Mixail Bulqakov 2026-cı ildə XX əsrin ən populyar rus yazıçısı seçilib.
Kulis.az xəbər verir ki, "Litres" rəqəmsal kitab xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Platformanın analitikləri yazıçının 135 illik yubileyi ərəfəsində onun əsərlərinə olan tələbatı araşdırıblar. Məlum olub ki, oxunma və tələbat göstəricilərinə görə yubilyar ötən əsrin rus müəllifləri arasında birinci, ümumilikdə bütün rus klassikləri reytinqində ikinci (yalnız Fyodor Dostoyevskidən geri qalaraq), dünya klassik ədəbiyyatı reytinqində isə doqquzuncu pillədə qərarlaşıb.
Bununla yanaşı, Bulqakov sözügedən platformanın versiyasına əsasən, bütün dövrlərin ən çox satılan 10 müəllifinin siyahısına daxil olmağı da bacarıb.
Rus klassiklərinin reytinqi necədir?
Maraqlıdır ki, rus klassikləri arasında populyarlığına görə siyahının davamı belədir: üçüncü yerdə Vladimir Nabokov, dördüncü yerdə Lev Tolstoy, beşinci yerdə isə Aleksandr Puşkin qərarlaşıb.
Reytinqin tərtib edilməsi üçün istifadə olunan məlumatlar 2026-cı il yanvarın 1-dən mayın 13-dək olan dövrü əhatə edir. Bu statistikaya elektron və audio kitabların onlayn satışı, eləcə də rəqəmsal kitab platformalarına abunəliklər daxil olmaqla bütün gəlir modellərindən əldə olunan vəsaitlər daxil edilib.