"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar

"Üsyan edən arvadınızdırsa, qaça bilməzsiniz..." - Feminist yazardan sitatlar
28 avqust 2026
# 13:10

Bu gün məşhur kanadalı feminist yazar Şulamit Fayrstonun (Shulamith Firestone) anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Freydizm öz günah çıxarmaları və tövbələri, tərəfdarları və yeni ardıcılları, saxlanılması üçün xərclənən milyonlarla vəsaitlə müasir dövrümüzün Kilsəsinə çevrilib. Biz ona yalnız çəkinərək hücum edirik, çünki son mühakimə günündə onun haqlı çıxıb-çıxmayacağını heç vaxt bilmək olmur.

***

Doğuşa nəzarət üsulları meydana çıxana qədər qadınlar tarix boyu öz biologiyalarının — menstruasiya, menopauza və qadın xəstəlikləri, fasiləsiz və ağrılı doğuşlar, körpələrin əmizdirilməsi və onlara qulluq edilməsinin daimi əsirinə çevrilmişdilər; bütün bunlar fiziki baxımdan sağ qalmaq üçün onları kişilərdən (istər qardaş, ata, ər, sevgili, istərsə də nəsil-qəbilə, dövlət və bütövlükdə cəmiyyət olsun) asılı vəziyyətə salırdı.

***

Qadınlara fərdiyyətlərini yalnız xarici görkəmləri vasitəsilə nümayiş etdirməyə icazə verilib.

***

O hər yerdədir. İn və yan bölgüsü bütün mədəniyyətə, tarixə, iqtisadiyyata və təbiətin özünə sirayət edib: müasir Qərb cinsi ayrı-seçkiliyi bunun sadəcə ən son qatıdır. İnsanın seksizmə qarşı həssaslığını bu dərəcədə artırması, qara dərili fəalların irqçiliyə qarşı qazandığı yeni şüurdan qat-qat ağır problemlər yaradır: Feministlər təkcə bütün Qərb mədəniyyətini deyil, bütövlükdə mədəniyyətin quruluşunu, hətta bundan da irəli gedərək təbiətin nizamını sorğulamalıdırlar. Bir çox qadın ümidsizliyə qapılır: məsələnin bu qədər dərinə getdiyini görəndə, bunu bilmək belə istəmirlər. Digərləri isə qadın zülmünə qarşı duyduqları ağrılı həssaslığın konkret bir məqsəd daşıdığını dərk edərək hərəkatı gücləndirməyə və genişləndirməyə davam edirlər: nəhayətdə bu zülmə son qoymaq.

***

Ümumilikdə feminist nəzəriyyə, seksizmi aradan qaldırmaq üçün atılan ilk feminist cəhdlər qədər qeyri-kafi olmuşdur. Bu, gözlənilən idi. Problem o qədər nəhəngdir ki, ilk cəhddə yalnız səthi qatları araşdırmaq və ən açıq-aşkar bərabərsizlikləri təsvir etmək mümkün idi. Qəti təhlilə ən çox yaxınlaşan — bəlkə də bunu bacaran yeganə şəxs Simon de Bovuar oldu. Onun erkən əllinci illərdə, məhz feminizmin öldüyünə inanılan bir dövrdə işıq üzü görən fundamental "İkinci cins" əsəri ilk dəfə feminizmi tarixi təmələ söykəməyə cəhd etdi. Bütün feminist nəzəriyyəçilər arasında Bovuar feminizmi mədəniyyətimizin ən qabaqcıl ideyaları ilə əlaqələndirən ən əhatəli və uzaqgörən simadır.

***

Cinsi güc balanssızlığının bioloji əsaslara söykəndiyini qəbul etmək mübarizəmizi uduzmaq demək deyil. Biz artıq sadəcə heyvan deyilik və Təbiət Səltənətinin hökmü mütləq deyil.

***


Radikal feminist baxışa görə, yeni feminizm sadəcə sosial bərabərlik uğrunda ciddi bir siyasi hərəkatın yenidən canlanması deyil. Bu, tarixdəki ən mühüm inqilabın ikinci dalğasıdır. Onun məqsədi: mövcud olan ən qədim və ən sərt sinfi/kasta sistemini — minilliklər boyu möhkəmlənərək arxetipik kişi və qadın rollarına haqsız bir legitimlik və əbədiyyət donu geyindirən cinsə əsaslanan sinif sistemini devirməkdir. Bu nöqteyi-nəzərdən, qabaqcıl Qərb feminist hərəkatı sadəcə ilk hücum, onu izləyən əlli illik istehza isə yalnız ilk əks-hücum idi — təbiətin yaratdığı və insanın möhkəmləndirdiyi zalım güc strukturlarından xilas olmaq üçün uzun sürən mübarizənin başlanğıcı idi.

***

Əslində, feminizmin özünəməxsus tsiklik inkişaf dinamikası var. Mənimsədiyimiz tarixi təfsirə görə, feminizm qadınları cinsi-reproduktiv rolların zülmündən — həm fundamental bioloji vəziyyətin özündən, həm də bu bioloji vəziyyət üzərində qurulub onu möhkəmləndirən cinsi sinif sistemindən — azad etməyə qadir olan texnologiyanın inkişafına qadınların qaçılmaz reaksiyasıdır.

***

Hər yataq otağında bir inqilabçının olması mövcud vəziyyəti sarsıtmaya bilməz. Üsyan edən sizin öz həyat yoldaşınızdırsa, çıxıb şəhər kənarına qaça bilməzsiniz.

***

İyirminci əsr Amerikasını ən çox xarakterizə edən vahid bir mədəni cərəyanın adını çəkməli olsaq, bu, bəlkə də Freydin əsərləri və onun əsasında formalaşan fənlər olar. Freydin bütöv bir qitənin və sivilizasiyanın təxəyyülünü fəth etməsinin tutarlı bir səbəbi var idi. Zahirən ziddiyyətli, məntiqsiz və ya "ifrat" görünsə də, onun ehtiyatlı məntiqləri, təcrübələri və düzəlişləri ilə çıxış edən davamçılarının onunla müqayisə edilə biləcək heç bir sözü yoxdur. Freydizmin bu cür xəritələşdirilməsi və inkarının qeyri-mümkün olması onunla bağlıdır ki, Freyd müasir həyatın ən həlledici problemini qavramışdı: Cinsəlliyi.

***

Freydizm və feminizm eyni torpaqdan cücərib. Freydin öz fəaliyyətinə məhz ilkin feminist hərəkatın çiçəkləndiyi dövrdə başlaması təsadüf deyil. Biz bu gün həmin dövrdə feminist ideyaların nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini lazımınca qiymətləndirmirik. Mədəniyyət o dövrdə hakim olan münasibətləri və qayğıları əks etdirirdi: feminizm mühüm ədəbi mövzu idi, çünki o zaman həyati bir problem sayılırdı. Çünki yazıçılar gördüklərini qələmə alır, ətraflarındakı mədəni mühiti təsvir edirdilər. Və bu mühitdə feminizm məsələlərinə qarşı ciddi maraq var idi. Qadınların azadlığı məsələsi hər bir qadına təsir edirdi — istər yeni ideyalar vasitəsilə inkişaf etsin, istərsə də onlarla amansızcasına mübarizə aparsın. Həmin dövrün köhnə filmləri qadınların artan həmrəyliyini nümayiş etdirir, onların gözlənilməz davranışlarını, cinsi rolları qorxunc və çox vaxt fəlakətli şəkildə sınamalarını əks etdirirdi. Heç kim bu təlatümdən kənarda qalmadı. Və bu, təkcə Qərbdə belə deyildi: Rusiya həmin dövrdə ailə institutunu ləğv etmək üzərində təcrübələr aparırdı. Beləliklə, əsrin əvvəllərində ictimai və siyasi düşüncədə, ədəbi və bədii mədəniyyətdə cinsəllik, nikah, ailə və qadının rolu ilə bağlı nəhəng bir ideya qaynaması var idi. Freydizm bu qaynamanın yalnız mədəni məhsullarından biri idi. Həm freydizm, həm də feminizm Qərb sivilizasiyasının ən təkəbbürlü dövrlərindən birinə — ailə mərkəzliyi və buna görə də şişirdilmiş cinsi zülm və basqısı ilə səciyyələnən Viktoriya dövrünə reaksiya olaraq meydana gəldi. Hər iki hərəkat oyanışı təcəssüm etdirirdi: lakin Freyd feminizmin sağaltmağa iddialı olduğu bəlanın sadəcə diaqnostiki idi.

Rus dilindən tərcümə: Ayda Ağayeva

# 88 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər