Bir-birinə öpüş göndərən dahilər – Orxan Bahadırsoydan MƏZHƏKƏ

Bir-birinə öpüş göndərən dahilər – Orxan Bahadırsoydan MƏZHƏKƏ
16 noyabr 2016
# 12:58

Kulis.Az gənc yazar Orxan Bahadırsoyun “Dahilərin davası” epik-dramatik komediyasını təqdim edir.

Üzərində yaşadığımız bu əcaib məkanın yaranışına dair indiyə qədər saysız-hesabsız iddialar olub. Kimisi öz inancından, kimisi öz elmi axtarışlarından, kimisi təcrübələrindən bəhrələnib, müxtəlif nəticələrə gəliblər. Belə ki, son zaman bu məsələni araşdıran adamlar arasında rəqabət, bəzi halda dava-dalaş da şiddətlənməkdədir. Bütün bu ixtilaflardan boğaza yığılan Dünya Dahilər Birliyinin “Dünyanın və həyatın yaranışına dair məsələlər” komitəsinin sədri Aristotel təcili iclas çağırmışdır.

Xülasə, indi “Dünyanın və həyatın yaranışına dair məsələlər” komitəsinin üzvləri bir dəyirmi masanın ətrafına yığılıblar ki, bu məsələ haqqında ortaq məxrəcə gələ bilsinlər. Dünyanın və dünyadakı canlıların necə yarandığını saf-çürük etsinlər. Hərdən önlərinə qoyulmuş sudan qurtumlayır, öskürür və dərin fikirlərə dalırlar, hərdən də bir-birlərinə qəzəblə baxıb, baxışlarla mübahisə edirlər.

Lakin bu iclasda üzürlü səbəbdən iştirak edə bilməyənlər və iclasa bir xeyli gecikənlər var. İclas başlamazdan əvvəl isə sizə burada iştirak edən dahilərin haqqında az-maz məlumat vermək istəyirəm. Hərçənd ki, siz onları yaxşı tanıyırsız.

Antik yunan filosofu Aristotel eradan əvvəl 4-cü əsrdən gəlib. O, bu komitənin sədri, eyni zamanda iclasın rəhbəridir. Platonun tələbəsidir. İslam dünyası onun müəllimi Platona Əflatun, onun özünə isə Ərəstun adını verib, özününküləşdirməyə çalışır. Amma Aristotel öz müəllimi Platonla birlikdə çox-çox sonralar yaranmış İslamın yaradılışla bağlı iddialarına ilk zərbə vuran dahilərdirlər.

Aristotel fizikadan biologiyaya, fəlsəfədən məntiqə, zoologiyadan siyasətə qədər müxtəlif sahələrdə əsərlər yaratmış adamdır. Həm də fateh İsgəndərin müəllimidir. Eyni zamanda, o, qəhrəmanlarımızın yaşca ən böyüyüdür. Elə bu səbəbdən dəyirmi masanın başında bir ağsaqqal ədasıyla oturub, başqalarına yuxarıdan aşağı baxmaqdadır.

Bernard Palissi eramızın 16-cı əsrinin əvvəllərindən gəlib. Fransız dulusçu və hidrologiya mühəndisidir. O, bu dəyirmi masanın ətrafında əyləşib ki, fosillərin qədim canlıların qalıqları olduğunu isbat eləsin.

Ceyms Aşşer də gəlib, 16-cı əsrin sonlarından, 17-ci əsrin əvvəllərindən. İrlandiyalı arxiyepiskop və teoloqdur. Dünyadakı ilk insanın yaşını hesablayıb və bu dəyirmi masaya əyləşib ki, öz hesabının doğru olduğunu sübut eləsin.

Con Laytfut da Ceyms Aşşerlə eyni dövrdən, elə bir yerdə gəliblər. İngilis rahibdir. Bu masada əyləşib ki, Ceymsi müdafiə eləsin və dünyadakı ilk insanın yarandığı tarixi daha da dəqiqləşdirsin. Özü də kilsədən çıxıb, birbaşa bura gəlib. Dəyirmi masanın ətrafında rahib paltarında və bir rahib ədasıyla oturub, başqalarını süzməkdədir. Bu masanın ətrafındakı kafirlər də onu möhkəm narahat edir.

Françesko Redi isə 17-ci əsrin ortalarından gəlib. İtalyan bioloqdur. Aristotelə və onunla həmfikir olanlara sübut etmək istəyir ki, çirkli tuman və taxıldan siçanlar yaranmır. Eyni zamanda şair və filosofdur.

Masanın bir tərəfində Antoni van Levenhuk oturub. 17-ci əsrin sonları, 18-ci əsrin əvvəllərindən gəlib. Holland bioloqdur. Mikrobiologiyanın əsasını qoyub və mikroskopu kəşf edib. Həm də sakit, mülayim, məsum görünüşlü adamdır. Heç kəsə fikir vermədən, başını aşağı salıb, çiyninə tökülən uzun və buruq saçları ilə oynayaraq, nəsə fikirləşir. Hüceyrə kimi mühüm varlığı ilk dəfə görə bilən bu bəxtəvər adam da Aristotel kimi milçəklərin çürümüş ətdən, siçanların çirkli tuman və taxıldan yarana bildiyinə inanır.

Martin Lister də Levenhukla eyni dövrdən gəlib. İngilis naturalist və fizikdir. Bernard Palissidən zəhləsi gedir. Masa kənarında oturub, ona tərs-tərs baxır. Gəlib ki, Bernarda fosillərin sadəcə qəribə daşlar olduğunu, heç bir canlıdan qalmadığını sübut eləsin.

Con Nidhem 18-ci əsrin ortalarından gəlib. İngilis bioloq və Roma-katolik kilsəsinin rahibidir. Bioloq olmaqla rahib olmağı bir beyinə sığdıran bu qəribə adam bir xeyli yaraşıqlıdır. Con Nidhem də canlıların öz-özünə yarana biləcəyini iddia edir. Elə bu dəyirmi masanın kənarında bunu sübut etmək üçün oturub. Françesko Rediyə tərs-tərs baxır, onu bir din düşməni kimi gördüyü üçün döyməyə hazırdır.

Ladzaro Spallanzani isə italyan bioloqdur. 18-ci əsrin sonlarından gəlib. Canlıların öz-özünə yarana bildiyini iddia edənlərə bunun cəfəngiyat olduğunu sübut etmək istəyir. Con Nidhemlə 18-ci əsrdə möhkəm dalaşıblar deyə, indiyə qədər ondan zəhləsi gedir. Bədbəxtlikdən Nedhemlə üz-üzə oturublar. Hərdən ağızlarını tüpürcəklə doldurub, tüpürmək istəyirlər bir-birinə. Amma bu dahi məclisində başqalarından çəkinib, ədəbə sığınır və özlərini cilovlamağa çalışırlar.

Şotland geoloq Çarlz Layel 19-cu əsrin əvvəllərindən gəlib. O isə tamam başqa bir iddianı sübut etmək üçün təşrif buyurub. İddia edir ki, canlılar indi hansı sürətlə dəyişikliyə məruz qalırlarsa, keçmişdə də həmin sürətlə dəyişikliyə uğrayıblar.

İngilis bioloq və təbiət tarixçisi Çarlz Darvin də dəyirmi masanın o biri başında, Aristotellə üzbəüz oturub. 19-cu əsrin ortalarından gəlib. Xeyli yorğun və məzlum kimi görünsə də, Aristotel kimi, özündənrazılığı və eqoist nəzərləri ilə başqalarına yuxarıdan aşağı baxmaqdadır. Sübut etmək istəyir ki, canlılar təkamül nəticəsində bugünkü vəziyyətə gəliblər və bu proses təbii seçmə üsulu ilə baş verib.

Luis Paster də Çarlz Darvinlə eyni dövrdən gəlib. Fransız bioloq və kimyaçıdır. Aristoteli, Antoni van Levenhuku və Con Nidhemi “bağlayan” adamdır. Üçü də Luis Pasterə düşmən kimi baxır. Canlıların öz-özünə yarana bildiyi iddiasını puç etmək üçün gəlib. Ladzaro Spallanzanini həddən artıq çox istəyir, başqalarına qəzəblə baxdığı halda, ona xüsusi rəğbət və hörmətlə baxır.

Alfred Rassel isə 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən gəlib. İngilis naturalist, antropoloq və bioloqdur. Çarlz Darvinin ondan, onun da Çarlz Darvindən zəhləsi gedir. İkisi də təkamülü və təbii seçmə üsulunu iddia etsələr də, Alfred Rassel bunların tanrının istəyi ilə baş verdiyini deyir. Buna görə də Çarlz Darvin onu cəfəngiyatçı hesab edir.

Stenli Miller isə bu dəyirmi masada əyləşənlərin ən cavanıdır. 20-ci əsrin sonlarından, 21-ci əsrin lap əvvəllərindən gəlib. Amerikan kimyagərdir. O, Aristotel və Çarlz Darvin kimi, bütün canlıların tək bir hüceyrədən yarandığını iddia edir və bunu laboratoriya şəraitində sübut etməyə çalışır. Dərinliyə gedəndə, onun bu masada oturanların hamısından zəhləsi gedir.

Hələlik, masa ətrafındakılar bunlardan ibarətdir. Hamısının üzündə səbirsizlik, bezginlik görünür. Gecikənləri gözləməkdən hamısı yorğun düşüb. Təkcə Antoni van Levenhuk heç kəsə məhəl qoymadan dodaqaltı mahnı oxuyur.

Antoni: Je t'aime, je t'aime

Comme un fou comme un soldat

Comme une star du cinéma

Je t'aime, je t'aime

Comme un loup, comme un roi

Comme un homme que je ne suis pas

Tu vois, je t'aime comme ça

Çarlz Darvinin Antoni van Levenhukun belə biganəliyindən və onun öz dünyasında xoşbəxt olmasından xeyli xoşu gəlir. Buna görə də tez-tez Antoniyə baxır ki, kefi açılsın. Dəyirmi masanın ətrafına yığılanlar digərlərinin gəlişini xeyli gözləsələr də, gəlib çıxan olmadı. Nəhayət, Aristotel rəhbər kimi bu dəyirmi masa müzakirəsini açıq elan edir.

Aristotel: Cənablar, əvvəla, hamınızı salamlayıram. Bilirəm, hərəniz bir dövrdən yorğun-arğın gəlmisiniz ki, bu masanın ətrafında kainatın, dünyanın və canlıların yaranmasına dair məsələləri müzakirə edəsiniz. Bir neçə komitə üzvlərimiz bugünkü iclasa gələ bilmədilər. Amma gələcəyini deyib, güman ki, gecikənlər də var. Biz isə onları gözləyə bilmərik, çünki Levenhuk və Palissi yatmaq üzrədirlər. Görürəm ki, bayaqdan əsnəyir və mürgüləyirlər. Nəsə... Keçək əsas məsələyə. Mən hesab edirəm ki, bütün canlılar bir mənbədən gəlir. Paster, Darvin, Rassel və Miller də bunu təsdiqləyir. Amma bu öz-özünə yaranma məsələsi bir quru tikə kimi keçib xirtdəyimizə. Bu məsələdə bir ortaq məxrəcə gələ bilmirik.

Luis: (Hirslənərək, Aristotelin sözünü kəsir) Yoldaş Aristotel, siz və digər həmfikirləriniz hesab edirsiniz ki, çirkli tuman və taxıldan siçanlar yaranır. Mən bunun bir cəfəngiyat olduğunu sübut eləmişəm. Məncə, indi bunun müzakirəsi olduqca yersizdir.

Aristotel: (Aristotel müdrik baxışlarını Luisə dikib, xəfifcə gülümsəyir) Yoldaş Luis, siz hələ cavansız. Mənim iki min beş yüzə yaxın yaşım var. İndi siz mənim bu boyda həyat təcrübəmi puç hesab edirsiz?

Luis: Necə istəyirsizsə, elə də qəbul edin. Lakin Antoni van Levenhuk kimi mikroskopu kəşf edən ixtiraçının təcrübələri də nəticəsiz qaldı. Mən bunun cəfəngiyat olduğunu Con Nidhemə də vaxtında sübut eləmişəm.

Con Nidhem: Sən hələ məni bu söhbətə qatma! Mənə söz veriləndə sənin cavabını da layiqincə verərəm. (Antoniyə ümidlə baxır) Məndən əvvəl isə sənin cavabını yoldaş Antoni van Levenhuk verəcək.

Antoni: (sakit və mülayim səslə) Xahiş edirəm, öz yersiz mübahisələrinizə məni qatmayın. Mən öz maraqlı və rəngarəng dünyamda yaşayan xoşbəxt, müdrik bir insanam.

Ladzaro: (özündən çıxır) Müdrik adam da canlıların öz-özünə yarandığına inanar?

Luis: (Ladzaroya rəğbətlə) Kişi adamsan!

Con Nidhem: Yoldaş Aristotel, Ladzaro və Luis bir-birlərinin tərəfini tuturlar. Məlum məsələdir, Ladzaronun təcrübəsi Luisi ilhamlandırmış və buna görə də özünün nəyisə sübut etdiyinə inanmışdır. Xahiş edirəm, müzakirənin obyektivliyini qorumaq üçün onlara xəbərdarlıq edəsiniz ki, tərəfkeşlik etməsinlər.

Aristotel: Yoldaş Nidhem haqlıdır. Cənab Ladzaro və Luis, xahiş olunur ki, tərəfkeşlik etməyəsiz.

Aristotelin sözündən sonra Luis gülümsəyərək, Ladzaroya göz vurur və Ladzaro da dodaqarası ona bir öpüş göndərir. Con Nidhem bu hadisəni dərhal sezir.

Con Nidhem: (hirslə) İndi də bir-birlərinə öpüş göndərirlər. İkisini də müzakirədən xaric etmək lazımdır.

Aristotel: Cənablar, gəlin müzakirənin məğzindən yayınmayaq. Biz çox vacib bir məsələni müzakirə etmək üçün bura toplaşmışıq. Hərçənd ki, siz növbəsiz müdaxilələr etdiniz, amma mən ilk olaraq sözü yoldaş Bernard Palissiyə vermək istəyirəm.

Bernard: (ayağa qalxır) Cənablar, mən ilk dəfə iddia etmişəm ki, fosillər qədim canlıların qalıqlarıdı. Bu da o deməkdir ki, fosillərin yaşını müəyyən etməklə biz dünyadakı canlı həyatın başlanğıc tarixinə yaxınlaşa bilərik. Yəni ki, mən əlimdən gəldiyi qədər sizə böyük bir imkan yaratmışam. İndi zəhmət olmasa, qalanını da siz tapın. Məndən bu qədər...

Bernard təmkinlə yerinə oturur. Ceyms Aşşer sağ əlini qaldırıb, söz istəyir. Aristotel başını ağır-ağır yelləyib, onun istəyinə razılıq verir.

Ceyms Aşşer: (ayağa qalxır) Belə başa düşürəm ki, burdakıların heç biri mənim dediklərimə inanmır. Amma mən olduqca dəqiq hesablamalarla dünyanın yaşını hesablamışam. Yoldaş Bernardın iddia etdiyi fosil-mosil anlayışını da qəbul etmirəm. Dünyanın yaşı yalnız müqəddəs İncilə görə hesablana bilər. Müqəddəs kitabdakı insanların yaşını hesabladıqda dünyanın eradan əvvəl 4004-cü ildə yarandığı məlum olur.

Con Laytfut: Bəli, yoldaş Ceyms Aşşer tamamilə haqlıdır. Onun bu hesablamasını mən bir az da dəqiqləşdirib, müəyyən etmişəm ki, dünya eradan əvvəl 4004-cü ilin oktyabr ayının iyirmi altısında, bazar günü, səhər saat doqquzda yaradılmışdır.

Con Nidhem: (istehzalı qəhqəhə çəkir) Yoldaş Ceyms Aşşer və hörmətli adaşım Con Laytfut cənabları, nəzərinizə çatdırım ki, müqəddəs kitaba görə ilk insanın yaşını müəyyən etmək mümkün deyil. Siz öz hesablamalarınızda önəmli bir nüansı qaçırmısınız. Kitabdakı “soyundan olan” ifadəsini “oğlu” kimi götürərək, hesablama aparmısız. Bu da təbii olaraq, yanlış nəticəyə gətirib sizi. Soyundan olmaqla oğlu olmaq arasında kəskin fərq var. Hər nə qədər müəyyən iddiaları ilə razılaşmasam da, yoldaş Çarlz Darvin bu məsələdə haqlıdır ki, dünyanın yaşı minilliklər, milyonilliklərlə deyil, milyardilliklərlə ölçülür. O, bunu sübut edib. İndi bu məsələni müzakirə etmək vaxt itkisidir.

Ceyms Aşşer: Yoldaş Con Nidhem, Çarlz Darvin hələ gəncdir. Siz də gəncsiniz. Öyrənməli olduğunuz bir sıra şeylər var. Ona görə də mən sizin iddialarınızı uşaq dəlisovluğu kimi qəbul edir və susuram.

Çarlz Darvin: (qəzəbli nəzərlərini Ceyms Aşşerə dikir) Əlbəttə, susmalısınız. Ümumiyyətlə, mənim yanımda belə məsələlərdən danışmaq üçün cəsarət lazımdır. Mən sizin hamınızı bağlayan adamam. Sizin cəfəngiyatlarınız mənim üçün uzağı qurşaqdanaşağı məsələlər qədər əhəmiyyətli ola bilər.

Con Laytfut: (önündəki su bardağını götürüb, Çarlz Darvinə tuşlayır) Mərifətli danış! Qabağında uşaq yoxdur sənin. Ağsaqqallarla danışırsan. Bir də həddini aşsan bu stəkanı alnının ortasına yeyərsən.

Çarlz Darvin: Yoldaş Con Laytfut, mən başa düşürəm, siz mənim qədər təkamül etmədiyiniz üçün davranışlarınızda bir sıra heyvan əlamətləri qalmaqdadır. Lakin mümkün qədər bu əlamətləri bizim mühüm müzakirəmizə yansıtmayın!

Con Laytfut: (üzünü Aristotelə tutur) Bu nə danışır? Bu deyir ki, bizim babamız meymundur? (Hirslə Darvinə baxır) A kişi, sənin baban meymun ola bilər, mənim babam adamdır. Özü də kişi adamdır!

Ceyms Aşşer: Sən özün də kişi adamsan, Laytfut! Bunlara baş qoşma!

Aristotel: Mən hər birinizi səbrlə dinləyib, mülahizələrinizi analiz etməyə çalışıram. Söhbəti məğzindən yayındırmamaq üçün sözü yoldaş Françesko Rediyə verirəm.

Françesko: (ayağa qalxır) Cənablar, on yeddinci əsrin ortalarında mən bir təcrübə apardım. O vaxt eşitdim ki, qəssablar ətin çürüyüb qurdlanmaması üçün üstünü parça ilə örtürlər. Mən də səkkiz qab götürdüm. Hərəsinə ayrı bir heyvanın ətini qoyub, üstlərini parça ilə örtdüm. Heç birində qurdlar yaranmadı. İndi sizdən soruşuram, cənablar? Bu öz-özünə yaranma fikrinin cəfəngiyat olduğunu göstərmirmi? Ətin üstünü parça ilə örtəndə hava ətə təmas edə bilir. Demək ki, hər hansı bir canlının yaranması üçün şərait var, amma yaranmır. Çünki mümkün deyil. Sizin inandığınız öz-özünə yaranma fikrinin kökündə başqa məsələlər durur. Üstü açıq olan ətə milçəklər qonur və yumurta buraxır. Sonra da həmin yumurtadan qurdlar əmələ gəlir. Məsələ bu qədər sadə olduğu halda özünüzü niyə dağa-daşa salmısız, bilmirəm. Məndən bu qədər.

Aristotel: Təşəkkür edirik, yoldaş Françesko! Görək bu məsələ ilə bağlı yoldaş Antoni van Levenhuk nə fikirdədir?

Antoni: (ayağa qalxır, sakit və mülayim səslə) Ümumiyyətlə, mən mikroskopu kəşf etmişəm. Mənim öz dünyam var və mən bu dünyada xoşbəxtəm. Düzü, bu dəqiqə könlümdən şeir oxumaq keçir. Gözləyirəm ki, bu müzakirə tez bitsin və mən şeir oxuyum. Başqa məsələlərlə bağlı çox da danışmaq istəmirəm. Dinləsəm, daha yaxşıdır.

Con Nidhem Françesko Redinin çıxışından xeyli qəzəblənib, amma Levenhukun ona cavab verəcəyini düşündüyü üçün susurdu. Lakin Levenhuk Françeskoya cavab vermədikdə, qəzəblənir və yenə də növbəsiz çıxış edir.

Con Nidhem: Yoldaş Françesko Redi şükür etsin ki, zamanında kilsə ona işgəncələr verməyib. Mən o dövrdə olsaydım, ona şiddətli əzablar verərdim. Bu adamın boşboğazlığından bezmişəm. Deyir ki, ətin üstünü parça ilə örtəndə canlılar yaranmır. Demək ki, hava keçirməyən bir materialla örtüb və buna görə də ətdəki hüceyrələr boğulublar. Bir yalan uydurub, özü də bu yalana inanıb.

Aristotel: Yoldaş Con Nidhem, radikal olmayın. Sizə söz verilmədən müzakirəyə müdaxilə etməyin.

Çarlz Darvin: Kilsə adamıdır da. Radikal olmasın, neyləsin? Yoldaş Aristotel, siz də ki, başqa aləmsiz. Görün kimdən tolerantlıq gözləyirsiz?

Con Nidhem: İndi də birləşib, bizi ələ salacaqlar! Bu kafirlər tanrıya qarşı çıxırlar. Yoldaş Aristotel, onlara da xəbərdarlıq edin.

Aristotel: Cənablar, söhbəti məğzindən yayındırmayaq. Söz verilir yoldaş Martin Listerə.

Martin Lister ayağa qalxır və Bernard Palissiyə tərs-tərs baxır.

Martin: Düzü, bayaq yoldaş Bernard Palissinin çıxışını dinlədim. Yaşlı adamam, təzyiqim qalxır belə çıxışlara qulaq asanda. Ancaq əfsus ki, bu müzakirəyə qoşulmaq məcburiyyətindəyəm. Cənablar, bu Bernard Palissi deyir ki, üstündə müəyyən naxışlar olan daşlar – hansı ki, bunları fosil adlandırır – qədim canlıların qalıqlarıdır. Mən də deyirəm ki, bunlar təbiət hadisələri ilə müəyyən formalar alan daşlardan başqa bir şey deyil. Ən yaxşı halda, qədim insanların daşlara çizdiyi müxtəlif sənət nümunələri ola bilər.

Çarlz Darvin: Bu nə danışır? A kişi, mən beş il dünyanı gəzmişəm. Qalaq-qalaq fosillər yığıb, onların yaşını müəyyən eləmişəm. İndi sən deyirsən ki, mən bu beş ili avaralanmışam? Ümumiyyətlə, sən nə yeyib-içmisən? Yaxşı qidalan ki, təkamülə uğrayasan. Ali insan kimi düşünə biləsən.

Martin: Yoldaş Aristotel, Darvin məni təhqir edir. Cavab verim, ya yox?

Aristotel: Məncə, verməyin, yoldaş Martin Lister! Çünki həqiqət qarşısında susmaq daha münasibdir. Sizin iddianızın puç olduğu çoxdan sübuta yetirilib. Əyləşə bilərsiz.

Ortaya qəfil bir sükut çökür. Bernard Palissi Martin Listerə baxıb, dodaqaltı gülümsəyir.

Martin: (Bernarda uca səslə) Gülmə!

Bernard Palissi daha da möhkəm qəhqəhə çəkir. Martin önündəki stəkanı götürüb, ona tərəf tullayır. Bernard başını aşağı əyir və stəkan onun başının üstündən keçir. Bu əsnada ara möhkəm qarışır. Martin o qədər hirslənir ki, az qalır Bernardın yaxasından tutub, yerə sərsin. Aristotel sağ yumruğunu masaya möhkəm çırpır. Hamı özünü yığışdırır və araya qəfil sükut çökür. Lakin Martin Listerin hirsi soyumayıb və o, öz yerinə oturmur. Masanın ətrafındakılara tərs-tərs baxır.

Martin: Bir gün bu Bernardı o qədər döyəcəm ki, əsrlər sonraya onun fosili qalacaq. Utanmaz!

Martin hirslə iclası tərk edir. Bernard isə hələ də xısın-xısın gülməkdədir. O, özünü birtəhər toplayıb, üzünü masadakılara tutur.

Bernard: Yaman cavabını verdiniz ha! Axırda da özü mənim sözümü təsdiqləyib, rədd oldu! Deyir, məni döyüb fosilimi saxlayacaq. A kişi, bu o deməkdir ki, fosil var və bu fosillər canlıların qalıqlarıdır da.

Çarlz Darvin: Siz ona fikir verməyin, yoldaş Bernard! Belə canlılar hər dövrdə olub. Onlar təkamülə uğraya bilməyənlərdir.

Aristotel: Söhbəti məğzindən yayındırmayaq, cənablar!

Çarlz Darvin: (dodaqaltı) Bu da tutdurub ki, söhbəti məğzindən yayındırmayaq! A kişi, söhbət edirik də. Arada əylənmək də lazımdır.

Aritsotel: Söz verilir yoldaş Con Nidhemə.

Con Nidhem: (ayağa qalxır) Cənablar, mən öz təcrübələrimlə sübut etmişəm ki, öz-özünə yaranış tamamilə doğrudur. Mən bir sınaq şüşəsi götürüb, içinə ət və su qoyub, qaynatmışam. Ağzını da möhkəm bağlamışam. Bir müddət sonra bu suyun içində canlı orqanizmlər əmələ gəlib. Bu, nə deməkdir? Özünüz fikirləşin. O deməkdir ki, qaynamaq yaranışı əngəlləmir. Hətta əti qaynatdıqdan sonra da ondan canlı orqanizmlər yaranır.

Bu vaxt Ladzaro Spallanzani möhkəm qəhqəhə çəkir. Antoni van Levenhukdan başqa hamı diqqətlə Ladzaroya baxır. Çarlz Darvin də dodaqaltı gülmsəməkdədir. Nəhayət, Ladzaro gülüşünü yığışdırıb, Can Nidhemə cavab verir.

Ladzaro: Yoldaş Con Nidhem, siz yaxşı lətifələr danışa bilirsiz. Amma bunu həqiqət kimi insanlara sırımayın. Unutduğunuz mühüm bir məqam var ki, şüşənin ağzını yaxşı bağlamadığınız üçün şüşəyə mikroorqanizmlər nüfuz edir və buna görə də yeni canlılar əmələ gəlir. Sizin mənasız təcrübənizin bu qədər bəsit izahı varkən, hələ də bu cəfəngiyyata inanmağa davam edirsiz.

Luis: (Ladzaroya) Kişi adamsan!

Ladzaro: Çox sağ ol, əzizim!

Con Nidhem: Mən bu kafirlərin sözlərini bir o qədər də önəmsəmirəm. Tam əsaslı təcrübə aparmışam və sübut etmişəm ki, canlı orqanizmlər canlı atomlar sayəsində yaranır.

Luis: (gülür) Canlı atom? Yoldaşlar, bu adamın temperaturunu ölçün! Sayıqlayır!

Çarlz Darvin: Fikir verməyin, təkamülə uğramayıb!

Con Nidhem: Yoldaş Aristotel, mən sizə olan hörmətimdən dolayı, iclası tərk etmək istəmirəm. Bunlara xəbərdarlıq edin ki, ədəbli olsunlar! Məndən bu qədər. (Oturur)

Aristotel: Bir-birinizi təhqir etməyin!

Çarlz Darvin: Yoldaş Aristotel, ortada təhqir-filan yoxdur. Bu adamın cavabını Albert Eynşteyn verəcək. Mən onun gəlişini gözləyirəm.

Elə bu əsnada Albert Eynşteyn və Liza Maytner birlikdə gəlirlər. Onlar 20-ci əsrin ortalarından gəliblər. Albert Eynşteyn alman fizikdir. Liza Maytner isə yəhudi əsilli avstriyalı fizikdir. Onlar da bu iclasa gəliblər ki, atomlar haqqında öz mülahizələrini yürütsünlər.

Otağın qapısından keçərkən Albert Eynşteyn öz pencəyini düzəldib, Liza Maytnerin əlini tutur və onu qapıdan keçirdikdən sonra özü də içəri girib, qapını bağlayır.

Albert: Salam, cənablar! Bağışlayın, bir az gecikdik!

Çarlz Darvin: Tam zamanında gəldiniz, yoldaş Eynşteyn! Eşqbazlığınızdan da geri qalmırsız! (gülür)

Albert: Yoldaş Darvin, həyat belə daha maraqlıdır. Lakin Liza xanımla atomlar üzərində işləyirdik. Ona görə gecikdik. Başqa bir şey ağlınıza gəlməsin.

Çarlz Darvin: Biz də inandıq! (gülür) Yaman baz adamsız, öz aramızdır!

Aristotel: (Albertə və Lizaya) Əyləşin, zəhmət olmasa!

Liza Maytner və Albert Eynşteyn masanın ətrafında yan-yana otururlar.

Çarlz Darvin: Yoldaş Eynşteyn, aramızda bəziləri, xüsusən də Con Nidhem iddia edir ki, canlı orqanizmlər canlı atomlardan, öz-özünə yaranır.

Albert: Con Nidhem kimdir?

Con Nidhem: (əlini qaldırır) Mənəm, yoldaş Eynşteyn!

Albert: Siz nə sayıqlayırsız, yoldaş Nidhem? Öz-özünə yaranış nədir? Canlı atom nədir?

Con Nidhem: Mən on səkkizinci əsrin ortalarında öz təcrübələrim sayəsində bunu sübut etmişəm.

Albert: A kişi, sən məni əsəbləşdirmə, gələrəm on səkkizinci əsrə və sənin arvadınla evlənərəm ha!

Çarlz Darvin: Kişi adamsız, yoldaş Eynşteyn! Lakin bu Con Nidhem Roma-katolik kilsəsinin rahibidir. Mən bilən, onlar evlənmirlər axı!

Albert: Hə? Bunu bayaqdan deyin də. Mən də gör kimlə danışıram? (Con Nidhemə) A kişi, sən canın, çıx get! Otur kilsəndə dualarla məşğul ol! Burnunu hara gəldi niyə soxursan? Mən gəlib kilsədə İncillə maraqlanıram heç? Bəs sən niyə gəlib mənim işimə başını soxur və sayıqlayırsan? Odur ki, əlim-ayağım sənə dəyməmiş, çıx get kilsəyə! Sənin yerin oradır, bura deyil! (Aristotelə) Yoldaş Aristotel, mən gözləməzdim ki, bu iclasa belə adamları dəvət edəsiniz.

Aristotel: Biz tolerant adamlarıq. Hamının fikri bizim üçün maraqlıdır. Həm də istənilən müzakirədə tutarlı nəticəyə gəlmək üçün arqument və əks-arqument olmalıdır. Bu olmasa, müzakirə nəticəsiz olar.

Albert: Mən əsəbləri zəif adamam. Özümü qadınlarda güclə ovutmuşam. Odur ki, mümkün qədər yersiz danışıqlara yol verməyək.

Con Nidhem Albert Eynşteyndən çəkinib, səsini çıxarmır. Aristotel isə sözü Ladzaro Spallanzaniyə verir.

Ladzaro: (ayağa qalxır) Cənablar, on səkkizinci əsrin sonlarında mən bir təcrübə apardım və Con Nidhemin iddiasını puç etdim. Bu təcrübə əsasında mən şüşələrin içinə ət və su qoyub, ağızlarını alovla qapadım. Qaynatdıqdan sonra şüşələrdə heç bir canlı orqanizm yaranmadı. Bu da o deməkdir ki, Con Nidhem cəfəngiyyatdan qeyri nəsə iddia etmir.

Luis Paster: (Ladzaroya öpüş göndərir) Kişi adamsan!

Ladzaro: Çox sağ ol, əzizim!

Con Nidhem: (hirslə) Yoldaş Ladzaro, siz şüşələrin ağzını alovla qapadığınız üçün havanın içəri nüfuz etməsini əngəlləmiş və içəridəki canlı orqanizmləri də boğaraq öldürmüşsünüz. Bu səbəbdən də şüşədə heç bir canlı yaranmamışdır. Sizin təcrübəniz də belə sadə əsasla yerlə bir olmuşdur!

Albert: (tərs-tərs Con Nidhemə baxır) Mən sənə demədim ki, danışma? Sən, deyəsən, məni başa düşmürsən!?

Con Nidhem ondan çəkinərək, susur və başını aşağı dikir. Xeyli pərt və məyus görünür. Bu əsnada Luis Paster ayağa qalxır.

Luis: Öncə, cənab Ladzaroya minnətdarlıq duyduğumu dilə gətirirəm. (Ladzaroya) Kişi adamsan! (daha sonra davam edir) Mən Con Nidhemin iddiasını puç etmək üçün cənab Ladzarodan ilhamlanaraq, bir təcrübə apardım. Üç sınaq şüşəsi götürdüm. Hər üçünə ət və su qoydum. Birinci şüşənin ağzını tamamilə möhkəm bağladım. İkinci şüşənin ağzını uzun, buruq və dar olmaq şərti ilə açıq buraxdım. Üçüncü şüşənin ağzını isə tamamilə açıq buraxdım. Qaynatdıqdan və bir müddət sonra birinci şüşədə heç bir canlı yaranmadı. Çünki şüşənin ağzı tamamilə bağlı idi. İkinci şüşədə də heç bir canlı yaranmadı. Çünki şüşənin ağzı dar, uzun və buruq idi. Buna görə də içəri hava nüfuz edirdi, amma bakteriyalar daxil ola bilmədi. Üçüncü şüşə tamamilə açıq olduğu üçün orada canlı orqanizmlər yaranmışdı. Çünki hava ilə bərabər daxil olan bakteriyalar yeni orqanizmlərin yaranmasına səbəb olurdu. Bu sadə təcrübə ilə öz-özünə yaranış iddiası tamamilə puç olmuşdur.

Albert Eynşteyn: (Con Nidhemə tərs-tərs baxır) İndi başa düşdün? Buna görə də daha danışma. Səsini çıxarsan, özündən küs.

Ladzaro Spallanzani və Luis Paster gülür. Con Nidhem isə qorxusundan tərpənmir. Bu əsnada Luis Paster Ladzaroya baxır və baxışları ilə təşəkkür edir.

Luis: Nəzərinizə çatdırım ki, cənab Ladzaro ilk süni mayalanmanı həyata keçirən adamdır. O, erkək itin spermasını götürmüş və bir dişi iti mayanlandıraraq süni mayalanmanın əsasını qoymuşdur. Bu böyük dahiyə insanlıq çox şeyləri borcludur!

Ladzaro: Təşəkkür edirəm, yoldaş Luis!

Luis: Mənə təşəkkür etmə, Ladzaro! Həqiqətə təşəkkür düşməz. Sən həqiqətən dahisən!

Con Nidhem: Hə istəyirəm susum, amma alınmır ki, alınmır. A kişi, murdar iti mayalandıran, onun spermasını əldə edən adamın yalanlarına necə inanırsız?

Albert Eynşteyn: Məni bağışlayın, cənablar! (Con Nidhemə yaxınlaşır və onun boynundan tutur) Dur, çıx bayıra! (boynundan tutub, qapıya tərəf dartır və qapını açıb onu çölə itələyir)

Çarlz Darvin: Əsəblərinizi korlamayın, yoldaş Eynşteyn! Təkamülə uğramayan adamdır!

Albert: (Darvinə) Bu təkamül söhbəti əla söhbətdir! Kişi adamsız!

Aristotel: Cənablar, söhbəti məğzindən yayındırmayaq! Söz verilir yoldaş Çarlz Layelə.

Çarlz Layel: (ayağa qalxır) Bayaqdan müzakirələri dinləyirəm, bəzi adamlar başını itirib, həqiqətən! Mən sübut etmişəm ki, günümüzdə canlılar aləmi hansı sürətlə dəyişikliyə uğrayırlarsa, qədimdə də həmin sürətlə dəyişikliyə uğrayıblar.

Çarlz Darvin: Haqlısınız, hörmətli adaşım!

Çarlz Layel: Gördüyünüz kimi, bunu yoldaş Darvin də təsdiq edir. Elə yoldaş Darvin öz təkamül nəzəriyyəsində də mənim bu iddiamdan bəhrələnmişdir. Eyni zamanda, bu vacib həqiqəti bilmək canlılar aləminin dəyişikliyə uğrama sürəti ilə dünyanın yaşını hesablamağa əsas verir.

Albert: Yoldaşlar, Liza xanımın yanında hesablama işlərindən danışarkən, ehtiyatlı olun! (heyranlıqla Liza Maytnerə baxır) O, hesablama işlərinin kraliçasıdır!

Liza: Təşəkkür edirəm, cənab Eynşteyn!

Çarlz Layel: Məndən bu qədər.

Aristotel: Söz yoldaş Çarlz Darvinindir.

Çarlz Darvin: (ayağa qalxmır və özündənrazı şəkildə oturaq halda danışır) Düzü, burda bəzilərini görüb, bu qənaətə gəldim ki, təkamül prosesi hələ tam baş verməyib. Nə isə... Mən çox da uzun danışmaq istəmirəm. Çünki mənim nəzəriyyəm şərtsiz həqiqətdir və dünyada buna bənzər ikinci bir həqiqət yoxdur. Odur ki, bu nəzəriyyə ilə bütün boşboğazların ağzını qapamışam! Məndən bu qədər.

Çarlz Darvinin çıxışından qəzəblənən Alfred Rassel emosiyalarına hakim ola bilmədən sözə başlayır.

Alfred: Mən bu Darvinə dəfələrlə dedim ki, ay insan, təkamül prosesi həqiqətdir, lakin bu, tanrının istəyi ilə baş vermişdir. Amma bu kafir nəinki mənə, heç tanrıya da inanmır.

Albert: Bu da rahibdir?

Alfred: Xeyr, cənab Eynşteyn! Mən bioloq və antropoloqam. Lakin yaradılışa inanıram və dünyadakı bütün prosesilərin tanrının istəyi ilə baş verdiyini düşünürəm.

Albert: A kişi, bizə bu proseslərin kimin istəyi ilə baş verdiyi maraqlı deyil e! Bizə lazım olan necə baş verdiyidir. Hansı mərhələlərdən, hansı dövrlərdən keçib bugünə gəlib çatmasıdır əsas olan. Bunu da ki, sağ olsun, yoldaş Darvin açıq-aydın izah edib. Gerisi artıq hər kəsin öz təxəyülünə qalmış məsələlərdir. Sən düşünürsən ki, tanrının istəyi ilə baş verib, mən düşünürəm ki, təbiətin istəyi ilə baş verib, Darvin də düşünür ki, ortada heç bir istək yox, sadəcə təkamül prosesi var. İndi burda başqa ixtilafları yaratmaq kimə və nəyə lazımdır?

Çarlz Darvin: Haqlısınız, yoldaş Eynşteyn!

Alfred: Mən təbii seçmə prosesini də qəbul edirəm. Bu barədə o vaxt Darvinə məktub yazdım. O, öz nəzəriyyəsini yayımlamaqdan qorxurdu. Çünki kilsədə ağır işgəncələrə məruz qala bilərdi. Amma mənim məktubumdan sonra cəsarətlənib, öz nəzəriyyəsini yayımladı. Yəni Darvinin nəzəriyyəsini şərtsiz həqiqət kimi qəbul edənlər, biraz da mənə borcludurlar.

Albret: Nə danışır bu? İndi sən kimə haqq qazandırırsan? Məgər kilsənin Darvinə hədə-qorxuları doğru bir şeydir? Bəs bu dünyanı yaratdığına inandığın tanrıdan niyə soruşmursan ki, bu qəzəbli, kinli, qisascıl sifətləri ilə bəşərin nəhəng ziyalılarını niyə məhv edir?

Aristotel: Cənab Eynşteyn, xahiş edirəm ki, burda yaradılış məsələsini müzakirəyə çıxarmayasınız.

Alfred: Amma mən cənab Eynşteynə demək istəyirəm ki, kilsədə hökmranlıq edənlərin əməlləri Ulu Tanrının istəkləri deyil! İnsanların vəhşi və cani simasıdır!

Albert: A kişi, sən məni əsəbiləşdirmə! Con Nidhem kimi səni də ataram indi bayıra! Sənin tanrın öz kitabında əmr edib ki, kilsədəkilər də buna əməl ediblər də. Nə sayıqlayırsan sən?

Alfred Rassel cavab vermir. Dərindən nəfəs alıb, başını silkələyir. Aristotel Albert Eynşteynə biraz sakit davranmasını işarə edir.

Aristotel: Söz Stenli Millerindir.

Stenli: (ayağa qalxır) Cənablar, mən öz laboratoriyamda müəllimim Harold Yurinin nəzarəti altında bir təcrübə apardım. İki sınaq şüşəsində atmosfer-okean əlaqəsini yaradaraq dünyanın ən ilkin halının prototipini düzəltdim. Beləcə, dünyada həyatın necə başladığına dair bir nəticəyə gəlmək niyyətində idim. Dəfələrlə yoxlayıb, atmosfer-okean əlaqəsində hidrogen və oksigenin olmadığından əmin oldum. Necə ki, dünyanın əvvəlində yer kürəsinə düşən saysız-hesabsız asteroidlər okeanı qaynadırdı, mən də öz laboratoriyamda süni ildırım effektini yaratdım və həmin okeanı bir həftə qaynatdım. Bir həftə sonra suyun tərkibində aminturşuların yarandığını gördüm. Bu, çox qəribə bir nəticə idi. İndiyə qədər dünyada həyatın başlanmasında aminturşuların rolu dəfələrlə iddia edilmişdi. Bəli, mən öz laboratoriyamda yer üzündə milyon illərlə ərsəyə gəlmiş aminturşuları bir həftəyə, kiçik bir sınaq şüşəsində əldə etdim.

Çarlz Darvin: Kişi adamsan! Halal olsun!

Stenli: Mənim nəzəriyyəm dünyanın yaranışında abiogenezin mütləq bir proses olduğunu sübuta yetirdi. Bunu daha sonralar bir asteroiddə də gördük. Başqa bir planetdən yer kürəsinə düşən asteroidin üzərində aminturşulara rast gəldik. Bu isə o deməkdir ki, hal-hazırda başqa planetdə dünyanın əvvəlində olduğu kimi həyatın qığılcımları sürətlə alovlanmaqdadır.

Antoni: Aha! Əla! Həyatın qığılcımları sürətlə alovlanmaqdadır! Necə də poetik bir cümlədir! Əhsən sizə, cavan oğlan! (Stenliyə heyranlıqla baxır)

Stenli: Beləliklə, yer üzündə həyatın aminturşulardan yaranması mütləq bir həqiqət oldu. Eyni zamanda, abiogenez prosesi tamamilə sübuta yetirildi. Yəni ki, yer üzərində həyat cansız maddələrin canlıya dönüşməsi ilə başlamışdır. Lakin həmin cansız maddənin canlıya necə dönüşdüyü hələ də sual altındadır!

Albert: Hərçənd ki, mən bunun sual altında olduğunu düşünmürəm. Çünki məlum məsələdir, aminturşular və protein sayəsində hüceyrə əmələ gəlir. Sonra da tək hüceyrə başlayır özünü kopyalamağa. Milyonlarla kopya yaranır. Amma bu kopyalardan bəziləri digərlərindən fərqli, yəni xətalı alınır. Təsəvvür edin, digərləri dairəvidirsə, bəziləri düzbücaqlıya bənzər olur. Məhz bu səhv ikihüceyrəlilərin və çoxhüceyrəlilərin yaranmasına səbəb olur. Tək hüceyrənin kopyaları bir-biri ilə birləşəndə həmin xətalı hüceyrələr ikihüceyrəli canlıları, daha sonra çoxhüceyrəli canlıları əmələ gətirir. Hansı ki, yer üzündəki bütün canlıların əcdadı onlardır.

Stenli: Tamamilə doğrudur. Lakin adi aminturşular və protein necə olur ki, canlanır? Məsələ bundadır. Axı bu canlanma prosesi maddələrin təbiətində olsa, biz bu gün də aminturşulardan və proteinlərdən müxtəlif canlılar yaradarıq.

Çarlz Darvin: Yoldaş Stenli, dünyada o canlıların yaranması milyon illər vaxt alıb. Təkcə aminturşuların ərsyə gəlməsi üçün nəhəng bir zaman keçib. Baxın, siz özünüz həmin aminturşuları bir həftəyə əldə etmisiz. Bu da o deməkdir ki, həmin aminturşuların və proteinlərin canlanması üçün dünyanın əvvəlindəki təbii şərait və uzun bir zaman lazımdır. Məsələn, hal-hazırda Avstraliya adalarının birində dünyanın lap əvvəlindəki şərait mövcuddur və oradakı göllərin kəskin duzlu, həm də qaynar sularında yeni növ canlılar yaranmaqdadır. Görün ortada nə boyda bir həqiqət var. Dünya yarandıqda qaynar sularla dolu, üstünə asteroidlər yağan boş və dəhşət saçan bir planet idi. Lakin okeanda həyat tapan hüceyrə və bu hüceyrənin əmələ gətirdiyi canlılar fotosintez prosesini həyata keçirdiyi üçün atmosferdə oksigen yaranmağa başladı. Bu oksigen də müxtəlif növ bitkiləri əmələ gətirdi. Sonra onlar da öz növbəsində fotosintez prosesini həyata keçirdilər. Bu, təsəvvürə gəlməyəcək qədər böyük bir zaman kəsiyində baş verən hadisədir. Bunu süni şəkildə həyata keçirmək üçün heç bir alimin ömrü yetməyəcək. Yalnız texnologiya və ciddi müşhadilər hansısa nəticələrə apara bilər.

Albert: Əhsən, yoldaş Darvin! Mən sizə tamamilə qatılıram. Liza xanım da sizinlə razıdır.

Liza: Əlbəttə, razıyam. Mən universitetin laboratoriyasında çalışdığım illərdə müəyyən təcrübələr aparmışdım. Sonra müharibə düşdü və min doqquz yüz otuz səkkizinci ildə Hollandiyaya qaçmalı oldum. Bu səbəbdən, laboratoriyadakı təcrübələrimi Otto Han davam etdirdi. Bir gün də mənə məktub yazıb bildirdi ki, uranın nüvəsini bombalayarkən barium əldə edilir. Mən dərhal hesablama apardım və iki yüz milyon elektron volt enerjinin əmələ gəldiyini hesabladım. Bu, dəhşət idi. Nüvə parçalanmışdı. Bununla bağlı Otto Hana cavab məktubu yazıb, bildirdim ki, uranın nüvəsini bombalayarkən əmələ gələn barium və yüksək enerji nüvənin parçalanması deməkdir. O da dərhal öz adından məqalə yayımlayıb, Nobel aldı. Halbu ki, mənim təcrübəmi davam etdirirdi və bütün hesablama proseslərini mən aparıb, həmin nəticəyə gəlmişdim. O, sadəcə mənim tapşırıqlarımın icraçısı idi. Otto Hanın xəyanətini heç vaxt unuda bilmədim.

Albert: (üzüntü ilə) Kaş onu da çağıraydınız, burda onu babat əzişdirərdim!

Çarlz Darvin: Mən ölüm, sizin bu baz və dəlisov xasiyyətinizdən xoşum gəlir! Dünya qurşağınızdan aşağıdır da!

Albert: (gülür) Elədir ki, var!

Çarlz Darvin: Yoldaş Eynşteyn, mənə maraqlıdır, sizin dini baxışlarınız haqqında müxtəlif fikirlər var. Sizinlə görüşmək fürsəti tapmışkən, bunu da öyrənmək istərdim.

Albert: Siz bu haqda nə düşünürsüzsə, mən də eynisini düşünürəm. Sizin düşüncələrinizə bələd olduğum üçün bu cür qısa cavabın kifayət edəcəyini bilirəm.

Çarlz Darvin: Kişi adamsız, yoldaş Eynşteyn!

Aristotel: Cənablar, Liza xanımın sözü yarımçıq qaldı. İcazənizlə, o, sözünə davam etsin.

Albert: (üzüntü ilə) Çox üzür istəyirəm, Liza!

Liza: (mehribanlıqla gülümsəyir) Olan işdir, Albert! Harda qalmışdım? Deməli, atomun parçalanması zamanı əldə edilən barium və yüksək enerji bizə dünyanın yaranışı haqqında müəyyən təsəvvürlər verir. Əlbəttə, dünyanın və həyatın yaranmasında da yüksək enerjinin rolu mütləqdir.

Albert: Deməli, göydən düşən asteroidlər dünyanı bombalayır və dünyadakı müxtəlif atomları parçalayır. Bu atomların parçalanmasından ayrılan enerji də hüceyrəni yaradır. Bu mümkünmü? (gülür)

Liza: Niyə də yox? (gülür)

Çarlz Darvin: Düzü, bizim vaxtımızda bu atom söhbəti yox idi. Ona görə bu məsələlərə çox da bələd deyiləm.

Aristotel: Cənablar, Antoni van Levenhuk və Bernard Palissi artıq yatıblar. Digər yoldaşlar da artıq yuxuladığı üçün müzakirəyə hələlik son vermək istəyirəm. Əgər xüsusi əlavələriniz yoxdursa...

Antoni: (qəfil yuxudan ayılır) Növbəti iclasda mütləq şair çağırın. Hərdən şeir oxusun ki, darıxmayaq. (Stenli Millerdən gözlərini çəkmir)

Albert: Özüm ölüm, mən də skripka çalmaq istədim. Gərək skripkanı gətirəydim.

Antoni: Növbəti dəfə mütləq gətirin, siz skripka ifa edərsiz, şair də şeir deyər. Necə də mükəmməl!? Necə də möhtəşəm!? (Stenli Millerə) Siz də gəlin növbəti iclasa. (gülümsəyir)

Stenli: Əlbəttə, gələrəm.

Antoni: (mehribanlıqla) Mən sizi evimə də dəvət edirəm.

Stenli: Xoş olar mənim üçün (gülümsəyir).

Albert: Növbəti dəfə kilsə rahiblərini çağırmasanız, sevinərəm.

Çarlz Darvin: Cənab Eynşteyn, onlar olmasa müzakirənin marağı olmaz. Həm də şəxsən mən onlar üzərində müxtəlif müşahidələr aparıram. Təkamül prosesinə tam uğramayan canlıların necə olduğunu onlar sayəsində görmək olur.

Albert: (gülür) Əla söhbətdir!

Aristotel: Beləliklə, cənablar, dünyada həyatın yaranmasına və öz-özünə yaranışa dair bir-birindən fərqli bir çox mülahizələri dinlədik. Yoldaşlarımızın iddiaları bu günə qədər dünyadakı yaşamın sirrini çözməyə müəyyən dərəcədə kömək edib. Lakin bu sirrin ən təməl hissəsi hələ də böyük bir sualdır. Növbəti müzakirələrimizdə bu suala cavab tapmaq ümidi ilə... Müzakirəmiz bağlı elan olunur. Sağlıqla qalın!

Aristotel yerindən qalxıb ağır-ağır iclas otağından çıxır. Ceyms Aşşer və Con Laytfut da onun ardıyca bir-birləri ilə söhbətləşərək çıxırlar. Onların ardıyca Françesko Redi masa ətrafındakılarla sağollaşıb, yorğun-arğın yeriyərək çıxır.

Liza Maytner siqaret çıxarır. Albert Eynşteyn onun siqaretini alışdırır və daha sonra özü bir siqaret çıxarır. Əlindəki siqaret paketini Çarlz Darvinə uzadır. Darvin də bir siqaret götürüb dodaqlarının arasına qoyur. Albert Eynşteyn əvvəlcə onun, sonra öz siqaretini yandırır.

Albert: Deyirəm, bəlkə adama bir bakal pivə içək!

Darvin: Əla fikirdir!

Alfred Rassel və Çarlz Layel də birlikdə söhbətləşərək salondan çıxırlar. Albert Eynşteyn düyməni sıxır və çox keçmir ki, bir gənc oğlan qapıda görünür.

Albert: Neçə nəfərik, cənablar?

Çarlz Darvin: Brenard Palissi, Antoni van Levenhuk, Ladzaro Spallanzani, Luis Paster, Stenli Miller, mən...

Albert: Mən və Liza Maytner. Səkkiz nəfər. (gənc oğlana) Səkkiz bakal pivə, zəhmət olmasa.

Gənc oğlan çıxır. Albert Eynşteyn, Çarlz Darvin və Liza Maytnerin siqaretlərinin tüstüsü otağa yayılır. Bu vaxt Antoni van Levenhuk öskürərək ağzını tutur.

Antoni: (öskürərək) Boğuldum ki, lap! Axı bu sizin canınıza ziyandır, cənablar! Bunun əvəzinə şeir oxuyun, musiqi dinləyin...

Albert: Antoni, canım, sən yaxşı oğlansan! Di gəl ki, bu məsələlərə qarışma da. Bax, insanlıq sənə çox şey borcludur. İçi mən qarışıq. Şeir-ədəbiyyat, musiqi sevgin də əladır. Bunları mən də sevirəm. Amma bu içki-siqaret mövzusunda heç kəsi tənbeh eləmə. Özün çəkmirsən, lap yaxşı. Bizə niyə mane olursan?

Antoni: Yoldaş Eynşteyn, mən sizə yox, siz mənə mane olursuz. Çünki tüstüyə dözə bilmirəm.

Albert: O zaman gələn dəfə iclasa əleyhqazla gələrsən!

Çarlz Darvin və Liza Maytner gülüşürlər.

Françesko Redi ağır addımlarla binadan çıxarkən, qapının arxasında gizlənən Con Nidhem onu yaxalayır. Əllərini belində bir-birinə sıxıb saçından tutur və cibindən bir ip çıxarıb onu möhkəm bağlayır. Ceyms Aşşer və Con Laytfut da əllərində çör-çöp gətirib Françesko Redinin üzərinə yığırlar. Con Nidhem kibrit çıxarıb çöpləri alışdırır. Daha sonra üçü də gülərək uzaqlaşırlar.

Gənc oğlan həyəcanla müzakirə otağına gəlir.

Gənc oğlan: Cənablar, həyətdə bir nəfərin üstünə odun yığıb yandırırlar!

Albert: Bizim yoldaşlardandır?

Gənc oğlan: Bəli, bu otaqdan çıxanlar idi.

Çarlz Darvin: Yüz faiz, Con Nidhem Françesko Redini yandırıb.

Albert: Axı mən Con Nidhemi çoxdan qovmuşdum.

Çarlz Darvin: O, intiqam almamış gedər? Qapıda gözləyib ki, Françesko çıxsın da.

Albert: Kilsə adamını ixtiraçıların arasına gətirəndə belə olacaq da! Ona görə zəhləm gedir də bunlardan. Adama deyərlər, get ibadətinlə məşğul ol da. Sənin nə işin var elmlə ki, sonda da cansızdan canlının yarana biləcəyini demək qədər axmaq və rəzil günə düşəsən!

Çarlz Darvin: Fikir verməyin, təkamülə uğramayıb!

Albert: (gənc oğlana) Pivələrimiz nə oldu?

Gənc oğlan: Bu dəqiqə gətirirəm.

Az sonra gənc oğlan pivələri gətirir. Antoni van Levenhuk pivəni əli ilə geri itələyir və masadan azca uzaqlaşıb, bir kənarda oturur. Digərləri isə bakalları toqquşdururlar.

Albert: İçək, Françesko Rediyə! Yaşasın həqiqi dahilər!

Çarlz Darvin: Yaşasın!

Liza Maytner: Yaşasın!

Antoni: (öz-özünə oxuyur) If I should stay

I would only be in your way.

So I'll go but I know

I'll think of you

Every step of the way.

And I will always love you.

I will always love you.

You my darling you

Son

2016

# 1403 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #