“Alğı-satqı” yazılmalı, “alqı-satqı” oxunmalıFəlsəfə doktoru yazır...

<b> “Alğı-satqı” yazılmalı, “alqı-satqı” oxunmalı</b> – <span style="color:red;">Fəlsəfə doktoru yazır...
22 fevral 2018
# 16:30

Kulis.az pedaqogika üzrə fəlsəfə doktoru, dosent Havva Abdullayevanın “Yeni orfoqrafiya layihəsi: inkişaf, yoxsa ziddiyyət” yazısını təqdim edir.


Əvvəlcə deyim ki, müəyyən dilçilər, ictimai xadimlər, sadə vətəndaşlar, bir sözlə, ictimaiyyətin nümayəndələri tərəfindən orfoqrafiya qaydalarının dəyişdirilməsinə qarşı çıxılması ilə razılaşmaq mümkün deyil. Orfoqrafiya qaydaları ehkam deyil. İnsanlar öz adlarını, soyadlarını dəyişirlər. Müəyyən şəhərlərimizin, rayonlarımızın, bu və ya digər yaşayış məntəqələrimizin adları dəyişilirsə, sözlərin yazılışının dəyişməsinə, dəqiqləşdirilməsinə niyə birtərəfli yanaşılmalıdır ki? Mütəxəssisləri çıxmaq şərti ilə, bəlkə, çoxları bilmir ki, 1928-ci ildə qəbul edilmiş qaydalara əsasən –dır, -dir, -dur, -dür şəkilçisinin iki variantda (-dur, -dür: yazmışdur, gəlmişdür və s.), eləcə də əmr şəklinin 1-ci şəxs cəmində feillərin “gedəlim, alalım, oxuyalım” və s. , indiki və gələcək zamanın 1-ci şəxs cəmində “gələriz, alırız, oxuyacağız” və s. kimi yazılması qanuniləşdirilmişdi. Yaxud 1936-cı ildə qəbul edilmiş “Qaydalar”da ilk səsi “q” ilə başlanan sözlərin “ğ” ilə yazılması (ğlobus, ğalib, ğələbə, ğaraj, ğaz və s.) qəbul edilmişdi. Sonrakı “Qaydalar”da da dilimizin təbiətinə, fonetik və qrammatik quruluşuna, tələffüz xüsusiyyətlərinə uyğun gəlməyən, dilin mahiyyətini əks etdirməyən bu kimi qaydalar olmuşdur ki, onların dəyişdirilməsi məgər dilimizin yazı normalarının sabitləşməsinə və bugünkü səviyyədə cilalanmasına, yazı mədəniyyətinin yüksəlməsinə xidmət etməyibmi?!

Etiraf etmək lazımdır ki, ötən illər ərzində yazılışında ikiliyə yol verilmiş onlarla sözün orfoqrafiyası dəqiqləşdirilmiş, yüzlərlə mürəkkəb sözün bitişik və ya defislə yazılışı qanuniləşdirilmiş, söz köklərinə artırılan şəkilçilərin, köməkçi hissəciklərin yazılış qaydaları tənzimlənmişdir.

Orfoqrafiya qaydaları ilə əlaqədar fikir söyləmək hər bir şəxsdən ciddi bir məsuliyyət tələb edir. Çünki orfoqrafiya və yazı məsələsi heç də düşünüldüyü kimi, asan bir məsələ deyildir. 116 maddədən ibarət olan orfoqrafiya qaydalarının 2004-cü ildə birdən-birə 36-ya endirilməsini orfoqrafiya sahəsində irəliləyiş kimi qiymətləndirmək sadəlövhlük olardı. Bir dilin yazı normalarının 36 maddəyə sığışdırılması onu göstərir ki, bu dilin elə də bir orfoqrafik problemi yoxdur. Halbuki ali məktəb tələbələrinin yazı işlərini yoxlayan hər bir müəllim etiraf edə bilər ki, hətta filologiya fakültəsində oxuyanların yazı savadında “ki”, “da, də” bağlayıcı və ədatlarının orfoqrafiyasının öyrədilməsində məktəb təlimi, demək olar ki, acizdir. Odur ki, qaydaların sayının yeni layihədə artırılması məsələsi təqdirəlayiqdir. Ancaq baxır ki, “Qaydalar”a daxil edilən maddələrin yazı mədəniyyətimizin formalaşdırılmasında və yüksəldilməsində əhəmiyyəti nə qədərdir.

Əlbəttə, orfoqrafiya qaydalarının tez-tez dəyişdirilməsi heç də arzu olunan bir məsələ deyil. Ancaq nə etməli ki, biz yazımızda bir əsrdə 4 əlifbadan istifadə etmişik. Əlifba məsələsi isə orfoqrafiya və yazı məsələsi ilə bilavasitə əlaqədardır. Dilimizin yazılı və şifahi formalarının paralel inkişafı, ədəbi tələffüz normalarının ümumiləşməsi və getdikcə sabitləşməsinin yazıda əks olunması ehtiyacı, bununla yanaşı, dilçilik sahəsində aparılan tədqiqatlar da öz növbəsində orfoqrafya qaydalarına yenidən baxılması zərurətini zaman-zaman qarşıya çıxarır.

Digər tərəfdən, məktəbdə tədris yolu ilə praktik cəhətdən mənimsənilmiş, yazılış forması son dərəcə aydın olan və ikili yazılışa yol verilməyən, dil daşıyıcılarının tələffüzlərində və yazı mədəniyyətində adiləşmiş müəyyən məsələlərin orfoqrafik qaydalar şəklində saxlanılmasına (bu qaydalar heç kim üçün lazım deyilsə, daha doğrusu, bu cür qaydalara ehtiyac hiss edilmirsə), bunların qaydalar silsiləsi kimi qorunub saxlanılmasına, yaxud sayının artırılmasına nə ehtiyac var? Dil daim inkişafdadır. Bu inkişaf onun yazı normalarında da əks olunur. Təbiidir ki, zaman–zaman orfoqrafiya qaydaları nəzərdən keçirilməli, dilçilik elminin inkişaf səviyyəsinə uyğun olaraq artıq ömrünü başa vurmuş olan qaydalar sırasından çıxarılmalı, zərurət yarandığı halda artıq normalaşmış yeni qaydalar “Qaydalar” sisteminə daxil edilməlidir.

Orfoqrafiya qaydaları ilə bağlı yeni layihə hazırlanır fikrini eşidəndə yeni yanaşma ilə qarşılaşacağımızı düşündüm. Ancaq layihə ortaya çıxandan sonra komissiya üzvlərinin sanki günahkar olmadıqlarını sübut etmək üçün tez-tez orfoqrafiya qaydalarında elə bir ciddi dəyişiklik edilmədiyini, dəyişikliyin yalnız qoşa “yy” ilə yazılan -iyyət,- iyyat, -iyyə şəkilçilərinin yazılışı ilə bağlı olduğunu söyləyərək müdafiə mövqeyində dayanmaları zənnimizin doğru çıxmadığını göstərdi. Layihə ilə tanışlıq göstərdi ki, M.Cəlil demişkən, “qaranlıq nəhayət qalındır”.

Düşünürəm ki, yeni layihənin cəmiyyətdə bir qədər aqressiv qarşılanmasının səbəbi qarşıya qoyulmuş məqsədin düzgün təqdim edilməməsindən irəli gəlir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununda Orfoqrafiya lüğətinin 5 ildə bir dəfədən az olmayaraq nəşrinin təmin edilməsi təsbit edilmişdir. Dil daim inkişafda olduğundan digər dillərdən onun lüğət tərkibinə yeni-yeni sözlər, terminlər daxil olur, dilin özündə yeni sözlər, ifadələr yaranır, işləklik qazanır və beləliklə, lüğətlərdə öz əksini tapmalı olur ki, orfoqrafiya lüğətinin vaxtaşırı yenidən çap olunması bu ehtiyacdan irəli gəlir.

Məsələn, 2004-cü ildə təsdiq edilmiş orfoqrafiya qaydalarında hiss, küll sözləri ilə bağlı qeyd çıxarılmışdı. Ancaq bu özünü doğrultmadığından çox doğru olaraq, həmin qeydin zəruriliyi nəzərə alınaraq yeni layihədə bərpa edilmişdir (32-ci maddəyə verilmiş “Qeyd”: Bu qayda hiss və küll sözlərinə şamil edilmir.). Yaxud müəyyən müddət işlənərək dilin daşıyıcıları tərəfindən tələffüzü eyni cür mənimsənilməyən və sabitləşə bilməyən söz və ifadələrin (məsələn, “kompüter” sözü kimi) yazılışının dəqiqləşdirilməsinə ehtiyac yaranır ki, bu dəqiqləşdirilmiş variantlar da məhz orfoqrafiya lüğətinin sonrakı növbəti nəşrlərində öz əksinin tapmış olur. Layihəni təqdim edənlər isə bir tərəfdən, çıxışlarında dönə-dönə deyirlər ki, biz əvvəlki orfoqrafiya qaydalarına toxunmuruq, hətta 1975-ci ildəki qaydaların bəzilərini bərpa edirik, digər tərəfdən də, bu gün hələ aktual olmayan, islahat xarakterli müəyyən bir məsələni müzakirəyə çıxarırlar. Fikrimizcə, təklif olunan layihə islahat yönümlü deyil. Ancaq yeni layihədə daha çox qabardılan 37-ci maddə məhz islahat xarakterlidir. İndiki layihədə əvvəlki qaydalarda verilən müəyyən maddələrin dəqiqləşdirilməsi, bəzi nümunələrin müəyyənləşməsi kimi məsələlərə baxıla bilərdi ki, bu barədə yazımızın sonrakı hissələrində, təkliflərimizi verərkən fikrimizi aydınlaşdıracağıq.

Fikrimizcə, orfoqrafiya sahəsində ciddi islahata (sonu “q” və “k” ilə yazılan sözlərin, qoşasaitli sözlərin, 26, 27, 28-ci maddələrə aid sözlərin -- tappıltı, hoppanmaq, mürəkkəb, mütəkkə, əlbəttə, hətta..., bəzi qoşasamitli sözlərin yazılışı və s. kimi bir sıra məsələlərə yenidən baxılması), əlbəttə ki, ehtiyac var. Ancaq islahat zamanının yaxınlaşdığı, lakin hələ yetişmədiyi qənaətindəyik. Belə ki, dilçilikdə çoxdan qəbul olunmuşdur ki, tələffüz orfoqrafiyaya yaxınlaşmır, əksinə, öz inkişafında ondan müəyyən qədər fərqlənməyə doğru gedir. Bu fərqlər xeyli dərəcədə çoxaldıqda orfoqrafiyada islahat aparmaq ehtiyacı meydana gəlir. Məlumdur ki, orfoqrafiya qaydalarının formalaşmasında tələffüz əsas rol oynadığı kimi, vahid tələffüzün formalaşmasında orfoqrafiyanın da rolu az deyil. Orfoqrafiya üçün orfoepiya, orfoepiya üçün isə ən doğru mənbə orfoqrafiyadır. Lakin bu, tələffüzün heç də orfoqrafiyaya yaxınlaşmasına təminat vermir. Düzgün tələffüzün sabitləşməsi, norma keyfiyyəti qazanması məsələsi isə olduqca çətin işdir. Professor S.İ.Ojeqov yazır: “Ədəbi tələffüzün ümumiləşdirilməsinə nail olmaq, müasir orfoqrafiyanı tədris etməkdən daha çətin və çox mürəkkəb bir məsələdir. Çünki tələffüzün ümumiləşməsi çox uzun sürən bir prosesdir”.

Dilimizin yazılı və şifahi normaları arasında spesifik fərqlərin olmasına baxmayaraq, yazılı dilin normalarını şifahi dilin normalarından ayrı təsəvvür etmək mümkün deyil. Təsadüfi deyildir ki, B.Çobanzadə hələ 20-ci illərdə orfoqrafiya məsələlərinin nizama salınmasında tələffüzün nə qədər mühüm əhəmiyyət kəsb etməsini qeyd edərək yazmışdı: “İmla (burada orfoqrafiya-H.A.) məsələsi yalnız əlifba və yazı məsələsi deyildir, eyni zamanda dil məsələsidir. Çünki doğru yazma üçün doğru söyləmə əsaslarını meydana çıxarmaq lazım gələcəkdir (fərqləndirmə –H.A.). Bu da ədəbi dil məsələsidir”.

Bu gün təhsilin kütləviləşməsi, radio və televiziyanın, texnologiyanın, kino və teatrın əvəzedilməz rolu sayəsində tələffüzün normalaşmasında əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Dilin inkişafı isə artıq oturuşmuş, sistemləşmiş, kütləvi xarakter almış tələffüz xüsusiyyətlərinin təsiri ilə vaxtaşırı olaraq onun yazı normalarının da təkmilləşməsini, eyni zamanda, yazıda lüzumsuz, dilin təbiətinə zidd olan bəzi məqamlara aydınlıq gətirilməsini tələb edir. Məsələn, inanmıram ki, yazı savadı olan bir şəxs öz yazısında dilimizin ahənginə tabe edilərək ikihecalı yazılışı qəbul edilmiş bəzi alınma sözlərdə saitin düşməsi qaydasına əməl etməsin. Çünki bu (“Bəzi ikihecalı sözlərdə saitin düşməsi” başlığı ilə), orfoqrafik qayda kimi (Dilimizdə elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçi artırıldıqda kökünün son saiti düşür: sinif-sinfin, şəkil-şəklimiz və s.) uzun illərdir orta məktəbdə (dərslik müəllifləri qaydanı fərqli şəkildə formalaşdırsalar da) tədris edilir. Görəsən, müəlliflər nəyə istinad edərək dərsliklərdə belə bir orfoqrafik qaydanın verilməsini zəruri hesab edirlər? Axı bizim orfoqrafiya qaydaları içərisində belə bir qayda yoxdur. Göründüyü kimi, bu qaydanı dilin qanunu diktə edir. Artıq qeyd edilən bu yazı normasının “Qaydalar”a daxil edilməsinin vaxtı çatmayıbmı? Əslində bu qayda dərsliklərə daxil edilməmişdən qabaq təsdiqini tapmalı idi. Əgər belə bir qayda rəsmi şəkildə təsdiq edilməyibsə, onu təlim etməyə və yazıda norma kimi əməl edilməsini tələb etməyə heç bir müəllimin ixtiyarı olmamalıdır. Halbuki yazı mədəniyyətimizin formalaşmasında bu qaydanın rolu danılmazdır. Layihə hazırlayanlar, artıq qeyd etdiyimiz kimi, tələffüzdə sabitləşmiş və öz-özünə normalaşmış bu kimi qaydaların “Qaydalar”a daxil edilməsi üzərində düşünməli idilər. Yeri gəlmişkən, bir məsələyə də diqqəti cəlb etmək istərdik. 2004-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın 3-cü maddəsinə əvvəlki qaydalarda (1975-ci il) olmayan “heyif, meyil, əsil, şeir” sözləri daxil edildi. Sonra “feil” sözü də bu sözlər sırasında özünə yer etdi. Ancaq yuxarıda qeyd etdiyimiz qayda təsbit edilmədiyi üçün saitlə başlayan şəkilçi artırıldıqda bu sözlərin yazılışında vahid normaya əməl edilmir. Belə ki, kimsə “feil, şeir” sözlərinə saitlə başlanan şəkilçi artırıldıqda eyni qaydaya əməl edilməsini (saitin düşməsi qaydasına) zəruri sayır, kimsə buna lüzum görmür (Qeyd. 2015-ci ildə tərəfimizdən hazırlanan dərsliklərdə yuxarıda göstərilən qaydaya əməl edilməsini israr etsək də, müvafiq qayda olmadığı üçün heç bir əsas olmadan bu sözlərin yazılışının “şeirin məzmunu, feilin zamanları və s. şəklində verilməsi tələb edildi). Əgər bu sözlərin hamısı mənbə dildə təkhecalıdırsa və dilimizdə ahəngə uyğun olaraq sait artımı ilə mənimsənildiyindən ikihecalı yazılırsa, o zaman saitlə başlanan şəkilçi artırıldıqda bu sözlərin də (feil, şeir) orfoqrafiyasında dilin qanununa uyğun olaraq vahid normaya, sistemli yanaşmaya əməl olunmalıdır. Artırılan qapalı saitlərin sinif, şəkil, ömür və s. kimi sözlərdə düşməsi dilin norması kimi (sinfin səviyyəsi, şəklimizə baxarkən, ömrün mənası) qəbul edilirsə, şeir, feil sözlərinə yanaşmada niyə bu qaydaya əməl edilməməlidir ki? Nəyə görə tələffüzdə olduğu kimi, şerin məzmunu, felin zamanları yazılmamalıdır? Bu hansı məntiqə sığır? Axı bunlar eyni sistemin həlqələridir.

Layihədə narahatlıq doğuran cəhətlər

Bir neçə irad və təklifimiz var ki, bunları həm komissiya üzvlərinin, həm də ictimaiyyətin diqqətinə çatdırmaq istərdik:

I. Bəzi məqamlarla bağlı layihənin dilində ciddi redaktəyə ehtiyac duyulur. Bir şeyi unutmaq olmaz ki, orfoqrafiya qaydaları qüvvəyə mindikdən sonra hamı üçün məcburu olan qanundur. Qanunda isə üzrxahlıq tonu məqbul sayılmır. 22-ci maddəyə verilən qeyddə sanki günah yumaq tərzi ilə deyilir: “Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır (fərqləndirmə-H.A.). Belə ki, mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir”. Belə çıxır ki, hörmətli dil daşıyıcıları, bağışlayın, siz belə tələffüz etsəniz və yazılışını bu cür mənimsəsəniz də, biz bu qaydanı dəyişmək məcburiyyətindəyik.
Məsələnin mahiyyəti ilə bağlı fikrimizi sonrakı hissələrdə bildirəcəyik.

12-ci maddədə oxuyuruq: “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur (fərqləndirmə-H.A.)”.
Görəsən, bunun üçün xüsusi bəndə ehtiyac varmı?! Bu sözlərin qeyd şəklində 11-ci bəndə əlavə edilməsi, yaxud, sadəcə, lüğətin sözlüyünə göstərilən şəkildə daxil edilməsi kifayət deyilmidir ki, maraqlananlar “son dərəcə qiymətli olan” həmin sözlərin necə yazıldığını öyrənə bilsinlər?!.

37-ci maddəyə nəzər yetirək:

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq (fərqləndirmə– H.A.) tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – üslubiyat və s.

“Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır (fərqləndirmə bizimdir)”. Sanki qayda yazmırıq, kiməsə hesabat veririk. Fikrimizcə, qayda hesabat, üzrxahlıq üslubunda yazılmamalı, tövsiyə xarakteri daşımamalıdır.

10-cu maddə: “10. Mənbə dildə tərkibində u saiti ilə yazılan (fərqləndirmə –H.A.; görəsən, nədir tərkibində u saiti ilə yazılan (Nə, hansı hecadakı? Axı bu sözlərdə həmin səs gah 1-ci, gah 2-ci, gah 3-cü hecadadır? Həm də bu sözlər içərisində u saiti ilə tələffüz olunan və yazılan səslər də var: Lüksemburq, uvertüra, alüminium) və [yu] kimi tələffüz olunan aşağıdakı sözlər ədəbi dilimizin fonetik qaydalarına uyğun olaraq ü ilə yazılır: alüminium, bülleten, büro, jüri, karbürator, kompüter, Lüksemburq, paraşüt, süjet, tütor, uvertüra və s.”

3-cü maddə. Qeyd: Söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə (fərqləndirmə – H.A.) bəlkə, “son səsi [k] kimi tələffüz olunan”, – demək istəyir həmkarlarımız?) isə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s.

4-cü maddə. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı milli sözlər d ilə yazılır: bulud, palıd, söyüd və s. Bu qayda ona əsaslanır ki, həmin sözlərə saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d] kimi səslənir (fərqləndirmə–H.A). Fikrimizcə, fərqləndirilmiş hissədəki izahat orta məktəb dərsliklərinin vəzifəsidir və tədris prosesində müəllimin aparacağı işdir, onun qaydaya dəxli yoxdur.

5-ci maddə. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir (fərqləndirmə –H.A). Əvvəla, fərqləndirilmiş hissəyə göstərilən şəkildə, ümumiyyətlə, ehtiyac yoxdur. İkincisi də, 4-cü bənddəki qaydada deyilir ki, “saitlə başlanan şəkilçi qoşulduqda sondakı samit [d] kimi səslənir”, məgər 5-ci maddədəki sözlərdə də sondakı samit [d] kimimi səslənir? Belə bir dolaşıq fikir necə düzgün yazı qaydası ola bilər?!

6-cı maddə. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir. (fərqləndirmə-H.A). Əvvəlki maddə ilə bağlı deyilənlər bu bəndə də aiddir. Burada da son səs [d] kimi səslənmir, [c] kimi səslənir. İkincisi də, kiçik bir cümlədə iki dəfə “bənd” sözünün işlənməsi ağırlıq yaradır. Eyni bir fikir iki yanaşı maddədə fərqli şəkildə verilir.

66. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçiləri də sətirdən sətrə ke-çirmək məqbul sayılmır (fərqləndirmə-H.Abdullayeva): ADTU-da, BMT-nin, BDU-ya və s.

69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl,vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır (fərqləndirmələr-H.Abdullayeva): Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl,Sə-nan, sü-rət, vü-sət və s.

Axı qayda tövsiyə deyil, məcburi əməl edilməli olan normadır. Ona hamı əməl etməlidir. Biri üçün məqbul və ya məqsədəuyğun sayılmayan bir iş digərləri üçün məqbul, yaxud məqsədəuyğun ola bilər.

Müzakirəyə təqdim olunan layihədə bu tipli redaktə xarakterli misalların sayını artıra da bilərik. Məqsədimiz bu nümunələrlə layihənin redaktə olunmasına diqqət çəkməkdir. Qanun dili aydın olmalıdır, orada ikiliyə yol verilməməlidir.

II. Ziddiyyətlər

Layihədəki bəzi maddələrin guya fonetik prinsipin tələbi ilə yazılmasına daha çox diqqət cəlb etmək istəyən layihə müəllifləri, nədənsə, həm təqdim etdikləri orfoqrafiya qaydalarının mahiyyətində, həm də öz çıxışlarında ciddi ziddiyyətlərin olduğunu unudurlar. Biz burada yalnız bir-iki nümunə ilə fikrimizi bildirəcəyik, halbuki belə məqamlarla layihədə sıx-sıx qarşılaşırıq.

22-ci maddədə deyilir:

22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək (fərqləndirmə bizimdir), k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.

25-ci maddədə isə deyilənlərin ziddinə gedilərək qeyd edilir:
25. Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq (fərqləndirmə - H.A.) bu şəkildə yazılır.

Bunun kimi də 8-ci, 24-cü və 37-ci maddələrdəki ziddiyyət göz qabağındadır:

8. O saitli alınma sözlər[a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma-yaraq, (fərqləndirmə-H.A). o ilə yazılır: avtomat, ensiklopediya, kollec, kollektiv, kombinat, laborant, Moskva, motor, obyekt, Odessa, poçtalyon, poema, poeziya, problem, professor, solist, velosiped və s.

24. Kökündə eynicinsli və müxtəlifcinsli qoşa sait işlənən alınma sözlər ədəbi dildəki tələffüzündən asılı olmayaraq, (fərqləndirmə - H.A) qoşa saitlə də yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması (fərqləndirmə-H.A). məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə – dövriyə, ədəbiyyat – ədəbiyat, fəaliyyət – fəaliyət, maliyyə – maliyə, üslubiyyat – üslubiyat və s.

Qeyd olunan maddələrdəki fərqləndirilən hissələrə diqqət yetirmək kifayət edər ki, nə demək istədiyimiz hörmətli oxuculara və layihə müəlliflərinə aydın olsun. Fikrimizcə, artıq şərhə ehtiyac yoxdur.

Maraqlıdır, necə olur ki, ideya müəlliflərinin işinə yarayanda mənbə dilə “hörmətlə” yanaşılır, ancaq işlərinə yaramayanda ona arxa çevrilir. Bu misalları verməkdə məqsədimiz heç də o demək deyildir ki, sözlərin yazılışında ancaq mənbə dilə istinad olunmalıdır, sadəcə, ziddiyyəti göstərmək istədik.

Odur ki, ziddiyyəti aradan qaldırmaq üçün bu və ya digər maddələrin məzmunundan “fonetik prinsipə əsaslanaraq”, yaxud “ənənəvi-tarixi prinsipə əsasən” ifadələri çıxarılmalıdır. Nəzərə alaq ki, “Qaydalar”dan istifadə edən məktəblilərə bu anlayışların mahiyyəti nəzəri cəhətdən izah olunmur.

III. Orfoqrafik normaların nizama salınmasında diqqət yetirilməli ən vacib məqamlardan biri alınma sözlərin mənimsənilməsi məsələsidir. Nədənsə, yeni orfoqrafiya layihəsi haqqında danışanların əksəriyyəti bu məsələdən yan keçirlər. Dilimizin lüğət tərkibində olan sözlərin böyük bir hissəsi alınma sözlərdir ki, onların müəyyən qismi dilimizə mənbə dildə olduğu kimi keçsə də, müəyyən hissəsi mənbə dildəkindən tamamilə fərqli şəkildə yazılır və işlədilir. Məlumdur ki, alınma sözlər dilimizdə həm fonetik, həm semantik, həm də qrammatik cəhətdən fərqli mənimsənilə bilir. Prof.B.Çobanzadənin daha bir fikrini burada xatırlatmalı olacağıq. O yazırdı: ”... Qayəmiz əcnəbi istilahlarını dilimizə uydurub almaqdır. Lakin eyni zamanda beynəlmiləl mahiyyətdə olan elmi terminolojidən ayrılmamaq zərurətini unutmamalıyız. Bu iki az-çox bir-birinə ziddi ehtiyacların birləşdirilib bir ahəng altına gətirilməsi üçün çoxca əmək sərf etmək lazım gələcəkdir”.

Sovet dövründə dilimizə rus dilindən və rus dili vasitəsilə başqa dillərdən keçən sözlərin orfoqrafiyasında mənbə dilin xüsusiyyətlərinin saxlanması ilə rus dilinn öyrənilməsini asanlaşdırmaq məqsədi güdülürdü.

Hər zaman orta məktəb şagirdlərinin müəyyən orfoqrafik qaydaların mənimsənilməsində yersiz çətinliklərlə qarşılaşdığını düşünəndə fikirləşirəm ki, görəsən, bu yazıq uşaqların günahı nədir ki, böyüklərimiz buyurub deyə biz onlara sonu [x] və ya [ğ] ilə dedikləri sözləri “q” ilə yazmağı öyrədirik? Bu sözlər elə deyildiyi kimi yazılsa idi, məktəblərdə binəva müəllimlər həmin sözlərin orfoqrafiyasının mənimsədilməsinə bu qədər çox vaxt və əmək itirməz, bu vaxtı daha lazımlı işlərə, o cümlədən uşaqların şifahi nitqlərinin inkişafına sərf edərdilər. Çox təəssüf ki, bu o qədər də asan bir məsələ deyildir.

Bəzən iki sözün yazılışına xüsusi maddə ayrılır (məsələn, 25. Milyon və milyard sözləri mənbə dildəki yazılışından asılı olmayaraq, bu şəkildə yazılır), ancaq eyni orfoqramlı bir silsilə təşkil edən sözlərin yazılışı üçün müstəqil maddəyə ehtiyac duyulmur (konkret nümunələr yazının sonrakı hissələrində verdiyimiz təkliflərdə öz əksini tapacaqdır). Məktəb təcrübəsi göstərir ki, bu tipli sözlər biri digərinin yazılışının möhkəmləndirilməsində əsas olur.

TƏKLİFLƏRİMİZ

Tədrisdə çətinlik törədən aşağıdakı qaydalar “Qaydalar”a daxil edilsin.

I. İkinci hecasının ilk samiti həm [t], həm də [d] kimi tələffüz olunan sözlər “t” ilə yazılır: bostan, püstə, xəstə, astar, usta, dəstə, yastı, asta, isti, taxta, şaxta, saxta, muxtar, müxtəsər, məftil, dəftər, həftə, müftə, küftə və s.

II. “Əsl Azərbaycan sözlərinin yazılışı” başlığına ehtiyac yoxdur. Bunu elə qaydalarda verilmiş dil faktlarının özü də sübut edir. Göründüyü kimi, həmin başlıq altında qruplaşdırılmış 2-ci, 3-cü, 4-cü və 5-ci maddələrə qeyd şəklində əlavə izahat verilməsi ehtiyacı yaranmışdır. Orfoqrafiya qaydaları yazını nizama salmaq üçündür. Dilin mənşəyini araşdırmaq onun vəzifəsi deyil. Həmin başlıq götürüldükdə 3-cü, 4-cü maddələrdə xüsusi qeydlərə ehtiyac yaranmır və qeydlərdə verilmiş nümunələr əsas maddələrdəki misallar cərgəsinə daxil edilir. Yalnız 2-ci və 3-cü maddələrə müvafiq olaraq, yığcam şəkildə aşağıdakı məzmunda qeydlərin verilməsi kifayət edir:

2-ci maddəyə: “Qeyd. Bu qayda sonu “q” ilə yazılan alınma sözlərə (üfüq, şəfəq, vərəq və s.) şamil edilmir”;

3-cü maddəyə: “Qeyd. Bu qayda sonu “k” ilə yazılan əksər alınma sözlərə
(əmlak, mexanik, texnik və s.) şamil edilmir”

III. 4-cü, 5-ci, 6-cı maddələr aşağıdakı şəkildə formalaşdırılsın:

4. Son səsi həm [t], həm də [d] kimi tələffüz olunan iki və çoxhecalı sözlər “d” ilə yazılır: bulud, palıd, söyüd, polad, sənəd, təqaüd və s.

5. Son səsi həm [k], həm də [g] kimi tələffüz olunan sözlər “g” ilə yazılır: çələng, pələng, səhəng, tüfəng, ahəng, qəşəng, nəhəng və s.

6. Son səsi həm [c], həm də [ç] kimi tələffüz olunan sözlər “c” ilə yazılır: kərpic, qılınc, ülgüc və s.

IV. Yaxşı olardı ki, 17 maddə də iki bənddə (a və b olmaqla), aşağıdakı kimi verilsin:

17. Birinci və ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil.

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır. (fərqləndirmə -H.A.)

Bu necə istisnadır ki, orfoqrafiya lüğətimizdə həmin qəbildən olan xeyli sayda alınma söz vardır (şimpanze, simpatiya, simvol, ansambl, amfibiya, ambulator, amper, ampula, amputasiya, simfoniya, emfatik, embrion, emprizm, imperativ, improvizasiya, impulsiv, kamvol, kompromis, limfa, limfatik, pamflet, sambo, simpozium, temperament, kompliment, komponent, komplekt və s.)

17. Birinci və ikinci hecasındakı samiti [m] və ya [n] ilə tələffüz olunan sözlər iki cür yazılır:

a) Birinci və ya ikinci hecasındakı samiti, əsasən, [m] ilə tələffüz olunan sözlər n samiti ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zənbil.

b) Birinci və ya ikinci hecasındakı samiti, əsasən, [n] ilə tələffüz olunan sözlər m samiti ilə yazılır: Kombayn, kombinat, kömbə, pambıq, embrion, ambulator, sambo, ansambl, şimpanze, simpatiya, impulsiv, improvizasiya, simpozium, emprizm, imperativ, implant, imperiya, kompromis, amper, ampula, amputasiya, temperament, kompliment, komponent, komplekt, amfibiya, simfoniya, emfatik, limfa, limfatik, pamflet, kamvol, simvol və s. (əlbəttə, bu misallların hamısını verməyə ehtiyac yoxdur, sadəcə bu tipli sözlərin istisna olmadığına diqət çəkmək istədik, bunlar həmin sözlərin yalnız bir qismidir.)
V. 13-cü maddəyə aşağıdakı məzmunda qeydin verilməsi zəruridir:

13. Mənbə dildə birhecalı olub, tələffüz zamanı, adətən, sonundakı iki samit arasına i və ya ü saiti artırmaqla tələffüz olunan ərəb mənşəli sözlər iki cür yazılır:

a) iki saitlə yazılanlar: ağıl, cisim,eyib, ətir, feil, fəsil, fikir, heyif,isim, izin,
qəbir, qədir, qisim, meyil, Misir,nəsil,ömür, səbir, sətir, sinif, şeir, şəkil, zehin;

b) bir saitlə yazılanlar: cəbr, əmr, əsl, həbs, həsr (etmək),hökm, hüsn, hüzn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.,

Qeyd: Bu sözlərə saitlə başlayan şəkilçi artırıldıqda ikinci hecadakı sait düşür: sinif-sinfin, şeir-şerin, fəsil-fəslin, şəkil-şəklimiz və s.

VI. 13-cü maddədə verilən aşağıdakı hissəyə ehtiyac yoxdur, çünki bu, tədrisin problemidir.

“Bu qisimdən olan sözlərin bir çoxu iki saitlə yazıldıqda başqa mənalı sözlər – paronimlər alınır: əsl –əsil, əsr – əsir, həsr – həsir, kəsr – kəsir, nəfs – nəfis, əmr-əmir və s.

VII. 33, 34, 35-ci maddələr (33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qoşa sssamitindən yalnız biri yazılır: ekspress – ekspres, konqress-konqres, stress – stresvə s.;

34. Mənbə dildə ss qoşa samiti ilə başlayan ssenari sözünün əvvəlində bir “s” hərfi yazılır: senari. Həmin sözdən düzələn sözlərdə də bu qaydaya əməl edilir; 35. Mənbə dildə söz ortasında qoşa ss samiti olan aşağıdakı sözlər də bir s hərfi ilə yazılır: masaj, pasaj, şose və s.) birləşdirilsin. Çünki bu sözlərin yazılışı lüğətin sözlük hissəsində onsuz da öz əksini tapır. Qayda aşağıdakı məzmunda verilsin:

33. Mənbə dildə qoşa ss samiti ilə başlayan, ortasında və sonunda qoşa ss işlənən təkhecalı və çoxhecalı sözlərdə həmin samitlərdən biri yazılır: ssenari - senari, massaj - masaj, passaj- pasaj, şosse -şose, ekspress - ekspres, konqress - konqres və s.

VIII. 40-cı maddənin (40. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.) müstəqil maddə kimi verilməsinə ehtiyac yoxdur. Bu maddədə verilən məlumat 39-cu maddəyə “Qeyd” kimi əlavə olunsa kifayətdir:

39. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.

Qeyd. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.

IX. 41-ci maddənin (41. Aşağıdakı mürəkkəb sözlər bitişik yazılır) “a” bəndinin nümunələrdən əvvəlki hissəsi aşağıdakı redaktədə verilsin:

a) müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlib bir vurğu ilə deyilən mürəkkəb sözlər:

41-ci maddənin “b” və “c” bəndləri birləşdirilərək aşağıdakı redaktədə verilsin:

sonu sait və cingiltili samitlə bitən feillərdən ha bitişdiricisi vasitəsilə əmələ gələn isimlər: yazhayaz, gəlhagəl, yehaye, vurhavur.

Təkrar edilən feil kar samitlə bitərsə, ha əvəzinə ahəngə görə “a” və ya “ə” yazılır: basabas, kəsakəs, qaçaqaç və s.

X. Fikrimizcə, 18, 19, 20-ci maddələrə (18. -iy, -skiy ilə qurtaran xüsusi isimlərin sonundakı y samiti yazılmır: Qorki, Mayakovski, Yaroslavski; 19. Kimyəvi element adları mənbə dildəki kimi yazılır: kalium, maqnezium, natrium və s.; 20. Mənbə dildə [c] kimi tələffüz olunan alınma sözlər c hərfi ilə də yazılır: Cek London, cemper, Siciliyavə s.) ehtiyac yoxdur. Həmin sözlərin yazılışının lüğətin sözlüyündə verilməsi kifayətdir. Bu cür sözlərin yazılışı hesabına qaydaların sayını artırmağa ehtiyac yoxdur. Bu tipli sözlərin yazılışı praktik yolla mənimsədilir. Dəqiqləşdirməyə ehtiyac duyulduqda isə hər kəs lüğətin sözlük hissəsinə baxır, heç kəs qayda axtarmır. Qayda lüğətin sözlük hissəsində tənzimlənməyən hallar üçün daha çox gərəklidir. Məsələn, ilk hərfi böyük yazılan sözlərlə bağlı olan qaydalar .

XI. Ümumiyyətlə, müxtəlif qaydalarda vahid forma gözlənilsin. Belə ki, ayrı-ayrı qaydalarda eyni fikir müxtəlif formada (məsələn, q hərfi ilə yazılır; ü ilə yazılır; n samiti ilə ) öz əksini tapır. Yaxşı olardı ki, nümunə göstərilən hissələr qaydalarda vahid formada ( “q” ilə yazılır” şəklində) verilsin.

XII. 25-ci qaydaya (25. Milyon və milyard sözləri mənbə dildəki yazılı-şından asılı olmayaraq, bu şəkildə yazılır) ehtiyac yoxdur. Həmin sözlərin yazılışının lüğətin sözlüyündə verilməsi kifayətdir.

XIII. 32-ci maddəyə verilmiş “Qeyd”-in yalnız birinci cümləsi (Bu qayda hiss və küll sözlərinə şamil edilmir) kifayətdir. Çünki qeydin yerdə qalan hissəsi – “Çünki həmin sözlərin son samitlərindən birini atdıqda onlar başqa məna daşıyır: his (ocağın hisi), kül (siqaretin külü). Hiss sözünə yalnız – siz şəkilçisini artırdıqda kökdəki s samitlərindən biri ixtisar olunur” orta məktəb dərsliklərinin vəzifəsidir.

XIV. Sözün sətirdən sətrə keçirilməsi hissəsinə:

1) Mürəkkəb sözlərin tərkibindəki birinci sözün son samitini ikinci sözün bircə saitdən ibarət olan ilk hecasına qoşub yeni sətrə keçirmək olmaz: dilucu, kəklikotu, əvəzedilməz, Gülağa, paltarasan (di-lucu, kəkli-kotu, əvə-zedilməz, Gü-lağa, palta-rasan və s. )

Eləcə də ikinci sözün bircə saitdən ibarət olan ilk hecasını birinci sözün son samitinə qoşub vahid heca halında sətrin sonunda saxlamaq olmaz: – dilu-cu, kəkliko-tu, əvəze-dilməz, Güla-ğa, paltara-san və s. (Qeyd: Bu qayda aşağıdakı şəkildə də verilə bilər: “Tərkibindəki ikinci sözün ilk hecası yalnız saitdən ibarət olan mürəkkəb sözlər sətirdən sətrə aşağıdakı şəkildə keçirilir: dil–ucu, kəklik–otu, əvəz–edilməz, paltar –asan, Gül–ağa və s.” )

2) 1975-ci ildə çap olunmuş orfoqrafiya lüğətində verilmiş 106 və 114-cü maddələrin bərpa edilməsi məqsədəuyğundur. Çünki bunlar yazı mədəniyyətinin formalaşdırılması üçün zəruri ünsürlərdir. Odur ki, təlim yolu ilə öyrədilməlidir.

Dəyişiklik edilməsi təklif olunan maddələrə münasibətimiz:
22-ci maddə ilə bağlı

Danimarka dilçisi R.Rask yazır: “Qrammatikanın vəzifəsi sözləri düzəltmək haqqında göstərişlər vermək yox, sözlərin düzəlməsi və dəyişməsini təsvir etməkdir”. Bu fikri eynən orfoqrafiya qaydalarına da aid etmək olar. Bəli, orfoqrafiyanın vəzifəsi dildə artıq sabitləşmiş, normalaşmış yazılış xüsusiyyətlərini təsvir və qayda şəklində təsbit etməkdən ibarətdir. 22-ci maddədə (22. Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əskər, əskinas, İskəndər, işkəncə və s.) verilmiş sözlərin yazılışını dəyişmək xətti tutulsa, gərək lüğətdə olan yüzlərlə sözün orfoqrafiyasına yenidən baxılsın. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, orfoqrafiya islahatının vəzifəsidir.

Bir şeyi unutmamalıyıq ki, dilin qəbul etmək istəmədiyi qaydaları qurğuşun kimi əridib onun boğazına tökmək mümkün deyil. Çünki o bunu qəbul etməyəcək.

Odur ki, bu sözlərin yazılışı əvvəlki kimi saxlanılmalıdır. Professor M.Nağısoylunun tez-tez misal çəkdiyi “iskənə” sözünü də bunlara qoşmaq və “g” ilə yazılışını (əsgər, İsgəndər, işgəncə, isgənə və s.) qanuniləşdirmək daha məqsədəuyğun olar. Çünki bunlar oxşar orfoqramlı sözlərdir və elə olduqda öyrədilməsi də asanlaşmış olar.

Nəzərə almaq lazımdır ki, orfoqrafiyanın xüsusiyyətlərindən biri də onun şərtiliyidir. Sözlərin mənbə dildəki yazılışı keçdiyi dildə nəzərə alınsa da, əsas sayıla bilməz. Hər bir dilin özünün yazı normaları formalaşır ki, bu da alınma sözün keçdiyi dildə necə mənimsənilməsi ilə bağlıdır (olduğu kimi, yoxsa dəyişdirilərək).
Azərbaycan dili orfoqrafiyası və orfoepiyasının gözəl tədqiqatçısı professor Ə.Əfəndizadə yazır: ”Nəhayət, orfoqrafiyanın bir xüsusiyyəti də onun şərtiliyindədir. Orfoqrafiyanın bu xüsusiyyəti ondan irəli gəlir ki, müxtəlif sözlərin mümkün olan yazılış variantlarından bu və ya digəri şərti olaraq seçilir. Məsələn, xəmir, təqsir, davamiyyət, gerçək, qəhrəman, bünövrə, çəhrayı sözlərinin yazılışını xamır, taxsır, dəvamiyyət, gərçək, qəhraman, binövrə, çöhrayı şəklində də qəbul etmək olardı; çünki bu variantlardan birinin digərinə nisbətən üstün olduğunu tutarlı əsaslarla sübut etmək çətindir. Odur ki, orfoqrafiyamız həmin variantlardan birini şərti olaraq qəbul etmişdir”.

Yazılışı ən çox müzakirə olunan (43-cü maddənin “d” bəndində verilmiş ) alğı-satqı sözünün yazılışına gəlincə, demək istərdik ki, bu söz dilin qanununa uyğun olaraq (çalğı, vurğu, burğu və s.) layihədə göstərildiyi kimi yazılmalıdır. Çünki o, 1975-ci və 2004-cü illərdə çap olunmuş orfoqrafiya lüğətlərində, izahlı lüğətin 1966, 1997 və 2006-cı il nəşrlərində də alğı-satqı şəklində verilmişdir. Adətən, sözün yazılışı daha çox onun tələffüzü əsasında formalaşır və bu söz də [alqı-satqı] şəklində tələffüz edilir. Ancaq etiraf etməliyik ki, öz sözümüz olsa da, onun yazılışını tələffüzü yox, dilin qanunu müəyyənləşdirib. Odur ki, alğı-satqı formasında tələffüzü dilə yatmasa da, onun dilin qanununa uyğun yazılışını mənimsəmək və ona əməl etmək lazım gələcəkdir. Necə ki, yüzlərlə ümumişlək sözün yazılışı və tələffüzü arasında fərqə vərdiş etmişik. Qəbul etmək lazımdır ki, heç də bütün sözlərin yazılışı və tələffüzü üst-üstə düşmür. Məgər sonu “q” ilə yazılan uşaq, qonaq, ayaq və s. kimi onlarla sözün yazılışı və tələffüzü fərqli deyil?! Biçarə məktəblilərin bu sözlərin yazılışında, xüsusən də q-ğ əvəzlənməsində illər boyu əziyyət çəkdikləri bir yana qalsın, uşaqların vərdiş etdikləri orfoqrafik tələffüz nəticəsində canlı dilimiz öz estetik gözəlliyini itirir, onun təbiiliyinə çox böyük zərbə vurulur. Maraqlıdır ki, bəzən biz odu qoyub külü ilə oynayırıq. Orfoqrafiyanın köklü problemləri bizi narahat etmədiyi halda, nədən bir sözün yazılışı bu qədər ajiotaj yaradır?

Sonda Dilçilik İnstitutundakı həmkarlarımıza orfoqrafiya qaydalarının üslubi cəhətdən təkmil variantının hazırlanması və yeni alınan sözlərin diləyatımlı formalarının lüğətlərdə təsbit olunması yolundakı təşəbbüslərində uğurlar arzulayırıq.

# 3542 dəfə oxunub

Müəllifin son yazıları

# # #