Villa - Bahar Bərdəlinin hekayəsi

Villa - Bahar Bərdəlinin hekayəsi
28 avqust 2026
# 13:30

Kulis.az Bahar Bərdəlinin "Villa" hekayəsini təqdim edir.

Böyük, zoğalı darvazaya xeyli qalmış siqnal verdi.
Maşın çatar-çatmaz iki tay olan qapılar dərhal açıldı. “Mersedes”i birbaşa həyətə sürüb çarhovuzun yanında saxladı. Düşməyə tələsmirdi. Radioda Kamilin qaboyu nalə çəkmişdi. Yenə için-için ağlayırdı...
90-cı illər boyu hər gün inləyən qaboy son vaxtlar sakitləşmişdi. Bəlkə də həyat bir balaca axarına düşmüşdü, ona görə. Hər halda, dərin yaralar sağalmasa da qaysaqlamış, göynərtisi, ağrısı, acısı azalmış, səngimişdi. İndi birdən-birə onun yenə inləməsi, kişini qorxutdu, görəsən indi nə olub? Hansı qeyri-adi hadisə baş verib? Ya böyük sənətkarlardan, şəxsiyyətlərdən kimsə dünyasını dəyişib? Məlahətli qadın səsinin çəkdiyi bayatı onu sakitləşdirsə də, ağlamaqdan saxlaya bilmədi:

Dağlar dağımdır mənim,
Qəm oylağımdır mənim...
Dindirmə, qan ağlaram,
Yaman çağımdır mənim.

Milyon dəfə eşitdiyi bu bayatı indi onu elə tutmuşdu ki, hönkürməkdən özünü güclə saxlayırdı. Neçə vaxt idi bulud kimi dolmuş, tutulmuş kişi indi himə bənd idi. Tez maşından düşdü.
Həyət-bacaya baxan Məmməd kişi darvazanı bağlayıb hovuzun kənarmda əyləşmişdi. Yəqin ki, onun sözünü, tapşırığını gözləyirdi. Bu gün mülkə baxmağa gələcəkdilər. Bağı xeyli vaxt idi satdığa qoymuşdular.
Ağayev Məmməd kişiyə axır ki, tapşırığını verdi:
– Sən həyətdə ol, gələn olsa, mənə xəbər ver. Mən evə qalxıram.
– Baş üstə, Dilqəm müəllim! - kişi vedrəni götürüb təzə əkdiyi şitillərinə su verməyə getdi.

...Bina dörd mərtəbəli idi. Fransız layihəsi əsasında tikilmişdi. Hər mərtəbənin özünün yataq otağı, zalı, qarderobu, qonaq otağı, xüsusi otaqları, hər otağın da özünün balkonu vardı, Parket döşəməsi, qiymətli ağac növlərindən hazırlanmış mebel dəsti olan bu evlər necə də möhtəşəm, əsrarəngiz idi. Lakin evdən çox, ictimai binaya bənzəyirdi. Çünki içərisində ailə yaşamamışdı. Divarlarına insan nəfəsi dəyməmişdi, çökməmişdi.
Birinci mərtəbədə saunanın yanında xeyli dayandı. Suyu çirkliydi. Bir dəfə də olsun istifadə olunmamışdı. Halbuki buranı bəzəmək üçün həftəsini, aylarını itirmişdi. Düşünürdü ki, neçə-neçə qonaqları olacaq xaricdən, elə burdan vəzifə dostları gələcək, istirahət günlərində kef məclisləri quracaqlar. Bu sauna da o xoş istirahətlərin zirvəsinə çevriləcək. Hər mərtəbə tikildikcə, hər otağa bəzək-düzək vurulduqca, elə bilirdi o xoşbəxt günləri bir az da yaxınlaşır, onu qoynuna almağa tələsir... Lakin... yox, səadət heç də hər kəsin öz əlində deyilmiş... Çünki FƏLƏK deyilən bir qüvvə də vardı və o öz bildiyini də istədiyi vaxtda diktə edə bilirdi...

...Məmur işləyirdi. Əvvəlcə hər şey qaydasındaydı. Ancaq nədənsə kadrları düzgün seçə bilmirdi. İşə, vəzifəyə götürdükləri, ətrafına yığıb, çörək verdiyi adamlar hər an ona xəyanət edirdilər. Arxadan, çox asanlıqla, istənilən zərbəni vura bilirdilər. Niyəsini fikirləşməyə vaxt ayırmırdı. Dərhal işdən götüriir, yenisi ilə əvəz edirdi. Amma bu da çox çəkmirdi. Şəxsi vərdişi də buna imkan vermirdi. Özü üçün şəhərin mərkəzində mənzil, qızı üçün dəbdəbəli cehiz, oğlunun xaricdə oxuması... bütün bunlar pul tələb edirdi. Pul isə göydən tökülmürdü. Maaşla da bunlan həll etmək mümkün deyildi. Demək, onu hardansa çəkmək lazım idi. Və çəkirdi də. Təkcə elə bu villaya nə qədər pul xərcləmişdi. Hələ onun daşı, qumu, sementinin çoxu havayı gəlirdi. Bu, bir yaltağın köməyi idi ki, sonralar vuracağı əsas zərbə nöqtəsi olacaqdı... Ətrafındakı işçiləri isə camaatdan salamı da pulnan alırdılar.
Dördüncü mərtəbəyə qalxmışdı. Bütün ətraf ayağı altında idi. Dəniz ovuc içi kimi görünürdü. Gümüşü ləpələr sahilə dəyib parçalanır, özü üçün məzələnirdi. Yox, daha çox uşaqlarnan məzələnirdi. Sahil boyu insanlar, maşınlar qarışqa kimi qaynaşırdı. Axı bu gün bazar günü, avqustun ikinci həftəsiydi. Şəhərin istisindən, tüstüsündən qaçanlar burda, dənizin ilıq sularında bənd almışdılar. Qadını, kişisi, uşağı bir-birinə qarışmış yarımçılpaq insanlar daş dövrünün adamlarını xatırladırdı. Şəhərdə açıq-saçıq geyinənləri hay- küylə qarşılayanlar burda heç nəyin fərqində deyildilər.
Ürəyi yenə sıxılmağa başladı. Pəncərənin bir tayını açdı. Dənizin havası otağa təpildi. Ruhuna, qəlbinə bir az sakitlik gəldi. Maşının radiosu bağı başına götürmüşdü. İndi də Habilin kamanı nalə çəkirdi. Bayatılar nalənin təsirini daha da artırırdı:
Yanaram, ay yanaram,
Gün dönər, ay yanaram.
Əzabın hesabını
De, kimlərdən soraram?
Boğulurdu. Qalstukunu açıb döşəməyə atdı. Kürəyi də alışmışdı. Köynəyinin düymələrini açdı. Balkonun qapısını aralayıb ora keçdi. Toz-torpaq idı. Geri qayıtdı. Yenə gəlib pəncərənin önündə dayandı. Aydın görünən həyətlərə, evlərə baxmağa başladı. Birmərtəbəli, ikimərtəbəli mənzillər idi. Əksəriyyətinin də həyətində yalnız tut ağacı əkilmişdi. Budur, ən kiçik ev. İki nəhəng tut ağacının altında qalıb. Bütün həyət kölgəlikdi. Əslində həyət evi - bağ evi belə xudmani olmalıydı. Pilləkənsiz, yerdən olan mənzillər yayın cırhacırında rahatlıq, sərinlik mənbəyiydi.
Ağacın budaqlarından tutub yellənənən uşaqların səs-küyü sərçələrin ciggiltisinə qarışmışdı. Bir balaca yerdə həyat qaynayırdı...
Öz həyətinə göz gəzdirdi. Onu dekorativ ağaclarla, gül kolları ilə bəzəmişdi. Hər yanda - bağında da, evində də solğun, soyuq, donmuş bir gözəllik vardı. Lap qədim abidə binaları kimi...
Tələbə vaxtı Xan sarayını ziyarət etmək üçün Şəkiyə getmişdilər. May ayı idi, necə deyərlər, gül-gülü çağırırdı, bülbül də bülbülü. Sarayın həyətində qızıl güllərin rayihəsi, Xan çinarm kölgəsi, qovaqların pıçıltısı adamı bihuş edirdi. Binaya daxil olub, qaranlıq, rütubətli pilləkənlə ikinci mərtəbəyə qalxanda ona elə gəldi ki, bir də heç vaxt bu qaranlıq tuneldən çıxa bilməyəcək. Muzeyin bələdçisi izah edirdi ki, xanın dövründə bu pilləkənlərin başında şam yandırırmışlar. Binanı təbii, olduğu kimi saxlamaq üçün buraya elektrik işığı çəkilməmişdi. Şam isə yox idi. Dilqəmin ürəyi necə böyüdüsə, necə qalxdısa, dözə bilmədi, dərhal geriyə, həyətə qayıtdı.
Şirvanşahlar sarayına baxanda da, Misir ehramlarını gəzəndə də bu ağır hissləri keçirmişdi. Bu cür xatirə binalar dünyanm faniliyini, insan ömrünün çox qısa, ani, ötəri olduğunu bir daha yada salırdı. Xan sarayı nə qədər gözəl, əsrarəngiz olsa da, onda ağır, əbədi ölüm sükutu vardı. Burda heç vaxt insan yaşamayacaqdı...
Bəs o özü? Neyləyirdi bu dörd mərtəbədə on səkkiz otağı? O ki, şah deyildi, xan deyildı. Nökər-naıbı yox idi. Heç vaxt da olmayacaqdı. Bir qızı vardı, onun da öz evi- eşiyi, oğlu da xaricdə təhsil alırdı. Şəhərdə beş otaqlı mənzili çoxdan hazır idi. Arvadı da neçə vaxtdır ki, xəstədir. Əvvəllər hər gün əsəbləşib deyinirdi: “Mən yorulmuşam, bezmişəm telefonun, qapı zənglərinin səslərindən. Nə qədər zəng edərlər? Zorla adama nə qədər pay-pürüş, lazımsız hədiyyə gətirərlər? Az qalıram dəli olam!”. Axırda dəli oldu da. Ancaq zəng səslərindən yox, zəng edənlərin nankorluğundan, xainliyindən. Vəzifədən çıxan kimi bütün səslər kəsildi. Axşam-səhər qapının dabanını çıxardanlar, bir balaca soyuqlayanda dəstələnib zənbillə evinə gələnlər indi küçədə onunla qarşılaşmamaq, ona salam verməmək üçün dərhal yollarını dəyişirdilər. O ki vəzifədən çıxmışdı, qonşuluqdan, dostluqdan, insanlıqdan yox ki. Aman Allah, münasibət niyə belə əlüstü dəyişdi? Demək, insana vəzifəsinə görə qiymət verir, vəzifəsinə görə hörmət edirlər? Bəlkə elə buna görədir insanların hamısı vəzifəyə can atır, vəzifədən çıxmamaq üçün dəridən, qabıqdan gedirlər?
Sağ tərəfdəki otaqlardan birinin balkonuna çıxdı. Burdan da hər tərəf aydın görünürdü. Ümumi yolda maşınların ardı-arası kəsilməsə də, onun mülkünə gələn yeni çəkilmiş qara şosedə kimsə görünmürdü. Ayrıca təpənin üstündə ucalan bina dəryada adanı xatırladırdı. Ətrafı boşluq, çöllük idi. Evi tikməyə başladığı ilk günlər yadına düşdü. Hər gün sürücüsü ilə bura gəlir, işin gedişinə baxır, binanın tikilib başa çatması gününü səbirsizliklə gözləyirdi. Bütün başqa işlərini az qala unutmuşdu. Bir dəfə jumalist Aliyə xanım onun haqqıında yazmaq istədiyini telefonla bildirmiş, görüş üçün vaxt istəmişdi. Şöhrətpərəst olsa da, mənzilin tikintisindən ayrılmaq istəmirdi. Lakin qız da əl çəkmirdi. Nəhayət, bir gün görüşdülər. Jurnalist onun işi, sənəti, təhsili, arzu-niyyəti haqqında çoxlu suallar verdi, qeydlər götürdü. Axırda öz məqsədini-niyyətini də açıqladı. Sən demə, bu Aliyə xanım, həm də şairə imiş. İlk şeirlər kitabının çapı üçün indi sponsor axtarırdı. Tağıyevin əməllərindən, xeyriyyəçiliyindən xeyli danışdı, misallar gətirdi. Bəlkə də bu xeyriyyəçiliyi ondan — Ağayevdən gözləyirdi? Amma bir şeyi unudurdu ki, Ağayev adi dövlət məmuruydu. Onun Tağıyev kimi gündə fantan vuran neft quyuları yox idi ki, pulu xəzəl kimi aşıb-daşıb gəlsin. Maaşdan əlavə ona gələn artıq pul ya rüşvət idi, kimisə işə, hər hansı vəzifəyə götürərkən aldığı “hörmət”. Ya da dövlətdən hər hansı bir iş görərkən oğurladığı pul. Beş manat əvəzinə on manat yazardı ki, qalanını da ayırıb cibinə qoya bilsin. Jumalistə bunları izah etmək mümkün deyildi. Gərək o özü bunu başa düşəydi. Axı o da bu cəmiyyətdə yaşayırdı, işləyirdi. Bütün bunları bilməli idi.
Qıza, təbii ki, heç nə demədi və bir də heç vaxt görtişmədilər. Lakin qız mərdlik etdi. Onun haqqında çox böyük, müsbət bir məqalə dərc etdirdi. Əlbəttə, bir şeir kitabının çapı üçün, istəsəydi, pul tapardı. Onun kimi məmurun əlində nəydi bu? Ancaq, bir iş də vardı ki, görəsən onun çap edəcəyi bir kitabla bu qız doğrudanmı şair olduğunu təsdiq edəcəkdi? Ya bununla, bu yolla böyük ədəbiyyatı yaratmaq mümkün olacaqdı? Ola bilsin bu xanım böyük istedad sahibi idi. Lakin ədəbiyyatı bu cür yaratmaq, mənəviyyatı bu cür təmin etmək, lap dəvəni xəlbirlə sulamaq kimi bir şey idi… Hər halda gərək o, nə olur, olsun xeyriyyəçiliyini edəydi. Necə deyərlər, oğurladıqlarının bir hissəsini də kimsəyə sərf edəydı.
Üstündən xeyli vaxt keçməsinə baxmayaraq xatırladığı bu əhvalat ürəyini bir az da göynətdi...
...Həyətdə işini qurtaran Məmməd kişi hovuzun kənarında əyləşib siqaret çəkirdi. “Mersedes”in radiosunda Yaqub Məmmədov “Mənsuriyyə”siylə cəngə girmişdi. Kamanla birləşib bu əzəli-əbədi dünyaya meydan oxuyurdular. Yox, kamanla yarışa girmişdilər, gah kaman zilə çıxıb nalə çəkirdi, gah da Yaqub zildə haykırırdı. Nəhayət, kaman dözmədi bu naləyə, haraya, birdən-birə bəmə endi. Yaqub isə göyün yeddinci qatında vurduğu zəngulələrlə aşağı enmək, düşmək fikrində deyildi...
Dəfələrlə eşitdiyi “Mənsuriyyə” də bu gün nədənsə ona başqa cür təsir etməkdəydi. Bəlkə ona görə ki, həmişə musiqini eşitmişdi, lakin ona diqqətlə qulaq asmağa vaxt ayırmamışdı, qəlbən dinləməmişdi. Fikri-xəyalı orda-burda, işdə-gücdə, Allah bilir, haralarda olmuşdu. İndi isə hər şey qurtarmışdı. İş də, vəzifə də... Bir vaxtlar iş-gücün sıxdığı beyni, ürəyi, əsəbləri indi də dünya, həyat, musiqi, nə vardısa hər şey sıxmağa, boğmağa, parçalamağa başlamışdı. Ürəyi də namərd dosta dönmüşdü. Hər an onunla onu öldürməyə hazır idi.
Başını qaldırıb ulu göylərə, üfüqdə batmaqda olan günəşə baxdı. Bütün günü od püskürən, yeri, göyü yandıran şüaların yerini indi öləziməkdə olan sarı, qırmızı şəfəqlər tutmuşdu. Günəş qızarmış təndir çörəyinə də bənzəyirdi, günəbaxan çiçəyinə də. Nə qədər istəsən baxa bilərdin. Çünki gözünü ovacaq ziyası daha qalmamışdı.
Halsız, taqətsiz kimi həyətə endi. Və hər an gözlədiyi xəbərlərin ikisi də onu eyni vaxtda haqladı. Məmməd kişi mənah-mənalı Ağayevə baxıb:
– Bilirsən mülkü almaq istəyən müştəri kimmiş? – dedi.
– Yox. Kimmiş ki? – Dilqəm müəllim də onun yanında əyləşdi.
– Sənin yerinə – vəzifəyə keçən dostun Sahibov. Adamlarıynan gəlmişdi. Dedilər ki, ta binanı alası olmadılar. O qarşıdakı təpədə onlar da villa tikdirmək istəyirlər.
– Ax, əclaf! Mənə rüşvətxor deyə-deyə aləmə səs salmışdı: Maşını, mənzilləri Ağayev nəynən alır? Villanı necə tikdirir? Bəs görəsən özü nəynən, necə tikdirəcək o villasını? Alçaq, namərd! – Ağayev ikiqat olub sinəsini qucaqlamışdı. Bilinmirdi bu sözləri “dostu”na deyir, yoxsa onu yarı yolda qoyacaq ürəyinə...
Maşının oturacağında qalmış mobil telefonun haray-həşirini Məmməd kişi eşitdi. Uşaq cəldliyi ilə tez qaçıb onu gətirdi:
– Evdəndir, deyəsən, – deyib telefonu Dilqəm müəllimə verdi.
Arvadıydı, ağlayırdı:
– Hardasan? Səhərdən neçə dəfə zəng vurmuşam. Evi axtarırlar. Polislərdi. Bilmirəm nə axtarırlar. Sənin... sənin həbsin haqqında orderləri də var... – Hıçqırıqla səs kəsildi.
...Yox, səs kəsilməsəydi də, Dilqəm müəllim daha arvadının səsini eşitməyəcəkdi. Ağlamaqdan şişmiş, qızarmış, böyümüş gözlərini də bir daha görməyəcəkdi, ən əsası, Sahibovun villasının sonunu, son aqibətini də bilməyəcəkdi.
...Məmməd kişi qıc olmuş Dilqəm müəllimi birtəhər götürüb çəmənliyə uzatdı. Və fikirləşdi ki, bu xəbəri kimə, necə, nə cür çatdırsın ki, arvadının da ürəyi qəflətən partlamasın?..


Avqust 2004

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər