Xəyanət edən kişilər, qadınlar... - Həyat təsadüflərdən ibarətdir?

Xəyanət edən kişilər, qadınlar... - Həyat təsadüflərdən ibarətdir?
30 may 2024
# 09:00

Məhəbbət və xəyanət haqqında saysız-hesabsız əsərlər yazılıb. Demək olar ki, bütün yazıçılar bu mövzuya müraciət edib. Necə deyərlər, harada məhəbbət varsa, orada xəyanət də var. Odur ki, müəlliflər oxucunu cəlb etmək üçün ən ali məhəbbət hisslərinə belə xəyanət çaları qatmağı unutmayıblar.

Kulis.az həmin məşhur əsərlərdən bəzilərini təqdim edir.

Lev Tolstoy: “Anna Karenina”

Əsər həyatı məhv olmuş qadının faciəvi tarixçəsindən bəhs edir.
Sevgili cütlüyün məhəbbətini cəmiyyət qəbul etmir. Onlar özlərinə doğma olan hər şeydən məhrum olurlar.
Anna itirdiklərini qaytara biləcəkmi? Anlayır ki, bu onun gücü xaricindədir. Qadın ölümü seçir.

Qustav Flober: “Madam Bovari”

Emma Bovari həddən ziyadə ideal həyat yaşayır.
Burada hisslərə, emosiyalara azca da yer yoxdur.
Bütün günü nazını çəkən ağıllı, yaraşıqlı əri, sadəcə, onun bu darıxdırıcı dünyasının bir hissəsidir. Emma hiss edir ki, onun daxili dünyası və təbiəti heç cür bu “xoşbəxt ailə” çərçivələrinə sığışmır.

Frensis Skott Fitscerald: “Böyük Qetsbi”

Roman başına gələn bir hadisədən sarsılan baş qəhrəmanın xatirələrindən bəhs edir. Əsər amerikalı arzusunun rəmzi olan mürəkkəb xarakterli Qetsbinin faciəvi sevgisi və ölümü haqqındadır.

Con Ardayk: “Ər-arvadlar”

Balaca əyalət şəhəri. Burada cansıxıcı həyat hökm sürür. İnsanların yeganə əyləncə və sevinci hər addımda baş verən xəyanətləri, qisasları, pozğun hərəkətləri müzakirə etməkdir.

Ayris Merdok: “Müqəddəs, həm də günaha batmış məhəbbət”

Ər, arvad və məşuqə.
Məşuqə ər üçün sadəcə əyləncə deyil, ikinci ailədir. Arvadın heç nədən xəbəri yoxdur, məşuqə Emili isə kişinin həyatında yeganə qadın olmağı arzulayır. Bleyz həyatını dəyişmək fikrində deyil, düşdüyü müxtəlif vəziyyətlərdən birtəhər çıxmağa cəhd edir.
Sanki bir-birini tamamlayan bu qadınların hər ikisi ona əzizdir.
Amma o, mütləq seçim etməlidir.

Paulo Koelyo: “Xəyanət”

30 yaşlı jurnalist Lindanın hər şeyi var – onu sevən əri, ürəyincə olan işi, uşaqları, nəhayət, İsveçrə kimi bir ölkədə rahat, təminatlı həyatı. Çatışmayan yalnız xoşbəxtlikdir. Və özünü xoşbəxt göstərmək get-gedə daha da çətinləşir – qadın sanki uçurum qarşısındadır.

Linda tanınmış siyasətçidən müsahibə aldığı andan həyatında hər şey dəyişir.
Həmin siyasətçi onun ilk məhəbbəti olub. Bu xəyanət yeni, xoşbəxt, mənalı həyata sanki təkan verir.

Milan Kundera: “Varlığın dözülməz yüngüllüyü”

Müəllifin bu roman vasitəsilə gəldiyi qənaətə görə, insan öz həyatının qaralamasını yaza bilməz, çünki həyatımız büsbütün ağlamadan ibarətdir.
Və həm də bu həyat yaşandıqca dözülməz rahatlığa çevrilir.
Hər şey təsadüflərdən ibarətdir – gələcək də yalnız belə müəyyənləşir, hansısa bir seçim heç nəyi həll etmir.

Tərcümə edən: Yaşar Əliyev

# 965 dəfə oxunub

Müəllifin son yazıları

# # #