Belə məqamlar nəsr üçün bariz boşluqlardır - Hekayə müzakirəsi

Belə məqamlar nəsr üçün bariz boşluqlardır - Hekayə müzakirəsi
12 aprel 2023
# 15:00

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Qəşəm Nəcəfzadənin “Qərib atdan yıxılan yer” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.

Əsəd Qaraqaplan: “Ənənəvi xatirə-hekayədir. Hərdən düşünürəm ki, belə mətnləri oxuyanda nəsə fərqli bir şey, bir detal, bir düşüncə, ya da texniki bir manevr görə bilərəkmi? Cavabım qısa olur, yox. Hekayə boyu hardasa durub, hansısa bir detala “ilişib” düşünmək, hadisələrə fərqli tərəfdən baxmaq olmur.

Müəllif nə qədər tərəkəmə dilindən (sözlərindən) istifadə eləməyə çalışsa da, mətnin özündə - enerjisində “tərəkəmələşə” bilmir. Yəni müəllifin ruhunamı deyək, enerjisinəmi deyək, ora tam köç edə bilmədiyini hiss edirsən.

Hadisələrə, detallara, məsələn, uşaq Qəşəm kimi baxıla bilsəydi, daha canlı olmazdımı, düşünürəm. Ya da hadisələri dağıtmaq, hekayəni, məsələn, Qərib atdan yıxıldığı yerdən başlamaq olmazdımı? Ya da sondan. İllah da belə olmaq məcburiyyətində deyil ki, deyə düşünürsən. Əlbəttə, bu da bir ehtimaldır. Amma nə qədər edirsən, mətni nə uşağın gözündən görə bilirsən, nə də fərqli hiss edə bilirsən.

Ancaq mətndə iki insanın, yəni Qəşəmin ata-anasının xoşbəxt olmağın kiçik yolunu tapmağını da görməmək mümkün deyil. Bu çətin və zalım dünyada hərdən, çox bəsit belə olsa, xoşbəxt olmağın yolunu tapıb yaşamaq önəmlidir. Lakin bunu da bir xatirə, sadəcə “ailədaxili” bir məsələ kimi yazsan, o, hekayədən çox gündəlik dəftəri olacaq.

Sonluq da uğurlu deyil. Hələ “qırışmal” sözü heç yerinə düşmür. Əminəm, Qəşəm müəllim bu sözü sadəcə yazıb, heç vaxt işlətməyib. Nə indi, nə də uşaq vaxtı.

Mətn ümumilikdə Qəşəm müəllimin qardaşının yubileyinə yazdığı yazı təəssüratını yaradır.
Sonluğu çıxarıb, ya da mətnin içində daha fərqli bir ştrixlə keçib, uşaq Qəşəmin gözündən verə bilsəydi, daha yeni, daha incə olardı, məncə.

Bu qəlibləşmiş hekayəçilik şəxsən məni bir oxucu kimi artıq tərpətmir. Nə qədər edirsən, mətn haqqında "hə, budur" deyə bilmisən. Buna vaxt itkisi demək olarmı? Bəlkə də, yox, amma yeni mətn də demək olmur...”.

Bir qadın da sevmədik... – Günün şeiri

Fərid Hüseyn: “Bu hekayədə qəribə bir söhbət aurası, əhvalat təhkiyəsi var. Amma elə söhbət ki, daha çox danışanın özünə maraqlıdır. Bəzən olur ki, kimsə söhbət edir, şövqlə danışır, fəqət fərqində olmur ki, onun nağıl elədiyi hadisələr ətrafındakıların eyninə deyil.

Hekayədə sanki çox şey “köçəridir”, hadisələr keçidlərlə yox, “köçərilik prinsipi ilə” nəql olunur. Müəllif yaddaşının bir yerindən başqa bir yerinə “hicrət edir”. Sadə insanların yaddaşına ilişib qalan adi bir hadisə sonra onların həyatında bəzən əsas mövzuya çevrilir. Uzun zaman həmin hadisənin əsarətindən xilas ola bilmirlər. Bu baxımdan hekayə maraqlıdır.

Detallar: Özlərini Stalinə oxşadan çobanlar, hesab bilməyən adamların qığdan “say çöpləri” və sair məsələlər, olsun ki, diqqəti cəlb edir. Müəllifin xatirəsini təzələmək üçün – özünə gəlmək üçün olub-keçənləri yada salıban məninə qayıdışı kimi məqamlar oxucunu özünə çəkir. Amma əsər ümumi mənada “dərinlik çatışmazlığından əziyyət çəkir”.

Müəllif hər şeyi özü mənalandırır, sanki onun təlqinindən kənarda heç nəyin anlamı yoxdur. Müəllif əhvalatın içindən çəkilsə, bütün yaşanılmışlar ağ kağıza dönəcək – fərz elə ki, olmayıb. Bu kimi məqamlar nəsr üçün bariz boşluqlardır.

Sadə insanlar həyatda məna axtarmırlar, onların mühitini anlamlandıran kənardakı “düşüncə bəndələri”dir. Etnoqrafik lövhələrə, kənd həyatının xırdalıqlarına bələd olmaq istəyənlər üçün bu hekayə cazib ola bilər, əks halda isə...
Tanınmış bir şairə nəsri ilə qiymət vermək istəməzdim. Bu, qeyri-ixtisas sahibinin ixtisas imtahanına bənzəyir. Uğur ola...”.

Fərid Hüseyn: “Yaddaşın işğal tarixi başlar, gözlərinin önündən” | SENET.AZ

Alpay Azər: “Maraqlı, həzin bir hekayədir. Bu cür uğurlu mətnlər göstərir ki, kənd mövzusunda yazılan hekayələr heç də öz aktuallığını itirmir, yetər ki, yazanın istedadı olsun. Heminqueyin “Vayominq şərabı” adlı hekayəsi var, o hekayədə ərlə arvad şərab haqqında tez-tez danışırlar, adi söhbətlər edirlər, amma şərab barəsində elə həvəslə danışırlar, bu söhbətlər sonda ədəbiyyat materialı olur. Qəşəm Nəcəfzadə də Qəribin atdan yıxılması hadisəsini nəsrə gətirə bilib. Xırda bir nüansı deyim. Qəşəm bəy dil məsələsində həssasdı, bu cümlədə “Sən demə qoyun yarıya qədər kəm imiş” məncə, “qoyunun sayı” yazılmalıydı”.

Təvəkkül Boysunar: “Oxuduğum mətn hekayədən daha çox memuara bənzədi. Zənnimcə, müəllif öz bioqrafiyasından hansısa xatirələri memuar kimi qələmə alıb, hekayə yazmağa çalışmayıb. Yəni kimsə, deyək ki, bu mətni Qəşəm müəllimin memuarları arasında oxusa, məncə, belə bir fikir irəli sürüb müəllifə deməz ki: bu mətn hekayədir, hekayə kimi çap et. Qəribin əhvalatı, valideynlərin oğlanın canına and içməyi, yoldakı dialoqları, həbs olunan kalxoz sədri - bunlar maraqsız təsir bağışladı. Eləcə də, say bilmədən qoyunları saymağı bacaran kişinin hadisəsi.

Kəramət Böyükçölün Zahid Xəlilov küçəsi ilə bağlı yazdığı bir yazı var. O mətn də memuar, esse, ya da nəsə bu janrda yazılmış bir şeydi, orda da müəllif hekayə yazmağa can atmayıb. Ancaq iş orasındadır ki, Kəramətin hələ bloqqerliyə qurşanmadığı zamanlarda yazıldığı üçün o mətnin içindəki istedad, enerji, güc, kədər, nostalji o qədər yüksəkdi ki, neçə-neçə hekayələr o janrsız yazının qarşısında diz çökə bilər. Qəşəm müəllimin bu mətnində isə sadaladığım məziyyətlərin heç biri demək olar ki, yoxdur. Qəşəm müəllimin buna ehtiyacı olduğunu da zənn etmirəm, çünki o, gözəl şairdir və qələmi poeziyada daha iti, daha uğurludur”.

ILK XƏBƏR: Qadın qəlbinin gizlinləri - Təvəkkül Boysunar yazır...

# 1863 dəfə oxunub

Müəllifin son yazıları

# # #