Mehman Qaraxanoğlu: “Özünü satan tənqidçidən nə gözləmək olar?” - Müsahibə

Mehman Qaraxanoğlu

Mehman Qaraxanoğlu

14 dekabr 2021
# 15:15

Kulis.az tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu ilə müsahibəni təqdim edir.

- “Ədəbi proses” məfhumu altında nəyi başa düşürsüz?

- “Ədəbi proses” tədricən terminoloji status qazanan bir ifadədir. Bəlkə də çoxdan qazanıb, xəbərimiz yoxdur. Bu ifadənin altında nələr yoxdu ki? Çağdaş ədəbi-bədii düşüncə, dil, forma axtarışları, dərin analizlər, keçmişə fokuslanma, təcrübəyə söykəniş, estetik təmayüllər, tendensiyalar, çeşid-çeşid “izm”lər, reallığı ehtiva edən konseplər, janrların təkamülü, bir sözlə, sənət adamlarının şəxsi laboratoriyasından tutmuş, qlobal ədəbi problemlərə nüfuzetmə bacarıqlarına qədər hər şey bu terminin içərisindədir...

- Azərbaycanda hal-hazırda ədəbi prosesin öldüyünü deyənlər var, bu tezislə razısınızmı? Razı deyilsizsə, fikirlərinizi necə əsaslandırardınız?

- Ədəbi prosesin öldüyünü deyənlərin özlərinin də bu proseslə birgə öldüklərindən xəbərləri varmı? Absurddur, sən bu prosesin içərisində ola-ola proses ölüb, amma sən dirisən? Bu, necə olur? Heç olmasa, bunu dilə gətirənlər divsayağı özləri özlərinə bir sual versinlər: “Kim yatmış, kim oyaq?” Cavab cırtdansayağı olacaq: “Hamı yatıb, Cırtdan oyaq”. Maraqlıdır, divin hər üç sorusunu içindəki Cırtdan cavablandırır. Cırtdan Eqosu divin özündən çox-çox böyükdür. Belə çıxır ki, Cırtdan yoxdursa, nə sual, nə də cavab vardır. Necə deyərlər, mən yoxam, dünya da yoxdur, adımın keçmədiyi bütün ədəbi seminar və konfranslar, icmal xarakterli məqalə və hesabatlar da yoxdur. Cırtdan mərəzinə tutulanları görmək çox gülüncdür. Onların heç ağıllarına da gəlmir ki, kənardan necə görünürlər...

“Ədəbi proses” təkcə bu günə yönəlik bir nəsnə olsaydı, dərd yarısı idi, o, əjdaha timsallı bir süngər kimi hər şeyi içərisinə çəkib sümürür, istəsək, istəməsək də biz də sümürdəkilərinin içərisindəyik...

- Bu gün ədəbi söhbətlərdə, yazılarda tez-tez "dünya səviyyəli əsər" ifadəsinə rast gəlirik. Sizinçün bu cür əsərlərin kriteriləri nədir? Sizcə, son 20 ya 10 ildə azərbaycanlı yazıçı və şairlər “dünya səviyyəli” əsərlər yaza biliblərmi?

- Özüm də sizə bir sual vermək istəyirəm: Məgər “dünya səviyyəli əsər”lərin buynuzu olur? Bizdə bir ata sözü vardır: “Heç kəs öz ayranına “turşdur!” deməz”. Demə də, qardaş, səndən bunu tələb edən varmı? Otur işini gör də. Özün özünü niyə dürtürsən dünya səviyyəli izdihamın içərisinə və ayaqlar alta qalıb əzilirsən? Məgər Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Qurban Səid və digərlərində belə bir xof olub?

“Dünya səviyyəli əsərlərin kriteryaları nədir?” sualı intriqaya hesablanan çox avantrüst bir sualdır. Alpay bəy, bizi doğru anlayın, söhbət sizdən getmir. Bu sualın ucundan tutub ucuzluğa gedən o qədər yazar görmüşük ki... Uyuşdurucu kimi bir şeydi bu sual. Onlar özlərini bu sualla ovundurub ekstaz halına salırlar. Bu sualın nüvəsində min illərdən gələn ədəbi zövqə, ənənəyə, təcrübə və meyarlara sonsuz bir nifrət vardır. Madam dünya səviyyəli əsər üçün kriterilər mövcud deyil, kim mənim ayranıma “turşdur!” deyə bilər?!

Dünya səviyyəli əsərlərin kriteryalarını biz yox, elə həmin əsərləri yaradan sənətkarların özləri müəyyən edib, istiqamətlərini də göstəriblər bizə. Necə ki, dahi Nizami, Nəsimi, Füzuli, Mirzə Şəfi, Mirzə Cəlil, Haqverdiyev, Heminquey, Folkner, Çexov, Lev Tolstoy, Bulqakov və başqaları bunu ediblər:

Onun (“Yeddi gözəl”in – M.Q) hər dənəsi əncir ləzzəti verir,

İçində isə badam ləpəsi vardır.

Surətpərəstlər üçün surəti qəşəngdir,

Məzmun sevənlər üçün də məğzi (ləpəsi) vardır.

Bağlı bir mücrüdür, içi dürlə dolu... (Nizami Gəncəvi. “Yeddi gözəl”. Filoloji tərcümə Rüstəm Əliyevindir. “Elm” Nəşriyyatı, Bakı-1983, səh: 291)

Posmodernist Eko da Nizaminin dediyini deyir, İtalo Kalvino da, Kamal Abdulla da...

Qaldı son iyirmi ildə dünya səviyyəli əsərlərin yaranıb yaranmamasına, əlbəttə ki, yaranıb. Cingiz Hüseynovun adı birincilər sırasında çəkilməlidir. Kamal Abdullanın 2004-cü ildə nəşr olunan “Yarımçıq Əlyazma”sı çoxdandır dünyəvi sürət yığıb. Mübariz Örənin “Ağ buludlar” povesti, Azər Abdullanın “Gül yağışı”, Şərif Ağ, Ataqam, Ömər Xəyyam, Sərdar Amin və az sayda istedadlı gənclərin say-seçmə hekayələri dünyaya çıxarıla bilər və bəziləri çıxıb da...

- Azərbaycanda ədəbi tənqidin indiki vəziyyətindən razısınızmı? Ədəbi tənqiddə nələr çatışmır?

Əvvala, bizdə işi korlayan “tənqid” və “tənqidçi” sözləridir. Ən dəhşətli hal odur ki, tənqidçini ayrı bir zümrə və ya başqa planetdən gələn bir şəxs kimi qəbul edirik. “Kritik”, “kritika” sözlərindən imtina bizi bu kökə salıb. Kritik ədəbiyyatın içərisində olan bir adamdır; o, şair, yazıçı, əsl incəsənət adamı və ya ədəbiyyatşünas-alimdir. Başlıcası, o, çox diqqətli və həssas bir oxucudur.

İndi ali təhsil alanlara ucdantutma “intellektual” deyilir. Deqredasiyaya uğramış “intellektual” sözü latıncada elm və incəsənəti bütünlüklə özündə ehtiva edir. “Kritika”, “kritik” sözləri də belədir. “Kritik”i “tənqidçi” kimi sırıyıblar bizə. Hələ dahi Axundzadə bunların fərqini açıq-aydın göstərirdi.

Xlestakovun Peterburqdakı dostuna yazdığı məktub yadınızdadırmı? “Əzizim Tryapiçkin, tələsirəm ki, mənim başıma nə qəribə işlər gəldiyini sənə xəbər verim... Peterburq görkəmimə və paltarıma görə bütün şəhər məni general-qubernatora oxşatdı”. Uzun müddət bizdə tənqidçi general-qubernator kimi qəbul olunub. Tənqidçinin özünə də ləzzət edib bu. Necə ki, Xlestakov bundan həzz alır. Amma tənqidçilərdən fərqli olaraq Xelestakov heç olmasa başına gələn qəribə qəziyyəni dostuna deməyə tələsir...

Tənqidçini yalnız tənqid edən kimi qəbul etdikdə yuxarıdakı hal baş verir. Guya onun işi onda, bunda səhv tapmaqdır, vəssalam. “Kritik” isə çox geniş anlayışdır, çünki o, yeni-yeni işarələr sisteminə lağım atır. Məsələn, kritik hədd, kritik düşüncə, Kantın və tərəfdaşlarının irəli sürdüyü kritisizm fəlsəfi metodu və s.

“Tənqidçi” asanlıqla metamorfozlaşa bilir; ən azından, tərifçiyə çevrilir. Tərifçidən, mədhiyyəçidən daha nə gözləmək olar? Hazır terminlər – “izm”lər var: modernizm, postmodernizm, hiperrealizm və sairə. Onları götür dürt mətnə və təriflə hazır maklaturanı, gör başına nələr yağacaq: pul, ev, maşın, eyş-işrətli istirahət mərkəzləri...

Bizim günlərdə tənqidçi ən üfunətli, ən murdar, ən kirli yerlərə burun soxub oranı gülüstan kimi qələmə verə bilir və bunun müqabilində qulağının dibinə qızılgüllər sancıb sındırılmış qamətlərini, əyilmiş başlarını geri itələyirlər. Yaşasın Xlestakov! Necə ki, əyalət çinovnikləri Xlestakovun sayıqlamalarına inanır, özü haqda tərif yazdıranlar da çox böyük yazıçı olmaları haqda sərsəm fikirlərə dalır və nəhayətdə onlar da xlestakovlaşırlar. Bax, bu cür: “Yaxşı-yaxşı aktrisalarla tanışam. Mən də cürbəcür məzhəkələr yazıram. Puşkinlə lap dostam”. İfrata varmırıq: Tənqidçilərin ədəbiyyata, bədii-estetik zövqə vurduqları ziyanı heç nə ilə ölçmək olmaz.

O tip tənqidçilər həm də quş kimi ayıqdırlar və hətta “quş”ları da gözlərindən vururlar. Yapışıb əl çəkmirlər, vaxtilə göylərə qaldırdığı “yazıçı” bu günlərdə əlindən, ayağından, dilindən “ilişsə” də, yaranmış “barlı-bəhrəli” sükutdan istifadə edib, ona öz sədaqətini nümayiş etdirmək fürsətini əldən vermir, palazqulaq məqalə yazıb, yenə də göylərə qaldırır onu, çünki o bilir ki, kişi vəzifəsindən qovulub, var-dövlətindən, imtiyaz və imkanlarından qovulmayıb ki? Həm də bununla digər bədbəxtlərə - onun haqqında beş kiloluq kitab yazan buqələmunlara mesaj verir ki, baxın, yenə də ona sədaqətdə birinciyəm.

Özünü satan tənqidçidən nə gözləyirsən?

Biz “tənqidçi”yə qarşı “təhlilçi”ni qoyduq. Bilirsiniz niyə? Tənqidçinin ekstaz təkərlərini boşaldıb zoğal dəyənəyini onun əlindən qoparmaq, havasını almaq üçün... Bəzən eyni əsərin eyni vaxtda 7-8 tənqidçi tərəfindən təhlili adamı heyrətə gətirir. Çünki özünü həşəmətli sayanların bütün paxırları çıxır üzə. Hiss olunur ki, onlar mətnə daxil olmaq üçün müəllifin bilərəkdən “gizlətdiyi” yeganə qapını tapa bilmirlər...

- Hansı xarici tənqidçilərin yazılarını oxuyursuz və onların özəllikləri, bizə xas olmayan cəhətləri nədir?

- Xaricdə tənqidçi yoxdur. Əsl ədəbiyyat mütəxəssisləri vardır. Orada ədəbiyyat professoru olmaq əlçatmaz bir arzudur. Bizdə isə zahiri ad, görüntü, “atağızlı” diplom... Əlini at, tumarla. Nabokovun təhlilləri heyran edir məni.

Heç bir tənqidi mətndən almadığım həzzi dünya şöhrətli yazıçıların müsahibələrindən alıram. Əsl kritik təfəkkürü onlarda görürəm. Nobelçilərin nitqləri də möhtəşəmdir. Amma müsahibələr mənə Nobel nitqindən də maraqlı gəlir, çünki müsahibələr intriqa yarada bilir...

Dünyada zəif əsərlər təhlil olunmur. Və yaxud onların öz zəif təhlilçiləri olur. Bizdə isə xaosdu, “kimlər əyilə-əyilə kimin cibindən çıxır” bilinmir, bir də görürsən ən “məşhur” tənqidçi ən zəif əsəri elə göylərə qaldırdı ki... Deyəsən, xaricdə “baz” şəkilçisi yerli-dibli yoxdur; işbaz, tayfabaz, dostbaz, qohumbaz...

Nabokov çıxışlarının birində deyirdi: “Ədəbiyyat biliciləri “müəllif burada nə demək istəyib?” sualını qoyub, əsəri didik-didik edəndə, bu, mənə gülməli gəlir. Mənim işim yazıb, kitabdan tez bir zamanda canımı qurtarmaqdır. Əsər məndən, mən də əsərdən xilas oluram və ondan sonra kim onun haqqında nə danışır, mənə maraqlı deyil”.

Tənqidçi (kritik anlamında) elə etməlidir ki, yazdıqları Nabokov üçün də maraqlı olsun...

Söhbətləşdi: Alpay Azər

# 3302 dəfə oxunub

Müəllifin son yazıları

# # #