Ədəbiyyatşünaslığın Azər Turan səhifəsi – Elnarə Akimova yazır...

Ədəbiyyatşünaslığın Azər Turan səhifəsi – Elnarə Akimova yazır...
27 sentyabr 2016
# 15:56

Kulis.Az tənqidçi Elnarə Akimovanın “Çağdaş ədəbiyyatşünaslığın Azər Turan səhifəsi” məqaləsini təqdim edir

Azər Turan haqqında ən gerçək obrazı XX əsrin əvvəllərində Hüseyn Cavid cızır:

Azər düşünür... Bəlkə otuz ildir o hər an

Düşkün bəşərin eşqini, fəryadını inlər.

Yaxdıqca yaxar beynini bir kölgəli böhran,

Əflakə sorar dərdini, yıldızları dinlər.

Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz.

O zaman böyük Cavidin ağlına belə gəlməzdi ki, düşüncələrinin tərcümanı kimi yaratdığı bu sevimli qəhrəmanı onun gələcək tədqiqatçısının yalnız adı ilə deyil, həm də zehniyyəti ilə eyniyyət təşkil edəcək. Azər adlı bu şəxs onun cisminin məzara gömüldüyü şəhərə - uzaq İrkutsk vilayətində hərbi xidmətdə olacaq, Tayşetdə Cavidin gözlərini dünyaya əbədi qapadığı yerdə il yarım əsgərlik həyatı yaşayacaq. Geri dönüb Cavid əsərlərinin dərin, sistemli araşdırmasına başlayacaq və onun sevimli ciyərparasının – qızı Turan Cavidin ciyərparasına çevrilməklə munis bir dostluğun, etibarın rəmzinə çevriləcək. O qədər ki, Cavid yadigarı əli onun əlində, son sözlərini məhz, ona pıçıldayıb dünyadan köçəcək.

Hər adama qismət olan deyil bu nəsnələr. Cavid nəslinin sonuncu yadigarının gözlərini bağlamaq, ona qarşı vəfa borcunu sonadək qoruyub hifz etmək də hər deyəndə mümkün olan şey deyil.

Cavidmi onu kəşf etdi, yoxsa o Cavidi? Qəribədir, deyilmi? Dünyaya gəlmədən əsər qəhrəmanına çevriləsən. Sonradan, ədəbiyyatşünas olaraq haqqı qaytarmaq yolunda çarpışasan. Təmənnasız, sevgidən doğulan borc hissi ilə. Əsərlərindəki ideya bütövlüyü ilə qaynayıb-qarışasan, adını adında daşıyasan, dönüb Turan olasan, ruhibirə çevriləsən. Qəribədir... Amma gerçəkdir. Biz bəzən gerçəkləri nağıl kimi yaşayırıq. İndi, bu fikirləri yaza-yaza düşünürəm ki, deyəsən elə mənim bəhs edəcəyim insan nağıl qəhrəmanıdır ki, var. Öz tükənməz enerjisini yorulmadan cəmiyyətə ötürən, hər cür naqislikləri yarıb insanları sevməkdə və onlara inanmaqda davam edən Azər Turan...

Onun dostu Faiq İsmayılov, ruhibiri Turan Cavidlə bağlı yazılarına, xatirələrinə baxıram. Bu məqalə və xatirələrdə onların hər ikisi canlı və diridilər. Əbədi xoşbəxtlik və rahatlıq içindədilər. Çünki bir dost yaddaşında həmişə diri qalacaqlarına əminlikdən məmnundular. Və yalnız onlarmı?! Ruhları şad olan, ləyaqətli bir vətən oğlunun tədqiqlərində gerçək siması aydınlayıb özünə dönən, zamanın yanlışlarına, unutqanlıq və laqeydliklərinə xərclənən yaradıcılıqların məhz, onun sayəsində layiq olduğu haqqını qazanan o qədər “ilk”lər var ki, ortada. Azər Turan bu “ilk”lərin təmənnasız müəllifi, “sağ ol” belə ummadan tədqiqlərinə girişən elm adamıdır: türkoloq Xalid Səid Xocayev barədə ilk monoqrafiyanın, H.Cavidin qardaşı oğlu - Tahir Rasizadə barədə ilk kitabın, İngiltərədə mühacir həyatı yaşayan Krım-tatar yazıçısı Çingiz Dağçı haqqında bizdə ilk yazının müəllifidir. İsmayıl Hikmətin “Dörd il yarım Azərbaycanda” məqaləsini, Rza Nurun “Xatirələr” kitabından “Bakı” fəslini Azərbaycan oxucusuna ilk dəfə o təqdim edib. Pakistanlı Nobel mükafatı laureatı fizik Abdus Salam haqqında ölkəmizdə ilk geniş məlumatlı “Dahi və dünya” məqaləsini yazıb. Ərtoğrol Cavidin "Yazıları, rəsmləri, bəstələri, məktubları"nın (Bakı, 2005), Mişkinaz Cavidin "Cavid haqqında xatirimdə qalanlar" kitabının (Bakı, 2005), Cavidin arxivindən (və Turan Cavidin transliterasiyası ilə) Təkəzadə M.Səid. "Zurubi-əmsal Türkiyyə yaxud Atalar sözü" (2005), Cavidin ilk Türkiyə nəşri olan “Hüseyin Cavid. Eserleri” (İstanbul, Küsena Yayınları, 2013) nəşrlərinin tərtibçisi və ön sözün müəllifi olaraq, onların yığılıb toplanması, kitab halında meydana çıxması, tarixin dolanbaclarında it-bata düşməməsi naminə bir İnstitutun görə biləcəyi işlərin altına imza atıb. Daha çox unudulan və qırılan ömürlər, tək paramparça olmuş həyatın deyil, həm də cəlayi-vətən olmuş ədəbi irsin taleyi, daha çox sirr və müəmma, daha çox əziyyət və axtarış əzmi... Bir alim ömrünün akkordları...

Ümumiyyətlə, Azər Turan müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında ədəbi irsi diriltmək, onu təkrar dövriyyəyə qatmaq missiyasından çıxış edir. Bir tərəfdən “Şəhid türkoloq Xalid Səid Xocayev” (2009) kitabı ilə repressiya irticasının güdazına getmiş dilçi-alimin irsini, elmi yaradıcılığını sovet dövrünün xərabələri altında itib-batmaqdan xilas edir, digər tərəfdən, “Birinci Türkoloji Qurultay”, Mahmud Kaşqarlı Divanı barədə “Hz. Yusifə bənzədilən kitab” yazılarını yazır. H.Cavid, İ.Qaspıralı, Ö.F.Nemanzadə, Ənvər Paşa, Fuad Köprülü, Əhməd Ağaoğlu, Zəki Vəlidi Toğan və b. ilə bağlı fundamental, dərin araşdırmalar aparıb bu şəxsiyyətlərin fikir həyatımızdakı əvəzsiz rollarını üzə çıxardır, onların əməllərinin, Azərbaycan, ümumən türk dünyası naminə gördükləri işlərin saçdığı işıqdan sabaha, gələcəyə yollar arayır.

Talemi, qismətmi, bilmirəm, ancaq mənə elə gəlir hər insanın könül verdiyi işin, ömrünün bir parçasına çevirdiyi insanların tale yolları ilə kəsişdiyi məqamlar var. Bayaq Azər Turanın ilk, başlanğıc olaraq gördüyü işlərin siyahısından bəhs elədim. Hər biri zamanı üçün böyük cəsarət tələb edən işlərə girişən, buna görə gözməzdən gəlinən, bilərəkdən unutdurulan, işlərinin miqyası kölgə altına salınan millət cəfakeşləri. Onların arasında iki tədqiqatı, iki şəxsiyyətin haqqında meydana çıxan kitabları xüsusi dəyərləndirmədən ötə bilmirəm. “Cavidnamə” və “Əli bəy Hüseynzadə” kitablarını. Azər Turan bəlkə də onların qərib və narahat ruhlarına simsar olmaq üçün qalxışır bu tədqiqatlara. O cağadək daim funksional görünən Cavidşünaslıq da, yaxud, əksinə, qeyri-funksional olan, ortada normal bir təqdiqat mənbəyi olmayan Əlibəyşünaslıq da məhz, bu kitablarla dolğunluq, konseptuallıq qazanır. Qəribədir, bu kitabları oxuyandan sonra “o dövrə dair nəsə qalıbmı müəllif monoqrafiyasında əks etdirməsin”, - deyə sual yaranmışdı içimdə. Fakt bolluğu, analitik təhlil səriştəsi, elmi dəlillərlə mühakimə yürütmə bacarığı, müqayisələrə yol açan mətnlərin qarşılaşdırılıb tədqiq predmetinə çevrilməsi... hamısı bu nəşrlərdə bir yerdə və mükəmməl səviyyədədi. Akademiyanın Ədəbiyyat İnstitutunun elmi seminarının ekspert üzvü kimi dəfələrlə şahid olmuşam, XX əsrin birinci yarısı, Hüseyn Cavid, Əli bəy Hüseynzadə ilə bağlı təqdiqatlarda mənbə çox zaman göstərilməsə (!) belə istinad, bəhrələnmə, yararlanmanın ünvanı Azər Turanın adı gedən kitabları olub. Müstəqillik dönəmindən sonra bunu eləmək məhz, Azər Turanın bioqrafiyasına yazılır, adı gedən bu şəxsiyyətlərin hər birinin yaradıcılıq yolu onun tərcümeyi-halından epizod kimi deyil, ömür kimi keçir, addımbaaddım izlənərək Ömürnamə yaradılır. Amma yazılan bu ömürnamələri və onun müəllifini bu dəfə zamanın növbəti unutqanlıq, laqeydlik dalğası əhatələyir. Bizim çağdaş ədəbi mühitdə elmi dərinlikdən kənar, heç bir nəzəri analizlərə söykənməyən, alim fədakarlığından əsər-əlamət belə hiss olunmayan nəşrlərə ədəbiyyatşünaslıq elmimiz səxavətlə diqqət yetirərkən, kimlərinsə beş-üç cızmarasına dastan qoşub kitab bağlayacaq qədər həssaslıq nümayiş etdirərkən, humanitar düçüncə sistemimizdə əsaslı rol oynaya biləcək bu kitablar sıradan bir tədqiqat kimi gözdən kənar edilib. Bu kitabları oxumadan, bu tədqiqatlardakı faktlardan bixəbər olduğumuzdan məruzə və məqalələrimizdə XX əsrin iki onilliyinin konseptual tədqiqatının vacib olduğunu vurğulamış, o dövrdəki ziyalıların əsərlərinin sovet ideolojisinin təhriflərindən təmizlənməsi labüdlüyünü dönə-dönə qabartmışıq. Amma axı var... Azər Turanın “Əli bəy Hüseynzadə” kitabı tək bu şəxsiyyətin deyil, həmin dönəmin mürəkkəb, qarışıq mahiyyətini anlamağa nə qədər material verir.

Azər Turan yazır ki, “bütün hallarda Əli bəy, pərdə arxasındadır. Pərdənin önündə baş verənlər və həm də türk dünyasının XX yüzili Əli bəyin əsəridir”. Bunu kitabın lap birinci səhifəsində oxuyuruq və həmən sual edirik ki, bir şəxsiyyət, onun yaradıcı tərcümeyi-halı bir əsrin hüdudlarını çevrələyəcək qədər zəki və universaldımı?! Amma kitabda sanki bu sözlərin altını cızaraq yola çıxan müəllif bir ömrün məqamlarına diqqət çəkməklə fikrinin sübutunu meydana qoyur. Pərdələr qalxanda çox gerçəklər üzə çıxır və bu gerçəklərdə görünən yalnız Əli bəyin deyil, bütöv XX əsrin mənzərəsi olur. İndi bu tədqiqatları, bu kitabları da zamanın növbəti laqeydlikdən oyanış dönəminə ötürəkmi? Ya zamanında oxuyub, dərk edib çağdaş elmi dövriyyəmizə qatıb faydalanaq? Mən ikinci yolu tərcih edirəm, ciddi elmi axtarışların önünə yeni pərdələrin çəkilməsini istəmirəm, çünki pərdələr qalxanda görünən işlərin miqyası ilə bərabər bunu unutduran laqeydlik bəlamız, bundan doğan elmi yanaşmamızın naqisliyinin belə gələcək qınaq və ittihamın predmetinə çevrildiyinin tək mən yox, hamımız şahidiyik.

Azər Turanın “Əli bəy Hüseynzadə” kimi monoqrafik tədqiqat əsərlərində əsas məqsəd bir tərəfdən bu şəxsiyyətin yaradıcılıq yolunu, sənətkarlıq xüsusiyyətlərini öyrənmək, onun layiq olduğu tarixi haqqı bərpa etmək idisə, digər tərəfdən bu irsin saçdığı işığı müasir dövrün irəli çəkdiyi problemlərin üzərinə keçirmək idi. Yaradıcılığı sovet dövründə təhrif edilmiş, qəsdən unutdurulmuş, bilərəkdən görməzdən gəlinmiş, üstündən xətt çəkilərək tarixi-ədəbi yaddaşdan silinməyə çalışılan Əli bəy Hüseynzadənin yaradıcılığı 90-cı illərin azad ədəbi üfüqlərində günəş kimi doğulmağa başlayır. Kölgələr çəkilir, “millət öz oğulları ilə özünə dönür”, manqurd siyasətin güdazına verilən ictimai şüur, xalq, dövlət miqyasında fəaliyyətə həsr olunan ömür öz haqqının sahibi olmaq, ruhunu vətən torpağında asudə dolandırmaq, ona qərar tutduğu yüksəklikdən nəzər yetirmək imkanı əldə edir. Təsadüfi deyil ki, professor İmamverdi Əbilovun 1992-ci ildə “Xalq qəzeti”ndə çap olunan məqaləsi də elə bu cür – “Kür üstündə doğulan günəş” adlanırdı: “... Ötən әsrin ortalarında Kür saһilindә doğulub, iyirminci әsrin ikinci rübündә doğma türk ellәrindә ömrü sona yetәn Әli bәy Hüseynzadәnin elmi-әdәbi, ictimai-siyasi fәaliyyәtini һәrtәrәfli öyrәnmәk, һәyat salnamәsinә tam bәlәd olmaq, әfsus ki, onun һәmvәtәnlәrinә һәlә dә müyәssәr olmamışdır. İndi ondan məһәbbәt vә eһtiramla danışmaq asandır.” Məqalə bu sözlərlə bitirdi: “Bəli, Әli bәy axirәtә qovuşduğu torpaqdan doğulduğu torpağa qayıdır... Üzüntülü һәsrәtə giriftar edilәn xalq dәrdi tәslim edə-edә öz böyük oğlunun pişvazına çıxır. Kür üstündә doğulan Günəş kimi qeyri-adi bir zəka sahibi ilə yeni günəş başlanır”.

Amma müəllifin həm bu yazısından, həm də Əli bəy Hüseynzadənin adının unudulmaması yönündə hələ sovet dövründə ehtiyatla, virtual olaraq apardığı mücadilədən (bax: İ.Əbilov. “Ömrün və elmin romantikası”. Bakı, 2015) o da aydın görünürdü ki, Əli bəy Kür üstündə doğulan günəş olsa da, işığının ziyası bütün türklük miqyasını qapsayan, milli şüurun yetkinləşməsində zəfər çalan layiqli şəxsiyyətdir. Bunu hadisələrin sonrakı axarı təsdiq elədi. Tarixin Əli bəy Hüseynzadə irsinə münasibətdə vurduğu mədəni və mənəvi zərbənin rəsmi təshihi isə 2014-cü ildə reallaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il 21 yanvar tarixli Sərəncamı ilə Əli bəy Hüseynzadənin 150 illiyinin keçirilməsinə göstəriş verdi: “Türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən, eləcə də çoxsaylı fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verən görkəmli ictimai xadim Əli bəy Hüseynzadə...”

Ə.Hüseynzadə ilə bağlı dövlət səviyyəsində təsdiqlənən və rəsmi olaraq möhürlənən ilk fikir tarixə bu sərəncamla yazıldı. Böyük ədib haqqında monoqrafiyanın müəllifi Azər Turanın sözləri ilə desək: “tarix bu sözləri yüz il gözlədi”. Amma tarixin elə həmin yüzüncü ilində Əli bəy Hüseynzadə ilə bağlı Azər Turanın ərsəyə gətirdiyi monoqrafiya da (“Əli bəy Hüseynzadə”, Bakı, Litterpress, 2014) rəsmi təsdiqdən sonra durulma qazanan mövqe və münasibət olmayıb, daha əvvəl başlanan bir tədqiqatçı mücadiləsinin, cəsarətinin və əzmkarlığının nümunəsi olaraq doğuldu. Nədən ki, buna qədər Əli bəylə bağlı müəllifin özünün çabalarının göstəricisi olan bir sıra işlər vardı ortada: “Turanın ermişi” (2001) məqaləsini yazmış, “Əli bəy Hüseynzadə” (2008, Moskva), “Ali bek Quseyinzade” (2008, Moskva) “Əli bəy Hüseynzadə Turan” (2009), “Ali bey Hüseyinzade Turan” (2012, İstanbul) kitablarını çap etdirmiş, Prezident İlham Əliyevin latın qrafikalı nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamına əsasən 2007-ci ildə nəşr olunan Əli bəy Hüseynzadənin “Seçilmiş əsərləri”nin ön sözünün, izahlarının müəllifi və elmi redaktoru olmuş, Əli bəy Hüseynzadənin şeirlərindən ibarət “Əbədi gözəlliklər” (2007, Bakı) kitabını, müasirlərinin Əli bəy haqqında yazdığı məqalələrdən ibarət “Milli məfkurənin atası” (2014, Bakı) toplusunu ön sözü ilə hazırlayıb nəşr etdirmişdi. 2014-cü ildə nəşr olunan “Əli bəy Hüseynzadə” monoqrafiyası isə Azər Turanın bu böyük mütəfəkkirlə bağlı illərlə apardığı araşdırmaların daha bitkin və daha siqlətli sonucu olaraq ərsəyə gəldi.

Kitabda XX yüzil türk dünyasının milli-ideoloji düsturu olan - türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq ideyasının müəllifi kimi Əli bəyin əvəzsiz xidməti onun həm öz fəaliyyətinin, həm də müasirlərinin verdiyi dəyərin işığında təfərrüatlı inikasını tapır. “Siyasəti-fürusət” - çağdaş türk humanitariyasının zirvəsi olaraq dərk edilir, ədibin dil siyasəti, erməni məsələsindəki dürüst ideoloji mövqeyi tədqiqatçının dərin elmi analizlərinin büllurunda aydınlıq qazanır. “Füyuzat” mərhələsi Yeni Azərbaycan ədəbiyyatının, romantizm ədəbi məktəbinin bünövrəsi olaraq elmi-nəzəri-metodoloji şüurun müstəvinə cəlb olunur, Ə.Hüseynzadənin tərcümələri, ədəbi tənqid sahəsindəki fəaliyyəti və dünya ədəbiyyatının tanıdılması və təbliği yönündəki xidməti dövrün irəli çəkdiyi yaddaş kultunun dirçəlişi və reablitasiyası işinə hesablanmış əməli niyyət kimi mənalanır. Bütün bu məziyyətlər “Əli bəy Hüseynzadə” monoqrafiyasının ona qədər mövcud tədqiqatların zirvə məqamı kimi ərsəyə gəldiyini bəlli etməklə bahəm, yeni qurulan düşüncə sistemimizin əsas qaynağına çevrilmə özəlliyini də meydana çıxarır. Çoxqatlı, polifonik düşüncə tərzi, özəl düşüncədən nəşət edən özəl üslub, fikrin, mülahizənin dərin və aydın nəzəri əsaslarla təsdiqi, ciddi elmi postulatları ilə seçilən Azər Turanın “Əli bəy Hüseynzadə” monoqrafiyası ondan müstəqillik illərinin ədəbi-elmi arsenalının dəyərli örnəyi olaraq danışmağa hər cür əsas verir.

Belə bir örnək həm də “Cavidnamə”dir. Zənnimcə, Azər Turanın Hüseyn Cavidlə bağlı tədqiqləri arasında “Cavidnamə” zirvə mərhələdi. Tədqiqatçının bura qədər axtarışlarını yekunlaşdıran və bundan sonrakı araşdırmalara yön verən sanballı elmi əsərdir. XX əsrin birinci yarısının ədəbiyyatında ehtiva olunmuş nəhəng, planetar düşüncə tərzini meydana qoyan bu monoqrafiya çağdaş Azərbaycan oxucusuna gerçək Hüseyn Cavidi tanıdıb sevdirən sistemli araşdırmadır. Kitab Azər Turanın Hüseyn Cavidlə bağlı müstəqillik dönəmində meydana qoyduğu silsilə və sanballı işlərin, gərgin və dərin axtarışlarının sonucu kimi hasilə gəlir. Həmin silsilə işlərin adları belə bu hüdudsuzluğun siqlətini görükdürməyə kifayət edir: "Hüsni-xuda şairi" (1999), "Əbədi Turan" (2002), "Cavid əfəndi" (2004), "Turan Cavidin son söhbəti, son yaşantıları, son günü" (2005), Ərtoğrol Cavidin bütün əsərlərinin ehtiva edən “Yazıları, rəsmləri, bəstələri, məktubları”, (2005), "Tahir Rasizadə" (2005), "Hüseyn Cavid", (2007) və nəhayət "Cavidnamə" (2010).

