Ernest Heminquey: “Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur”

<span style="color:red;">Ernest Heminquey : <b>“Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur”</b>
20 yanvar 2018
# 15:55

Kulis.az Ernest Heminqueyin Amerika yazıçılarının 1937-ci ilin iyununda keçirilən II Konqresində söylədiyi “Yazıçı və müharibə” adlı nitqini təqdim edir.

Yazıçının vəzifəsi dəyişilməzdir. Zaman ötdükcə yazıçı özü dəyişilsə də, onun vəzifəsi dəyişilməz qalır. Bu vəzifə doğru-düzgün yazmaqdan, heç vaxt həqiqəti inkar etməməkdən, həyat təcrübəsinə istinad edərək hadisələri reallıqlarla sərgiləməkdən və beləcə oxucu qəlbinə yol tapmaqdan ibarətdir.

Bundan çətin və mürəkkəb heç nə yoxdur. Mükafat, uğur və nailiyyət gec və ya tez gəlməsindən asılı olmayaraq yazıçını onun yolunu gözləməyə məcbur edir. Tez gələn mükafat isə çox hallarda yazıçının məhvinə səbəb olur. Əgər o özünü uzun müddət gözləməyə təhrik edirsə, nəticə etibarı ilə yazıçı narahat bir ömür yaşamağa məhkum edilir. Bəzi hallarda isə mükafat yazıçının ölümündən sonra gəlib yetişir. Bundan isə mərhum ədib üçün heç bir fayda olmur. Elə məhz buna görə də həqiqi, uzun ömürlü əsərlər yazıb ərsəyə gətirmək çox çətin işdir. Əsl yaxşı yazıçı əvvəl-axır öz layiqli qiymətini almaqla ədəbiyyat aləmində tanınacaq. Romantiklər isə bu qənaətdədirlər ki, dünyada “naməlum sənətkarlar” var.

Əsl yaxşı yazıçı hər hansı istənilən idarəetmə üsulları ilə mövcud olan hakimiyyət dövründə tanına və məşhurlaşa bilər. Yalnız bir siyasi sistem var ki, yaxşı yazıçılar yetişdirə bilməz. Bu faşizm sistemidir. Çünki faşizm yalan üzərində qurulub, quldurlar tərəfindən idarə olunur. Yalan söyləmək istəyində olmayan yazıçı heç vaxt faşizmlə bir yerdə yaşayıb işləyə bilməz.

Bəli, faşizm yalandır, elə bu səbəbdən o, ədəbi sonsuzluğa məhkumdur. Vaxt-zaman yetişəcək, faşizm artıq keçmişdə qalacaq, amma onun qanlı cinayətlərindən savayı heç bir tarixi olmayacaq.

Yazıçı biləndə ki, müharibə nə üçün və necə aparılır, ona öyrəşir. Bu, çox mühüm kəşfdir. Sadəcə müharibəyə həqiqətən də alışdığına fikrən heyran qalmaya bilmirsən. Hər gün cəbhədə olarkən mövqe müharibəsinin, manevr müharibəsinin şahidi kimi hücumları və əks-hücumları müşahidə edirsən. Bütün bunlar böyük məna kəsb edir, nə qədər insan itkisi versək də, yaralılar olsa da, insanların nə üçün mübarizə apardıqlarını və bunun ədalətli mübarizə olduğunu bilirsən. İnsanlar (sənin yeni və köhnə dostların) öz vətənini yadelli işğalçılardan azad etmək uğrunda mübarizə apararkən onların döyüş yoluna nəzər salıb başa düşürsən ki, müharibədən də pis şeylər varmış. Bunlar qorxaqlıq, satqınlıq, xudpəsəndlik və s. bu kimi qeyri-insani xüsusiyyətlərdir. Ötən ay biz hərbi müxbirlər Madriddə düz on iki gün cinayət əməllərinin, qətllərin şahidi olduq. Əla təşkil olunmuş bu qətlləri alman artilleriyası törətmişdi.

Yuxarıda mən söylədim ki, müharibəyə öyrəşirsən. Əgər doğrudan-doğruya hərb elmi ilə (bu, olduqca nəhəng bir elmdir) maraqlanarkən, ya da təhlükəli vəziyyətlərdə insanların özünü necə aparmalarını bilərkən, öz şəxsi taleyin barədə fikirləşmək sadəcə çirkin eqoizmə bənzəyəcək.

Amma cinayətlərə, qətllərə heç cür alışmaq mümkün deyil. Madriddə isə biz düz on iki gün kütləvi qətllərin şahidinə çevrildik.

Faşist dövlətləri total müharibələrə çox inanırlar. Bu isə sadəcə o deməkdir ki, hər dəfə silahlı qüvvələr tərəfindən vurularkən onlar öz məğlubiyyətlərinin əvəzini dinc insanlardan almağa üstünlük verirlər. Bu müharibə dövründə, 1937-ci ilin noyabr ayının ortalarından başlayaraq faşistləri Qərbi Parkda, Pardoda, Karabançeldə, Haramda, Briueqo və Kordovoda vurub əzişdiriblər. Onlar hər dəfə vurularkən, cəbhədə böyük məğlubiyyətlərə düçar olarkən, dinc sakinləri öldürməklə guya öz şərəflərini xilas etməyə səy göstəriblər.

Əgər bütün bunları təsvir etməyə başlasam, belədə sizdə yalnız ürək bulantısının yaranmasının səbəbkarına çevriləcəyəm. Ola bilsin ki, mən sizdə həm də nifrət hissi oyatmağı bacarım. Amma indi bizə bu, lazım deyil. Bizə öncə faşizmin cinayətlərini doğru-dürüst anlayıb, onunla mübarizə aparmağın yollarını bilmək gərəkdir. Başa düşməliyik ki, bu qətllər yalnız çox təhlükəli quldur olan faşizmə məxsusdur. Amma qulduru ram etməyin yeganə vasitəsi onu möhkəmcə əzişdirməkdən ibarətdir.

Mən yuxarıda bildirdim ki, yaxşı və doğru-düzgün yazmaq olduqca çətin işdir. Buna nail olan yazıçını isə labüddən mükafat gözləyir. Amma müharibə dövründə (biz istəsək də, istəməsək də müharibə dövründə yaşayırıq) mükafatlar sonraya saxlanılır. Müharibə haqqında həqiqəti yazmaq çox qorxuludur, həm də qorxulu olanı həqiqətin izinə düşməkdir. Mən dəqiq söyləyə bilmərəm ki, Amerika yazıçılarından İspaniyaya müharibənin həqiqətlərini araşdırmağa gedən kim olub. Linkoln adına batalyondakı döyüşçülərin çoxu ilə yaxından tanışıq. Amma bunların heç biri yazıçı deyil. Onlar yalnız məktub yazmağı bacarırlar. İspaniyaya xeyli sayda ingilis, eləcə də alman, fransız və holland yazıçıları gediblər. Məsələ burasındadır ki, insan cəbhəyə həqiqət axtarmaq naminə gedərkən, çox halda o, axtardığının əvəzində ölüm tapır. Əgər on iki nəfərdən yalnız iki nəfəri geri qayıdırsa, onda onların özləri ilə gətirdikləri həqiqət təhrif olunmuş şayiələr deyil, əsl həqiqətdir. Onda deyin görək, bu həqiqəti tapmaqdan ötrü həyatınla risk etməyə dəyərmi? Qoy bu barədə yazıçılar özləri mühakimə yürütsünlər. Güman ki, onlardan bir çoxu nəzəri mövzulara həsr edilmiş elmi disputlarda rahatca vaxtlarını keçirməklə məşğuldur. Həmişə də işin xeyrindən ötrü çalışmaq istəməyənlər, hər vəchlə öz mövqeyini qorumağa çalışanlar üçün yeni məzhəblər, ləzzətli ekzotik təlimlər və anlaşılmayan romantik məşğuliyyətlər tapılacaq. Bununla belə, müharibəni öyrənmək istəyən hər bir yazıçı üçün getmək istədiyi məkan var və bundan belə də çox olacaq. Qabaqda isə bizi elan olunmamış çoxillik müharibələr gözləyir. Yazıçılar bu müharibələrdə müxtəlif cür iştirak edə bilərlər. Sonrakı dövrlərdə çox güman ki, mükafatlar da gələcək. Amma bu, heç də yazıçıları karıxdırmamalıdır. Çünki mükafatlar hələ uzun müddət təqdim olunmayacaq. Ümumiyyətlə, yazıçı gərək buna heç ümid bəsləməsin. Ona görə ki, əgər o, Ralf Foks və digərləri kimidirsə, mükafat verildiyi müddət gəlib yetişərkən, yazıçının öz yerində olmayacağı mümkündür.

Tərcümə: Ağaddin BABAYEV

# 1937 dəfə oxunub

Müəllifin son yazıları

# # #