“Yazı sənəti laboratoriyası” təqdim edir: Qonşudan gələn səslər

“Yazı sənəti laboratoriyası” təqdim edir: Qonşudan gələn səslər
4 oktyabr 2021
# 18:07

Kulis.az Orxan Adıgözəlin “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində qələmə aldığı “Qonşudan gələn səslər” hekayəsini təqdim edir.

Qəfil bağırtı qopdu:

- Elnarəəə...!

Əvvəl sandım ki, ucadan çıxan bu səs mağaradan gəlir və mən də mağaranın ağzına doğru boylanan alpinistəm. Elə bildim, izimi, yolumu itirmişəm və buzlu bir dağın ətəyində azıb qalmışam. Üstəlik, aclıq və heysizlik canımı bürüyüb və bütün bunlar məndə əsassız bir qorxu hissi yaradıb. Buna görə də, eşitdiyim səsi ayı bağırtısına bənzətdim. Güclü bir qorxu hiss elədim.

Bu, beynimin mənimlə oynadığı oyun idi. Nə mən itkin düşmüş alpinist idim, nə ortada dağ vardı, nə mağara, nə də ayı. Aydın oldu ki, Bakıda valideynlərimlə birgə yaşadığım üçotaqlı mənzildə imişəm. Bu şüvən isə qonşudan gəlirmiş.
Səs yenidən eşidildi:

- Elnarə, eşitmirsən məni?

Bağırtı otağımın divarının o tayından gəlirdi. Bu, orada yaşayan kişinin səsi imiş. Mənə elə gəldi ki, səsdən divar silkələndi. Hətta elə bildim ki, kişi otağımdadır və qəzəbli ayı kimi nərildəyir. Bu, o kişinin bəm səsi ilə ilk tanış olduğum vaxtkı təəssüratlarımdır.

Biz Sovet vaxtı inşa edilmiş doqquz mərtəbəli binada yaşayırıq. “Leninqrad” layihəsi olan bu binalar daş paneldən hazırlanmadığı üçün səskeçiriciliyi olduqca zəifdir. Belə olan halda qonşuların evindən gələn hər hansı hündür səsi eşitməyimiz çox təbiidir. İndi təsəvvür edin, gənc cütlüklər nələr çəkir. İntim iniltiləri lazımınca çıxara bilməmək, səssiz orqazmlar yaşamaq ağır hallardır. 2005-ci ildən burada yaşayırıq. O vaxtdan bu yana heç vaxt qonşuların evindən belə səs gəlməyib. Bir-iki dəfə köhnə üst qonşularımız - ər-arvadın dava səsini saymasaq, 2021-ci ilə kimi oxşar bağırtıları eşitməmişdim.

Mən bu bəm səsin sahibini heç vaxt görməmişəm, səsini isə demək olar, hər gün eşidirəm. Onun görünüşünü anamın verdiyi koordinatlara əsasən təsəvvür edə bilirəm. Həmin təsvirlər bunlardır: “ortayaşlı, ucaboy, dolu, dərisinin rəngi tünd olan bir kişi - yeriyəndə havanı yara-yara gedir”.

Onu təsəvvürümdə qəhvəyi rəngdə pencək, köynək və şalvar geyinmiş Qrizli ayısı kimi düşünürəm. Bu təsəvvür onun səsini eşitdiyim ilk gündən ağlımdadır. Anam onu həyətdə görüb, necə olduğunu təsvir edəndən sonra həmin, təsəvvürlərim lap yerinə oturdu. Qonur ayı növündən olan yarımnöv Qrizli ayılarının ağırlığı 500 kiloqrama çatır. Əsasən ABŞ-da yaşayan bu ayılar olduqca təhlükəlidir. Qəzəbli oldularsa, gərək, ümumiyyətlə onlara rast gəlməyəsən. “Yeriyəndə havanı yara-yara gəlir” – ifadəsini eşidəndə, ağlıma yetkin ayıların at qədər möhkəm qaçdığı faktı da gəldi.

Beş-altı aydır eşitdiyim gurultulu kişi səsi təkcə dava vaxtı yox, gün ərzində, məişət həyatının ən adi hallarında da oxşar tezlikdə duyulur. Məsələn, axırıncı dəfə onun dilindən eşitdiyim sözlər bunlar idi:

“Ay nənə, ağbirçək ol, ay nənə”.

Onun bu sözləri, nədənsə, yadımda qaldı.

Kişinin nənəsinin arada onlara gəldiyini, ya da elə orada yaşadığını bilmirəm. Bildiyim odur ki, hərdən o kişi, alçaq səslə danışan hansısa qadınla söhbət edərkən ona “nənə” deyə müraciət edir. Ümumiyyətlə, həmin evdə demək olar, o kişidən başqa hamı asta səslə danışır.

Bir dəfə kişi yenə ya nənəsi, ya da telefonla kiminləsə danışan vaxt anam otağıma girdi. Onda mən kompüterdə nəsə yazırdım. Anam gülə-gülə dedi ki, deyəsən, o tərəfdə mətbuat konfransı gedir.

O anda özümü həqiqətən də mətbuat konfransının bir addımlığında hiss elədim. Kişinin səsi çox poetik gəlirdi. Onu tribunada vətən barədə şeir deyən emosional şairlər kimi təsəvvür etdim. Elə bil, sazı boynunda saxlayan aşıq, şövqlə öz sənətinin vacibliyindən danışırdı. Bu təsəvvür məni də güldürdü.

Kişinin dilindən ən çox “Elnarə” və “Fatimə” xitabını duyuram. Bu, çox güman ki, onun qızının və həyat yoldaşının adlarıdır. Bu adları gün ərzində bəlkə də yüz dəfə eşidirəm. O, durur-durur, birdən ucadan, var gücü ilə bu adları çağırır. Belə anlarda bir neçə dəfə diksinib, söyüş də söymüşəm. Hətta düşünürdüm ki, onu nə vaxtsa həyətdə görəndə yaxınlaşıb “siz 7-ci blokda, 6-cı mərtəbədə yaşayırsınız da” sualımı “hə” deyə təsdiqlədikdən sonra, “qışqıranda fikirləşmirsiniz ki, divarın o tayında da adam yaşayır” deyə soruşum.

Arada qonşumuzu teatr səhnəsində təsəvvür edirəm. Teatr səhnəsi onun üçün münbit məkan sayıla bilər. Bəm səsi imkan verər ki, min nəfərlik teatr zalını öz səsi ilə valeh etsin. Onu Şekspirin yazdığı faciə tamaşalarında, ən çox da əlində kəllə sümüyü tutan Hamlet rolunda görürəm. Kəlləyə baxıb “ağbirçək ol, ay nənə” deyə bağırır. Ardınca da “Otello” tamaşasında “Dezdomona” əvəzinə, “Elnarə” qışqırdığını təsəvvür edirəm. Bütün bunlar mənə çox əyləncəli gəlir.

Yatağım divara birləşmiş haldadır və mən o evdən gələn səsləri bəzən istəməsəm də, eşidəsi oluram. Buna görə də çox vaxt otağımda musiqiyə qulaq asıram. Yenə də səsi hündürə qoymuram ki, qonşuları narahat etməyim. Ümumiyyətlə, qonşularımız çox yaxşı insanlardır. Bir-birimizi başa düşməyə çalışırıq.

Açığı, əvvəllər kişinin bu sayaq bağırtı və çığırtılarını eşidəndə qıcıqlanırdım. Hətta ürəyimdə onu qınamışdım da. Bir neçə dəfə nəyəsə əsəbiləşib qışqıranda anam mənə dedi ki, Orxan, qonşu kişiyə dönmüsən haa... Ondan betər qışqırırsan!

Bundan sonra daha o kişini qınamadım. Nəyəsə əsəbiləşəndə, daha təmkinli danışıram. Bilmirəm, mühakiməni yığışdırdığıma görə oldu ya qonşulardan kimsə şikayət elədi, fərq etməz, axır ki, son vaxtlar gur səsli kişi əvvəlki “mətbuat konfranslarını” yığışdırıb. Arvadına və qızına da əvvəlkitək tez-tez bağırmır.

Bir də divarın o tayından arada başqa səsin də gəldiyini eşidirəm. Həmin səsin qadına və ya kişiyə aid olduğunu hələ də müəyyən etməmişəm. Səsi sözlərlə də təsvir etmək olmur. Sanki səs gül vazasının dibindən gəlir. Mən belə səsi ilk dəfədir duyuram. Elə bil, o, heç adam səsi də deyil. Nəsə fövqəlvarlığın, yadplanetlinin səsidir. Qəribəsi budur ki, həmin varlığın səsini heç vaxt o kişi ilə birgə duymamışam. Onsuz da o kişi danışanda digər səslər avtomatik batır. Yenə də həmin kişi ilə “fövqəlvarlığın” dialoqunu eşitməmişəm.

Deyəsən, o, kişi evdə olmayanda gəlir. Bəlkə ayıya bənzətdiyim kişi başqa yerdə olduğu günlərdə arvadı evə başqa kişi gətirir. Bu səs də onun səsidir. Yəni qəribə səsin sahibi gecələr qadına öz eşqini izhar edir? Yox e. Bu nəsə inandırıcı deyil. Məşuq, məqamdan “istifadə” edib, öpüşməli, sevişməli halda olmalı ikən, nə üçün bütün gecəni danışsın?

Yenə də həmin səsin sırf kişiyə aid olduğuna əmin deyiləm. Bu nəsə fərqli bir şeydir.

Ən çox da onun əcaib səsini yuxuya getməmişdən əvvəl, məhz gecələr eşidirəm. Bəzən həmin səs mənə layla kimi təsir edir. Bunu heç bir körpəyə rəva bilmirəm, ancaq bu müdhiş səs mənə yuxu gətirir. Bəlkə də yuxu saatıma təsadüf etdiyi üçün belə düşünürəm. Hər halda, onu ancaq gecələr eşidirəm.

Bir neçə gün öncə yenə “vazanın dibindən gələn” səs divarın o tayından eşidilməkdə idi. Mənsə şirin yuxuya dalırdım. Gecəyarısı həmin “əcinnənin” gurultulu gülüşü ilə yuxudan oyandım. Elə təsəvvür yarandı, sanki kahin bir qarı, o evin sakinlərini pıqqa-pıq qaynayan qazanın ətrafına yığıb, mistik olaylardan danışır. Evin sahiblərini transa girmiş halda təsəvvür elədim. Saata baxdım – 02.17. O, hələ də danışırdı. Həmin söhbətlərdən heç nə anlaşılmırdı. Ümumiyyətlə, bu günə kimi onun danışıqlarının bir kəlməsini də başa düşməmişəm. Görəsən, o hansı dildə danışır?! Bəşəriyyətdə belə bir dil varmı?!

Bəlkə elə danışan pencəkli ayı kimi xəyal etdiyim həmin kişidir. Gecələr səsi dəyişir, fövqəladə transformasiya yaşayır. Ya da bəlkə belə bir səsin sahibi yerli-dibli mövcud deyil. Qulağıma gələn səs də qeybdən eşidilir...

Qeyd: Hekayə Salaam Cinemanın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə gənc yazarlar üçün keçirilən “Yazı sənəti labaratoriyası” layihəsi çərçivəsində yazılıb.

# 2590 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #