Uşaqlıq xatirələri – İsgəndər Fərhadoğlunun hekayəsi

Uşaqlıq xatirələri – İsgəndər Fərhadoğlunun hekayəsi
20 iyul 2022
# 18:20

Kulis.az Əməkdar müəllim, Yazıçılar Birliyinin üzvü İsgəndər Fərhadoğlunun xatirə hekayələrini təqdim edir.

1.

Qarpız kəsiləndə kövrəlirəm nədənsə. Sizə elə gəlməsin ki, bu nəhəng giləmeyvənin başını dairəvi şəkildə kəsərək dörd bölüb atmağı nəzərdə tuturam. Yox, biz uşaq olanda bir qarpızdan iki, bəzən də dörd araba (“avtomobil”) düzəldərdik. Bunun üçün qarpız kəsilməzdən əvvəl nənəmə yalvarardıq:

–Ay nənə, araba düzəltmək istəyirik, qabığını bütöv elə.

Nənəmin saatının xoş vaxtına düşsəydi qarpızı iki bölüb içini ehtiyatla çıxarardı. Yox əgər istəməsə qarpız dilimlərə bölünərdi. Belə olanda biz, sanki maşın sürmək (“avtoşluq” etmək) arzusunu ürəyimizdə dəfn etməli olardıq.

Nənəmin bizə verdiyi iki yarımkürə iki maşın qədər sevinc bəxş edərdi bizə. Yarımkürələrin ucundan deşik açıb ip bağlayaraq arxamızca sürüyər və avtomobil səsi çıxararaq həyətdə şütüyərdik.

Kaş uşaq olaydım. Həyətdə qarpız arabamı tam sürətlə sürəydim...

2.

Məhləmizin küncündə qarğılıq vardı. Babam ildə bir dəfə bu qarğıları dəhrə ilə dibindən qırıb qom bağlayardı. Qarğıların ən uzununu, ucu süpürgəlisini götürüb at kimi “paçaəyirmə” minərdik. Bu zaman qarğının yoğun başına bir ip bağlayardıq. Bu, atın yüyəni, qarğının süpürgəli ucu isə atın quyruğu olardı.

“Atı” çapardıq. Sürət bizlik idi. Gah “yorğa” gedərdik, gah da “şortdaq”. Hərdən də “at oynama!” deyərək atın cilovunu dartardıq.

Biz həm süvari olardıq, həm də köhlən. Həm süvari səsi çıxarardıq, həm də köhlən səsi. Qarğı atın üstündə at kimi kişnəməyin özgə ləzzəti vardı.

Xatirələrimin ucqar küncündə qarğı at minməyim düşür yadıma. Onda gah Koroğlu, gah Qaçaq Nəbi, gah Makedoniyalı İsgəndər, gah Əmir Teymur, gah Çingizxan, gah da Budyonnı olardıq.

Kaş uşaq olaydım. Qarğı atımı həyət boyu səyirdəydim...

3.

İndinin özündə də dəftərin ortasına çatanda ürəyimdən qəribə hisslər keçir. Uşaq olanda dəftərin orta vərəqəsindən (“tavağa”sından) gəmi düzəldərdik. Gəminin yanlarına, göyərtəsinə, doruna müxtəlif şəkillər çəkər, yazılar yazardıq. Gəmilərimizi hovuza buraxar, kənd arxında ötüşdürərdik.

Bu gəmi yarışları xatirələrimizin bəzəyinə çevrilmişdir.

Məni qınayan olmasa indi də kağız gəmilərin yarışını təşkil edər və münsüflər heyətinin rəhbəri olardım...

4.

Kağız göyərçinlərin uçuşu da xatirə yaraşığıdır. Kağızdan göyərçin hazırlamaq uşaqdan xüsusi qabiliyyət tələb edərdi və indi də edir. Göyərçin vardı, süzürdü, göyərçin vardı, göyə millənirdi, göyərçin də vardı yuxarı-aşağı manevrlər edirdi.

Bəzən bu kağız fiqurların qanadlarına ulduz şəkli çəkərdik. Onda fiqurlarımız təyyarəyə çevrilərdi. Mülki təyyarə, qırıcı təyyarə, bombardmançı təyyarə...

Uçuş aparatlarının yarışında qaliblər çox sevinərdi. Kimin “quşu” daha hündürə qalxdı, kimin “quşu” daha uzağa uçdu, kimin “quşu” daha yaxşı şığıdı?

Fiqurların havada toqquşması isə başqa aləm idi və nadir hadisə sayılardı.

Kaş havada kağız “təyyarələrimiz” toqquşaydı...

5.

Mənə elə gəlir ki, uşaqlığı ötən əsrdə qalmış elə adam olmaz ki, onun qarpızdan arabası, qarğıdan atı, kağızdan gəmisi və göyərçini olmasın. Əgər olmayıbsa, onda həmin adam uşaqlıq dövrünü yaşamayıbdır.

Kim bu xatirələrə qonaq olmaq istəyirsə qəzetdən hazırladığı papağını başına qoyub xəyallara dalsın...

# 3007 dəfə oxunub

Müəllifin son yazıları

# # #