Cavid irsinin tanıdılması, tanıdılıb sevilməsi yönündə bu tədqiqatların hər birinin rolu danılmazdır, amma bu yöndə gerçəkləşdirilən bir məqamı xüsusi qabartmaq istəyirəm. 2013-cü ildə Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun təşəbbüsü və Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında Azər Turan Hüseyin Cavidin əsərlərinin ilk Türkiyə nəşrini hazırlayıb təqdim edir. Bu nəşr şairin irsinin qardaş ölkədə təbliği və tədqiqi istiqamətində rol oynayacaq önəmli məqamlardan biridir. Azər Turanın hazırladığı kitaba Cavidin əsərlərinin əksəriyyəti daxil edilib, mətnlərin mahiyyəti, Cavid üslubu yetərincə qorunaraq Türkiyə oxucusuna təqdim olunub. Kitabın 2013-cü ildə AMEA-da keçirilən təqdimatı zamanı akademik İsa Həbibbəylinin söylədiyi fikirlər ortada olan işin miqyasını yetərincə dolğun şəkildə sərgiləyirdi: “Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Bu nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir. Kitabı nəşrə hazırlayan tanınmış ədəbiyyatşünas Azər Turan ortaq türkcəyə yaxın bir yol tutub. Cavidin əsərlərini ortaq türkcədə səsləndirməyi bacarıb. Orijinalın ruhu, səs, vurğu sistemi tamamilə qorunub saxlanıb. Azər Turan bu nəşrdə Cavid ucalığının tamamilə əhatə olunmasına nail ola bilib, ən münasib, ən vacib sözləri tapıb, elə bil çevirməyib, səsləndirib, orijinalı qoruyub. Bu nəşr mükəmməlliyi, tamı, varlığı, mahiyyəti ilə Cavidi bütün baxım bucaqlarından ifadə edir. Cavidi əyani, elmi təqdim etmək üçün yaxşı nümunə və örnəkdir”

2001-ci ildən etibarən “Yeni Azərbaycan” qəzetində “Ədəbiyyat” buraxılışı nəşrə başlayır və buraxılışın məsul redaktorluğu qəzetin humanitar şöbəsinin müdiri Azər Turana tapşırılır. Müstəqilik dövrünün ilk “Ədəbiyyat” əlavəsi (2001-2003) olan bu qəzet 90-cı illərin dramatik və gərgin ədəbiyyat axtarışlarından, boşluq və nəfəsdərim dövründən, qarışıq, çaşqın fikir polifonizmindən sonra ədəbiyyatda böyük bir missiyanı realizə etməli olur. Milli müstəqillik illərində tənqidi fikrin gəlişməsinə, ədəbi prosesin oyanışına və müxtəlif “səs”lərlə ifadəsinə yol açan bu amili xüsusi qeyd etməyə ehtiyac var. Belə ki, “Ədəbiyyat” əlavəsinin səhifələrində ilk dəfə olaraq müxtəlif ədəbi cərəyanlar, dünya ədəbiyyatından tərcümələr, sovet dövründə qadağan olunmuş mövzulara qayıdış və onların sağlam ədəbi-nəzəri müstəvidə doğuluşu baş tutur. Yeni düşüncə quruculuğunda elm və ədəbiyyatın birgə fəaliyyəti “Ədəbiyyat” əlavəsinin əsas manifestasiyasını təşkil edir. Hətta 2000-ci illərdən başlayaraq, ədəbi prosesdə davamını tapan bir çox məsələlərin təməl prinsipləri, onlarla bağlı müzakirə, mübahisələrin əsasının da məhz, “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” buraxılışında ehtiva olunduğunu görürük. Mən “Ədəbiyyat qəzeti”nin baş redaktoru olan Azər Turanın indiki məfkurəsi, zövqü, estetik dünyaduyumu ilə o zamanın məsul redaktoru arasında heç bir fərq görmürəm. Həmənki nəfəs, həmənki ədəbiyyat, əsl sənət mücadiləsi, əvvəlki fədakarlıq ünvanıdır ki, durur.

Azər Turanın “Ədəbiyyat” əlavəsindəki məqalələrinə diqqət yetirirəm. Bu məqalələrin hər biri müəllifinin yüksək erudisiyası, prosesləri düzgün və dəqiq qiymətləndirməklə bahəm, cəsarətli üslubu ilə seçilir. Məsələn, “İtirilmiş nəsil, yaxud yazısız ədəbiyyat” məqaləsi. Azər Turan ədəbiyyat tariximizdə az qala mifləşdirilən 60-cı illər ədəbi nəslinin yaratdığı ədəbiyyatdan söhbət açır. Həmin dövr ədəbiyyatında mövcud keyfiyyət dəyişimini Xruşov rejiminin verdiyi imkanla əlaqələndirməyərək, ədəbiyyatın vaxtında və öz növbəsində doğulan şüur hadisəsi kimi dəyərləndirir. Məqalədə 60-cı illərdə ədəbiyyata gələn nəsillə 60-cı illərdə doğulan yaradıcı nəslin taleyinə düşən gerçəklər sırası aktuallanır. Ədəbi gəncliyi 90-cı illərin Qarabağ müharibəsində tamama yetən və taleyinə “etiraf olunmamış müharibə ədəbiyyatını yaratmaq” düşən itirilmiş nəsil adlanan gəncliyin yetişdiyi tarixi şəraiti müəllif həssas müşahidələrlə bədii təcəssümün predmetinə daxil edir: “Bu itirilmiş nəsil ədəbiyyatın, (hətta ədəbiyyatın!) sözlə dеyə bilmək iqtidarında olmadığı müdhiş hadisələrin müasiri oldu. Onun gözləri qarşısında sadə bir Qarabağ kəndində yandırılıb kül еdilmiş insanlar, Bakı küçələrdə çoхlu qavroşlar, balasının bir qarın çörəyi naminə hər şеyini satan fantinalar, partladılmış metro vaqonunda qanı döşəməyə dağılan bəstəkarlar, evinin qənşərində qətlə yetirilmiş akadеmiklər, nazənin bir şəhərin dağüstü parkında bir gеcənin içərisində hasilə gələn Şəhidlər хiyabanı... cərəyan еtdi. O, bütün bunları gördü. O kitaba dеyil, münəccimə aхın еdən bir cəmiyyətin şairi olmağa məhkum еdildi. Onun dövrünün adamları Şеkspirdən daha çoх Nostradamusu tanıdı”.

Bu təsvirlər qanlı müharibə dönəminin, 90-cı illərin məlum kataklik və fəci proseslərinin acısının minor boyalarla çəkilmiş portretidi. Və acının bunca poetik şəkildə təqdimi ilə ədəbiyyatımızda müharibə haqqında hələ yazılmayan və müəllifini gözləyən Əsərin ideya qaynağıdır.

Daha bir məqaləyə baxıram: “Planеtlərarası pоеziya yaхud, dоktоr Bayatlının rеanimasiya şöbəsi”. V.B.Odərin əsrarəngiz poeziyasının təhlilini verən, şairin mətnlərindəki üslub özəlliyi, obrazlar sistemini ustalıqla açan müəllif “Ədəbiyyat həm də budur. Dil yaradıcılığı, yaddaş məsələsi və ilkinlik mərhələsidir. Vaqif bəy bu dоğma və munis dilin – Azərbaycan türkcəsinin səlahiyyətli vəkillərindən biridir və mənə bеlə gəlir ki, Azərbaycanda çох nadir insanlardan biridir ki, Vaqif Bayatlının yеni sözlər yaratmaq haqqına, еyni zamanda, yеni оbrazlar sistеminə hörmətlə yanaşmalıyıq”, - kimi imperativ irəli sürməkdən də çəkinmir.

Bu məqalələrdə aydın bir üslub var: nə istədiyini dərk edən və milli dəyərlərinə sadıqliyi hər şeydən uca tutan yaradıcı üslub. Mən bu üslubla, Azər Turan imzası ilə orta məktəb illərindən tanış idim. 1994-cü ildə “Aydınlıq” qəzetində onun gənc bir şair haqqında yazdığı məqaləsini oxumuş, oradakı fikirlərin, müəllifin işıqlı üslubunun, kədərli şeir parçalarının və bir də yazıda sitat verilmiş bu bayatının sehrinə düşmüşdüm: “Bağdadda xurmalıqlar/suda üzər balıqlar/nə böylə sevda olsun/nə böylə ayrılqılar”. Sonradan biləcəkdim... Bu məqalə 80-ci illərin istedadlı şairi Faiq İsmayılov haqqında yazılıbmış. Xatırlayıram, o vaxt oxuduğum maraqlı fikirləri, misraları qeyd etmək məqsədilə özüm üçün ayırdığım dəftərə bu misraları da qeyd etmiş, dönə-dönə oxumuşdum. Sonralar atam İmamverdi Əbilov və onun Azər adlı oğlunun olduğundan bəhs edəndə həmən beynimdə dəftərimdəki bu ad assosiasiya yaratmışdı. İndi Azər Turan ölkənin bir nömrəli “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. Mən bir nömrəli deyirəm, amma bunu rəsmi status mənasında vurğulamıram. Azər Turan “Ədəbiyyat qəzeti”ni məhz, ölkənin bir nömrəli mətbu orqanına çevirməyi bacarmış ziyalısıdır. Bu barədə bir qədər sonra.

Yenidən o məqama qayıtmaq istəyirəm. Azər Turanın Faiq İsmayılovun yoxluğuna və sağlığına həsr etdiyi yazıya. O yazıdakı üsluba, o üslubdakı polifonik rəng çeşidinə, o rəng çeşidindəki kədərin cızdığı dairəyə, o dairənin qapalı müstəvisində çevrələnən bir ömür hekayətinə. Həmin illərin qaynar ədəbi proseslərinin tədqiqatçısı kimi sonralar biləcəkdim: bu məqalə həm də o dönəmdə ərsəyə gəlir ki, 90-cı illərin əvvəllərində ədəbi tənqiddə yeni yanaşma, yeni təhlil konturları cızan yazarlar birmənalı olaraq köhnə, stereotip yazı, yanaşma, təhlil qaydalarını inkar edərək, yeni mətnləri fərqli müstəvidə nəzəri analizin predmetinə cəlb edir, bu qism şeirlərə münasibətdə mövcud dünyagörüşün təzələnməsi fikrini irəli sürürdülər. Məsələ onda deyildi ki, artıq dövr dəyişmişdi, sovet ədəbiyyatının qəliblərindən çıxmaq zərurəti öndə idi. Yox, yeniləşməni tələb edən həm də ədəbi mətnlər idi. Şeirdə ağrı simvolikası qabarıqlaşdıqca nəzəri-estetik düşüncənin axtarış çabası da dərinlərə işləyirdi.

Məqalədə hər açılan səhəri qanla qızaran 90-cı illər reallığının acı mənzərəsi boylanırdı və bu artıq, dünyanın ruhuna çökmüş kədər, tənhalıq ağrısının tənqiddə uca vurğu ilə ifadəsinin başlanğıcı idi. Salvador Dalinin “Süvarinin adı ölümdür” əsərindən əxz olnub fərqli interpretasiyada meydana çıxan “Ölüm süvarisi” nikbin olmayan poeziyanın, şeirin qürub mənzərəsinin şəklini çəkən ilk tənqid nümunələrindəndir. Buradakı müəllif obrazı təhlil predmetinə çevrilən şairin durumuna bərabər idi və bəlkə tənqidimizdə ilk dəfə müəllif-şair obrazı, ovqatı eyniləşib, qoşalaşıb fərqli bir üslub, fərqli bir simfoniya səslənişində gerçəkliyin Mətn yozumunu verə bilirdi.

Bu imkanlar Azər Turanın o illərdə məqalələr toplusu kimi nəşr olunan “İrfan çobanı” kitabından da aydın görünürdü.

“İrfan çobanı”nda əksər məqalələr esse janrında qələmə alınıb. Bu illər tənqiddə yaranan canlanmanın əsas səbəbi bir tərəfdən yeni metod və cərəyanların, sovet dövründə qadağan olunmuş müxtəlif "izm"lərin ədəbiyyatımıza gətirilməsi ilə bağlıdırsa, digər tərəfdən tənqidçi və yazıçıların esse janrına müraciət edərək onun qüvvətli nümunələrini yaratmaları ilə əlaqədar idi. Xüsusilə, ikinci səbəb tənqidimizdə hadisə, onun inkişafında irəliyə addım sayıla bilərdi. Anarın "Gecə düşüncələri", Elçinin "Ədəbi düşüncələr", K.Abdullanın "Əvvəl-axır yazılanlar", "Yolun əvvəli və axırı", K.V.Nərimanoğlunun "Mənim Füzulim"... Sonradan esse janrının maraqlı nümunələri meydana qoyulacaqdı. Bu arada Azər Turanın “İrfan çobanı” da vardı, səksəninci illərin sonunda “Gənclik” jurnalında, doxsanıncı illərin önlərində “Aydınlıq” və “İlham” qəzetlərində, 2000-ci illərin əvvəllərində “Yeni Azərbaycan” qəzetinin “Ədəbiyyat” əlavəsində çap olunan silsilə düşüncə yazıları vardı ki, uzun illərin ideoloji nəzarət və basqısından, təzyiq və buxovundan sonra ədəbiyyata və sənətə açıq münasibətin, həyata və dövrə fəlsəfi yanaşmanın təzahürü kimi meydana çıxırdi. “Azərbaycan özgürlüyünün ilk şəhidi” Xudu Məmmədov, “elmin zirvəsinə ucalan yolu Bismillahdan başlayan” pakistanlı Nobel mükafatı laureatı Abdus Salam, “qorxu və ayrılıqlar çağı”nın kədərli şairəsi Anna Axmatova, “istiqlalın ən romantik poeziyasını yaradanlar” - Məhməd Akif Ərsoy, Hüseyn Cavid, Nihal Atsız, milli düşüncəmizi aydınladanlar – H.Zərdabi, Ə.Hüseynzadə, İ.Qaspıralı, Yusif Akçura ... bu şəxsiyyətlərin hər biri Azər Turan üçün irfan çobanlarıdı, elm və ədəbiyyatı qoşa qanad kimi varlığında təcəssüm etdirən, qaval çalıb yatmış vicdanları inlədən əfəndilərdi. Ömrünü, rahatlığını millətin azadlığı, aydınlığı yolunda fəda edənlərdi. Bu məqalələrin hər birində yeni olan yalnız milli fikrin, türklük düşüncəsinin mətnlərə sirayət edən gücü, ədəbiyyat tarixi gizlinlərinə baş vurmaq cəhdi deyildi, yenilik yanaşma tərzinin özündə idi. Burada bütün hallarda daxili azadlıq və sərbəstliyini qabardan fərdi "mən" yeni dövr tənqidinin öyrəşmədiyimiz, alışmadığımız cəsarətli obrazı idi. "Dante ilə üz-üzə", "Səlib məfkurəsi: həqiqət və müəmma", “Biriyavari tənhalıq”, “Sufi fenomeni”... esseləri ilə tənqiddə yeni bir dalğa hərəkətə başlayırdı. Sovet dövrünün tabularına etina edilmir, türk düşüncəsi önə keçirdi. Bu məqalələr tənqidi yalnız bədii əsərlərin şərhi, təhlili ilə məşğul bir janr kimi səciyyələndirmək meyllərini eroziyaya uğradıb, ona daha geniş ərazidə, ölçü və miqyasda, heç nəyin qoşqusu olmadan, müstəqil kontekstdə nəzər yetirməyin gərəkliyini sübut edirdi.

Və nəhayət, Azər Turanın baş redaktor olduğu çağdaş “Ədəbiyyat qəzeti”. Bəlkə bu məqama heç toxunmamaq gərəkirdi, çünki bura qədər görülən işlərin miqyası göz önündə. Bəlkə əksinə, elə burdan başlamaq lazım idi. Çünki Azər Turanın “Ədəbiyyat qəzeti”indəki fəaliyyəti də elə yoxdan var hasilə gətirən elmi tədqiqatları kimi boşluq üzərində qərar tutan nəhayətsiz zəhmətin bəhrəsidir. Uzun illər boz ədəbiyyatın və ədəbi senzor müdaxiləsinin qüvvətli təsiri altında olan qəzeti Azər Turan gəldiyi ilk vaxtlardan etibarən yüksək səviyyəyə çatdırmaqla Azərbaycan mənəvi reallığında yeni bir hadisəyə imza atmış oldu. Bir tərəfdən, istedadlı olduqlarına inandırılmış kəslərin ədəbiyyat adına yazdığı cızma-qaralara qarşı güclü müqavimət, digər tərəfdən incidilmiş, perik düşmüş yeni ədəbiyyat yaradıcılarını qəzetə cəlb etmək çabası. Məqsədsə bir idi: ədəbiyyatı Vətənə çevirmək, hamını bir ocağın başına cəm etmək, ədəbiyyat yaradanlar üçün ortaq məkan, müxtəlif zövqlərin və düşüncələrin kəsişdiyi vətən olmaq. Onun müəyyən ideya cəbhələrində dayanan kəslərə eyni səxavətlə yer ayırması da həmin məramın nəticəsidir. Qəzetdə onunla çiyin-çiyinə dayanan əməkdaş kimi Azər Turanın redaksiyaya daxil olan hansısa keyfiyyətli mətnə uşaq kimi sevinməsinə şahid olmuşam. Onu ədəbiyyatın uğuruna hesablanmış istənilən mətn xoşbəxt eləyə bilər. Müxtəlif müstəvilərdə qərar tutan yazarlara qəzetdə yer verməsinin yeganə səbəbi də budur. Ədəbiyyatı da vətəni kimi parçalanmamış, bütöv görmək. Məntiqlidi, Azər “Turan” adına layiq olaraq ayırmaq üçün deyil, ancaq birləşdirmək üçün gələ bilərdi. Burada gözəllik həm də harmonik düzənin mövcudluğunda, şəxsiyyətlə yaradıcılığın vəhdətində, ideal və niyyət bütövlüyündədi. Çünki midrik bir həssaslıqla yaxşı dərk edir ki, vaxt gələcək, bütün intriqalar zamanın tozanaqları arasında itib-batacaq, bütün ədəbiyyatətrafı oyunlar fəci bir sonluğa giriftar olub unudulacaq, zamanın hər cür gözlənilməzliklərini yarıb keçən isə əsl mətnlər, əsl ədəbiyyat nümunələri olacaq.

Atası haqqında yazdığım nekroloqda bildirmişdim: “İmamverdi Əbilovun ağıl və ədəb keyfiyyətlərinin birləşdiyi və parlaq ifadəsini tapdığı ən qiymətli əsəri Azər Turandı. Özü də bunun fərqində idi, bütün təmənnasızlığının və ədəbiyyat fədakarlığının müqabilində Azər Turan kimi oğlulla mükafatlandırıldığının fərqində idi. “Mənim Azərə olan sevgim şaxələnib Vətən, Millət anlayışını çevrələyib”, - demişdi verilişlərin birində. Məncə, bu fərqin səbəbi İmamverdi Əbilovun ürəyinin bir küncündə gizlətdiyi bir çox duyğuların indi məhz, oğlunun şəxsində gerçəkləşməsi, vüsət alması idi. Əli bəy Hüseynzadə mücadiləsi, gerçək ədəbiyyat mücadiləsi, halal və təmiz insan olmağın mücadiləsi… “Oğul atanın sirridir” deyirlər”.

Amma bu Sirrlə bağlı səsləndirilmiş daha mötəbər bir fikir var. Həmin fikrə İmamverdi Əbilovun “Elmin və ömrün romantikası” kitabından oxuduğum Turan Cavidin ona ünvanladığı məktubda rast gəlmişdim. "Sizin Azərbaycan хalqı qarşısında хidmətlərinizi üst-üstə yığsaq, "Azər Turanın atası" statusundan ağır və şərəfli оla bilməz. Azər sizin övladınız, millətin iftiхarı, mənim isə arzu, əməl və ümidlərimin daşıyıcısıdır”, - yazmışdı Cavid yadıgarı. Mənə elə gəlir ki, Azər Turanla bağlı bundan dəyərli fikir səsləndirmək mümkün olmayacaq. Nə yazsaq belə onun şəxsiyyəti və yaradıcı milli düşüncəsi önündə gücsüz və aciz görünəcək. Bu yazıdakı kimi. Nə qədər çalışdımsa Azər Turanın ədəbiyyatda gördüyü işlərin miqyasını gərəyincə ifadə edə bilmədim. Gücümmü çatmadı buna? Bilmirəm... Amma məmnunam. Təki bizim üz tutduğumuz mətnlər, yazmaq istədiyimiz şəxsiyyətlər qarşısında məğlubiyyətimiz elə bu cür olsun! Azər Turan kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə daşıyan və qoruyub hifz edən bir şəxsiyyətlə məsləkdaş olmağın deyil, eyni zamanı bölüşməyin, həmmüasir olmağın özü artıq qələbədir!

# 2490 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #