzər belə yetirmirik. Yazıçılıq həm də dövrünün ağır, faciəvi insan talelərini canından keçirməkdir. Bunları bədii mətndə əritmək, yerbəyer etmək alayı məsələdir. İlham hər hekayəsində ayrı-ayrı insan talelərini içindən keçirir, yoğurur, onların ağrılarına sığal çəkir…"

Rəvan Cavid:

Çəmənzəminli niyə şaman ayinindədir?" - Rəvan Cavid

"İlham Əzizin hekayəsi milli nəsrimizdə şərti polifonik təhkiyədə yazılmış az və yaxşı nümunələrdən biridir. Axırıncı dəfə yerli imzalardan çoxsəsli hekayə oxumağım yadıma gəlmir. Müəllifin, obrazın və sonda oxucunun səsindən eşitdiyimiz mətn "müqəddəs üçlüyün" xorunda lokal, ancaq bir o qədər də hamının hər yerdə yaşayacağı hadisələri nəql edir. Nəsrimizin və ümumiyyətlə, ədəbiyyatımızın ənənəvi məcnunluğu bu hekayədə yerini oğulların atalara uduzduğu qafqazlı adətlərə verib. Lakin köhnə məcnunluq da tamamilə obrazın canından çıxarılmayıb. Finalın hekayədəki dəyəri süjetin monotonluğunu birdən-birə dəyişir. Humayın oğlunu Cəlal öldürüb, yoxsa başqası? Çünki həyat həmişə hekayələrdəki bəzəkli təsadüflərlə dolu olmur. İlham Əziz oxucuya verdiyi və hekayədə qəsdən havadan asdığı sualın arxasınca düşüb yekə bir roman yaza bilər".

Orxan Həsəni:

Qırmızı ayaqqabılar - Orxan Həsəni

"İlham Əziz bu dəfə bizi romantik bir hekayə ilə salamlayır. Kədər, göz yaşı, nakam məhəbbət, gecikmiş vüsal, ürəkdən axan qara qanlar, ağrı və s. Sevgi hekayələrinin əsas dörd xüsusiyyəti var. Gəlin bu dörd elemet əsasında İlham Əzizin hekayəsini analiz edək.

Birinci elemet: Rəğbət bəslənilən, güclü, simpatik bir qəhrəman yaratmaqdır.

"Fəqət nə Cəlal var, nə də ki, Humay" hekayəsinin qəhrəmanı Cəlal, doğrudanmı, rəğbət bəslənilən qəhrəmandır? Onunla hər hansı yaxınlıq duya bilirikmi? Hekayənin əvvəlində Cəlalın bir qarnı ac, bir qarnı tox məktəbi bitirib, instituta girdiyi yazılır. Elə həmin il anası oturduğu yerdə ölür. Anasının ölümü uzun sürən bədbəxtliklər silsiləsinin birinci halqasıdır. Bu cəhətlərə görə Cəlala yazığımız gəlir və müəyyən qədər ona yaxınlıq duyuruq. Lakin hekayənin sonrakı hissələrində fəaliyyətsizliyi, taleyin, daha dəqiq ifadə eləsək, atasının və ögey anasının hökmünə boyun əyməsi onu bir qəhrəman statusundan məhrum edir. Cəlal hər şeylə asanlıqla barışır. Onda qəhrəmanlıq keyfiyyətləri yoxdur. O, qəhrəman yox, karikaturadır.

Məsələn, Humay "yox"un sonra müəllif Cəlalın vəziyyətini bu cür yazır: "Amma üçüncü gün səhər Günəş yataqxananın tozlu pəncərəsindən üzünə ilıq sığal çəkəndə birdən hər şeyi unutmuşdu, dikəlib gülümsəmişdi".

Və ya Xoşqədəmlə evlilik prosesində müəllif Cəlalın vəziyyətini bu cür ifadə edir: "Mən nə olub bitdiyini unamamış hiss elədim ki, artıq gecdir. Atamın zəhmi, xofu məni heç vaxt rahat buraxmamışdı, o zəhmin, xofun qabağında yumağa dönmüşdüm. Həm də hiss etdim ki, içimdə də bir razılıq boy verib boylanır".

Hekayənin sonunda illərdir aşiq olduğu və fikri xəyalında dolaşan qadını görəndə isə onun ağlına birinci Humayın gözəlliyi gəlir və ona toxunan Humayın eybəcərliyi olur: "Çay gətirdilər, iki stəkan qoydular, elə birinci qurtumda qapı açıldı, Humay içəri girdi, gəlib qarşımda durdu, gülümsədi. Kaş gəlməyəydi, heç gülməyəydi. O sarı saçlar ağappaq, üz-göz qırış, miskini qarı…" Cəlal və Humay arasındakı "ruhani" səviyyədə münasibət sən demə gözəllik, eybəcərlik səviyyəsində adi bir istək imiş. Mən bu istəkdə qüsur görmürəm. Gördüyüm qüsur əvvəldə başqa, axırda başqa havanın oxumasıdır.

İkinci elemet emosional gərginlikdir. Bu hər bir sevgi hekayəsinin ürəyidir.

İlham Əzizin hekayəsində bu elementdən gen-bol istifadə olunub. Ümumiyyətlə, hekayə dinamikdir. Təkcə təhkiyə cəhətdən yox, eyni zamanda hislərin mütəmadi dəyişməsi, bir-birini əvəz eləməsi baxımından. Bu da müəyyən mənada oxucunu mətnə bağlayır. Final hissədə kafedə oxunan mahnı ilə obrazların daxili dünyasının birləşməsi xoşuma gəldi.

Üçüncü elemet inandırıcı süjet qurmaqdır.

Bu elemet əslində bədii ədəbiyyatın bütün janrlarına aiddir. İstənilən halda yazılan əsər inandırıcı olmalıdır. İlham Əzizin hekayəsində bu konteksdə müəyyən boşluqlar özünü göstərdi. Birincisi hekayəni bir nöqtədən başqa bir nöqtəyə daşıyan hissələr zəif bağlanmışdı. Bu əsas elementlərdən biri olan inandırıcılığı öldürür. "Yaxşı" mətndə bircə dənə də boşluq qalmamalıdır. "Hekayəni bir nöqtədən başqa nöqtəyə daşıyan" dedikdə nəyi nəzərdə tuturam? Cəlalın üç gün yatıb Humayı unutması, Humayın birdən Cəlalla sevgili olması, Humayın illər sonra Cəlalla görüşə razılıq verməsi, Cəlalın maşınla uşaq vurması, bunlar hamısı qaranlıq qaldı və açığı hekayədə qaranlıq qalan yerlər o yerlər idi ki, məhz yazıçı ustalığı, müstəsna istedad özünü bu hissələrdə göstərə bilərdi. Üstəlik, köməkçi qəhrəman Humay hekayədə eləcə dekor kimi görünür. Sonda oğlunun ölümü də onu xilas edə bilmir, absrakt bir formada qalır.

Dördüncü cəhət xoşbəxt sonluqdur.

Xoşbəxt sonluq dedikdə aşiq və məşuqun qovuşması nəzərdə tutulmur. Bu mənada xoşbəxtlik geniş anlayışdır. Hekayənin sonunda Cəlal xoşbəxtdir. Çünki onu illərdir özündə sıxıb saxlayan "Humay gözəlliyi" indi yoxdur və Cəlal həyatını rahat yaşaya bilər.

Son olaraq vurğulamaq istəyirəm ki, sadaladığım elemetlər nisbidir.

Uğurlar".

Vüqar Van:

Yazıçı Vüqar Van kimdir? – Dosye

"Hazırda ədəbi mühitdə gərgin vəziyyət yaranıb, yazarlar saysız cəbhələrə bölünüb, hər kəs bir-birindən şübhələnir, hamı başqasının eyibini axtarır. Bir adamı mətninə görə tərifləyirsənsə, dərhal deyirlər ki, umacağın var. Bir sözlə, ara qarışıb, məzhəb itib. Bir mətni bəyənməmək, "pisdir" demək savab, bəyənmək, "yaxşıdır" demək isə günah olub. Bir mətni sadəcə bəyəndiyini demək də insandan cəsarət tələb edir.

Çox burcutmağımın mənası yoxdur. İham Əzizin hekayəsini oxudum, xoşuma gəldi. Ancaq hekayənin adını bəyənmədim. Həm çox poetik və pafosludur, həm də Səməd Vurğun və onun poeması ilə heç bir əlaqəsi yoxdur. Yəni bu ad "Cəlal da yox idi, Humay da" olsaydı, heç nə dəyişməzdi.

Hər kəsin bir qırmızı xətti var. Mənim üçün bu qırmızı xətt övladı olmayan ailələrdir. Mən bu mövzuda nə oxusam, nə eşitsəm, silahsız və müdafiəsiz qalıram. Bu hekayədə həm də övladı olmayan bir ailənin faciəsi var. Üstəlik, bu faciəni mətndən hiss etmək olur.

Hekayənin texnika baxımından problemləri var, amma bu problemlər mənə hekayəni bəyənməyə mane olmadı.

Ortada bir uşaq qətli var. Qatil hekayənin qəhrəmanıdır ya yox, bunu da bilmirik. Niyəsə adama elə gəlir ki, qatil elə qəhrəmanın özü olacaq. Aydın Talıbzadənin təbirincə desək, faciə, əslində, düşüncənin faciəsidir".

# 2098 dəfə oxunub

Müəllifin son yazıları

# # #