Kulis.az Cavanşir Yusiflinin "Dramaturgiya, yaxud bədii mətnlə dərdləşmək..." adlı yeni yazısını təqdim edir.
Ədəbi tənqid məqalələrində ideyanın boş qalan yerindən yazdıq, unutmaq lazım deyil ki, heç bir söz-ideya bu dünyaya tək gəlmir, onun yanı-başında mübahisə və dilləşmək üçün hansısa başqa söz gizlənir. Bizim bugünkü tənqidin (həm də və daha çox ədəbiyyatşünaslığın-!) hansı qüsurları var, - soruşanda ideyayla bərabər başqa bir söz də mütləq yada düşür. Yazılarda sellər-sular çağlayır, gözəl bənzətmələr, bədii mətnin məzmun planını fantastik üsullarla "uzadılması" və sair. Hər bir təhlil yazısında hökmən dramaturgiya olmalıdır. Ədəbiyyat tarixçiliyinin üslubu şablon və köhnədən köhnədir. Çatışmayan komponent budur. Belədə bəhs etdiyin mətnlə təmasda ola, onunla dilləşərək başsındıran sulalları ortaya çıxara bilərsən. Bu suallar əsəri, onun mətnini yenidən gündəmə gətirir. Sən sanki, məsələn, Haqverdiyevin "Ac həriflər"indən, yaxud "Xortdanın cəhənnəm məktubları"ndan yazanda ona quruluş verirsən, müəlliflə mübahisə meydanı yaradırsan, bu mübahisə müəllifdən cəmiyyətə, keçmişlə gələcəyin görüşündə yaranmış düyünə sirayət edir.
Bəli, bədii mətnlə dərdləşmək yox, dilləşmək, ona oppozisiya yaratmaq önəmlidir, girdiyin otaqların qapı-pəncərələrini açmalısan ki, dünya görünsün, bu dünyada o bəhs etdiyin mətləbi itirib tapmağa çalış, A.P.Çexovun mətnlərində olduğu kimi. Onun poetikasının ən əsas özəlliyi məhz budur - bu boyda dünyada itirdiyini kiçik detalların içində axtarmaq... "Məmurun ölümü"... Yaxud "Cənnətin qəbzi..."
***
Dramaturgiya mətndə sözlər arasındakı cazibə qüvvəsinin idarə edilməsidir.
Öz başına gələnləri yazmaq. Belədə, yazdığın, ortaya qoyduğun ideya, fikir... kiminsə fikriylə, düşüncəsiylə üst-üstə düşə bilər və öz başına gələnləri yazmağın ən təhlükəlisi də budu... Birinci kim deyib,-kimi suallar dünyanın sonuna kimi davam edir. Ən orijinal fikir artıq dünyadan köç etmiş hansısa ideyanın yeganə yamaq tutmayan parçasıdır ki, tanrı kimi yada düşür, cilvələnir. Sənin başına gələn, içinə dolan hisləri, sanki kiminləsə görüşəndə duymusan, bunu ifadə edən sözləri kimdənsə eşitmisən, indi qəfil yada düşüb...
Öz başına gəlməyənləri yazanda dünyada var olan nə varsa, fikir, ideya, düşüncə... sürət qatarı kimi yanından şütüyüb keçir və sən xoşbəxt olursan...
Metaforalarla kiçiltmək mərəzi. Nizami Gəncəvidən, Füzuli və ilahi dili "tərcümə edən" klassikadan yazılan araşdırmalara baxırıq. Əksəriyyətində söz, məna sərhəddə dirənib, metafora qışqırır. Qan-qırmızı epitetlər, məcazlar, bu qədər şişirtmə bütün dünyanın tanıdığı, həzz aldığı, gözünə təpdiyi klassikanı kiçildir. Nizamini gətirib ancaq dinə bağlamaq, Füzulini təsəvvüfə, Nəsimini hürufiliyə bənd eləmək üslub hadisəsini bəri başdan istisna edir.
Ayaz Salayevin bir sözü var: "Dünyada elə hisslər var hələ adı yoxdu, dünyada insanlararası elə münasibətlər var, hələ adı qoyulmayıb... Gözəl bir mətnin içində bu hisslərə toxunmaq, onların səsini eşitmək şansı var..."