Qadın içki düşkününün nəzərində - Anton Çexovun hekayəsi

Qadın içki düşkününün nəzərində - Anton Çexovun hekayəsi
25 avqust 2025
# 09:00

Kulis.az Anton Çexovun "Qadın içki düşkününün nəzərində (Qadınların təsnifatı)" hekayəsini təqdim edir.

Qadın elə məstedici bir təamdır ki, indiyə qədər ona aksiz vergisi qoymaq heç kimin ağlına gəlməyib.

İşdir-şayət, kimsə bunu düşünsə, onda yaşının müxtəlif dövrlərində yuxarıda qeyd edilən ərzağın dərəcəsini əsas götürmədən, sadəcə olaraq az-çox tanınan içkilərlə müqayisə edərək tündlüyünə dair smeta təqdim edirəm.

Beləliklə qadınlar:

16 yaşa qədər – distillə (1) edilmiş su

16-dan sonra – Laninin (2) meyvəli içkisi

17-dən 20-yə qədər – şabli (3) və şato-dikem (4) şərabları

20-dən 23-ə qədər – Tokay şərabı (5)

23-dən 26-ya qədər – şampan şərabı

26-dan 27-yə qədər – madera (6) və xeres (7) şərabları

28 – limonlu konyak (8)

29, 30, 31, 32 – likör

32-dən 35-ə qədər – “Vena” zavodunun pivəsi

35-dən 40-a qədər – kvas

40-dan 100-ə qədər – sivuş yağları (9)

Əgər ölçü vahidi kimi yaşını deyil, ailə vəziyyətini meyar götürsək, onda təsnifatım belə olacaq:

Zövcə – selter suyu (10)

Qayınana – xiyar şorabasının suyu

Füsunkar yad qadın – səhər yeməyindən qabaq içilən bir qədəh araq

23-dən 28-ə qədər yaş aralığında dul qadın – muskat-lünel (11) və marsala (12) şərabları

28 və ondan yuxarı yaşda olan dul qadın – porter (13)

Qarımış (ərə getməmiş) qız – limonsuz konyak (14)

Gəlin – qızılgül suyu

Xala – sirkə

Bütün qadınlar hamısı birlikdə Yeliseyevlərin qıcqırdılmış, şəkər qatılmış, sülügənlə rənglənmiş və su qatılmış Kaxetiya şərabı kimidirlər.

P.S. Bu hekayə ilk dəfə 1885-ci ildə “Будильник” jurnalının 17-ci nömrəsində "Qardaşımın qardaşı" təxəllüsü ilə dərc olunub.

İzahlar:

(1) Heç bir qatışığı olmayan təmiz su. Tamı və qoxusu yoxdur.

(2) Rusiyada Nikolay Laninin zavodunda buraxılan alkoqolsuz qazlı şirin içki

(3) Şardon üzümündən ağ turş şərab

(4) Ağ şirin fransız şərabı, Bordo şərabları arasında yüksək kateqoriyaya malikdir.

(5) Macarıstan və Slovakiya istehsalı olan şirin ağ şərab, kişmiş və bal aromatı ilə dadı damaqda qalır.

(6) Portuqaliyanın Madeyra adasında istehsal edilən tünd üzüm şərabıdır. Karamellə qovrulmuş qoz dadı verir.

(7) İspaniyada istehsal olunan spirt qatılmış şərabdır.

(8) Bu, əsasən, II Nikolayın adı ilə bağlıdır. Səhərlər konyak içməyi sevən, lakin zövcəsinin bundan xəbər tutmaması üçün üstündən şəkərə batırılmış limon dilimləri yeyirmiş.

(9) Qıcqırma üsulu ilə alınan etil spirtinin tərkib hissələrindən biri. Pis iyli yağlı mayedir. Zəhərlidir (Qadın həmrəyliyini nəzərə alıb təfərrüata varmamaq olardı, amma düzünü izah etməmək də olmazdı).

(10) Almaniyada Nidelzelters bulağının suyudur. İnqilabaqədərki Rusiyada süfrəyə verilən istənilən mineral suyu da belə adlandırırdılar.

(11) Fransada istehsal olunan çiçək aromatlı desert şərabı. Bircə dəfə içən kimi ömürlük xatırlanan dada malikdir.

(12) Siciliyadan gələn spirt qatılmış desert şərabıdır. Qadınların ürəyini fəth edən admiral Nelson hesab edirdi ki, ən vasvası lordun belə süfrəsinə layiqdir.

(13) İngiltərədən gələn tünd və acı ilə şirinin qarışıq tamı olan qara pivə

(14) Ağızda acı dad buraxan

Tərcümə və bütün izahlar: Aygün Əziz

# 354 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər