Seymur Baycan çox pintidir - YENİ LAYİHƏ

Seymur Baycan çox pintidir - <span style="color:red;">YENİ LAYİHƏ
5 fevral 2015
# 13:13

Kulis.az yeni layihəyə başlayır. “Hekayədən sonra” adlı layihədə yeni yazılmış hekayələr haqqında yazıçılar, tənqidçilər öz fikirlərini bölüşəcəklər.

Bu dəfə Seymur Baycanın bir neçə gün öncə işıq üzü görmüş “Elm və həyat” hekayəsi haqqında Şərif Ağayarın və Cəlil Cavanşirin fikirlərini təqdim edirik.

Şərif Ağayar: “Öncə deyim ki, Seymur Baycan mənim üçün çox dəyərli bir qələm adamıdır. Həm istedadı, həm vicdanı, həm də azadlığı ilə nümunə göstərilə bilən tək-tük qələm adamlarındandır. Üstəlik, biz tay-tuşuq. Ortaq yerlərimiz çoxdur. Amma bütün bunlar yeni hekayəsinə obyektiv münasibət göstərməyimə mane olmayacaq. Hekayənin mətni çox pintidir. Düzü heyrət elədim, Seymur bəy hamımızdan çox oxuyub-yazır, ədəbiyyata vaxt ayırır, “yaradıcı məzuniyyət”lərə çıxmağa imkan tapır, özünü bütövlükdə yazı-pozuya həsr edir, amma ortaya belə səliqəsiz mətn çıxardır. Yüngülvarı redaktə ilə düzələcək bu yanlışlar əsəbimə də toxundu hətta... O, niyə belə edir? Ən tanınmış yazıçıları belə bir neçə dəfə redaktə edirlər.

İkinci, mətnə müdaxilələr vardı... İzahlar, şərhlər... Bu lazım deyildi. Göstərmək kifayətdir və Seymur göstərməyi yaxşı bacardığı halda izahatlar, haşiyələr verib. Bu, sənəti öldürən amildir. Kinoda da belədir. Müəllifin ölümü tendensiyasını Seymur Baycan bilməmiş deyil.

Məncə, başqa bir qabarıq qüsur, mətnin həddindən artıq sadə, publisistik dillə yazılmasıdır. On min işarədə ən azı bir-iki dənə bədii priyomlar işlənən cümlə olmalıdır. Yəni, “bunu bacarıram, sadəcə özüm reallığa yenirəm, səmimi oluram” anlamında. Və hekayəni publisistik yazıdan ayıran ən mühüm elementdir bu. Publisistika ilə nəsrin sərhədləri itir, bilirəm, amma bu janrlar hələ qarışıq düşməyib. Əks halda sərhəddən danışmaq olmaz.

Bir də həmişəki kimi yeknəsəq cümlələr adamı yorur.

Az qala başdan-ayağa yalnız sadə-geniş cümlələrdir. Az hallarda sadəcə sadə cümlə var.

Bütün saydıqlarım ciddi olsa da düzəlməsi asanlıqla mümkün olan qüsurlardır. Ən əsası odur ki, Seymur Baycanın digər hekayələri kimi və publisistik yazıları kimi burda da hisslərin ifadəsi, dərin müşahidələr, mütərəqqi mesaj sirayətedicidir. Məncə, o, bir qələm adamının Azərbaycan mühitində ulaşılması imkansız olan məqamlara gəlib çata bilib artıq. Yaradıcılığının nirvanasındadır və ən yaxşı əsərlər gözlədiyim yaşıdlarımdan biri, bəlkə də birincisidir. Bu, sizə asan gəlməsin. Həyatla təkbətək qalandan sonra belə bir ömür yaşaya bilmək üçün güclü iradə olmalıdır. Klaviaturanın arxasına keçəndə ürəyindən gələni olduğu kimi yaza bilmək və bunun üçün hər şeyi gözə almaq hər oğulun işi deyil”.

Cəlil Cavanşir: “Seymur Baycan “Elm və həyat” hekayəsində hər zamankı ustalığı ilə Azərbaycanın müasir dövrünün mənzərəsini canlandırıb. Biz Seymuru oxuyuruq, ləzzət alırıq və başımızı bulayırıq: “Axı bütün bunları hamı bilir”. Seymurun yazıçı ustalığı məhz bu məqamda üzə çıxır. O hamının bildiyi, daha doğrusu hamının bildiyini iddia etdiyi detalları ustalıqla nəsrə gətirir.

Seymurun özünəməxsus yazı dilini və bu hekayədə də istifadə etdiyi üslubu təqdir edirəm. Onun ironiyası və incə yumoru bu hekayəni daha da maraqlı edib. Səhv etmirəmsə Oktavia Pazın fikridir; “Yumor modern düşüncənin böyük kəşfidir”. Yumor deyəndə ağlınıza lağlağı, bayağı zarafat, şitlik, məzələnmək gəlməsin. Seymur “Elm və həyat” hekayəsində yaratdığı tiplərlə demək olar ki, hər yazıda məzələnir. Amma hekayədə məsələ ciddiləşir. Məncə məzələnmək, lağlağı etmək publisistika, yumor və ironiya isə ciddi nəsr – roman və hekayə üçün xarakterikdir.

Seymurun yaratdığı obrazlar mənasız və elmə dəxli olmayan işlərlə məşğul olan, ustalıqla milli-mənəvi dəyərlər, vətənpərvərlik, milli təəssübkeşlik kimi qondarma söhbətlərin arxasında gizlənən dələduzlardır. O ustalıqla Azərbaycan elminin indiki durumunu oxucu üçün aydınlaşdırır. Azərbaycan alimi laboratoriya şəraitində araq çəkir, kabab çəkmək üçün robot yaradır. Və o “alim”lərin, “professorlar”ın yaratdığı robotlar təkcə Professor Sahib Günəşlinin məclisində kabab çəkmir. O robotlar efirlərdə, mətbuatda, məclislərdə bizə yorulmadan dərs keçir, Seymurun da dediyi kimi “zəvzəyir”.

Əminəm ki, hamınız “kababçəkən robot” kimi boşboğazlıq edən, yeri gəldi, gəlmədi qarşısındakına dərs keçməyə çalışan tiplərlə qarşılaşmısınız: “Bizim mətbəximiz dünyanın ən dadlı mətbəxidi. Bizim təbiətimiz dünynın ən gözəl təbiətidi. Biz dünyanın ən qonaqpərvər xalqıyıq....

...Biz Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərindən imtina etməliyik. Hər yerin yaxşısı da var, pisi də. Problem, rüşvət hər yerdə var. Ona qalsa, avropalılar xaç yürüşlərindən əvvəl hamamın nə olduğunu bilmirdilər.Yeməkdən əvvəl əl-üzlərini yumurdular. Əl-üz yumağı bizdən öyrəndilər. Avropada antisanitariya baş alıb gedirdi. Şəhərlərdə kanalizasiya yox idi. Bit-birə adamları basıb yeyirdi. Biz özümüzə hörmət etməliyik. Əgər özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Avropa alimlərinin elmi kəşflərini müsəlman alimləri iki-üç əsr qabaq kəşf etmişdilər...”

Əminəm ki, bu fikirləri ən azı yüz dəfə eşitmişiniz. Seymur haqlıdır, bütün günü “zəvzəyib” baş-beynimizi aparanlar, bizə mentalitetdən, əxlaqdan, dəyərlərdən dərs keçənlər məhz mövcud təhsil sistemin yaratdığı “kababçəkən” robotlardır.

Seymura bu gözəl hekayəyə görə təşəkkür edirəm".

# 963 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #